Təcavüzkarın təxribatı: Azərbaycan ordusunun layiqli cavabı

Qarabağ səmasında erməni hərbi helikopterinin vurulması İrəvanda çaşqınlıq yaradıb.Hadisənin təfərrüatını öz vətəndaşlarına izah edə bilməyən Ermənistan rəhbərliyi Azərbaycanı günahlandırmağa çalışır, eyni zamanda, cavab tədbirləri ilə də hədələməyə cəhd edir. Lakin reallıqda hamı başa düşür ki, Azərbaycan ordusu qat-qat güclüdür.Deyilənlərin fonunda beynəlxalq təşkilatların susması və bəzi siyasətçilərin müəmmalı fikirlər söyləməsi çox düşündürücüdür. Sanki onlar Ermənistanı narazı salmaq istəmirlər. Lakin bir həqiqəti unutmaq olmaz - ədalətsizlik heç kəsə uğur gətirmir!

Vurulan erməni helikopteri: işğalçının cəzası

Təcavüzkar Ermənistanın təxribatları davam edir. Münaqişə zonasının təmas xəttində qanunsuz uçuş həyata keçirən erməni helikopterinin Azərbaycan ordusu tərəfindən vurulmasından sonra düşmən və onun bir sıra havadarları hay-küy qaldırıblar. Rəsmi İrəvan baş verən hadisəni təhrif edərək, Bakını günahlandırmağa cəhd göstərir. Faktlar isə tamamilə başqa mənzərəni ortaya qoyur.

Hər şeydən əvvəl, Qərbin bəzi dairələri və Ermənistan Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi faktını ört-basdır etməyə çalışırlar. Onlar özlərini elə aparırlar ki, guya helikopter hansısa neytral bir ərazidə hərbi təlim keçirmiş. Reallıqda isə Ermənistan ordusuna məxsus olan həmin helikopter Azərbaycanın hava məkanında təhlükəli manevrlər edirdi. Birincisi, Ermənistan ordusuna məxsus “Mi-24” döyüş helikopterinin Azərbaycan ərazisi olan Qarabağda, Ağdamda nə işi vardı? İkincisi, helikopter ekipajının komandiri Serj Saakyan Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusudur.

Bu faktları inkar etmək qeyri-mümkündür. Qərbin bir sıra dairələrinin hadisəyə verdiyi reaksiya bizi çox düşündürür. Hiss olunur ki, onlar mövcud vəziyyətin həqiqi məzmunundan yayınır, məsələni mücərrəd mülahizələr müstəvisində qiymətləndirməyə çalışırlar. Məsələn, konqresmen Adam Şiff açıq yalan danışaraq, vurulan helikopterin idman-təlim təyinatlı olduğunu iddia edib.

O deyib ki, “helikopter neytral əraziyə düşüb və yanıb... Bu hadisə, yəni Azərbaycanın hərəkətləri bölgədəki sabitliyi pozmağa xidmət edir. Silahsız helikopterin vurulması təsdiq edir ki, Azərbaycan tərəfi insan həyatına qətiyyən qiymət vermir”.

Hansı məntiqlə A.Şiff Azərbaycan ərazisinin ortasında “neytral zona” axtarır? Hadisənin baş verdiyi Ağdam rayonu bu konqresmenin üzvü olduğu təşkilat tərəfindən rəsmi olaraq Azərbaycan torpağı kimi tanınıb. Eyni zamanda, münaqişənin gedişatı da kimin əslində insan həyatına qətiyyən əhəmiyyət vermədiyini göstərir. Görəsən, hansı səbəbdən Xocalı soyqırımı, əsir düşən azərbaycanlılara verilən işgəncələr, Kəlbəcərdə tutulan soydaşlarımızla bağlı baş verənlər konqresmenin “diqqətindən yayınıb”? Sadəcə, erməni lobbisinə xidmət etmək üçün ağ yalanlar danışırlar. Beynəlxalq hüquqda bu cür davranışın adının nə olduğunu cənab A.Şiff çox güman ki, yaxşı bilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Cennifer Psaki də hadisəyə çox ümumi səviyyədə münasibət bildirib. O, “səyləri artırmaqdan”, “gərginliyi azaltmaqdan” və “atəşkəs rejiminə əməl etməkdən” danışıb. Təbii ki, bunlar yaxşı niyyətlərdir, lakin hadisəyə konkret münasibət bildirilməli, Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin Azərbaycan ərazisində nə axtardığı sualı qaldırılmalı idi. Təəssüf ki, bu barədə Qərbin heç bir rəsmi dairəsi söz açmır.

Ədalət meyarı: ölçü hissi itiriləndə

Bununla belə, xarici ekspertlərin arasında real vəziyyəti görənlər də az deyil. İsrailli mütəxəssis Arye Qut belə bir fikir ifadə edib ki, helikopterin vurulmasında məsuliyyət İrəvanın üzərinə düşür. Hadisənin arxasında duran bir sıra səbəbləri də açıqlayan ekspert deyib: “Tamamilə aydındır ki, bölgədə indi yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bu məsələdə, ilk növbədə, Ermənistan rəhbərliyi təqsirkardır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan prezidenti hazırda ağır geosiyasi və iqtisadi vəziyyətdə olan ölkəsi barədə deyil, hər şeydən əvvəl, öz şəxsi hakimiyyətini saxlamaq və möhkəmlətmək haqda, öz klanının mənafeləri barədə düşünür”.

Bizcə, xarici ekspertin Ermənistanın danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdığını deməsi üçün əsası vardır. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilindən qısa müddət sonra belə bir hadisə baş verirsə, deməli, İrəvanı qane etməyən məqamlar var. Havadarların da burada təsiri mümkündür. Çünki hazırda regionda geosiyasi vəziyyət çox həssasdır. İstənilən zaman hətta zəif təkanla belə ümumi vəziyyəti gərginləşdirmək mümkündür.

Serj Sarkisyanın öz klanının mənafeyini hər şeydən üstün tutması da faktdır. Bunu hətta erməni təhlilçilər belə vurğulayırlar. Son zamanlar Ermənistan prezidenti hakimiyyət strukturlarında dəyişikliklər etməyə çalışır. O, öz mövqeyini qorumaq üçün istənilən addımı atmağa hazır görünür. Belə çıxır ki, Ermənistan artıq ölçü hissini itirib. İrəvan sağlam düşüncə ilə addım ata bilmir. Əks halda, Azərbaycan ərazisində hərbi təlim keçirmək hüququnun olmadığını dərk edərdi. Üstəlik, bunu Dağlıq Qarabağdakı qondarma qurumla birgə edirsə, beynəlxalq hüququn qaydalarını kobudcasına pozur. Heç bir dövlət tərəfindən tanınmamış bir separatçı rejimlə ortaq hərbi əməliyyat həyata keçirmək cinayətdir.

Bununla kifayətlənməyən İrəvan törətdiyi təxribatın məsuliyyətini Azərbaycanın üzərinə atmağa cəhd edir. Ermənistanın bu cür hərəkətlərə dəfələrlə yol verdiyini unutmaq olmaz. Deməli, söhbət sistemli və ardıcıl təxribatlardan gedir. Beynəlxalq birliyin bunun üstündən sükutla keçməsi təəssüf doğurur. Əvəzində, Azərbaycanı qınamağa çalışırlar. Çox ədalətsiz və insanlıq naminə utandırıcı haldır.

Həmin kontekstdə daha bir məqamı vurğulamaq gərəkdir. Bu kimi vəziyyətlərdə beynəlxalq hüququn təmsilçisi kimi davranmalı olan ATƏT-in Minsk qrupunun həmsədrləri “yumşaq mövqeli məsləhətçi” kimi çıxış edir, tərəfləri sakitləşməyə çağırırlar. Məsələn, Minsk qrupunda ABŞ-ı təmsil edən həmsədr Ceyms Uorlik özünün “Tvitter” mikrobloqunda yazıb: “Münaqişənin hərbi yolla həlli qəbuledilməzdir”. Bu, necə mövqedir? Konkret baş vermiş hadisəni ədalətli qiymətləndirmək əvəzinə təcavüzkarlığı ört-basdır etmək cəhdi səmərə verə bilməz. Bu cür ədalətsizliyə dözmək olduqca çətindir.

Məsələyə başqa aspektdə yanaşdıqda, erməni helikopterinin vurulması Azərbaycan ordusunun gücünün təsdiqi kimi qəbul edilə bilər. Ermənistan dərk etməlidir ki, artıq qarşısında imkanları ondan bir neçə dəfə çox olan silahlı qüvvələr dayanıb. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycanda ordu quruculuğu düşünülmüş proqramlar əsasında, qabaqcıl ölkələrin təcrübəsini dərindən mənimsəməklə həyata keçirilir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu hər zaman torpaqları işğaldan azad etməyə hazırdır.

Təbii ki, bütün bunları Ermənistan da bilir. O, özünü təhlükədə hiss edir. Çalışır ki, Azərbaycanın haqlı tələblərini gözdən salsın və onu bütün bölgə üçün təhdid mənbəyi kimi göstərsin. Görünür, bu məsələdə erməniləri Qərbin bəzi siyasətçiləri də dəstəkləyirlər. Onların tez-tez “müharibə olmasın” fikrini təkrarlaması bunu təsdiq edir. Bunun əvəzində işğalçıdan tutduğu əraziləri tərk etməsini tələb etmək gərəkdir. Bunu etməyən məhz Qərbdir.

İndi rəsmi İrəvanın hay-küy salmağa çalışmasının əhəmiyyəti yoxdur, ola da bilməz. Çünki həm haqsızdır, həm də hərbi cəhətdən zəifdir. S.Sarkisyanın komandasının bu istiqamətdə uğur qazanmaq şansı yoxdur. Bunu rəsmi İrəvan da anlamalıdır. Lakin beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi üçün zaman yetişib. Çünki belə davam etsə, Ermənistan təxribatlarından əl çəkməyəcək. Bu da sözün həqiqi mənasında regionda müharibəni yenidən alovlandıra bilər. Heç kəs Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımların qarşısını ala bilməz. Hər bir ölkənin, o cümlədən Azərbaycanın öz torpaqlarını azad etmək hüququ vardır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında