Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz təcəssümünü tapmışdır.
Azərbaycan xalqı tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz ümummilli liderimiz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qura bilmişdir.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi demokratik hüquqi dövlət quruculuğu konsepsiyasında ölkənin ədliyyə-hüquq sisteminin inkişafı da əsas diqqət mərkəzində olmuş, köklü islahatlar prosesindən keçərək yeni müasir hüquq sistemi yaradılmışdır.
Ümummilli liderimiz dövlətin hüquq siyasətində ədliyyə sisteminin mühüm rol oynadığına dərindən bələd olduğundan onun təkmil bir struktur kimi inkişafına fəaliyyətinin bütün dövrlərində xüsusi qayğı ilə yanaşmışdır.
Azərbaycan ədliyyəsinin əsrə bərabər tarixi inkişaf mərhələsinə nəzər salanda şahidi oluruq ki, 1918-ci ildə Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə Ədliyyə Nazirliyi təsis edilmiş və qısa müddətdə dövrün tələblərinə uyğun səmərəli fəaliyyət göstərmişdir. Lakin sovet qoşunları tərəfindən ölkənin işğal olunması dövlətin mühüm təsisatı kimi Ədliyyə Nazirliyinin də işinə öz mənfi təsirini göstərmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonrakı dövrdə Azərbaycan ədliyyəsinin təkmil bir struktur kimi yenidən formalaşdırılmasına başlanılmışdır.
Dahi rəhbərin qayğısı sayəsində 1970-ci ildə sözügedən nazirliyin yenidən təsis olunması ilə ədliyyə tarixində yeni mərhələ başlanmış, nazirlik sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir.
Hər il böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz 22 noyabr - Ədliyyə İşçiləri Gününün təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bu tarixi əbəs yerə seçməmişdir. Məhz həmin gün - 1918-ci ilin 22 noyabrında Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.
Ulu öndərin müstəqillik illərində həyata keçirdiyi demokratik hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Azərbaycan ədliyyəsi əhəmiyyətli inkişaf yolu keçmiş, nazirliyin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu artmış, ədliyyə fəaliyyəti müasir dövrün tələbləri səviyyəsində qurulmuş, müvafiq struktur dəyişiklikləri aparılaraq yeni qurumlar yaradılmışdır.
İnsan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin olunması, əhalinin demoqrafik inkişafı və mənəvi sağlamlığının müdafiə edilməsi, habelə cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sistemi də yenidən qurulmuş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 2002-ci il 31 iyul tarixli fərmanı ilə nikahın, doğumun və ölümün qeydiyyat ilə bağlı səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir.
Bu gün yeni ailə quran gənclərimizin nigaha daxil olarkən artıq ənənə halını almış təntənəli nigah mərasimlərini məhz dahi rəhbərimizin adını daşıyan Heydər Əliyev mərkəzlərində keçirmələri xalqımızın, gənc nəslin ulu öndərimizə sonsuz məhəbbətinin və ehtiramının təzahürüdür.
Ümummilli liderimiz Heydər Əliyevin mütərəqqi hüquq islahatları 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xatırladım ki, 2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək, ona hüquq-mühafizə orqanı statusu verilmiş, “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanın imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun, habelə “Azərbaycanda ədliyyənin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.
Ölkə başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili baxımından bir sıra yeni idarələr yaradılmışdır. Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məqsədyönlü islahatlar zamanı dövlət idarəçiliyində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, əhaliyə yeni elektron xidmətlərin göstərilməsinə xüsusi önəm verilmişdir. Bu sahənin inkişafı çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən də xeyli iş görülmüş, cənab Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq nazirliyin internet saytında elektron xidmət bölməsi yaradılmışdır.
Əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə notariat kontorlarında universal elektron xidmət köşkləri quraşdırılaraq vətəndaşların istifadəsinə verilmişdir. Qeydiyyat orqanlarında isə “pay-point” ödəniş terminallarının tətbiqi vətəndaşların məmnunluğuna xidmət edir. Bütün bunlarla yanaşı, “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir.
Ədliyyə Nazirliyi ötən müddət ərzində ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının formalaşdırılması məqsədi ilə Əhalinin Dövlət Reyestrini tam formalaşdırmışdır.
BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və 75 il ərzində ölkəmizdə tərtib edilmiş 15 milyondan çox vətəndaşlıq vəziyyəti akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində elektron formata keçirilmişdir.
Beləliklə, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində digər xidmət sahələrində olduğu kimi, qeydiyyat orqanlarının da işini xeyli asanlaşdırmış və sürətləndirmişdir.
Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən rayon (şəhər) qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, işin müasir tələblər səviyyəsində təşkilinə, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına, infrastrukturun müasirləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, son illər respublikamızın müxtəlif bölgələrində qeydiyyat şöbələri binalarının əsaslı təmir olunması, müasirləşdirilməsi, həmçinin yeni ədliyyə binalarında qeydiyyat şöbələri üçün zəruri infrastrukturun yaradılması işin səmərəliliyinin artırılmasına, vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qayğısı ilə daim yeniləşən ədliyyə sistemində qazanılan nailiyyətlər bizi daha əzmlə və məsuliyyətlə çalışmağa, insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasına, demokratik hüquqi dövlət quruculuğu prosesinə layiqli töhfələr verməyə sövq edir.
Ədliyyə orqanlarının yaranmasının 96-cı ildönümü və 22 noyabr - Ədliyyə İşçiləri Günü ərəfəsində əminliklə deyə bilərəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında məhkəmə-hüquq və ədliyyə sisteminin müasirləşdirilməsi tədbirləri bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycan ədliyyəsi daha da inkişaf edərək yeni-yeni uğurlara imza atacaq və öz şanlı tarixinin qızıl səhifələrini yazacaqdır.
Firuzə NƏBİYEVA,
Nəsimi Rayon Qeydiyyat
Şöbəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.