Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri inkişafın yeni mərhələsindədir

İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir  kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkə olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq.

Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti

Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq  aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Digər bir amil isə sərhəd qonşuları ilə qarşılıqlı münasibətlərin yaradılmasıdır. Bu məsələ hər bir ölkənin xarici siyasətində xüsusi rol oynayır.

Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.  Qeyd edək ki, Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İki ölkə arasında siyasi münasibətlər hələ Sovet İttifaqının dağılmasından çox-çox əvvəl, Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən başlanmışdır. 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. Bu tarixi sənədin birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının istiqlaliyyəti İran tərəfindən rəsmi surətdə tanınmışdır.

Müqavilənin 3-cü maddəsində isə iki ölkə arasında siyasi əlaqələrin qurulması və səfirlik səviyyəsində diplomatik nümayəndəliyin açılması qeyd olunmuşdur. Siyasi cəhətdən ciddi əhəmiyyət kəsb edən bu sənəd, həmçinin, kommunikasiya-telegraf və kommersiya sahəsində razılaşma sənədlərinin imzalanması, eləcə də siyasi-iqtisadi, gömrük, poçt və konsulluq konvensiyalarının müzakirəsi məqsədilə müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmişdir.

Azərbaycan Sovet imperiyasının tərkibinə daxil edildikdən sonra, müstəqil siyasət yürütmək imkanından məhrum edilmiş, İran-Azərbaycan əlaqələri isə Sovet İttifaqının xarici siyasətindən asılı vəziyyətə düşmüşdür. 1968-ci ildən etibarən İranın Bakıda baş konsulluğu fəaliyyətə başlamış və respublikamızın dövlət müstəqilliyi bərpa olunduqdan sonra İran İslam Respublikası 1992-ci il martın 12-də  Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanınmışdır. Bundan sonra  sərhədlər açılmış, gediş-gəliş asanlaşmış, iqtisadiyyat və humanitar sahalərdə əlaqələr möhkəmlənmiş və İranın Bakıdakı konsulluğu İran İslam Respublikasının səfirliyinə çevrilmişdi.  AXC-Müsavat hakimiyyəti dövründə ölkə həyatında baş verən anarxiya, xaos və dövlət idarəçiliyndəki naşılıq qonşu dövlətlərlə, o cümlədən, İranla münasibətlərin korlanmasına öz təsirini göstərmişdir. Həmin illərdə Azərbaycan - İran münasibətlərində fərqli mərhələ başlamışdır və bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilmiş və kifayət qədər gərgin münasibətlər tədricən normallaşmağa və inkişaf etməyə başlamışdır.  Ulu öndər Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə sıx əlaqələr yaratmış, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  kimi 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Seyid Əli Xamneyi, Prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparmışdır. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanmışdır.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə İranla münasibətlərin normallaşdırma istiqamətində  qətiyyətli addımlar atıldı. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində  qonşu İranla qarşılıqlı münasibətlər yenidən çiçəkləndi və Tehranla Bakı arasında dostluq münasibətləri yüksələn xətlə inkişaf etdirildi. Heydər Əliyev demişdir: “Bizim əbədi qonşuluğumuz və birgə maraqlarımız münasibətlərimizin yüksək səviyyədə inkişafı üçün təməldir”. Həmin vaxtdan başlayaraq İranla hərtərəfli əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilmiş və həmin yanaşmanın nəticəsində İran-Azərbaycan əlaqələri möhkəmlənmiş, qarşılıqlı səfərlərin sayı artmış və iqtisadi əlaqələrdə isə canlanma yaranmışdır. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə İranla əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərini Azərbaycanın xarici siyasətinin prinsipi kimi vurğulamışdır.

 Dövlət və hökumət başçılarının, habelə, parlament nümayəndələrinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və əlaqələrin daha da möhkəmləndirilmsinə öz töhfələrini verdi.  Həmin səfər zamanı Azərbaycanla  İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanmışdır. İran tərəfi hər zaman Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləmiş, bu işğal zamanı öz ata-baba yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkün olan soydaşlarımıza mütəmadi olaraq humanitar yardımlar etmişdir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatına məhz İran İslam Respublikasının Prezidenti  Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunmuşdur. 2004-cü ilin avqustunda İran Prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gələrkən bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib.

Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən  Prezident İlham Əliyev İranla dostluq və əməkdaşlığın inkişafına xüsusi önəm vermişdir. Axı, İran və Azərbaycan xalqları müştərək tarixə, mədəniyyətə, adət-ənənəyə malik olan xalqlardır. Bundan başqa, hazırda İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 kilometr uzunluğunda sərhədi var. Bu baxımdan dövlət rəhbərlərinin hər bir qarşılıqlı səfəri mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri beynəlxalq aləmin diqqət mərkəzində idi.

Azərbaycana ilk rəsmi səfərə gələn İran Prezidenti Həsən Ruhanini səmimi salamlayan dövlətimizin başçısı ilk növbədə onu ad günü münasibətilə təbrik etmiş, sonra isə iki ölkə arasında əlaqələrin tarixindən söhbət açmışdır. Azərbaycan Prezidenti bu görüşün İranın dövlət başçısı ilə dördüncü təmas olduğunu xatırlatmış və demişdir ki, bu, özlüyündə bir göstəricidir və  İran-Azərbaycan əlaqələrinin  yüksələn xətlə inkişaf etdiyindən xəbər verir. Bu görüşlərin gözəl nəticələri olduğunu vurğulayan  respublikamızın rəhbəri iki ölkə arasında  əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırmışdır: “Bizim əlaqələrimizin çox gözəl tarixi və gözəl gələcəyi var. İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir”.

Azərbaycan Prezidenti  demişdir ki, “bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır”.

İki ölkə arasında  çox gözəl siyasi əlaqələrin olduğunu bildirən dövlətimizin başçısı mütəmadi təmasların, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda  göstərilən qarşılıqlı dəstəyi diqqətə çatdırmışdır. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də qarşılıqlı dəstək göstərilmişdir. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda Azərbaycanla İran həmişə bir-birinə arxa-dayaq olmuş və dəstək vermişlər.

Azərbaycan Prezidenti ölkəmiz üçün prioritet hesab olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qarşıya çıxan problemləri diqqətə çatdırmış və bununla əlaqədar beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin hələ də icra olunmadığını bildirmişdir: “Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmiş və öz məruzələrində bunu təsdiqləmişlər. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər.

Münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir".

Bəyanatda, həmçinin,  iki ölkə arasında iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlığın bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır. Azərbaycan Prezidenti bəyan etmişdir ki, İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.

İran Prezidenti Həsən Ruhani ölkəmizə rəsmi səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan və İran xalqlarını bir bədəndə bir ruh adlandırmışdır: “ Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar”.

İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm potensialın olduğunu bildirən İran Prezidenti demişdir ki, bu işlərin həyata keçirilməsində heç bir kənar qüvvə buna mane ola bilməz. H.Ruhani həmişə olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdir: “Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq”.

İran Prezidenti iki ölkə arasında dostluq və əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.

Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində iqtisadi, siyasi və digər sahələrdə əməkdşlığın daha da gücləndirilməsi ilə əlaqədar bir sıra sənədlər imzalanmışdır. Həmçinin,  Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkənin prezidentləri də iştirak ediblər. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında