Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Ağdam rayonu ərazisində, düşmənlə təmas xəttində işğalçı dövlətin hərbi helikopterini vurması neçə gündür ki, həm ölkə içində, həm də ondan kənarda informasiya məkanının diqqətçəkən mövzularındandır. Bu da təbiidir, işğalçı dövlətin 25 ildən bəri davam edən hərbi- siyasi özbaşınalıqlarına və şıltaqlıqlarına, nəhayət, tutarlı bir cavab verilib.
Bu hadisəni günlərdən bəridir ki, maraqlı dairələrin hərəsi öz arşını ilə ölçür. Nə deyirlər desinlər, hadisənin bir adı var: işğalçı dövlətin hərbi helikopteri suveren Azərbaycan dövlətinin hava məkanını açıq- aydın, kobudcasına pozduğuna görə beynəlxalq praktikaya uyğun zərərsizləşdirilib.
Yozumlara gəldikdə, hər şeydən əvvəl, bu olay onu göstərdi ki, Azərbaycan Ordusu, sözdə deyil, əməldə döyüşə tam hazırdır. Yayımlanmış videokadra baxanda bunu tam aydın görmək mümkündür. Əsgərlərimiz Ermənistan hərbi helikopterini vurmaq üçün elə bir əziyyət çəkmirlər. Bir neçə saniyəlik hazırlıq və ardından da dəqiq atəşlə düşmən helikopteri öldürücü zərbəylə vurulur. Bu, çox yüksək göstəricidir. Özü də döyüş şəraiti üçün, həqiqətən, hava-su kimi lazımlıdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu 20 ildir ki, bu cür silahlardan istifadə etmədən atəşkəs rejiminin qorunmasına çalışır və təbii ki, təcrübə kasadlığı özünü göstərə bilərdi. Amma gördük ki, heç bir naşılıqdan söhbət gedə bilməz, əksinə, yüksək peşəkarlıq əla formadadır.
Düşmən tərəf və onun çeşidli havadarları isə yasa bataraq, Azərbaycan tərərəfi, guya, atəşkəsi pozmaqda, ermənilərə ibadət etdikləri yerdə zərbə vurmaqda təqsirləndirməyə çalışırlar. Elə haray- həşir qopardırlar ki, elə bil, söhbət hərbi helikopterin Azərbaycanın işğal olunmuş ərazisindən ordumuzun mövqeyinə soxulmasından deyil, İrəvanın Teatr meydanında dövrə vurmasından gedir.
Nəhayət, bu olay ordumuzun hazırlıq səviyyəsini göstərməklə bərabər, bir gerçəyi də üzə çıxardı: nə qədər deyib-danışsaq da, biz informasiya məsələsində yenə də axsayırıq. Bakıda xəbər bizə təzəcə çatıb, az sonra əlavə məlumatın olacağı bildirilir və bu anda Berlində oturmuş Həbib Müntəzir adlı birisi olayın videogörüntüsünü dünyaya paylaşır... Bunun adı nədir?!
İndi kimsə düşünməsin ki, bununla həmin Həbibə hücum etmək fikrim var. Əsla! Çünki Həbibin o videonu yaymasına qədər olan mərhələni incələmədən fikir söyləmək yanlış olardı. Videokadrdan isə dolayısı ilə anlayırıq ki, əsgərlərin bir neçəsi düşmən helikopterini hədəfə alarkən başqa birisi cib telefonu ilə çəkiliş aparır! Bəlkə də, hansısa icazə verilmiş çəkiliş aparmaq olar. Amma bu videokadr niyə səngərdən birbaşa hansısa Həbib Müntəzirə göndərilməlidir?!
Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edən bir əsgərin birbaşa səngərdən çəkdiyi videokadrlar uzaq Berlinə necə ötürülür? Üstəlik, niyə əsgərlərimiz hələ də bilmirlər ki, xəbərin pis və ya yaxşı olmasına baxmayaraq, onun yayılması, özü də təmas xəttindən, düşmənlə üz-üzə mövqedən yayılması qətiyyən yolverilməzdir?
Məgər bu ilin avqust olayları zamanı belə məsələləri geniş müzakirə edib bu qənaətə gəlmədikmi ki, orduyla bağlı xəbərlər yalnız Müdafiə Nazirliyindən yayımlanmalıdır? Niyə əsgərlərimizin arasında hələ də bunu anlamayanlar var? Niyə ordumuzun ayrı-ayrı bölmələrində siyasi- mənəvi duruma məsul olan şəxslər əsgərlərə anlatmayıblar ki, belə özbaşınalıq yolverilməzdir?
Bu cür sualları artırmaq da olar. Şübhəsiz, bu məsələ ciddi şəkildə Müdafiə Nazirliyində nəzərdən keçirilməli, o videokadrı sağa-sola paylaşacaq qədər sayğısız olan əsgərin (və ya komandirin) məsuliyyəti aydınlaşdırılmalıdır. Şəxsi heyətlərə ciddi təlimat verilməlidir ki, belə əməl törətmək müharibə dövrü qanunları ilə cəzalandırılacaq! Biz unutmamalıyıq ki, atəşkəs olsa da, faktiki, müharibə durumundayıq və qarşımızdakı da silahlı düşmən ordusudur!
Həbib Müntəzir və onun kimilərindən də soruşmaq gərəkdir ki, o videonu göndərmiş adam nə etdiyini anlamır, bəs sənə nə gəlib? Yəni, doğrudanmı, anlamırsınız ki, belə bir video yayımlanmamalıdır? Ağlınız kəsmir ki, düşmənlə üz-üzə duran ordumuzun mövqeləri açıq əks olunan, döyüş taktikasını özündə əks etdirən görüntüləri paylaşmaqla Azərbaycana zərər vurursunuz?
Həbib Müntəzir, bəs sən iddia edirsən ki, güclü, normal, demokratik Azərbaycan üçün çarpışırsan! Əlinə düşən ilk video ilə Azərbaycanın bəzi hərbi sirlərini bütün dünyaya faş etdin! İndi iddia etmə ki, bu sirləri qorumaq kimi bir öhdəliyin yoxdur! Var! Əgər sən Azərbaycanı sevən, demokratiya, insan haqları dərdi çəkən birisənsə, bunu etməməliydin! Sənin və sənin mənsub olduğun çevrələrin dərdi heç də demokratiya, insan haqları deyilmiş.
Atəşkəs dövrünün qaydalarını pozmuş düşmən helikopterinin vurulmasını toy-bayram etmək də düzgün deyil. Bu hadisə bizə qətiyyən lazım deyildi. Zamanı çatanda Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimiz düşmənin layiqli payını verib, torpaqlarımızı işğaldan azad edəndə qədərincə sevinmək haqqımız olacaq. Hələlik, əsgərlərimiz lazımi sayıqlıq göstərib, düşmənin azğınlığının qarşısını alıblar. Bu, belə də dəyərləndirilməli və bədxahların yalan yozumlarına cavab verilməlidir.
Sonda vurğulamaq istərdim ki, təmas xəttindəki əsgərlərin kommunikasiya imkanları mütləq şəkildə hərbi çərçivəyə salınmalıdır. Unutmayaq ki, internet və cib telefonu açıq səhra kimidir, kimdə varsa, bütün dünya onu görür və hədəfə alır. Döyüşən ordunun əsgərinin isə belə açıqda görünməsi qətiyyən yolverilməzdir. O ki, qaldı helikopterin vurulmasını qəhrəmanlıq kimi qələmə verənlərə, qoy onların da həqiqi qələbə sevincini gözləməyə hövsələləri çatsın. Düşmən dinc otursaydı, bu itkinin ağrısını dadmazdı. Hələlik isə ermənilər, xalqımızda deyildiyi kimi, qoy ayıblarına kor olsunlar!
Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.