Hər bir dövlətin apardığı hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilərək yeni dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. İctimai həyatın bütün yönlərində müşahidə olunan yeniliklər son 11 ildə iqtisadi inkişaf tempinə, demokratikləşmə, insan hüquq və azadlıqlarının qorunması sahəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanda ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını obyektiv sosial zərurətə çevirmişdir.
Noyabr ayının 22-də yaranmasının 96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi müstəqilliyimizlə bərabər inkişaf yolu keçmiş, tarixin sərt sınaqlarından üzüağ çıxaraq dövrümüzün mühüm hüquqi təsisatlarından birinə çevrilmişdir. Xatırlatmaq lazımdır ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu gündə -1918-ci ilin 28 mayında Ədliyyə Nazirliyi də təsis edilmiş və ona rəhbərlik edilməsi dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy Xasməmmədova tapşırılmışdır. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının, 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ədliyyə Nazirliyinin mükəmməl struktur kimi əsaslı surətdə formalaşdırılması, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması məhz ötən əsrin 70-ci illərinə – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf edir. Azərbaycan ötən əsrin sonlarında suverenliyini bərpa etdikdən sonra isə ulu öndər hüquqi dövlətin yaradılması baxımından ədliyyə orqanlarının fəaliyyətinin gücləndirilməsini son dərəcə zəruri saymışdır.
Müstəqil dövlətin prezidenti kimi Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, bu dövlət qurumunun strukturu təkmilləşdirilmiş, iş üsul və vasitələri müasirləşdirilmişdir.
Bu illərdə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, hüquqi şəxslərin və vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə notariat sahələrində göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təşkili, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nazirlikdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən mərkəz, istintaq idarəsi, icra xidməti də yaradılmış, onun cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artmışdır.
İqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm rolu nəzərə alınaraq ötən illərdə notariat və vətəndaşlıq vəziyyəti aktları orqanlarında da əsaslı islahatlar həyata keçirilmişdir. Vətəndaşlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasının vacibliyini daim diqqətdə saxlayan ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002-ci il tarixli fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinin nümayəndəliklərinə verilmişdir.
2003-cü ildən ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən müvafiq islahatlar yeni tarixi şəaitdə Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirmişdir. Bu dövrdə ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulması, nazirliyin işinin və strukturunun daha optimal şəkildə təşkili, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi istiqamətində zəruri islahatlar həyata keçirilmişdir.
Ədliyyə orqanlarının işinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində bu fəaliyyəti tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına da sahənin prioritetlərindən biri kimi diqqət yetirilmişdir. Ölkə Prezidentinin 18 aprel 2006-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi sonrakı mühüm addımlardan olmuşdur. Yeni əsasnamə ilə nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini həyata keçirən hüquq-mühafizə orqanı statusu verilmiş, onun fəaliyyət istiqamətləri genişləndirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin 26 may 2006-cı ildə qəbul etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda isə ədliyyə sistemində və onun strukturlarında qulluqkeçmə qaydaları və şərtləri, ədliyyə qulluqçularının hüquqi vəziyyətinin əsasları müəyyən edilmişdir. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini tapmışdır.
Bununla yanaşı, ədliyyə orqanlarında mühüm struktur islahatları da aparılmışdır. Ölkə başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanı ilə nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, o cümlədən yeni qurumlar yaradılmış, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş, digərlərinin statusu genişləndirilmişdir. Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması əhalinin ədliyyə fəaliyyəti ilə bağlı müraciət imkanlarını asanlaşdırmış, nazirliyin yerli qurumlara rəhbərlik və nəzarətinin daha da yaxşılaşdırılmasına şərait yaratmışdır.
Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması isə ali hüquq təhsilli şəxslərin ixtisasları üzrə peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədinə xidmət etmişdir.
Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik kadrlarla möhkəmləndirmək məqsədilə 2006-cı ildə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınmış, həmin il dekabrın 9-da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarında işləmək istəyən namizədlər şəffaflıq və aşkarlıq şəraitində test imtahanından keçmişlər.
2007-ci il noyabrın 24-ü və 2008-ci il oktyabrın 25-i tarixlərində “Notariat haqqında” Qanuna uyğun olaraq notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən namizədlərlə test imtahanı keçirilmişdir. İmtahanlarda və sonrakı müsahibələrdə uğur qazanmış namizədlərə şəhadətnamə verilməklə yeni notariuslar korpusu formalaşdırılmış, eyni zamanda, xüsusi notariat institutunun tətbiqinə başlanılmışdır.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Dövlət Proqramı əsasında ötən illərdə ədliyyə orqanlarının faliyyətində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin və kadr potensialının gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Dövlət Proqramı çərçivəsində “Qeyri-kommersiya hüquqi şəxsləri” avtomatlaşdırılmış qeydiyyat- informasiya sistemi də yaradılmışdır. Burada qeydiyyata alınmış bütün qeyri-kommersiya hüquqi şəxslər və onların fəaliyyəti barədə məlumatlar informasiya resursuna daxil edilmişdir. Bundan əlavə, “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat- informasiya sistemləri formalaşdırılmış, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir.
Həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində ədliyyə orqanlarında şəffaflığın və açıqlığın təmin olunması xüsusi diqqətdə saxlanılmışdır. Vətəndaşlara daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst şəkildə tanış olmaq imkanının verilməsi, habelə onların hüquqi biliklərinin artırılması məqsədilə 2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az), 2011-ci ilin iyulundan isə Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az) fəaliyyət göstərir.
Son illərdə Ədliyyə Nazirliyi ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının yaradılması məqsədilə Əhalinin Dövlət Reyestrini də formalaşdırmışdır. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat- informasiya sistemi qurulmuşdur.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, demoqrafik göstəricilərin kifayət qədər yüksək olduğu hazırkı şəraitdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin müasirləşdirilməsinə obyektiv sosial zərurət kimi xüsusi önəm verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparırlar.
Son illər bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görülmüşdür. Xatırlatmaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarı ilə mühüm əhəmiyyətə malik olan “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmişdir. Bu qaydalar adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi, soyad sonluğuna dəyişiklik edilməsi kimi məsələləri tənzimləyir. Bundan başqa, Ailə və İnzibati Xətalar məcəllələrinə edilmiş dəyişikliklərdə üzrlü səbəb olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş müddətlərin pozulmasına görə valideynlərin məsuliyyəti nəzərdə tutulmuşdur. Bundan başqa, doğum barədə məlumatların səhiyyə orqanı tərəfindən Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan valideynin yaşayış yeri üzrə qeydiyyat şöbələrinə avtomatlaşdırılmış rejimdə ötürülməsini təmin edən yeni proqram hazırlanmışdır.
Yeni ictimai münasibətlər sisteminin xarakteri ilə bağlı Ədliyyə Nazirliyinin mühüm qurumlarından olan qeydiyyat orqanlarının səlahiyyətləri və funksiyaları da genişləndirilir. Ölkə başçısı İlham Əliyevin 2014-cü il 9 sentyabr tarixli fərmanına əsasən, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun tətbiqi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının bir sıra səlahiyyətləri Ədliyyə Nazirliyinə verilmişdir. Qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd olmaqla qeydiyyat orqanları tərəfindən veriləcəkdir.
Son illər ədliyyə orqanlarında iş şəraitinin yaxşılaşdırılması, onların müasir İKT ilə təchizatı da diqqətdə saxlanılan məsələlərdəndir. Bu sırada Bakı və Mingəçevir şəhərlərində, Xaçmaz, İmişli, Şəki, Biləsuvar, Siyəzən, Xızı, Salyan və digər rayonlarda regional ədliyyə və qeydiyyat şöbələri, notariat kontorları, habelə məhkəmələr üçün müasir standartlara uyğun yeni binalar inşa edilmiş, təmir və yenidənqurma işləri aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilmiş, 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Bu yüksək etimad hər bir ədliyyə işçisində dərin minnətdarlıq və iftixar hissi doğurur və ölkəmizin ədliyyə tarixinə, onun ənənələrinə ehtiramın təzahürü kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi islahatlar isə Azərbaycan ədliyyəsini daha sürətli inkişaf yoluna çıxarmış, onun modernləşməsini təmin etmişdir. Bütün bunların müqabilində hər bir ədliyyə əməkdaşı da qanunvericiliyə əsasən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların hüquq və mənafeyini yüksək səviyyədə qorumağa, cəmiyyətdə məmnunluğu təmin etməyə çalışır.
Reyhanə KƏRİMOVA,
Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının
Reyestri Xidmətinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.