Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilməsilə yanaşı, maddi-mədəniyyət nümunələrinə ciddi ziyan dəydi, bəziləri məhv oldu, əhalinin əmlakı talan edildi. Ermənilər Azərbaycana vurduqları ziyanı, işğalı qələbə kimi təqdim etsələr də, indi bu ölkənin düşdüyü vəziyyət və yaşadığı həyəcan deyilənlərin əksini göstərir. Bugün Azərbaycan inkişaf edir, dünyanın nüfuzlu ölkəsinə çevrilir. Ermənistan isə əksinə, günü-gündən tənəzzül edir və sosial, siyasi intriqalar meydanını xatırladır.
Hər il bir neçə dəfə Ermənistan prezidenti Serj Sarkisyanın ictimai fikri aldatmağa hesablanmış sərsəm bəyanatlarının şahidi oluruq. Dəfələrlə bu şəxs və ən yaxın əlaltıları Dağlıq Qarabağın işğal deyil, “azad” edildiyini, hələ qarşıda Türkiyənin altı vilayətinin də tutulmalı olduğunu ifadə etməklə erməni gəncliyi üzərinə bir yük, məsuliyyət qoymağa çalışmışdır. Əslində, erməni lobbisinin ianələri hesabına dolanan Ermənistan üçün bu cür absurd bəyanatlar təəccüblü deyil.
Əvvəla, ermənilərin onlara məxsus olmayan torpaqları özününküləşdirmək istəyi indinin hadisəsi deyil. Artıq 100 ildən çoxdur ki, bu toplumun zehni “Böyük Ermənistan” xülyası ilə elə zəhərləndirilib ki, onların bu mərəzdən qurtulması elə də asan görünmür. Ən acınacaqlı hal odur ki, sadə ermənilər bunun müşkül olduğunu dərk etsələr də, onların rəhbərliyi öz qanunsuz əməllərinə haqq qazandırmaq, ölkədə tüğyan edən aclığa, səfalətə, miqrasiyaya başqa bir don geyindirmək üçün bu mürtəce siyasəti davam etdirir.
Sarkisyan iqtidarı özü də dərk edir ki, nə onun dövləti, nə də cəmiyyəti müharibəyə hazırdır. Çünki, ermənilərin əksər hissəsi dərk edir ki, müharibə və işğal onları məhvə aparır. Bu baxımdan Azərbaycanın gec-tez öz torpaqlarına sahib olacağı günün uzaqda olmadığını yaxşı anlayırlar. Təkcə bunu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır.
Azərbaycanın müdafiə sənayesinin sürətlə inkişafı, son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi cəhətdən fərqi bizim xeyrimizə dəyişib. Bu yaxında müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov mətbuata verdiyi müsahibəsində də qeyd edib ki, Azərbaycan Ordusunun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir: “Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir”.
Qoşunların təmas xəttində son vaxtlar baş verən insidentlər və düşmənin dərhal susdurulması illərdir davam edir. Ermənistan rəhbərliyi cəbhə xətti istiqamətində bu fəallığını Azərbaycana qarşı bir immunitet yaratmaq, ölkə əhalisinin etirazlarını bu istiqamətə yönləndirmək üçün istifadə edir. Etiraf etmək lazımdır ki, Ermənistan rəhbərliyinin illərdir həyata keçirdiyi bu hiyləgər siyasət hələ ki, alınır. Nəticədə ermənilər Sarkisyan hərbi-xuntasının ideoloji girovuna çevrilir və sosial rifah, dünyaya inteqrasiya şansından yayınırlar. Ermənistanın atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxladığı, atəşkəs rejimini daim pozduğu, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərdiyi heç kəsə sirr deyil.
Düşmən snayperləri, silahlı birləşmələri dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur. Əlbəttə, ermənilər hər dəfə bu təxribatları törədəndə ordumuz tərəfindən layiqli cavab alırlar. Düşmən itki verir və geri çəkilir. Dəfələrlə imkan yaranıb ki, düşmən ordusu işğal olunmuş torpaqlardan tamamilə çıxarılsın və hətta Ermənistanın rayonları - əslində, tarixi Azərbaycan torpaqları yenidən ələ keçirilsin. Lakin gedən sülh danışıqlarına arxa çevirmək istəməyən Azərbaycan dövləti hər dəfə bu prinsipləri qorumağa çalışmış və danışıqların nəticəsini gözləmişdir. Dövlətimiz həm də beynəlxalq ictimaiyyətin, təşkilatların fikirlərinə hörmətlə yanaşaraq bu addımı atmışdır. Amma məsələnin görünən tərəfi odur ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə hər zaman sülh danışıqlarının nəticəsiz başa çatmasına səbəb olmuşdur.
Bugün Azərbaycan Respublikası dünyanın 57 ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq edir, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalanmışdır. İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 400-dək müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi iştirak edir. 24 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı və hərbi nümayəndəliyi fəaliyyət göstərir. NATO-nun yeddi regional qərargahında Silahlı Qüvvələrimizin zabitləri xidmət edirlər. İlin sonunadək bu qərargahların sayı 10-a çatdırılacaqdır.
Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak edir, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, o cümlədən, Planlaşdırma və Analiz Prosesi çərçivəsində əməkdaşlığını uğurla davam etdirir. 2014-cü ilin fevralında Türkiyə Respublikasının Qars vilayətində Azərbaycan-Türkiyə birgə səhra təlimləri keçirilmişdir ki, bu da iki qardaş dövlət arasında hərbi əməkdaşlığın gücləndirilməsinin bariz nümunəsidir. Bütün bu uğurlarımızı düşmən yaxşı bilir və anlayır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.
Bugünlərdə Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizdə guya təlim keçən, əslində isə təmas xəttində mövqelərimizə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus “Mi-24" tipli vertolyotunu 3 pilotu ilə birgə məhv etməsi mətbuata ”bomba" effekti yaratdı. Bu hadisə erməni KİV-lərində, Ermənistan dövlətində böyük qorxu və ajiotaja səbəb oldu. Erməni cəmiyyəti növbəti dəfə mənəvi cəhətdən yenilgiyə uğradı. Ermənənistan iqtidarının, əslində, puç bəyanatlardan başqa heç nəyə qadir olmadığı aşkar göründü.
BMT, ATƏT və digər təşkilatlar baş verən hadisədən narahatlıqlarını ifadə etdilər. Tərəfləri təmkinli olmağa çağırdılar. Ancaq, təəssüf doğuran budur ki, nə həmsədrlər, nə beynəlxalq təşkilatlar helikopterin Azərbaycanın işğal altındakı ərazilərində məhv edildiyinə toxunmadılar. Halbuki, Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. Lakin bu dəfə söhbət düşmənin döyüş vertolyotundan gedir. Bu məsələdə yenə də biz Qərbin ikili standartları ilə üz-üzə qalırıq.
Fakt budur ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı separatçı rejimlə birgə işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimləri hazırda da davam etdirir. Təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib. Təəssüf ki, beynəlxalq birlik bax bu məsələlərdən ümumiyyətlə danışmamağa üstünlük verir və bizi öz torpaqlarımızı qorumaq üçün lazımi tədbirlər görmək üçün hərbi üsullara əl atmağa çağırır.
Azərbaycan hərbçilərinin Ermənistana məxsus hərbi helikopteri məhv etməsi düşmən ölkədə kifayət qədər narahatlıq yaradıb. Son günlər erməni hərbçilərinin ölümünə etirazların yenidən baş qaldırdığı düşmən ölkənin rəhbərliyi bu dəfə çətin durumla üz-üzə qalıb. Belə ki, rəsmi Bakının konkret şəkildə “Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanında nə işi var idi ki, o da vurulsun ?”— sualına işğalçı ölkənin rəsmilərinin cavabı yoxdur.
Hərbi helikopterin vurulması ilə bərabər, Füzuli rayonu ərazisində, təmas xəttində düşmənin hərbi maşını da sıradan çıxarılıb. Belə ki, Ermənistana məxsus “Zil-131” markalı hərbi maşın “İstiqlal” snayperi ilə vurulub.
Hətta, bəzi mənbələrə görə, bu hadisələrdən sonra müharibənin alovlanacağı ilə bağlı təhlükənin real olduğunu anlayan, Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər bölgəni tərk etməyə başlayıblar. Onsuz da Dağlıq Qarabağdakı erməni işğalçı ordusunda əsgərlər və zabitlər arasında hərbi hissələrdən, döyüş postlarından fərarilik hallarının artdığına dair xeyli vaxtdı məlumatlar dolaşırdı. Hətta, bildiyimiz kimi, iş o yerə çatmışdı ki, hərbi komandanlıq Xankəndidə yerləşən hospitallara hərbçilərin qəbulu ilə bağlı vəziyyətə ciddi nəzarət etməyi, məzuniyyətlərə qadağa qoymağı tapşırmışdı. Son hadisələr isə bu prosesi daha da sürətləndirmişdir.
Təmas xəttində baş verən son hadisələr ən çox sosial şəbəkələrdə müzakirə olunub. Vurulan erməni helikopterinin video görüntüləri on minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb, cəmiyyətimizdə növbəti ruh yüksəkliyi yaradıb. Ermənilərin istifadə etdikləri sosial şəbəkələrdə baş verən hadisənin onlarda böyük ruh düşkünlüyü, mənəvi sarsıntı yaratdığı da nəzərdən qaçmayıb. Bir sıra erməni facebook, tvitter istifadəçiləri hadisənin baiskarı kimi Sarkisyan hökumətini görmüş və onu yarıtmaz fəaliyyətdə ittiham etmişlər.
İşğal edilmiş Azərbaycan torpaqlarında erməni helikopterinin vurulması ABŞ-dakı ermənimeyilli konqresmenləri də hərəkətə gətirib. Onlar hər vəchlə Konqresin bu məsələdə Azərbaycanı tənqid edən mövqe bildirməsinə can atır və yenə də ənənəvi “məzlum”, “zalım” obrazları yaradaraq hadisədən şou yaratmaq istəyirlər. Lakin fakt faktlığında qalır ki, helikopter bizim səmamızda, Azərbaycan ərazisində vurulub.
Beləliklə, müşahidələr göstərir ki, müharibədə hansı tərəf haqlıdırsa, onun qələbə qazanmaq şansı və ruh yüksəkliyi hər zaman üstün olur. Erməni tarixçiləri və “ziyalıları” Azərbaycan torpaqlarında özlərinin, guya, nə vaxtsa mövcud olmuş miflərini yaratmağa çalışsalar da hazırki, erməni cəmiyyəti və gəncliyin əksər hissəsi yaxşı dərk edir ki, bu, büsbütün yalandır. Buna görə də Sarkisyanın əhalidə ruh yüksəkliyi yaratmaq üçün söylədiyi psevdopatriot bəyanatlar erməni cəmiyyətinin özündə də qəzəb və rişxəndlə qarşılanır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.