Azərbaycanın milli istiqlalına qovuşması xalqımıza tarixi ərazilərində azad, müstəqil, demokratik dövlət qurmaq şansı verdi. Təəssüf ki, həmin dövrdə Dağlıq Qarabağın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı gənc, müstəqil dövlətimizi tarixi bir sınaq qarşısında qoydu: Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa etməlidir! Bu gün Azərbaycan xalqı, həqiqətən, özünün azad, demokratik seçkilər yolu ilə seçdiyi dövlət başçısının müdrik rəhbərliyi altında Dağlıq Qarabağda tarixi ədalətin bərpa olunması naminə məqsədyönlü şəkildə və var gücü ilə çalışır.
Qarabağda artıq iki əsrdən çoxdur ki, ermənilər tarixi ərazilərimizə sahib olmaq üçün azərbaycanlılara qarşı ən ağır zorakılıqlara əl atırlar. Sonuncu dəfə də onların həyata keçirdikləri vəhşiliklər dünya birliyinin gözü qarşısında baş verib. Azərbaycan torpaqlarının işğal olunması ilə beynəlxalq hüquq kobud şəkildə pozulub, bir milyondan çox soydaşımız öz doğma torpağında qaçqın və məcburi köçkünə çevrilib.
Gözləmək olardı ki, bu dəfə dünyanın taleyini həll etmək iddiasında olan böyük dövlətlər Qarabağ münaqişəsinin həllində haqq və ədalətin tərəfində duracaq, təcavüzkarı cəzalandırmağa cəhd edəcəklər. Lakin bu, hələ ki, baş vermir. Hətta BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 ( 14 oktyabr 1993-cü il,) 884 (12 noyabr 1993-cü il) saylı qətnamələr 20 ildən artıqdıqdır ki, kağız üzərində qalıb.
Sual oluna bilər: nə baş verir? Doğrudanmı, beynəlxalq hüquq işləmir, yoxsa bir sıra güclü dövlətlərin siyasi strukturlarına soxulmuş erməni lobbisi haqqın, ədalətin səsini boğmağa qadirdir? Yox, birmənalı şəkildə qadir deyil. Ermənilərin uydurduqları “qüdrətli erməni lobbisi” mifinin boş bir xülya olduğu artıq bəllidir. Bunu Azərbaycan dövlətinin xarici siyasətdə son uğurları da təsdiqləyir.
Azərbaycan Prezidenti, İlham Əliyev ən yüksək tribunalardan dəfələrlə bəyan edib ki, müstəqil Azərbaycanın gələcəyini Qarabağsız təsəvvür etmək qeyri-mümkündür və dünyada heç bir qüvvə xalqımızın suveren hüquqlarını bərpa edərək ərazi bütövlüyünü qorumaq haqqını əlindən ala bilməz. Bəli, Azərbaycanın öz tarixini torpaqlarına sahib çıxacağı şəksizdir və bunu işğalçılar da başa düşürlər. Onlar gündən-günə inkişaf edən Azərbaycanın bütün sahələrdəki aşkar uğurlarından təşvişə düşür, hər vəchlə dövlətimizin Dağlıq Qarabağla bağlı ədalətli siyasətinə kölgə salmağa çalışırlar. Bunun üçün ermənilər tarix boyu sınaqdan çıxardıqları hər cür böhtan və qarayaxmalara əl atırlar.
Müasir dünyada münaqişə ocaqları çoxdur və onların hər biri barəsində düzgün, qərəzsiz informasiyaların yayımlanması böyük önəm kəsb edir. Məlumdur ki, qlobal media hazırda dünya ictimaiyyətində bu və ya digər problemlə bağlı ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq ermənilər müxtəlif ölkələrin KİV-nə “yol taparaq” Azərbaycanı gözdən salmağa çalışır, Qarabağda törətdikləri qanlı cinayətləri dünya xalqlarından gizlətməyə cəhd edirlər.
Amma son illər ictimai rəydə Qarabağ hadisələrinə münasibət dəyişir, Azərbaycanın torpaqlarının məhz Ermənistan tərəfindən təcavüzə məruz qalması dünyaya getdikcə daha çox bəlli olur, adekvat olaraq təcavüzkara qarşı qəzəb yaranır. Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətçiliyi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Dahi siyasətçi Heydər Əliyev bu məsələyə böyük önəm verirdi. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən hansı dövlətə səfər edirdisə, hansı mühüm beynəlxalq tədbirə yola düşürdüsə, özü ilə bərabər Azərbaycanın xəritəsini aparır, dünya dövlətlərinin liderlərinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağdakı tarixi torpaqlarını deyil, üstəlik, yeddi sərhəd rayonunun ərazilərini də işğal etmələrini göstərir, problemin ədalətli həlliniin yubadılmasının yolverilməz olduğunu, bunun bütün dünya üçün böyük təhlükə törətdiyini izah edirdi.
Ümummmilli liderin 1994-cü ildə Nyu Yorkda BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini mahiyyəti barədə parlaq nitqini unutmaq mümkün deyil.
Böyük qürur doğuran haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün Dağlıq Qarabağ probleminin həlli məqsədi ilə ümummilli liderin titanik səylərini yeni dövrün reallıqları nəzərə alaraq böyük uğurla davam etdirir. Qlobal mediada tez-tez belə fikirlərə rast gəlinir: Azərbaycanın xarizmatik lideri dünya liderlərini Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin Qafqaz bölgəsi və bütövlükdə dünya üçün nə qədər vacib olduğuna inandıra bilir.
Azərbaycan dövləti Qarabağ münaqişəsinin ədalətli həllini özünün bir nömrəli problemi sayır. Bu sahədə diplomatik uğurlarımız göz qabağındadır. Belə ki, üç il bundan əvvəl müstəqil Azərbaycan dövlətinin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycan diplomatiyasının olduqca böyük qələbəsi idi. Bir sıra nüfuzlu politoloqların fikrincə, Azərbaycan bu böyük uğuru ilə işğalçı Ermənistanı mat vəziyyətində qoydu. Yaxşı haldır ki, Azərbaycan dövlətinin rəsmiləri, diplomatlarımız Dağlıq Qarabağla bağlı həqiqətlərin üzə çıxarılması üçün səylərini daim artırırlar.
Müasir beynəlxalq münasibətlərdə “xalq diplomatiyası”nın nə qədər böyük təsir imkanlarına malik olduğu yaxşı bəllidir. Bu sahədə də uğurlarımız artır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki uğurlu fəaliyyəti bütün dünyada dərin rəğbət doğurur. Mehriban xanım xalqımızın tükənməz sərvəti olan folklorumuz, muğam sənətimiz və sair barədə ən mötəbər beynəlxalq tədbirlərdə, böyük sevgi və təəssübkeşlik hissi ilə danışır. Azərbaycanın birinci xanımı bir qayda olaraq, belə tədbirlərdə hazırda erməni əsarətində olan gözəl və bənzərsiz Şuşamızdan da, Qarabağ ərazisində zəngin təbii sərvətlərimizin talan olunmasından da, oradakı çoxsaylı maddi mədəniyyət abidələrimizin vəhşicəsinə məhv edilməsindən də dərin təəssübkeşlik hissi ilə bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə təşkil olunan “Xocalıya ədalət!” kampaniyası zamanı dünyanın çox ölkələrinin gənclərinə bəlli olur ki, ermənilər Xocalıda uşaq, qadın və ahıl insanlara belə aman verməyərək, əsl soyqırımı törədib, faşistlərdən də qat-qat ağır vəhşiliklərə “imza atıblar”.
İndi bütün dünya görür və bilir ki, Dağlıq Qarabağ qədim və əzəli Azərbaycan torpağıdır. Ermənilər təkcə özgə xalqların torpaqlarına göz dikərək onları işğal etməklə kifayətlənmirlər, onlar öz ölkələrində monoetnik dövlət quraraq təkcə azərbaycanlılara deyil, başqa millətləri də sıxışdıraraq, oranı tərk etmələrinə nail olublar. Azərbaycan isə, əksinə, bu gün yalnız Qafqazda deyil, bütün dünyada multikulturalizmin, dini, etnik tolerantlığın parlaq nümunəsinə çevrilib. İndi dünya ictimaiyyəti də görür ki, bəşəri, humanist dəyərlərə böyük sədaqət göstərən Azərbaycanla şovinizmi özünün milli ideologiyasına çevirən təcavüzkar Ermənistan dövləti arasında nə qədər kəskin fərq var!
Bu gün Azərbaycanın sivil, demokratik cəmiyyət quruculuğundakı aşkar uğurlarını da görməmək mümkün deyil. Ölkəmizin heç bir ölkəni təqlid etmədən öz demokratik inkişaf modelini qurması da danılmaz faktdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, Azərbaycan demokratik eksperimentləri ilə öyünən bir çox ölkələrdən fərqli olaraq, bu prosesi iqtisadi islahatlarla paralel şəkildə aparır. Bu, öz növbəsində, ölkədə rifah və sabitliyin, söz, ifadə, mətbuat azadlığı ilə milli təhlükəsizliyin harmonik inkişafını təmin edir.
Bir vaxtlar ulu öndər Heydər Əliyevin böyük fəxarət hissi ilə dediyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri bu gün həqiqətə çevrilmişdir. Ölkəmizin bütün sahələrdə uğurları dostlarımızda sevinc, rəqiblərimizdə isə paxıllıq hissləri yaradır. Bölgədə hazırda heç bir mühüm layihə Azərbaycanın razılığı və iştirakı olmadan həyata keçirilmir. Ölkəmiz Ermənistan istisna olmaqla, region və bütün başqa dövlətlərlə geniş siyasi, iqtisadi, mədəni əlaqələr qurur. Ermənistan isə bölgədəki mühüm enerji, nəqliyyat layihələrdən təcrid olunaraq tam iqtisadi tənəzzülə doğru gedir. Hər il on minlərlə Ermənistan vətəndaşı ölkəsini tərk edir. Onların böyük əksəriyyəti, eləcə də Ermənistanın sağlam düçüncəli vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin bu ölkəni fəlakətə sürüklədiyinin fərqindədirlər.
Təəssüf ki, qlobal mediada bu gün də ara-sıra Qarabağ münaqişəsi ilə bağlı qeyri-səhih məlumatlara, yanlışlıqlara yol verilir. Nə gizlədək, dünyanın bir çox iri informasiya agentlikləri tarazlı informasiya prinsipi pərdəsi altında Dağlıq Qarabağda real vəziyyətin təsvir olunmasında maraqlı deyillər. Bu yazılarda Ermənistanın işğalçı siyasəti tam açıqlanmır, onun təcavüzkar siyasətinin yaratdığı problemlər göstərilmir. Məsələn, bu günlərdə bir çox böyük informasiya agentlikləri, o cümlədən BBC, “Reuters”, “France-Press” və başqaları Ağdam rayonu ərazisində Azərbaycanın hava məkanını pozan iki hərbi helikopterindən birinin Milli Ordumuzun əsgəri tərəfindən vurulması barədə yayımladıqları informasiyada insidentin məhz işğalçı Ermənistanın qonşu, suveren Azərbaycan dövlətinin hava məkanını pozması səbəbindən baş verdiyini göstərməyi “unutdular”. Halbuki Gürcüstan və Ukrayna hadisələri ilə bağlı hərbi insidentlərin şərhində həmin agentliklər daha obyektiv mövqelərdən çıxış edirlər.
Dünya indi çox sürətlə qloballaşır. İnternet Azərbaycan həqiqətlərinin təbliği üçün hüdudsuz imkanlar açır. İngilis və başqa əcnəbi dilləri bilən soydaşlarımız, əlbəttə, ilk növbədə jurnalistlərimiz bu sahədə çox iş görə bilərlər. Çalışmaq lazımdır ki, mümkün qədər çox insan erməni vəhşiliklərindən xəbərdar olsun. Doğma Qarabağa qayıdışımızı sürətləndirmək üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu, bizim həm vətəndaşlıq, həm də peşə borcumuzdur.
Aida AYSA, “Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarnın Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.