Xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə bəxş etdiyi 22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı hər il böyük sevinc və qürur hissi ilə qeyd olunur. Adətən belə təntənəli gündə qazanılmış nailiyyətlərə nəzərə salınır, görülən işlər təhlil edilir və qarşıda duran vəzifələr müəyyənləşdirilir. Az qala, bir əsrə yaxın kəşməkəşli, həm də zəngin və şərəfli yol keçmiş Azərbaycan ədliyyəsinin nailiyyətlərindən söhbət açarkən, ilk növbədə, dövlətimizin bugünkü mövqeyini, qazandığı uğurları qeyd etmək lazımdır. Hazırda ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi dövrünü yaşayır. Fəxrlə bildirək ki, bu inkişaf prosesində Azərbaycan ədliyyəsi də kənarda qalmır, müasir tələblər səviyyəsində öz işini qurur.
Təsadüfi deyil ki, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015”-in açıqladığı hesabatda Azərbaycan 189 ölkə arasında uğurla irəliləyərək, ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşmışdır. Bu nailiyyətdə ədliyyə orqanlarının da payının olması hər birimizi hədsiz sevindirir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və ölkəmizin iqtisadiyyatının möhkəm əsaslarını qoyan “Əsrin müqaviləsi”nin bağlanmasının 20-ci ildönümü bu ilin sentyabr ayında yüksək səviyyədə qeyd olundu. Avropanın enerji təhlükəsizliyini təmin edəcək “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Bütün bunlar bir daha təsdiq etdi ki, Azərbaycan nəinki öz regionunda, eləcə də Qərbi Avropadan önəmli mövqeyə malikdir.
Ölkəmizin gələcəyinə hesablanan, xalqımızın rifah halının ildən-ilə yaxşılaşmasına yönələn nailiyyətlər sosial-iqtisadi inkişafın statistik göstəricilərində də öz əksini tapır. Ümumi daxili məhsulun, iqtisadi, sənaye potensialının, sərmayə qoyuluşunun, əhalinin pul gəlirlərinin, dövlət büdcəsinin və s. artımı imkan verir ki, doğma Azərbaycanımız daha da möhkəmlənsin, inkişaf etsin. Bütün bunlar həm də onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev çevik və işlək mexanizmlər əsasında proqressiv islahatlar həyata keçirməklə xalqımızın mənafeyinə və rifahına hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar sahədə yüksək nəticələr, uğurlar əldə etmək üçün güclü və ciddi siyasi iradə nümayiş etdirir.
Dövlətimizin başçısının milli inkişafımızın ən etibarlı təminatçısı kimi qəbul olunması son illərin reallıqlarına, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində hər bir vətəndaşın mənafeyinə xidmət edən mütərəqqi ruhlu islahatların aparılmasına əsaslanır.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu islahatlar son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yüksək əzmlə, uğurla davam etdirilmiş, o cümlədən ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Onu da xüsusi qeyd edim ki, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulan hüquqlarının bərpasında əsas rol oynayan məhkəmə qərarlarının icrası işi də müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulmuşdur.
Məlumdur ki, sovetlər dövründə məhkəmə qərarlarının icrası işi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimat əsasında həyata keçirilirdi. Respublikamız müstəqilliyini yenidən bərpa etdikdən sonra dahi öndərimiz tərəfindən aparılan köklü hüquqi islahatlar məhkəmə qərarlarının icrası sahəsinə də sirayət etmişdir.
1999-cu ildə “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanunun qəbulu ilə məhkəmə icraçılarının fəaliyyətində əsaslı dönüş yaranmışdır. Ölkədə ədalət mühakiməsi orqanlarının nüfuzunun artırılması, məhkəmə qərarlarının icra vəziyyətinin köklü surətdə yaxşılaşdırılması, bu işin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması, həmçinin məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının, məhkəmə binalarının və müşavirə otaqlarının mühafizəsinin təmin edilməsi, məhkəmənin ərazisində cinayətlərin və digər qanun pozuntularının qarşısının alınması, nizam-intizamı pozanların aşkar edilməsi, ümumiyyətlə, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmış, baş məhkəmə məmuru vəzifəsi təsis edilmişdir. 2001-ci ildə “Məhkəmə qərarlarının icrası haqqında” qəbul olunmuş yeni Qanun isə qanunçuluğun möhkəmlənməsinə, vətəndaş hüquqlarının müdafiəsinə, pozulmuş hüquqların bərpasına və s. demokratik prinsiplərin inkişafına və daha da təkmilləşməsinə xidmət etmişdir.
Son illər dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, aparılan genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşmiş, yeni məhkəmələr yaradılmış, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçim qaydası müəyyən olunmuşdur. Ədalət mühakiməsini həyata keçirən hakimlərin ən şəffaf və mütərəqqi prosedurlarla seçilib təyin olunmaları məhkəmələrin cəmiyyətdəki rolunun yüksəlməsinə, vətəndaşların məhkəmələrə inamının artmasına, onların pozulan hüquqlarının məhkəmə müdafiəsi ilə bağlı müraciətlərinin çoxalmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, icra xidmətinin də işi xeyli artmışdır.
Məhkəmələrin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburiliyi konstitusion prinsip olmaqla yanaşı, eyni zamanda, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər ölkə ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu məsələnin prinsipial əhəmiyyət daşıdığını nəzərə alaraq, 2009-cu ildə keçirilmiş referendumla ölkə Konstitusiyasında məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət nəzərdə tutan yeni norma təsbit olunmuşdur.
Eyni zamanda, bu sahədə qanunvericilik əsaslı şəkildə yenilənmiş, o cümlədən 2010-cu ildə “İcra məmurları haqqında” və “İcra haqqında” qanunlar qəbul olunmuş, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsi İcra Baş İdarəsi adlandırılmış, təsirli icra mexanizmləri yaradılmış, icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilmişdir.
Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilərək, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi yaradılmış və nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilmişdir. Bununla da hər bir adam sayta daxil olub özü ilə bağlı qadağanın qoyulub-qoyulmamasını öyrənə bilər.
Dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın ölkə başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına səbəb olur, müsbət nəticələr əldə edilir.
Çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupunun, habelə eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən həyata keçirilməsi üçün 17 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 4 yeni böyük strukturun yaradılması da icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olmuşdur.
Eyni zamanda, icra xidmətinin iş həcminin ilbəil artması nəzərə alınaraq, xidmətin kadr potensialı daim təkmilləşdirilir, yüksək hazırlıqlı və müsbət mənəvi keyfiyyətlərə malik işçilər bu xidmətə qəbul olunurlar. Təsadüfi deyil ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı vaxtaşırı keçirilən açıq və şəffaf müsabiqələr əsasında işə götürülənlərin əksəriyyəti məhz icra xidmətinə təyinat almışdır.
Bununla yanaşı, icra xidmətinin yerli qurumlarının fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə onların maddi-texniki bazasının və infrastrukturunun daha da təkmilləşdirilməsinə xüsusi önəm verilir, hətta bu qurumlar yeni xidməti avto-nəqliyyat vasitələri ilə təmin olunurlar. Bölgələrdə yüksək tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilmiş ədliyyə və məhkəmə orqanlarının yeni inzibati binalarında icra məmurları üçün də müasir şərait yaradılmışdır.
Ölkəmizdə həyata keçirilən uğurlu islahatlara dəstək verən Dünya Bankı ədliyyə sisteminin müasirləşdirilməsinə dair həyata keçirilən layihələr çərçivəsində icra işinin daha da təkmilləşdirilməsi və keyfiyyətinin artırılması üzrə tədbirlərin görülməsini tövsiyə edir.
Xüsusi vurğulamaq istəyirəm ki, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən icra işinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərilir və bunun da nəticəsində Baş İdarənin fəaliyyəində ciddi dönüş yaranmış, məhkəmə və digər orqanların qərarlarının qanunda nəzərdə tutulmuş qaydada icrası prosesinə nəzarət gücləndirilmiş, işin keyfiyyəti və səmərəliliyi artmışdır. Görülən tədbirlərin nəticəsidir ki, son illərin statistik məlumatlarına əsasən xidmətin yerli qurumlarına daxil olan sənədlərin təxminən 90 faizi icra olunmuşdur.
Məhkəmə qərarlarının müəyyən hissəsinin icra olunmaması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Belə ki, bəzən vətəndaşlar tərəfindən qərəzli olaraq, bilərəkdən məhkəmə qərarlarının icrasından boyun qaçırdılır, icra məmurlarının qanuni tələbləri yerinə yetirilmir, davam edən işlər, məsələn, aliment borcları könüllü surətdə icra olunmur, mübahisə tərəfləri öz hüquq və vəzifələrini düzgün başa düşmüşlər. Nəticədə haqlı narazılıqlar, söz-söhbətlər yaranır.
Bununla əlaqədar, qanunvericiliyin tələbləri, məhkəmə qərarlarının icrasının məcburiliyi, bundan yayınan şəxslərin məsuliyyətə cəlb olunması və s. barədə vətəndaşların hüquqi maarifləndirilməsi üzrə tədbirlər də görülür. Belə ki, İctimai televiziya və radio ilə səmərəli əməkdaşlıq yaradılmış və “Qanundan kənar” verilişində “İcra məmurları” adlı xüsusi buraxılışlar hazırlanaraq efirdə səsləndirilir.
Digər tərəfdən, bəzən icra məmurları tərəfindən süründürməçiliyə, vətəndaşların get-gələ salınması hallarına yol verilir, icra işlərinin vaxtında yerinə yetirilməsi mümkün olmur. Bununla əlaqədar icra xidməti tərəfindən işin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında, dürüst icrasına nail olunması üçün təxirəsalınmaz zəruri tədbirlər görülür. Bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, etik davranış qaydalarına düzgün əməl olunması ilə bağlı tələbləri xüsusi diqqətdə saxlanılır.
İcra xidmətinin yerli qurumlarının işləri mütəmadi təhlil olunaraq mövcud nöqsan və çatışmazlıqlar nazirliyin kollegiya iclaslarında geniş müzakirə olunur, fəaliyyətində qanun pozuntularına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara yol verən xidmət əməkdaşları ciddi cəzalandırılır, hətta ədliyyə orqanlarından xaric edilir.
Məhkəmələrin müstəqilliyinin təmin edilməsi və dövlət adından çıxarılan qərarların lazımi səviyyədə icrası müasir dövrdə hüquqi dövlətin əsas prinsiplərindəndir. Əlbəttə ki, qərarların icrası vətəndaşın təkcə dövlətə olan inamını, etimadını deyil, həm də onun qanun qarşısındakı məsuliyyətini artırır. Ona görə də ədliyyə və məhkəmə sisteminin inkişafına yönələn ardıcıl və məqsədyönlü tədbirlər bundan sonra da insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına geniş imkanlar açacaqdır.
Yaradılmasının 96-cı ildönümünü qeyd edən Azərbaycan ədliyyəsinin şanlı tarixinə nəzər salanda Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri üzrə qazanılan uğurlar hər birimizi qəlbən ruhlandırır, üzərimizə düşən vəzifələri bundan sonra da daha əzmlə və məsuliyyətlə yerinə yetirməyə sövq edir.
Azərbaycanın dinamik iqtisadi inkişafı, əhalinin rifahının getdikcə yaxşılaşması bir daha onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən icra sahəsində görülən genişmiqyaslı tədbirlər bundan sonra da uğurla davam etdiriləcək və öz real nəticələrini verəcəkdir.
Fürsətdən istifadə edərək, qarşıdan gələn peşə bayramı münasibətilə çoxsaylı kollektivimizin üzvlərini ürəkdən təbrik edir, Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə onlara yeni-yeni uğurlar arzulayıram.
Xanlar ZEYNALOV,
Ədliyyə Nazirliyi İcra
Baş İdarəsinin rəisi – baş icra məmuru,
III dərəcəli dövlət ədliyyə müşaviri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.