Mədəni müxtəliflik, etnik və dini tolerantlıq Azərbaycanın ən böyük nailiyyətlərindən biridir

Məlum olduğu kimi, bir neçə gün  əvvəl ölkəmizin  paytaxtı ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə ilk dəfə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransa ev sahibliyi  etdi.

Belə bir mötəbər tədbirin ilk dəfə məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Son illər Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının keçirildiyi məkana çevrilib. Bununla yanaşı, ölkəmiz dini tolerantlıq baxımından dünyanın nümunəvi ölkələrindən sayılır.

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskinin  konfransda çıxışı da bunu təsdiqlədi. Səfir tolerantlıq sahəsində Azərbaycanın göstəricilərinin çox yaxşı olduğunu bildirdi. Qeyd etdi ki, son 2500 il ərzində Azərbaycanda antisemitizm halları olmayıb. ATƏT-in nöqteyi-nəzərində ən vacib məsələ odur ki, Azərbaycanda tolerantlıq və dini icmaların dinc yanaşı yaşaması kimi çox önəmli nailiyyətlər var.

İndiyədək dini həmrəylik və tolerantlıq mövzusunda Bakıda dörd dəfə Beynəlxalq Humanitar Forum, iki dəfə isə Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq konfrans keçirilib. Həmçinin, dünya dinləri rəhbərlərinin sammiti də paytaxtımızda reallaşdırılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına təbrik ünvanlamış və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul etmişdir. Dövlətimizin başçısı demişdir ki, “Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir”.

Azərbaycan tolerantlıq baxımından  bu gün dünyanın ən sabit ölkələrindən biridir. Ölkəmizdə  dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bütün dinlərin nümayəndələrinin  öz dini ayinlərini azad şəkildə icra etmələri də bunu təsdiqləyir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyə kimi dini və yaxud milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 İslam, 34 digər təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Azərbaycanın  dövlət müstəqilliyi bərpa olunduqdan sonra dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm addımlar atılmışdır. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra bu qanun daha da təkmilləşdirilmiş, 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilmişdir. Bu qanuna görə, Azərbaycanda vətəndaşlıq hüququna malik olan “hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”.

Heydər Əliyev dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun saymış və 2001-ci il iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması ilə əlaqədar fərman imzalamışdır. Həmin fərmanla müəyyən edilmişdir ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Konstitusiyanın dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin icrası üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. DQİDK ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyillərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət təmayüllü şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasını həyata keçirir. Eləcə də ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti həyata keçirir və bu yolda hər cür mənfi halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Bir daha xatırladırıq ki, bu qurumun əsas funksiyalarından biri məhz dini ayrı—seçkilik meyillərinin qarşısının alınmasıdır.

Azərbaycanın çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkə olması, milli siyasətin müxtəlif millət, etnik qrup və dini azlıqların dinc yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilməsi, konstitusiyada da təsbit olunmuşdur: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir”.

Ulu öndər Heydər Əliyevin müxtəlif dinlərin nümayəndələrinin dinc-yanaşı yaşamasına, qarşılıqlı tərəfdaşlıq əsasında fəaliyyət göstərmələrinə xüsusi önəm verməsi dövlət—din münasibətlərinin daha da yaxşılaşdırılmasında böyük rol oynadı. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra müsəlman məscid və ziyarətgahları ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası yenidən bərpa olundu, katolik icması üçün kilsə inşa edildi və yeni yəhudi sinaqoqu tikildi. Müsəlman dövlətləri ilə dini—mənəvi əlaqələrin inkişaf etdirilməsinə, dünyanın müsəlman dini liderlərinin ölkəmizə səfərlərinə, beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verilmişdir. Eyni zamanda, bu illər ərzində dünyanın nüfuzlu din xadimlərindən olan Moskva və bütün Rusiyanın patriarxı II Aleksi, Ümumgürcüstan patriarxı II İliya Azərbaycana təşrif buyurmuşdur. 2001-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycanı ziyarət etmişdir.

Azərbaycanda dini sahədə həyata keçirilən uğurlu siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək istiqamətinə  yönəldilmiş məqsədyönlü tədbirlər və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin bu sahədə münasibətlərin yüksək səviyyədə qurulması istiqamətində imzaladığı sənədlər və digər amillər Azərbaycanda etnik, milli və dini zəmində heç bir problemin yaranmasına imkan verməmişdir, əksinə ölkəmizdə uzun illərdən bəri tolerantlıq hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların mehriban şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkana çevrilib. Burada yəhudilər, xristianlar və  müsəlman dinindən olan insanlar, xalqlar dostcasına və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Son 10 ildə ölkədə 200-dən çox məscid tikilib, 80 dini ocaq təmir olunub. Hazırda Bakıda böyük bir məscid tikilir. Dini məbədlərə göstərilən diqqət və qayğı Azərbaycanda tolerantlıq mühitinin yüksək səviyyədə olduğunun sübutudur. Bütün bunlar müasir Azərbaycan dövlətinin milli-mənəvi dayaqlar üzərində qurulmasının nəticəsidir.

Prezident İlham Əliyevin dini və tarixi abidlərimizin qorunmasına, əvvəlki görkəmini saxlamaqla yenidən təmir olunmasına  göstəriş verməsi din xadimləri tərəfindən böyük rəğbətlə qarşılanır. Son illərdə paytaxtda və regionlarda bərpa olunan məscidlər xalqımızın mənəvi bütövlüyünün qorunub saxlanmasına xidmət edir. Ulu öndərin irsini yaşadan Heydər Əliyev Fondunun bu istiqamətdəki  fəaliyyəti çox yüksək qiymətə layiqdir. Bu nəcib təşəbbüs, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldilən addımdır. Dövlətimizin başçısı ölkəmizdə bütün dinlərin nümayəndələrinin bərabərhüquqlu fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradıldığını tolerantlığın bariz nümunəsi kimi dəyərləndirmişdir: “Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyil”.

Bakıda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların  yüksək səviyyədə keçirilməsi, tədbirlərdə iştirak edən müxtəlif din xadimlərinin Azərbaycanda özlərini öz vətənlərində olduğu kimi hiss etməsi ölkəmizdə dini tolerantlığın bariz nümunəsidir.Bir neçə il əvvəl dünya dini liderlərinin ümumdünya sammitinin Azərbaycanda keçirilməsi bu sahədə irəliyə doğru atılan daha bir uğurlu addım kimi qiymətləndirilir. Bu sammitin Bakıda keçirilməsinin mühüm amil olduğu, Azərbaycanın dünyadakı nüfuzunun yüksəlməsindən xəbər verirdi. Qeyd edək ki, tədbirdə 33 ölkədən 220 nümayəndə, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin də iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sammiti böyük əhəmiyyətə malik hadisə adlandırdı: “Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.

Azərbaycanda dinlərarası münasibərlərin yüksək səviyyədə olmasını dünyanın dini liderləri də təsdiqləyirlər. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr bu məsələyə münasibət bildirərkən dedi: “Azərbaycanda tolerantlıq hökm sürür və dövlətlə din arasında münasibətlər nümunəvi xarakter daşıyır”.

Bu kontekstdə Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Semyon İxillovun da fikirləri diqqətçəkəndir: “Azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq münasibətləri olmuşdur. Burada bütün millətlər mehriban bir ailə kimi yaşayır, heç bir zaman burada antisemitizm olmayıb”.

Gürcü pravoslav kilsəsinin rəhbəri katalikos II İliyanın fikri də bu baxımdan maraqlıdır: “Bu gün Azərbaycan təkcə dünyaya neft və qaz ixrac edən yox, həm də dini tolerantlıq ixrac edən bir ölkədir”.

“Burada çox parlaq bir dini tolerantlıq hökm sürür. Bu isə ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etməsi deməkdir”. Bu  fikir  isə Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketeyə məxsusdur.

Belə faktlar istənilən qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir.

Bütün bunlara baxmayaraq, Azərbaycanda dindən müəyyən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara və bu kontekstdə dağıdıcı fəaliyyət göstərənlərə də rast gəlmək mümkündür. Bəzi dini təriqətlərin başında dayananlar gənclərin beynini zəhərləyib onları yoldan çıxarır və “Din yolunda şəhid olmaq” adı ilə xarici ölkələrdəki döyüş meydanlarına göndərirlər. Belə gənclərin həm özləri, həm də valideynləri unutmamalıdır ki, həmin ölümlər şəhidlik adına yaddır və ləkədir. Şəhidlik ən uca bir zirvədir. Bu zirvəni fəth edənlər isə Vətən yolunda , ərazi bütövlüyümüzün bərpasında və torpaqlarımızın düşmənlərimizdən qorunmasında canını qurban verənlərdir. Belə şəhidlər həyat durduqca yaşayır. Milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan xalqı İslam dininə xələl gətirən zərərli cərəyanların yayılmasına, gənclərimizi din pərdəsi altında aldadıb başqa ölkələrə göndərən zərərli dini təriqətlərə qarşı mübarizəni daha da gücləndirəcəkdir.

Prezident İlham Əliyev Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə I Qlobal Forumun rəsmi açılışındakı nitqində də bu  məsələyə toxunmuşdur: “Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və  əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə mədəniyyətlərarası dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki hamımız bilirik ki, bu gün ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılmadır. Biz Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına üzvlüyümüzü nəzərə alırıq. Biz sıx əməkdaşlığa, daha çox anlaşmaya, dəstəyə töhfə verməyə çalışırıq. Hesab edirəm ki, həmin səylər yaxşı nəticələr verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş təmsilçiləri qəbul edirik. Siz gənclər cəmiyyətlərinizin fəal təbəqəsinin nümayəndələrisiniz. Ölkələrinizdə sizi böyük gələcək gözləyir. Buna görə tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq və yardım etmək cəhdləri, fikrimcə, çox vacibdir”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında