Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış postsovet ölkələrinin inkişaf yoluna nəzər saldıqda Azərbaycanın iqtisadi qüdrətinin artması və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsi diqqəti cəlb edir. Digər respublikalarla müqayisədə respublikamızın əlaqələrinin genişlənməsi və mövqelərinin möhkəmləndirilməsi düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın məntiqi nəticəsidir.
Azərbaycanın dünya birliyində nüfuz sahibi olması, 23 illik mütəqillik tarixində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etməsi, beynəlxalq kosmik aləmə daxil olması və digər amillər təbii ki, antiazərbaycan dairələri, həmçinin ölkəmizin inkişafını gözü götürməyən bəzi beynəlxalq təşkilatları təşvişə salmışdır. Bu inkişafdan xoflanan “Human Rights Watch, “Amnesty International”, Freedom House", “Sərhədsiz reportyorlar” və digərləri zaman-zaman ölkəmiz haqqında qərəzli və yalanla dolu hesabatlar hazırlayaraq beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa cəhd edirlər. Təbii ki, belə muzdlu beynəlxalq qurumların böhtan xarakterli hesabatları sürətli inkişafımıza və ölkəmizin getdikcə artan reytinqinə heç bir təsir göstərə bilmir. Necə deyərlər, biz buna bir növ öyrəncəliyik. Halbuki, bu başabəla qurumlar 20 ildən artıqdır ki, işğalçılıq siyasətindən əl çəkməyən, mütəmadi olaraq vandal aktlar törədən Ermənistanda baş alıb gedən hüquq pozuntuları barədə özlərini görməməzliyə vururlar. Hər dəfə bəzi beynəlxalq qurumların hesabatları yayılanda və Ermənistanda baş verən hüquq pozuntuları həmin hesabatlarda öz əksini tapmayanda ilk etiraz səsləri elə Yerevanın özündən baş qaldırır. Məsələn, “İrs” Partiyasının yetkilisi Samvel Melukyan Ermənistanda nəşr olunan aparıcı “Aravot” qəzetinə verdiyi müsahibəsində deyib: “Beynəlxalq təşkilatların ekspertləri Yerevana gələrkən onları insan hüquq və azadlıqlarının qorunmasına necə riayət olunması yox, nə qədər konyak içəcəkləri daha çox maraqlandırır. Onların hesabatları isə Sarkisyan hakimiyyətinin sifarişləri əsasında hazırlanır”.
Azərbaycanla müqayisədə Ermənistanın daha demokratik bir ölkə kimi təqdim olunması beynəlxalq təşkilatların hazırladığı hesabatların sifarişli olduğu Ermənistan müxalifəti nümayəndələri tərəfindən də təsdiqlənir. Ölkəmizin ərazisinin 20 faizini işğal edən, bir milyon insanı öz torpağında yaşamaq hüququndan məhrum edən Ermənistanı hesabatlarda Azərbaycandan önə çıxarmaq dünyada mövcud olan ikili standartların bariz nümunəsidir. Cənubi Qafqaz regionunun iqtisadi, siyasi, hərbi baxımdan ən güclü dövlətini, Rusiyanın forfostuna çevrilmiş bir ölkə ilə müqayisə etmək, nə qədər də gülünc görünür.
Ermənistanın yerli kütləvi informasiya vasitələri, həmçinin ziyalıları ölkə iqtisadiyyatının dərin böhran içərisində çapaladığını, yerli əhalinin kütləvi surətdə xarici ölkələrə köçmələrini dəfələrlə bəyan edib. Ümummilli Erməni Konqresinin nümayəndəsi Arakel Qriqoryan Yerevanda keçirilən mitinqlərin birində deyib ki, hakimiyyət nümayəndələri hər addımda insanların hüquqlarını kobud surətdə tapdalayırlar. Bu barədə müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyin heç bir faydası yoxdur. Çünki onlar Ertmənistana gələndə müxalifət nümayəndələri ilə gözdən pərdə asmaq üçün görüşür, geri qayıdan kimi hakimiyyəti müdafiə edirlər. Ölkədə yoxsulluq baş alıb gedir. Bunu Ermənistan Milli Statistika Xidmətinin yaydığı bəyanat da təsdiqləyir. Rəsmi məlumata görə, bu ölkədə 967 min yoxsul qeydə alınıb. Bu o deməkdir ki, Ermənistanda hər 3 nəfərdən biri yoxsuldur. 2013-cü ildə Ermənistanda yoxsulluq səviyyəsi 32 faiz olub. 2009-cu ildən sonra dünyada baş verən iqtisadi böhrana görə, Ermənistan iqtisadiyyatının 14 faiz gerilməsi faktı da məlumatda yer alıb. Böhranın çoxdan arxada qalmasına baxmayaraq, Ermənistan iqtisadiyyatı hələ də bataqlıqdan çıxa bilmir. Bu, reallığı əks etdirməyən rəsmi məlumatdır. Əslində isə, yoxsulluğun səviyyəsi göstəriləndən iki dəfə yüksəkdir.
İnsan hüquq və azadlıqlarının qorunması barədə isə danışmağa heç dəyməz. Bu günlərdə baş vermiş hadisələr bir daha təsdiqləyir ki, bu ölkədə demokratiya, haqq-ədalət tələb edənlər vəhşicəsinə döyülür, işgəncələrə məruz qalırlar.Yerli hüquq müdafiəçiləri hakimiyyət dairələrinin müxalifət nümayəndələrinə işgəncə vermələrinə ciddi etiraz edir, bəzən də digər ölkələrə demokratiya dərsi keçən Qərbi, habelə, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatları ittiham edirlər. Hətta, ziyalılar da hüquq müdafiəçilərinə dəstək verərək soruşurlar ki, Ermənistan iqtidarının öz opponentlərinə qarşı istifadə etdiyi orta əsr metodları nədən avropalı “hüquqsevərlər”i narahat etmir?
Həmişə olduğu kimi, yenə də Ermənistanda müxalifətçilərə və ictimai fəallara qarşı açıq şəkildə hücum başlayıb. Son günlər Yerevanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. Biri istisna olmaqla maşınların hamısı müxalifət hərəkatı olan “Predparlament” hərəkatının üzvlərinə məxsusdur. Yandırılan avtomobillərin 6-sının şüşəsinə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıbmış. Üstəlik, həmin maşınlar ötən həftə Yerevanda keçirilmiş “Rejimsiz yüzillik” avtoyürüşü adlı aksiyaya qatılmışdılar.
Yandırılan 7-ci maşın isə nəqliyyatda gediş haqqının bahalaşmasına etiraz aksiyasında fəal iştirak etmiş və əvvəllər də naməlum şəxslər tərəfindən hədələnən Karen Arutyunyana məxsus idi. Maşını yandırılan müxalifətçilər əmindirlər ki, bunun təşkilatçısı kriminal elementlərlə Sarkisyan hakimiyyətinin nümayəndələridir. Çünki əvvəllər də belə hallarla tez-tez rastlaşdıqlarını bildirən müxalifət nümayəndələri ölkəni kriminal aləmin idarə etdiyini bildiriblər.
Yanğınların kimlər tərəfindən təşkil olunduğu artıq hamıya məlumdur. Bu işgəncələr, əslində. ictimai fəallara qarşı təşkil olunan vandal aktlarının yalnız başlanğıcı imiş. Hadisə ilə bağlı “Predparlament” hərəkatının keçirdiyi etiraz aksiyasında iştirak etmiş hərəkat üzvü Qevork Safaryan sonra hücuma məruz qalıb. Naməlum şəxslər ona hücum edərək başına ağır zərbələr endiriblər. Huşunu itirmiş Safaryan təcili olaraq “beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya çatdırılıb. Özünə gələndən sonra verdiyi ilk açıqlamadaca o, hücumu müxalifətçi hərəkata qarşı hakimiyyətin təzyiqi adlandırıb: “Əvvəlcə maşınlarımızı yandırıblar, indi də hücumlar başlayır. Hakim rejim bizi qorxutmaq istəyir”.
Göründüyü kimi, Ermənistanın paytaxtında müxalifətçilərin maşınlarına od vurulur, günün günorta çağı paytaxtın müxtəlif yerlərində avtomobillər partladılır. Hüquq-mühafizə orqanları bunları “xuliqanlıq” kimi qəbul edərək, hadisələrlə bağlı təhqiqatları birləşdirməkdən imtina edir. Qevork Safaryanın başına gətirilənlərsə göstərir ki, mülkiyyətlərinin yanmasından nəticə çıxarmayanların həyatları da təhlükə qarşısındadır. Onları bundan pis aqibət gözləyir.
Təəccüblüdür ki, əsas vəzifələrinin Azərbaycanda ictimai fəallara “təzyiq”, “basqı” və digər “antidemokratiya”nın “araşdırılmasından ibarət olduğunu düşünən Avropa Parlamenti, ”Human Rights Watch", “Amnesty International”, “Freedom House”, “Sərhədsiz reportyorlar” və digər təşkilatlar, habelə, Avropanın “hüquqsevər” qurumları Yerevanda baş verənlərə münasibət bildirməyə nə üçün tələsmirlər?
Bakıda hansısa bloggerə dayanacaqda kiminsə sillə vurmasını, Vətənə xəyanət edən üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusun, jurnalist Rauf Mirqədirovun qanun qarşısında cavab vermələrini “siyasi təzyiq” adlandıran və birbaşa ölkə rəhbərliyinə dalbadal müraciətlər ünvanlayan xarici təşkilartlar, nədənsə Ermənistan paytaxtında bu qırğın-davanın, insan hüquqlarının hakimiyyət tərəfindən açıq-aşkar pozulmasının fərqində deyillər.
Demək, insan hüquq və azadlıqlarının “müdafiəçiləri olan bu beynəlxalq qurumlar reallığın obyektiv araşdırmaları əsasında deyil, ayrı-ayrı maraqlı qrupların sifarişi əsasında fəaliyyət göstərirlər. Ermənistan hakimiyyətinin beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik etmələrini görməzliyə vuran Qərbin və bir sıra beynəlxalq təşkilatların ikili standartları onlara olan inamı artıq heçə endirib. Belə riyakar siyasət rəsmi Yerevanı daha da həyasızlaşdırıb. İşgəncələrə və vandal aktlarına, qeyri-humanist hərəkətlərə artıq vərdiş etmiş Ermənistan hakimiyyəti indi öz vətəndaşlarına qarşı da bu üsuldan istifadə edir. Ona görə də işğalçı Ermənistanı Azərbaycan kimi humanist, demokratik, tolerant bir ölkədən üstün tutan beynəlxalq təşkilatların hərəkətinə yalnız bir ad yaraşır: Riyakarlıq.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.