Heydər ƏLİYEV: Gənclərimiz yüksək mənəviyyat ruhunda tərbiyə olunmalıdır

Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir.

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Gənclik ölkənin və millətin gələcəyidir. Ona görə də gəncliyin, ümummilli lider Heydər Əliyev demişkən, sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən olması vacib şərtlərdən biridir. Gənclik, eyni zamanda, yüksək milli mənlik şüuruna, milli təəssübkeşlik hissinə sahib olmalı, bilik və bacarığını Vətəninin, millətinin inkişafına sərf etməlidir.

Bu mənada Azərbaycanda gənclərə ölkənin gələcəyi kimi baxılması və onlardan yüksək məsuliyyət, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik kimi ali hisslərin tələb olunması təbiidir. Bu gün Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılmasını birmənalı olaraq Heydər Əliyevin adı ilə bağlayanlar haqlıdırlar. Məhz onun rəhbərliyi ilə belə bir siyasət qurulmuş, gənclərə dövlət qayğısı aktual məsələ kimi gündəlikdə olmuşdur. Hər il 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi də ulu öndərin ideyasıdır. Müstəqillik dövrümüzün gəncliyi bu günün təsis edilməsinə görə ümummilli lider, dünya şöhrətli siyasi xadim, müasir və çiçəklənən Azərbaycanın banisi Heydər Əliyevə borcludur.

Bu günü qədirbilən Azərbaycan gənclərinə ulu öndər 1997-ci il fevralın 1-də imzaladığı xüsusi fərman əsasında bəxş etmişdir. Həmin fərmana əsasən, 1996-cı il fevralın 2-si - Azərbaycan gənclərinin birinci forumunun keçirildiyi gün ölkəmizdə Gənclər Günü kimi təsbit edilmişdir.

Ölkədə hər il Gənclər Gününün qeyd edilməsi gənclərimizin həyatında çox vacib hadisədir. Çünki həmin gün ötən bir il ərzində keçilmiş yola, görülmüş işlərə bir daha nəzər salınır, insan özü və təmsil etdiyi cəmiyyət qarşısında yaşanmış illə bağlı hesabat verir, hansı addımların düzgün, hansı addımların səhv atıldığını müəyyən edir, bundan nəticə çıxararaq gələcəyə addımlayır.

Hər yeni Gənclər Günündə həm də ulu öndərin qarşıya qoyduğu min dəfə ölçülüb-biçilmiş, tarixin və zamanın süzgəcindən keçmiş mühüm vəzifələr xatırlanır, gənclərin dövlət müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, iqtisadi qüdrətimizin artırılması, sosial-mədəni problemlərimizin həlli üçün daha nə kimi işlər görə biləcəyi müəyyənləşdirilir.

Əslində gənclərimizin ən mühüm və başlıca vəzifələrini də ümummilli liderimiz özünün Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə çox dəqiq müəyyənləşdirmiş, müstəqillik dövrü gəncliyimizin getməli olduğu yolun konkret konturlarını böyük ustalıqla cızmışdır.

Heydər Əliyevin bu barədəki fikirləri onun 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan gənclərinin birinci forumundakı proqram xarakterli çıxışında əks olunmuşdur. Elə respublika gənclərinin 1999-cu il mart ayının 2-3-də keçirilmiş ikinci forumundakı əhatəli, dərin məzmunlu çıxışında da ulu öndər gənclərimizin öz həyatları boyu hansı milli-mənəvi məfkurəyə yiyələnməli, hansı milli ideologiyaya xidmət etməli olduqları barədə uzaqgörən fikirlərini söyləmişdir. Bütün bu fikir və ideyalar müasir gəncliyin əsil yolgöstərənidir.

Ümummilli liderimiz gənclərimizin qarşısında duran ən mühüm vəzifələrdən birincisi qismində mənəvi tərbiyə məsələsini görürdü. Gənclərin birinci forumundakı çıxışında da ulu öndər Heydər Əliyev bu məsələnin üzərində xüsusilə dayanır, dövrün bütün çətinliklərinə baxmayaraq mənəvi tərbiyə məsələsini davamlı, fasiləsiz şəkildə aparmağı tövsiyə edirdi. Onun fikrincə, gənclərimiz yüksək mənəviyyat ruhunda tərbiyə olunmalı, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, eləcə də ümumbəşəri dəyərlər hər bir gənc tərəfindən mənimsənilməlidir. Heydər Əliyev deyirdi: “Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün örnək edən, bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır”. Ölməz Heydər Əliyev mənəvi tərbiyə məsələsinə bu qədər yüksək qiymət verir, gənclərimizin hər şeydən əvvəl mənəvi kamilləşmə məsələsinə önəm verməsini arzulayırdı. Buna görə də gənclərimiz, ilk növbədə, ulu öndərin bu arzusunu yerinə yetirməyə çalışmalı, Azərbaycanın mənəvi cəhətcə kamil vətəndaşları kimi yetişməyə can atmalıdırlar. Zənnimizcə, artıq cəsarətlə demək olar ki, bu gün Azərbaycanda belə bir gənclik yetişir və bu, bizi sevindirir. 

Heydər Əliyevin gənclərimizin qarşısında qoyduğu ikinci mühüm vəzifə milli ruhda tərbiyə almaq məsələsidir. O tələb edirdi ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı, tariximizi, keçmişimizi, dilimizi, milli ənənələrimizi yaxşı bilməlidir. Bunları yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik isə sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq deməkdir.

Son illərin hadisələri göstərir ki, gənclərimiz Heydər Əliyevin bu öyüd-nəsihətini də sırğa kimi qulaqlarından asmışlar və bunlara canla-başla əməl etməkdədirlərr. Heydər Əliyev bu fikirlərinin təsdiqi üçün Azərbaycanın tarixinə istinad edir, xalqımızın böyük, möhtəşəm tarix yaşadığını və yaratdığını, əzəmətli dövlətlər qurduğunu qeyd edirdi. Onun sözlərinə görə, Azərbaycan xalqı Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti,  Şirvanşahlar dövləti və s. kimi dövlətlər yaratmış, zəngin dövlətçilik ənənələri formalaşdırmışdır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmışdır. “Ona görə də gənclərə demək istəyirəm.

Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”.

Gənclərin milli dilimizi, dini dəyərlərimizi dərindən bilməsi də ulu öndərimiz üçün olduqca vacib cəhətlərdən idi. O, gənc insanın Azərbaycan dilində gözəl danışmasına çox yüksək qiymət verirdi. Ancaq bu heç də o demək deyildi ki, gənclərimizin başqa dilləri öyrənməsinə mənfi münasibət bəsləyirdi. Əksinə, Heydər Əliyev çox istəyirdi ki, azərbaycanlı gənc dünyanın bir çox dillərini - rus, ingilis, fransız, ərəb, fars və s. dillərini öyrənsin. “Amma bunlarla yanaşı, əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.

Heydər Əliyevin gənclərə ən böyük tövsiyələrindən biri də milli vətənpərvərlik məsələsidir

 Bu vəzifə dahi siyasətçinin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra xüsusilə aktual şəkildə dayanırdı. Belə ki, Azərbaycan ərazilərinə təcavüz etmiş Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyona qədər soydaşımız Ermənistandakı tarixi dədə-baba yurdlarından, eləcə də Dağlıq Qarabağ və ətrafdakı 7 rayondan qovularaq qaçqın-köçkün vəziyyətinə düşmüşdü.

Azərbaycana xilaskarlıq missiyasını həyata keçirmək üçün gəlmiş ulu öndər belə bir dövrdə ordumuzun möhkəmləndirilməsi, düşmənə qarşı müqavimətimizin artırılması kimi ağır problemləri həll etməli olmuşdu. Ölməz Heydər Əliyev artıq 1999-cu il martın 2-də Azərbaycan gənclərinin ikinci forumunda cəsarətlə bəyan edirdi ki, ölkədə güclü ordu qurulub. Bu ordu istənilən anda Azərbaycan torpaqlarını müdafiə etməyə, lazım gələrsə, doğma yurdlarımızı müharibə yolu ilə düşmən tapdağından azad etməyə hazırdır.

Belə bir ordunun qurulmasında gənclərin, onların vətənpərvərlik ruhunun mühüm amil olduğunu qeyd edən ümummilli lider Azərbaycan gəncliyinin Vətən sevgisindən, orduya münasibətindən razı qaldığını bəyan edirdi. O, cəsarətlə bildirirdi ki, gənclər indi orduya könüllü şəkildə, həvəslə gedir, Vətənə layiqincə xidmət edir, öz vətəndaşlıq borclarını vicdanla yerinə yetirir və Azərbaycan ordusunu gücləndirir, inkişaf etdirirlər. “Azərbaycan gənclərinin bir qismi Vətən müharibəsində vuruşaraq şikəst, əlil olmuş, yaralanmış, xəsarət almış insanlardır. Onlara xüsusi qayğı, diqqət olmalıdır. Azərbaycan dövləti, Prezident onlara qayğısını bundan sonra da daim artıracaqdır. Gənclər və İdman Nazirliyi, bütün gənclər təşkilatları gənclərin bu dəstəsinə xüsusi qayğı, xüsusi diqqət göstərməlidir”, - deyə Heydər Əliyev bəyan edirdi.

Bu gün ordumuzda Mübariz İbrahimov kimi Vətən yolunda candan keçməyə hazır oğullarımızın olması Heydər Əliyevin gənclərimizə aşıladığı vətənpərvərlik tərbiyəsinin bariz nəticəsidir. Belə oğullar ordumuzda minlərlədir. Bu günlərdə ordumuzda xidmət edən daha bir gənc əsgər İlkin Muradovun mövqelərimizə hücum etməyə cəhd edən Ermənistan hərbi helikopterini vuraraq məhv etməsi də gənclərimizin yüksək vətənpərvərlik hissindən qaynaqlanır. Əsgərimizin bu qəhrəmanlığı Heydər Əliyev ideyalarının layiqli davamçısı olan hazırkı Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi və vətənpərvər əsgər yüksək dövlət mükafatına layiq görüldü. Bu, gənclərimiz arasında vətənpərvərlik hissinin təşviqi üçün ən yaxşı vasitə deyilmi?!

Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Prezidentin həyata keçirdiyi uğurlu dövlət gənclər siyasətinin prioritetlərindən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsidir. Bu məsələ hazırda ən aktual problemlərdən biridir. Təxminən 20 il əvvəl ölkəmizə təcavüz olub, torpaqlarımız işğal olunub, insanlarımız qaçqın, köçkün düşüb, təhqir olunub. Bunlar, təbii ki, insanlarımıza mənəvi əzab verir. Uzun illərdir ki, gənclərimiz öz himayədarlarının kölgəsində gizlənən Ermənistana qarşı qisas hissi ilə alışıb yanırlar. Son illərdə igid oğullarımızın erməni ordusuna bir-birinin ardınca ağır və sarsıdıcı zərbələr endirməsi gənclərimizin, xüsusən əsgərlərimizin öz güclərinə inamını möhkəmləndirib. Artıq hamı inanır ki, Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı azad etmək uğrunda mübarizəyə qalxmaq və qələbə çalmaq mümkündür. Bu isə, şübhəsiz ki, gənclərimizin milli qürur hissini artırır, milli mənlik şüurunu qüvvətləndirir.      

Gənclərin milli mənlik şüurunun inkişafında beynəlxalq idman yarışlarında qazandığımız qələbələr də mühüm rol oynayır. Azərbaycan gəncliyinin son təxminən 10-15 il ərzində idman sahəsində əldə etdiyi uğurların bazasında Prezident İlham Əliyevin yüksək qayğısı dayanır. Hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrində İlham Əliyev respublikada olimpiya hərəkatının hərtərəfli inkişafına böyük təkan vermişdir.

Nəticədə dünya olimpiadalarında idmançılarımız bir-birinin ardınca misilsiz qələbələr qazanmışdılar. Ölkəyə gətirilən hər bir qızıl, gümüş və bürüc medal ürəyimizi həmişə milli qürur hissi ələ doldurub, gənclərimiz küçələrə çıxaraq əllərində Azərbaycan bayrağı qələbələrimizi bayram ediblər. Milli Olimpiya Komitəsi İlham Əliyevin rəhbərliyi ilə bu gün də gənclərimizi dünyanın ən mürəkkəb və çətin idman yarışlarında qələbəyə həvəsləndirir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında