“Difai” Partiyası: Antiterror mübarizədən cümhuriyyətə gedən yol

1905-1906-cı illərdə erməni-müsəlman davası kimi tarixə düşmüş hadisələr zamanı nifaq dərinləşdi və hər yerdə atışma səsləri eşidilməyə, hər yanda qan izləri görünməyə başladı. Ölkənin dinc, silahsız türk-müsəlman əhalisi öldürülür və alçaldılırdı. Çar Rusiyası hakim dairələri isə bu haqsızlığa göz yumur və bir az da irəli gedərək hadisələri qızışdırır, erməniləri silahlandırırdılar. Belə ağır məqamda “Difai” (farsca “müdafiə” mənasını verir) adlı milli-ideoloji təşkilat yaradılır.

“Difai”nin yaranması

Azərbaycan xalqının böyük oğlu, görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, istər Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə də Türkiyə Cümhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş, adına və əsərlərinə 70 il qadağa qoyulmuş Əhməd bəy Ağaoğlu azərbaycanlılarla ermənilər arasında gedən bu qanlı münaqişədən çıxış yolunu tapmaq üçün 1905-1906-cı illərdə Tiflisə, Qafqaz canişini İ.İ. Vorontsov-Daşkovun yanına göndərilən doqquz nəfərlik nümayəndə heyətinin üzvlərindən biri olmuş və ermənilərlə danışıqlar zamanı Azərbaycan tərəfin ittihamçısı qismində çıxış etmişdi. M.S.Ordubadi yazır: “Bütün sülhsevər çıxışlarına və təkliflərinə baxmayaraq Ağaoğlu ermənilərə və çar məmurlarına elə oradaca xəbərdarlıq etməkdən çəkinmir: İndi ki, belədir, indi ki, bir müsəlləh partiya on beş ildən bəridir təşkil olunub və hökumət adamları bunu bilib də nəinki əlac etməyir, bəlkə, onlarla həməqidədirlər, bizim  istər hökumətdən, istərsə də ermənilərdən belə bir partiyanın aradan götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə...”  Qurultay bitdikdən sonra, bəlkə də, vəziyyətin düzələcəyinə az da olsa güman edən ziyalılarımızın ümidi növbəti dəfə puç oldu. Çünki 1906-cı ilin qış, yaz və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı qırğınlara başladılar. Dinc əhaliyə növbəti dəfə divan tutuldu. Belə məqamda milli ziyalılarımızın erməni terroruna qarşı antiterror güc strukturunu yaratmalarından başqa çarələri qalmadı. Sonralar AXC-nin Milli Təhlükəsizlik naziri olmuş N.Şeyxzamanlı öz xatirələrində yazır: “Əhməd bəy Ağayev Gəncəyə gəldi və Cümə məscidində camaatla görüşdü. Məscid ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı: — Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz”.

O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Çox keçmir ki, gizli təşkilatın adı “Difai” qoyulur və ona möhür hazırlanır.

Professor Vilayət Quliyev özünün “Son illərin yazıları” əsərində Əhməd bəy Ağaoğlu barədə bəhs edərkən yazır: “1905-ci ilə qədər daha çox “söz adamı” kimi tanınan Əhməd bəy Ağaoğlu “zamanın dəyişdiyini”, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı dəstələr vasitəsilə həyata keçirdiklərini görərək, adekvat qərar qəbul etdi. Xalqı təşkil etmək, silahlandırmaq, ona şərəf və namusunu, evini və yurdunu əldə silah, qorumağı öyrətmək lazım idi. Bu işlərin öhdəsindən yalnız qəzetlərdə məqalələr yazmaqla gəlmək mümkün deyildi. Mütləq siyasi qurumlar yaratmaq, xalqı onların ətrafında toplamaq, birliyə nail olmaq tələb edilirdi”.   Beləliklə, Azərbaycan xalqının, sözün həqiqi mənasında, mənəviyyat sarıdan  alçalmasının, fiziki  cəhətdən məhv olunmasının qarşısını  almaq üçün “Difai” adlı etno-siyasi müdafiə təşkilatı yaradılaraq, mübarizə proqramı qəbul edildi. “Difai”nin 1912-ci il 16 mart tarixli Bəyannaməsində yazılır: “...Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.   Bəyannamədən də göründüyü kimi, bu təşkilat erməni terrorunun qarşısını almaq, düşmən qarşısında aciz qalmamağı əsas prinsip hesab edirmiş.

“Difai”nin mənəvi gücü

“Difai”nin mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəalardan biri də bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlikdən yaranan gücdən düşmən qüvvələrinə qarşı istifadə etmək cəhdi idi. Həmin dövrdə milli təəssübkeşliyə əsasən dini tərəfdən baxıldığı və xalqın dini hissləri mühafizəkar olduğu üçün niyə də bu mühafizəkarlıqdan mütəşəkkil istifadə  edilməməliydi?  Lakin “Difai” digər xristianlara qarşı deyil, məhz erməni qəsbkarlığına və qarətçiliyinə qarşı müsəlmanların duruş gətirməsini təmin etmək üçün yaradıldı. Ermənilərin terror hücumlarına qarşı birləşmək cəhdlərini “panislamizm” kimi qələmə verənlər kifayət qədər idi. Bu cür hədyanlar söyləyən ermənilərə ən doğru cavabı həmin illərdə çar Rusiyasının Osmanlı Türkiyəsindəki konsulu olmuş V.Mayevski vermişdir: “Doğrudan da, fərz edək ki, Qafqazda “panislamizm” ideyaları güclü inkişaf etmişdir. Lakin onda hec cür başa düşmək olmur ki, nə üçün tatarların (azərbaycanlıların) bu ideyaları yalnız və yalnız ermənilərə qarşı savaş və qarətlərdə təzahür edir, Qafqazın digər xalqlarını kənarda qoyur? Belə olan təqdirdə ən çox əziyyət çəkən rus elementi olmalı idi, “panislamizm” ideyaları ilk növbədə bu elementə qarşı mübarizə aparmalıdır. Lakin həqiqətdə buna oxşar heç bir şey aşkar etmək olmamışdır. Nə üçün tatarlar gürcülərə toxunmamışlar?... və nə üçün “panislamizm”in qurbanları yalnız və yalnız ermənilər olmuşlar?...” Konsul yerli müsəlman əhalinin təşkilatlanmaq cəhdini “panislamizm” kimi qələmə verən erməni siyasət alverçilərinə haqlı olaraq hiddətini və etirazını bildirir.

“Difai”nin əsas simalarından biri də şeyxülislam Məhəmməd Pişnamazzadə idi ki, bu da din amilindən faydalanmaq və ermənilərin terror hücumlarına qarşı yerli müsəlmanların mənəvi birliyini təşkil etmək üçün  vacib idi.

Tiflis Quberniya Jandarm İdarəsinin rəisi, podpolkovnik Başinski 31 oktyabr 1909-cu il tarixli məruzəsində Pişnamazzadə haqqında ətraflı məlumat verir. “Müsəlman aləmində o, əsas və görkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman üsuli-cədid məktəblərinin, kitabxana-qiraətxanalarının və müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür. Öz əsərlərində, məqalələrində və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda, yüksək dərəcədə dindar, ciddi adamdır, müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq həyat tərzi keçirir”. 

1905-ci ilin iyun ayından Əhməd bəy Ağayev “Həyat” qəzetini nəşr etdirir. Və o da öz növbəsində yazılarında xalqı birliyə səslədiyi üçün “panislamizm”də ittiham olunur. Təsadüfi deyil ki, Senzor Komitəsinin yüksək vəzifəli məmurları qəzeti və onun redaktorunu “panislamist ideyalarının qızğın tərəfdarı”, “bütün müsəlmanların xəlifəsi kimi ad çıxarmış Türkiyə Sultanının nüfuzunu və qüdrətini artırmaq tərəfdarı” kimi qələmə vermişdilər.

Əslində, bu mübarizənin əsas mahiyyətində milli və dini xətt seçilir və regionun türk-müsəlman əhalisinin mənəvi həmrəyliyini canlandırmaqla erməni terror hücumlarına qarşı mütəşşəkil mübarizə əsas götürülürdü.

“Difai”nin antiterror fəaliyyəti

 “Difai”nin “Daşnaksütyun”un mürtəce fəaliyyətindən fərqi bu idi ki, o, ilk növbədə, hücuma məruz qalan və hüquqları tapdalanan yerli müsəlman əhalinin birlik-həmrəylik arzularının ifadəsindən yaranmış, müdafiəni başlıca şərt kimi qəbul etmiş və erməni-azərbaycanlı münaqişəsini alovlandıran, bu münaqişədə birtərəfli mövqe nümayiş etdirən bir sıra çar məmurlarını cəzalandırmağı hədəf götürmüşdür. Professor Eldar Əzizov yazır ki, Yelizavetpol qubernatoru etiraf etməyə məcbur olmuşdu ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, namuslu və səmimi insanların əlindədir, onun Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev rəhbərlik edir. Yenə də həmin qubernatorun sözlərinə görə, partiya qısa müddətdə böyük nüfuz və şöhrət qazanmışdır, əhali ona etibar edir və onun üzvlərini hökumətdən səylə gizlədir. “Difai” tezliklə xalqının düşmənlərini ehtiyatla aradan götürməyə başladı.

Təşkilatın yarandığı gündən etibarən törətdiyi ən iri siyasi akt, şübhəsiz ki, general-qubernator Qoloşşapovun və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsi olmuşdur.

 Bu əməliyyatlardan sonra “Difai” bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və N. Şeyxzamanlının qeyd etdiyi kimi, bu iki qətl hadisəsi çar hökumətini sarsıtmış və “onu daha ağıllı olmağa” məcbur etmişdir. Sonra Molla Hadı oğlu adlı bir şəxsin polisin xəbərçisi olduğu sübut olunmuş və aradan götürülmüşdü.

Antiterror məqsədli əməliyyatlardan biri də 1906-cı ilin dekabr ayında Naxçıvan qəzasının keçmiş rəisi, podpolkovnik Engelin “difai”çilər tərəfindən öldürülməsidir. 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı Engel Azərbaycan kəndlərinin talan olunmasında şəxsən iştirak etmişdir. Bu barədə hətta, böyük yazıçımız Məmməd Səid Ordubadi də yazır.

1907-ci il iyulun 11-də Yevlax stansiyasında jandarm Jukov öldürülür. Bundan sonra Şuşa şəhər sakinləri Muxtar Kərbəlayi Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilir. Onlar ermənilərin xeyrinə casusluqda ittiham edilirdi. Məsələ burasındadır ki, bu antiterror fəaliyyətindən sonra xalqımıza qarşı regionda qırğın və talanlar xeyli səngimişdir. Yəni, təşkilat bir növ missiyasını başa vurmuşdur.

Nəhayət, cümhuriyyət...

“Difai” üzərində repressiya başlandı. Əhməd bəy Ağayevin təsisçisi olduğu qəzetlər bağlandı, özü isə  təqiblərdən canını güclə qurtararaq Türkiyəyə mühacirət etdi. Digər “difai”çilər isə həbs olundular.

 Beləliklə, “Difai”nin fəaliyyətinə xitam verilməsinin dəqiq tarixi barədə tarixşünaslıqda vahid fikir olmasa da, M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” Partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır. “Difai”çilərin çoxu sonradan 1911-ci ildə yaradılmış Müsavat Partiyasına daxil olmuşdur. “Açıq söz” qəzetinin 13 oktyabr 1917-ci il tarixli nömrəsində belə bir məlumat verilmişdi ki, Azərbaycan siyasi partiyalarının Gəncədə keçirilmiş müşavirəsində “Nicat” və “Difai” partiyalarının üzvləri “Müsavat” sıralarına daxil olmuşlar, çünki bu partiyaların proqramları oxşardır. Deməli, təşkilat hələ 1917-ci ilə qədər fəaliyyət göstərmiş və proseslərdə iştirak etmişdir. Sonda isə həmin dövrdə ən böyük siyasi partiya hesab olunan “Müsavat”la birləşmişdir.

“Müsavat”ın  və ona rəhbərlik edən M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mirzə Bala Məmmədzadə və xalqın digər sayılıb-seçilən ziyalılarının sərf etdikləri gərgin əmək nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi başa çatmış və Şərqdə ilk demokratik respublika qurulmuşdur. Bu isə Azərbaycan milli dövlətçilik tarixinin ən önəmli səhifələrindən biri kimi tarixə düşmüşdür.

  Anar TURAN,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında