Dünya üçün qapalı olan ölkələrin taleyi hamıya məlumdur. Ona görə də Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin edən Heydər Əliyevin həmin siyasəti öz xalqına və dövlətinə ali xidmət nümunəsi kimi qiymətləndirilməlidir.
Nikolay BAYBAKOV,
görkəmli dövlət xadimi
Ötən əsrin doxsanıncı illərinin Azərbaycan reallıqlarından biri də yenicə bərpa etdiyimiz dövlət müstəqilliyinin 1918-ci ildəki Xalq Cümhuriyyətimizin taleyini yaşamaq təhlükəsi idi.
Bunun əsas səbəbləri ölkəni idarə edənlərin siyasi diletantlığı, onların səriştəsizliyi ucbatından yaranmış xaos və anarxiya, ermənilərin ərazi iddialarının böyüyərək işğalçı siyasətə çevrilməsi və nəhayət, gənc müstəqil dövlətimizin beynəlxalq aləm üçün qapalı siyasət yeritməsi idi. “Sərhədləri bağlayaraq ölkəni idarə etmək” istəyən siyasət naşıları beynəlxalq aləmə inteqrasiya məsələsini yaxına buraxmaq istəmirdilər. Məhz bu naqisliklərə görə xalq onlardan birdəfəlik üz döndərərək öz gələcək taleyini Heydər Əliyevə etibar etdi.
Ulu öndərin siyasi hakimiyyətə qayıtmasından dərhal sonra öz məcrasına düşən bütün istiqamətlər kimi beynəlxalq aləmə inteqrasiya məsələsi də öz müsbət həllini tapmağa başladı. Heydər Əliyev Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən tarixi iclasındakı çıxışında demişdi: “Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişləndirilməlidir. Xüsusən, İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir. Bir sözlə, sadəcə, xarici siyasət sahəsində öz mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi bu istiqamətdə fəaliyyət göstərəcəm...”
Ümummilli liderimiz bu istiqamətdə öz mövqeyini bildirdi, Ali Sovetin sədri və Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdi. Məhz həmin mövqe, siyasi kurs nəticəsində respublikamız BMT Təhlükəsizlik Şurasına və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən nüfuzlu bir dövlətə çevrildi. Parlament sədri seçiləndən cəmi iki gün sonra Bakıdakı xarici diplomatlar və əcnəbi siyasətçilərlə görüşən Heydər Əliyev bəyan etmişdi ki, bizim ölkəmiz özünü Azərbaycanın dostu kimi görən istənilən əcnəbi insan, beynəlxalq təşkilat və xarici dövlət üçün açıqdır. Biz hamı ilə dostluq və əməkdaşlıq etməyə hazırıq. Ən başlıcası o idi ki, bütün beynəlxalq təşkilatlar və xarici siyasətçilər Azərbaycan liderinin həmin tezislərinin həyatdakı təsdiqini tezliklə gördülər. Bu inteqrasiyanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olacağını ulu öndər böyük siyasi uzaqgörənliklə əvvəlcədən bilirdi. Dövlətimiz Heydər Əliyevin həmin siyasəti nəticəsində yaranan ilk imkanlardan uğurla istifadə edərək “Əsrin müqaviləsi”, “Böyük İpək yolunun bərpası” kimi planetar miqyaslı iqtisadi layihələrin mərkəzində dayanmağa nail oldu.
SSRİ-ni qoruyub saxlamağa çalışanlardan və AXC-Müsavat iqtidarından fərqli siyasi kurs götürən Heydər Əliyev öncə yaxın qonşularımız olan Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan, Qazaxıstan və Türkmənistanla münasibətlərin tənzimlənməsi istiqamətində uğurlu addımlar atdı. Bu sırada Türkiyə cümhuriyyətinin adının qeyd edilməməsinin bir səbəbi var idi. Belə ki, AXC-Müsavat iqtidarı təkcə həmin dövlətlə münasibətləri korlamamışdı və ona görə də tənzimlənməyə ehtiyac yox idi. Odur ki, ulu öndər öncə yaxın qonşularımızla, sonra Avropa və bütün dünya ölkələri ilə siyasi, diplomatik, iqtisadi və mədəni əməkdaşlığın yaradılmasına və intensivləşdirilməsinə nail oldu. Xüsusən, beynəlxalq təşkilatlarla əməkdaşlığın perspektivini yüksək qiymətləndirən ulu öndər özündən əvvəlki siyasətçilərin səhvi üzündən yaranmış problemlər sırasında olan Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığa start verdi. Ulu öndərin xeyli sonralar — XX əsrin son günlərində xalqımıza ünvanladığı “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı irihəcmli müraciətində dövlət müstəqilliyimizin ilk illərindəki siyasi vəziyyəti qiymətləndirən məqamlarda beynəlxalq aləmlə münasibətlər xüsusilə vurğulanırdı: “Hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən tez-tez səsləndirilən məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri və vəzifələri, prinsipləri və istiqamətləri haqqında beynəlxalq aləmdə yanlış rəy yaradır, onun sivil dünya dövlətlərindən təcrid edilməsinə səbəb olurdu”. Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, beynəlxalq aləmə inteqrasiya istiqamətində də kifayət qədər tədbirlər reallaşdırılmış və böyük nəticələr əldə edilmişdir. Ancaq respublikamızın beynəlxalq aləmin əsas subyektlərindən birinə çevrilməsi prosesi bilavasitə Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin hələ ölkə parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi AŞPA tribunasından başlanan, sonra isə bütün beynəlxalq təşkilatların kürsüsündən səslənən çıxışları ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına xüsusi töhfələr idi. Ümumiyyətlə, İlham Əliyevin reallaşdırdığı bütün tədbirləri bir anlıq kənara qoysaq belə, onun 2008-ci ildən start verdiyi Avropa dəyərləri ilə Şərq dəyərlərini Azərbaycanda qovuşdurmaq istiqamətində atdığı addımları kifayət edir ki, bu siyasətçinin ümumbəşəri dəyərlərə nə qədər sədaqətli olduğunu söyləyək.
Dövlət başçımızın BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO, MDB, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, İSESCO, Türkdilli ölkələrin Dövlət Başçıları Şurası və digər beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əməkdaşlığa verdiyi önəm və ayırdığı diqqətin fonunda ölkəmiz daha orijinal bir beynəlxalq əməkdaşlıq formatına imza atmışdır. Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin Bakı toplantısına İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini də dəvət etmişdi. Yəni, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşdılar. 2009-cu ildə isə Avropa Şurasının mədəniyyət nazirləri İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət edildilər. Azərbaycan Prezidenti bu addımla həm multikulturalizmə verdiyimiz önəmi göstərdi, həm də bizim beynəlxalq aləmə inteqrasiyamızın sürətləndirilməsinə təkan vermiş oldu. Məhz İlham Əliyevin ölkəmizi beynəlxalq aləmə inteqrasiya edən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 9 beynəlxalq qurumda daimi nümayəndəliyi, 9 baş konsulu, fəxri konsulu var. Azərbaycanda isə 58 ölkənin səfirliyi, 4 baş konsul, 10 fəxri konsul və beynəlxalq təşkilatların 20 nümayəndəliyi fəaliyyət göstərir. Dünyanın bəzi bölgələrində, eləcə də bizim regionda mövcud olan təcridolunma, ayırma və bəzən ədavət meyillərinin aradan qaldırılmasına töhfə verməyə, daha yaxşı dünyanın , hamı üçün müvafiq olan dünyanın qurulmasına çalışan Azərbaycan Prezidenti cəmi on ildə bütün beynəlxalq təşkilatlarda arzu olunan tərəfdaşa, respublikamız isə yüksək etimadla əməkdaşlıq edilən dövlətə çevrildi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasından sonra Avropa Şurasının Nazirlər Komitəsinə də sədrlik etməsi beynəlxalq aləmin bizim siyasi məramlarımıza verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Dövlət başçımızın da dediyi kimi, beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında çox müsbətdir.
Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Özünü dünyaya təqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət idi və biz bundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizin lehinə səs verməsi faktından da qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad göstərir, onu dəstəkləyir və etibarlı tərəfdaş hesab edir.
Heydər Əliyev siyasi kursunun nəticəsidir ki, biz bu gün beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Respublikamız nəinki coğrafi baxımdan, həm də mədəni və siyasi baxımdan regionda mühüm körpü rolunu oynayır. Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi göstərir ki, Azərbaycan multikulturalizm baxımından dünya mərkəzlərindən biridir. Ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılmışdır. Deməli, gənc müstəqil Azərbaycan dövləti beynəlxalq aləmə inteqrasiya məsələsində öz qarşısına qoyduğu vəzifələrin öhdəsindən lazımınca gəlir. Son illər Azərbaycan paytaxtında mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Paytaxtımız Ümumdünya Gənclər Forumuna ev sahibliyi etdi. Qəbul edilmiş qərara əsasən Davos Dünya İqtisadi Forumunun daha bir toplantısı da Bakıda keçiriləcək. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi Azərbaycan paytaxtında böyük uğurla keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Eyni zamanda, 2016-cı ildə paytaxtımızda “Formula 1" yarışı, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun təşkilinin ölkəmizə həvalə edilməsi dünya dövlətlərinin bizə göstərdiyi etimadın sübutudur. Ümumilikdə isə, bütün bunlar ulu öndərin Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi istiqamətində atdığı addımların və Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətin nəticəsidir.
İttifaq MİRZƏBƏYLİ,
”Xalq qəzeti"
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.