“Böyük iyirmilik” sammiti: Avstraliya görüşü ziddiyyətləri aradan qaldırmadı

Avstraliyanın Brisben şəhərində Qərblə Rusiya arasındakı münasibətlərdə mövcud olan anlaşılmazlıq və inamsızlığı növbəti dəfə üzə çıxaran “Böyük iyirmilik” (G20) dövlətlərinin sammiti keçirildi.

Ümumilikdə sammit iqtisadi inkişafın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması məsələlərinə həsr olunmuşdu. Amma sammitin elə ilk günündəcə görüşün ümumi atmosferinə mənfi təsir göstərən hadisə baş verdi. İştirakçıların ənənəvi əl sıxma mərasimi zamanı Kanadanın Baş naziri Stiven Harper qəfildən Rusiya prezidentinə müraciətlə “Ukraynanı tərk etməyi” tələb etdi. Putin cavabında bildirdi ki, “bu mümkün deyil, çünki onlar orada deyillər”.

ABŞ Prezidenti Obama isə çıxışında Rusiyanın Şərqi Ukraynadakı fəaliyyətinin təhlükəli olduğunu vurğulayaraq bu məsələni Ebola virusu ilə eyni sıraya qoydu.

Sammitin ev sahibi, Avstraliyanın Baş naziri Toni Ebbot əvvəlcə Rusiyaya qarşı kəskin intonasiya ilə çıxış etdi və dəfələrlə Rusiya liderinə müraciətlə kəskin fikirlər söylədi. Sammit ərəfəsində o, Putini Ukraynanı “hədələməkdə” və “çarizmin və SSRİ-nin itirilmiş şöhrətinin bərpasına” cəhd etməkdə ittiham etdi. İştirakçılar arasında təkcə Rusiya Prezidentini Avstraliyaya gəlişi zamanı 4 rus hərbi gəmisinin müşayiət etməsi faktı vəziyyəti daha da ağırlaşdırdı. Rusiya Prezidentinə qarşı münasibət bəzən nümayişkaranə rəsmi xarakter daşıyırdı. Məsələn, hava limanında onu Avstraliyanın Müdafiə nazirinin müavini qarşıladı,Obama və Çin Xalq Respublikasının sədri Si Tszinpini müvafiq olaraq Avstraliyanın baş qubernatoru və baş prokuroru qarşılamışdı.

Qərbin ümumi müraciəti

Gözlənildiyi kimi, ABŞ sammitdən Ukrayna məsələsində Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqlərini birləşdirmək meydanı kimi istifadə etdi. Obama Almaniyanın kansleri Angela Merkel, Britaniyanın Baş naziri Devid Kemeron və Fransanın Prezidenti Fransua Ollandla birgə “ruslara və Ukrayna hakimiyyətinə” ünvanlanmış müraciət hazırlamışdı. Məlumdur ki, Moskva Ukraynada rus qoşunlarının olmadığı və münaqişənin rəsmi Kiyevlə silahlılar arasında aparılacaq danışıqların gedişində həll edilməli olduğu mövqeyində israr edir. Rusiya həmçinin Ukraynanın yalnız federallaşma əsasında mövcud ola biləcəyini iddia edir. Qərb Rusiyanın birbaşa olaraq münaqişəyə cəlb olunduğunu bildirir və xarici ölkələrin daxili məsələlərə qarışmasının düzgün olmadığını qeyd edir. Aydındır ki, söhbət hər şeydən əvvəl vəziyyətin müxtəlif konseptual görünüşündən gedir. ABŞ və Avropa hesab edir ki, Moskva Ukraynanı rahat buraxmalı, oradan tamamilə çıxmalı və Ukraynaya Qərbə doğru inkişaf etməyə icazə verməlidir. Rusiya isə öz növbəsində düşünür ki, o, dünyanın bu hissəsində qanuni maraqlara malikdir və buna görə də öz ambisiyalarından imtina etməməli, Qərb isə keçmiş sovet ölkələrinin regional məsələlərinə qarışmağı dayandırmalıdır.

Putinin seçimi

Putin özü sammitdə fərqli davranış yolu seçdi. O, açıq şəkildə siyasi məsələlərə toxunmamağı qərara aldı. TASS-a verdiyi geniş müsahibədə Putin qeyd etdi ki, Brisbendə dünya iqtisadiyyatını müzakirə etməyi üstün tutardı. “Böyük iyirmilik” ilk olaraq iqtisadi forumdur” - deyə o, bildirdi. Müxbirin sualına cavabında qeyd etdi  ki, Rusiyaya qarşı qoyulan sanksiyalar “Böyük iyirmiliyin” fəaliyyətinə və onun iş prinsipinə, həmçinin beynəlxalq hüquqa ziddir. Çünki sanksiyalar Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası çərçivəsində tətbiq edilə bilər. Bundan əlavə, bu, hətta Ümumdünya Ticarət Təşkilatının, QATT adlanan Tariflər və Ticarət haqqında Baş Müqavilənin prinsipləri ilə də ziddiyyət təşkil edir. Birləşmiş Ştatlar bir vaxtlar bu təşkilatları yaradıblar, amma indi özləri bu prinsipləri kobud şəkildə pozurlar”. Putin sammitdə bu məsələlərin müzakirə olunmasını “gərəksiz” adlandırdı.

Buna baxmayaraq, sammit ərzində Putinin Angela Merkel, Devid Kemeron, Fransua Olland, İtaliya hökumətinin başçısı Matteo Rensi, həmçinin Toni Ebbotla ikitərəfli görüşləri keçirildi.

BRİKS köməyə çatır

Bundan əlavə, Putin sammitə qədər ayrıca görüş keçirdiyi BRİKS ölkələrinin rəhbərləri ilə ümumi dil tapa bildi. Onların hamısı Rusiya Federasiyasına qarşı qoyulan sanksiyaları qeyri-qanuni hesab edirlər və bildirdilər ki, bu sanksiyalar qanunsuzdur və BMT-nin Nizamnaməsini pozur. BRİKS ölkələrinin rəhbərləri Beynəlxalq Valyuta Fondunun (BVF) yerinə yetirilməmiş islahatı ilə bağlı narahatlıqlarını və təşvişlərini dilə gətirdilər. Rusiya Prezidenti həmkarlarını bir daha 2015-ci il iyulun 8-9-da Ufada keçiriləcək BRİKS sammitinə dəvət etdi və bildirdi ki, iqtisadi əməkdaşlıq strategiyasının layihəsi və sərmayə əməkdaşlığının xəritəsi hazırlanır. Putin inandırır ki, inkişaf bankının və şərti valyuta ehtiyatları fondunun yaradılması dünya iqtisadiyyatının böhranı zamanı milli kapital bazarını tənzimləyə bilər.

Vaxtsız ayrılma

Hələ sammit ərzində Putinin sammiti tərk edəcəyi barədə informasiya yayılmışdı. İnformasiyanın əvvəlcə təkzib olunmasına baxmayaraq, Rusiya Prezidenti ağır iş qrafikini və yatmalı olduğunu səbəb göstərərək vaxtından tez, yekun sənədlər imzalanmamış “Böyük iyirmilik” rəhbərlərinin görüşünü tərk etdi. Onun yerinə bağlanış mərasimində maliyyə naziri Anton Siluanov iştirak etdi. Hadisələrin bu cür inkişafı “Böyük iyirmilik” üçün görünməmiş vəziyyət idi. Putinin Brisbendən ayrılmasından dərhal sonra Qərb liderlərinin Rusiyaya qarşı birgə fəaliyyətinə həsr olunmuş görüşü keçirildi. Görüşdə tədbirin təşəbbüskarı olan ABŞ Prezidenti Barak Obamadan başqa Fransa Prezidenti Fransua Olland, Britaniyanın Baş naziri Devid Kemeron, Almaniyanın kansleri Angela Merkel, İtaliya və İspaniya hökumət başçıları Matteo Rensi və Mariano Raxoy da iştirak edirdi. Görüşdə həmçinin Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jan Klod Yunker də iştirak edirdilər.

G20-nin sammitində Qərb-Rusiya münasibətlərindəki ciddi ziddiyyətlər növbəti dəfə üzə çıxdı. Belə bir vəziyyət yerli güzəştli uzlaşmaları istisna etməsə də yaxın gələcəkdə strateji əməkdaşlığı qeyri-mümkün edir. Rusiya və Qərbin Ukrayna ilə bağlı fikirləri prinsipcə fərqli olaraq qalır. Bütün bunlar vəziyyətin yenidən kəskinləşməsi və beləliklə sanksiyaların sərtləşməsi riskini artırır.

Bununla yanaşı, hər iki tərəf qapılarının dialoq üçün açıq olduğunu bəyan edirlər və analitiklər diplomatik nəzakət baxımından onlara fərqli yanaşmağın düzgün olmadığını hesab edirlər.

 

Elsevər ABDULLAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında