Hazırda dünya miqyasında gərgin informasiya savaşı gedir. Bəzən konkret dövlət haqqında yanlış təsəvvürlər yaratmağa çalışanlar da tapılır. Yalnız reallığın obyektiv təhlili düzgün obrazlar formalaşdıra bilər.
Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər göstərir ki, onu Avrasiya məkanının ən uğurlu ölkələri sırasına aid etmək olar. Azərbaycan dövlətinin sürətli iqtisadi inkişaf tempi, əsaslı sosial-mədəni və siyasi islahatları, qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı rolu, milli həmrəylik istiqamətində əldə etdiyi nailiyyətləri bu tezisi təsdiq edən faktlardandır. Məhz buna görədir ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yeridə bilir.
Mükəmməl konsepsiya: dövlət quruculuğu kursunun səmərəliliyi
Proqnozlaşdırılan uğurlu inkişaf strategiyasının işlənib hazırlanması müasir müstəqil dövlətçilik üçün son dərəcə əhəmiyyətli məsələlərdəndir. Keçmiş sovet respublikalarının təcrübəsi göstərdi ki, bu məsələ çoxlu sayda geosiyasi, geoiqtisadi, sosial, siyasi və mədəni faktorları nəzərə almağı tələb edir. Azərbaycan müstəqil dövlət olaraq ciddi nailiyyətlər əldə edib. O, bütün sahələr üzrə sürətlə inkişaf edir. Buna nail olmaq isə asan məsələ deyil.
Ölkənin hərtərəfli düşünülmüş mükəmməl konsepsiya əsasında tərəqqi etdiyi göz önündədir. Bu prosesin müxtəlif aspektləri vardır ki, onların da üzərində ətraflı dayanmağa ehtiyac duyulur. Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünya liderinə çevrilməsi çoxları üçün gözlənilməz hadisə oldu. Xüsusilə Cənubi Qafqazın digər dövlətlərinin yaşadıqları sosial-iqtisadi problemlər fonunda bu, kifayət qədər maraqlı görünür.
Prezident İlham Əliyevin Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsində həmin kontekstdə vurğuladığı məqamlar məsələnin mahiyyətini dərk etməyə imkan verir. Dövlət başçısı deyib: “Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin, strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır”.
Keçən əsrin 90-cı illərində ağır sosial-iqtisadi vəziyyətdə olan, ərazisinin 20 faizi Ermənistanın təcavüzünə məruz qalan və demək olar ki, beynəlxalq dəstəkdən məhrum edilən bir ölkə üçün bu, son dərəcədə ciddi irəliləyişdir. Qonşu ölkələrə hətta kənardan böyük yardımlar göstərilsə də, onlar bu cür uğurlar əldə edə bilməyiblər. Deməli, burada Azərbaycanı regionun lider dövlətinə çevirən əsaslı səbəblər vardır.
Təbii ki, burada ilk növbədə ulu öndər Heydər Əliyevin yaratdığı uzaqgörən və səmərəli strateji inkişaf konsepsiyasını göstərmək lazımdır. Prezident İlham Əliyev bu kursu çox uğurla və sürətlə dəyişən dünyanın tələbləri səviyyəsində inkişaf etdirir. Başlıca olaraq bu iki amil Azərbaycanı inkişaf tempinə görə dünyanın lideri səviyyəsinə yüksəldib.
Strateji inkişaf paradiqmasının bütün aspektlərini bir yazıda təhlil etmək imkansızdır. Lakin bir sıra vacib məqamlar üzərində dayanmaq mümkündür. Burada sənayenin modernləşməsi, mütərəqqi innovasiyaların tətbiqi, enerji siyasətinin məzmunu ayrıca göstərilməlidir. Həmin istiqamətlər bütövlükdə cəmiyyətin yeniləşməsinə böyük təsir göstərir. Bunlara Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq gündəmin aktual müzakirə mövzusuna çevrilməsi də əlavə olunmalıdır. Çünki həmin problem ölkənin beynəlxalq mövqeyinin qəbul edilməsi ilə birbaşa bağlıdır. Müasir tarixi mərhələdə daxili və xarici siyasət bir-biri ilə sıx bağlıdır. Onlar vəhdət təşkil etməlidirlər. Əks halda, prosesin müəyyən mərhələsində hər şey dağıla bilər. Bunu sübut edən təcrübələr kifayət qədərdir. Məhz bu aspektdə Azərbaycanın həyata keçirdiyi daxili sosial-iqtisadi, energetik, siyasi və mədəni islahatlarla xarici siyasi kurs arasında sıx bağlılığı görmək çox vacibdir.
Xüsusilə nəzərə almaq lazımdır ki, enerji siyasəti strateji inkişaf paradiqmasının mühüm tərkib hissəsidir. Bir sıra dairələr Azərbaycanın məhz bu uğuruna kölgə salmağa çalışır, ölkənin demokratik inkişaf kursu ilə təhlükəsizliyin təmini arasında uçurum yaratmaq məqsədi güdürlər. Bəzən şər-böhtan, yalan informasiyalarla dünya ictimaiyyətində yanlış təsəvvürlər formalaşdırmağa cəhd edirlər.
Deyilənlər bir faktoru aktuallaşdırır. Biz, Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyinin təmin edilməsi işində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi məsələsini nəzərdə tuturuq. Bu sahədə əldə olunan uğurlar Azərbaycanın Avropa və dünya dövlətləri ilə açıq rəqabətə girmək potensialından xəbər verir.
İdarəetmə strategiyası:
təkmilləşmə yolu
Yuxarıda vurğulanan faktorların fonunda idarəetmənin təkmilləşdirilməsinin müstəqil dövlətçiliyin inkişafında strateji rol oynadığı aydın görünür. Müasir dövrdə innovasiyaların tətbiqi ilə bu məsələ arasında çox sıx əlaqənin olduğu məlumdur. Maraqlıdır ki, bu bağlılıq mürəkkəb xarakterə malikdir. Yəni heç də hər zaman yeni texnologiyaların tətbiqi demokratik idarəetməyə aparmır.
Bunu reallaşdırmaq üçün elmi aspektdə dərindən düşünülmüş islahatlar proqramlarını həyata keçirmək lazımdır. Azərbaycan artıq kosmos ölkəsidir. Burada müasir tələblərə tam cavab verən xidmət sistemi tətbiq olunur. Şərqlə Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrində ölkə fəal iştirak edir.
İdarəetmənin təkmilləşdirilməsi ilə sürətli iqtisadi inkişafın uyğunlaşdırılması dövlətin qüdrətinə ciddi təsir edir. Buna əsaslanaraq müstəqil daxili və xarici siyasət yeritmək mümkündür. Azərbaycanın təcrübəsi bu tezisin doğruluğunu tam təsdiq etməkdədir. Dünyanın böyük dövlətləri açıq şəkildə etiraf edirlər ki, Cənubi Qafqazda heç bir ciddi beynəlxalq layihə Bakının razılığı olmadan reallaşa bilməz. Xüsusilə enerji məsələsində regionda əsas söz sahiblərindən biri Azərbaycandır.
Məsələnin bu tərəfinin ölkənin strateji inkişaf paradiqmasına böyük təsiri vardır. Azərbaycanın Avrasiyanın enerji xəritəsinin yeniləşməsində yaxından iştirak etdiyi etiraf olunur. Bu səviyyəyə çatmaq üçün, təbii ki, böyük və sistemli fəaliyyət tələb olunur. Müstəqilliyini yenicə əldə etmiş bir ölkə üçün bu, kifayət qədər mürəkkəb məsələdir. Lakin Azərbaycan rəhbərliyinin seçdiyi inkişaf kursu onun öhdəsindən gəlməyə imkan verdi.
Regional səviyyədə enerji layihələrinin əsas təşəbbüskarı kimi mövqeyini möhkəmləndirdikdən sonra, Bakı qlobal miqyasda təhlükəsizliyin təmininə öz töhfəsini verməyə başladı. “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması mərasimində çıxış edən Prezident İlham Əliyevin aşağıdakı sözləri həmin bağlılıqda mövcud vəziyyəti dolğun ifadə edir: “Mən hesab edirəm ki, bu gün neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır”.
Belə çıxır ki, Azərbaycan müstəqil dövlət olaraq tam formalaşıb və bu, onun geosiyasi çəkisinə müsbət təsir edir. Böyük bir geosiyasi məkanda beynəlxalq komandanın formalaşmasında ciddi rol oynayan dövlətin perspektivinə şübhə ola bilməz. Bunu ölkənin geostrateji inkişaf paradiqmasının əsas tezislərindən biri kimi qəbul etmək olar.
Yuxarıda deyilənlərin kontekstində dövlətin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyi vurğulanmalıdır. Ölkə faktiki olaraq beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilib. BMT-də, Avropa təşkilatlarında onun mövqeyi anbaan güclənir. Azərbaycanda çoxlu sayda siyasi, geosiyasi, mədəni və dini mövzularda beynəlxalq tədbirlərin keçirilməsi təsadüfi deyil. Bundan başqa, ölkəmiz BMT TŞ-nin sədrlərindən biri olub.
Aydındır ki, müstəqillik dövründə Azərbaycan özünü tam təmin edən, müstəqil daxili və xarici siyasət yeritməyə qadir olan, lazımi maddi, mənəvi və insan resurslarına malik olan dövlətə çevrilib. Onun dövlət quruculuğu kursu müasir dövrün tələblərinə tam cavab verməklə yanaşı, perspektivdə də səmərəli olacaq prinsiplərə əsaslanır. Bunlara görə Azərbaycanı Avrasiya məkanının ən uğurlu ölkələrinin sıralarına aid etmək mümkündür.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.