Hər şeydən əvvəl, hamınızı maraqlandıran bir suala cavab vermək istərdim: 16 noyabr nə üçün Tolerantlıq Günü elan edilmişdir və bu hansı sənədlə rəsmiləşdirilmişdir? Təbiət etibarilə insanlar bir-birindən zahiri görünüşünə, dininə, dilinə, mədəniyyətinə və sair dəyərlərinə görə fərqlənsələr də, onların yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüquqları vardır ki, bu hüquqlar da onların Yer üzündə eyni cür yaşamasının təminatı qismində çıxış edir.
Son dövrlər dünyada gedən proseslərin bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoyması, dünya əhalisinin sayının artması ilə əlaqədar miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, multikulturallığa qarşı təhlükəli meyillərin meydana gəlməsi, qarşılıqlı dözümsüzlük hallarının artması dünya siyasətçilərini yaranmış bu problemlərə laqeyd qoya bilməzdi. Məhz elə bu səbəbdən də 16 Noyabr 1995-ci ildə UNESCO tərəfindən “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilmişdir. Bəyannamədə qeyd edildiyi kimi, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyətdir.
Tolerantlıq güzəşt, yumşaqlıq və ya görməməzlik deyildir. O, hər şeydən əvvəl, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir və heç bir halda bu əsas dəyərlərə qəsd edilməsinə bəraət verə bilməz. Əslində, tolerantlılığı ayrı-ayrı insanlar, qruplar, dövlətlər nümayiş etdirməlidirlər.
Tolerantlıq insan hüquqlarının, plüralizmin (o cümlədən, mədəni plüralizmin), demokratiya və hüquq qaydalarının təsdiq edilməsinə köməketmə öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən imtina olunmasını ifadə edən, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş normaları təsdiq edən anlayışdır.
İnsan hüquqlarına hörmət edilməsinə uyğun olan tolerantlığın təzahürü sosial ədalətsizliyə dözümlü münasibəti, öz etiqadından imtina edilməsini və ya özgənin etiqadına təslim olmanı ifadə etmir. Bu, hər kəsin etiqad azadlığını və digərlərinin də bu hüququn tanınmasını ifadə edir. Bu, insanların təbiətləri etibarı ilə zahiri görkəm, mövqe, nitq, davranış və dəyərlərə görə fərqləndiklərini və dünyada yaşamaq, fərdiliyini qorumaq hüquqlarına malik olmalarını ifadə edir. Bu, həmçinin bir insanın baxışlarının zorla digər insana qəbul etdirilməməsini ifadə edir.
Bəyannamənin məzmunundan göründüyü kimi, tolerantlıq özünü üç aspektdə təzahür etdirməlidir:
1. Dövlət səviyyəsində. Bu, o deməkdir ki, tolerantlıq ədalətli və qərəzsiz qanunvericilik, hüquq qaydalarına, məhkəmə-prosessual və inzibati normalara riayət olunmasını, habelə, hər hansı bir ayrı-seçkiliyə yol verilmədən hər bir insanın iqtisadi və sosial inkişafı üçün şərait yaradılmasını tələb edir. Cəmiyyətin daha tolerant olması üçün dövlətlər insan haqları sahəsində mövcud beynəlxalq konvensiyaları ratifikasiya etməli və cəmiyyətdə bütün qruplar və ayrı-ayrı adamlara bərabərhüquqlu yanaşmanı və imkan bərabərliyini təmin etmək məqsədilə zəruri hallarda yeni qanunvericilik işləyib hazırlamalıdır. Beynəlxalq həmrəyliyə nail olmaq üçün ayrı-ayrı insanların, icmaların və millətlərin, bütövlükdə cəmiyyətin mədəni plüralizmi tanıması və ona hörmət etməsi həlledici əhəmiyyət kəsb edir. Beynəlxalq sənəddə qeyd edilir: Tolerantlıq olmadan sülh qeyri-mümkün olduğu kimi, sülh olmadan inkişaf və demokratiya da qeyri-mümkündür.
2. Sosial aspektlərdə. Məlumdur ki, əsrimiz iqtisadiyyatın qloballaşması və getdikcə artan mobillik əsri, kommunikasiyaların, inteqrasiyanın və qarşılıqlı asılılığın sürətli inkişafı, irimiqyaslı miqrasiyalar və əhalinin yerdəyişməsi, urbanizasiya və sosial qurumlarda islahatlar əsridir. Hər bir bölgə rəngarəngdir, buna görə də dözümsüzlüyün və münaqişələrin dünyanın bütün guşələrində eskalasiyası kimi potensial təhlükə yaranmışdır. Belə təhlükələr qlobal xarakter daşıdığından onlardan milli sərhədlərlə yaxa qurtarmaq mümkün deyildir. Odur ki, həm ailə və icma səviyyəsində, həm də ayrı-ayrı insanlar arasında münasibətlərdə tolerantlıq olmalıdır. Məktəblərdə və universitetlərdə, qeyri-formal təhsil çərçivəsində, evdə və iş yerində dözümlülük ruhunu möhkəmlətmək, aşkarlıq, bir-birinə diqqət və həmrəylik münasibətləri formalaşdırmaq lazımdır. Kommunikasiya vasitələri sərbəst və açıq dialoqa və müzakirələrə yardım, dözümlülük dəyərlərinin yayılması və getdikcə güclənən, dözümsüzlük təbliğ edən qruplara və ideologiyalara münasibətdə laqeydlik təhlükəsinin izahı məsələsində konstruktiv rol oynamalıdır.
Bəyannamədə sosial aspektlər baxımından tolerantlılığın təmin edilməsinin konkret yolları da əks etdirilmış və göstərilmişdir ki, bu qlobal problemi həll etmək üçün müvafiq elmi tədqiqatlar aparılmalı, beynəlxalq ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsi, o cümlədən bu hadisənin başlıca səbəblərinin sosial elmlər kontekstində təhlili məqsədilə əlaqələr tənzimlənməli, səmərəli əks-tədbirlər görülməli, habelə siyasi qərarlar işlənib hazırlanmasına və üzv dövlətlərin normativ fəaliyyətinə kömək edən elmi araşdırmalar və monitorinq keçirilməlidir.
3. Tərbiyə sahəsində. Bəyannamədə qeyd edilir ki, tolerantlılığın təmin edilməsi üçün ən səmərəli vasitə tərbiyədir. Çünki insanların dözümlülük ruhunda tərbiyə edilməsi, ilk növbədə, onların ümumi hüquq və azadlıqlarının həyata keçirilməsini təmin etmək üçün bu hüquqların nədən ibarət olmasını onlara öyrətməkdən və başqalarının hüquqlarının müdafiəsini təşviq etməkdən başlayır.
Tolerantlılıq ruhunda tərbiyəyə zorakılığın və təcridçiliyin əsasını təşkil edən dözümsüzlüyün mədəni, sosial, iqtisadi, siyasi və dini mənbələrini açıb göstərən dözümlülük təliminin sistemli və səmərəli metodlarını təşviq etmək kimi dəyərlərdən başlamaq lazımdır. Belə yanaşma təhsil sahəsində siyasət və proqramlar həm ayrı-ayrı insanlar arasında, həm də etnik, sosial, mədəni, dini qruplar və dil qrupları, eləcə də millətlər arasında münasibətlərdə qarşılıqlı anlaşmanın yaxşılaşmasına, həmrəyliyin və dözümlülüyün möhkəmlənməsinə kömək edəcəkdir.
Sənədi imza edən dövlətlər haqlı olaraq bəyan edirlər ki, onlar sosial elmlər sahəsində araşdırmaları, dözümlülük, insan hüquqları və zor işlətməmək ruhunda tərbiyə proqramlarını dəstəkləməyə və həyata keçirməyə hazırdırlar. Bu, o deməkdir ki, başqa mədəniyyətləri qavramaq üçün açıq, azadlığı qiymətləndirməyə, insan ləyaqətinə və fərdiyyətinə hörmət etməyə, münaqişələrin qarşısını almağa və ya onları qeyri-zorakı vasitələrlə həll etməyə qabil olan həssas və məsuliyyətli vətəndaşlar yetişdirmək məqsədilə pedaqoji hazırlığın, tədris planlarının səviyyəsinin artırılması, dərsliklərin və tədris məşğələlərinin, digər tədris materiallarının, o cümlədən yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi zəruridir.
Bəs görəsən, Azərbaycanda tolerantlıq hansı səviyyədədir, ölkəmizdə tolerant mühit mövcuddurmu? Bu sualı cavablandırmaq üçün hər şeydən əvvəl Azərbaycan Respublikasında dövlət quruculuğu məsələlərini, o cümlədən insan hüquq və azadlıqlarını tənzimləyən normativ hüquqi bazaya diqqət yetirmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına nəzər salsaq görərik ki, əsas Qanunumuzda insan və vətəndaş hüquqlarına və azadlıqlarına ayrılmış fəsil 48 maddədən ibarət olmaqla, ən böyük fəsillərdən birini təşkil edir ki, burada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarını və azadlıqlarını göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilmişdir. Konstitusiyada insanın bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, əmək hüququ, sağlamlığının qorunması hüququ kimi əsas təməl hüquqları öz əksini tapmış, faktiki olaraq, insanların konstitusion bərabərliyinə təminat verilmiş, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Təhlil göstərir ki, Azərbaycan dövlətini tolerant dövləti hesab etmək üçün bütün konstitusion əsaslar mövcuddur. Faktiki olaraq, Konstitusiyada tolerantlığın aşağıdakı növləri təsnifləşdirilmişdir: Milli və irqi tolerantlıq, gender tolerantlığı, əlillərə münasibətdətolerantlıq, dini tolerantlıq, siyasi tolerantlıq, elm və təhsil tolerantlığı, təbəqələr, siniflərarası tolerantlıq və s.
Milli və irqi tolerantlığın ən böyük göstəricisi Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlıdır. Bu, ilk sənəddir ki, onun qəbulu zamanı çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi birləşərək Konstitusiyanın qəbuluna səs verdilər. Bu, onunla şərtləndirilirdi ki, hər bir şəxs milliyyətindən, dinindən, dilindən və s. asılı olmayaraq, öz dövlətinin qurulmasına səs verirdi. Bu proses sonradan Azərbaycan Respublikası prezidentliyinə seçkilərdə də dəfələrlə təkrar edildi. Konstitusiyaya görə, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Erməni işğalçılarının torpağımızın 20 faizdən artıq hissəsini zəbt etdiyi bir şəraitdə çoxmillətli Azərbaycan xalqının birləşərək işğalçılara qarşı bir millət kimi çıxış etməsi də respublikamızda mövcud olan tolerantlığın nümunəsidir. Fikir verin müxtəlif kiçik xalqların nümayəndəsi olan neçə-neçə milli qəhrəmanımız mövcuddur, Azərbaycan torpağının qorunması uğrunda milliyyətindən asılı olmayaraq nə qədər vətəndaşımız canından keçmişdir.
Tolerantlığın ən çox təhlil olunan forması dini tolerantlıqdır. Əslində, bu forma o qədər təhlilə məruz qalmışdır ki, insanların çoxu tolerantlıq dedikdə, ilk növbədə, bəlkə də, bir qayda olaraq, dini tolerantlığı göz önünə gətirir. Mən də bu məsələ üzərində dayanmaq istərdim. Çünki, dünyada baş verən hadisələr fövqündə dini tolerantlıq daha böyük aktuallıq kəsb etməyə başlamışdır. Azərbaycan Respublikası qanunvericilyi din və dövlət münasibətlərinin tənzimlənməsi baxımından da Azərbaycanın tolerant bir dövlət kimi xarakterizə edilməsi üçün kifayət qədər dayanıqlı hüquqi baza yaratmışdır. Konstitusiyanın “Din və dövlət” adlanan 18-ci maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir; insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır; dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununda bu məsələ bir qədər də konkretləşdirilmiş və qeyd edilmişdir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Qanunda daha sonra göstərilir ki, dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.
Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.
Bütövlükdə götürdükdə “Dini etiqad azadlığı haqqında” Qanun dövlət və dini qurumlar, din və məktəb, dini icma, dini idarə və mərkəzlər, dini təhsil, dini qurumların dövlət qeydiyyatına alınması, onların ləğvi, dini qurumların mülkiyyəti, istehsal və təsərrüfat fəaliyyəti, dini ayin və mərasimlərin keçirilməsi, ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar arasında olan münasibətləri təfərrüatı ilə tənzim edir. Xarici aləmə açıq olan ölkəmizdə ayrı-ayrı dövlətlərin iri şirkətləri, səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, humanitar yardım və xeyriyyə təşkilatları, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir.
Demokratik və müxtəlif dinlərə sərbəst etiqadın təmin edilməsi həm də bəzən qeyri-ənənəvi dini cərəyanlardan törənən sektaların cəmiyyətimizə nüfuz etməsinə müəyyən dərəcədə şərait yaradır. Bu proseslərin dövlət səviyyəsində və qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas vəzifələri kimi dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə müvafiq dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması müəyyən edilmişdir.
Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən qurumun yaradılmasının təkcə dövlət üçün deyil, eyni zamanda, dini qurumlar üçün də əhəmiyyətli olduğu artıq təsdiqini tapmışdır. Son 10 il ərzində dövlət başçısının qayğısı nəticəsində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə 7 məscid və ziyarətgah - Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.
Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar.
Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Heydər Əliyev Azərbaycanda tolerantlığın banisidir” deyərkən nə qədər də haqlıdır. Hazırda ölkəmiz tolerantlıq ənənələrini yaşadan və beynəlxalq səviyyədə təbliğ edən nümunəvi örnək modelini özündə birləşdirir və bu mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində müzakirə olunan məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd etmişdir ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilmişdir. Eyni zamanda, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır. Yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoymuşdur. Cənab Prezident ümidvar olduğunu bildirmişdir ki, bu mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaqdır.
Fikir verirsinizmi, biz tolerantlıqdan söhbət açdığımız bir zamanda dövriyyəyə multikulturalizm anlamının da daxil olduğunun şahidi oluruq. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, multikulturalizm tolerantlılığın əsas tərkib hissəsini təşkil edir. Nədir multikulturalizm? Multikulturalizm dedikdə, ayrıca ölkədə və bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunması və inkişafına yönələn, bu nəzəriyyəni və ideologiyanı əsaslandıran siyasət nəzərdə tutulur. Multikulturalizmin siyasi liberalizmdən mühüm fərqi kollektiv subyektlərin - etnik və mədəni qrupların hüquqlarının tanınmasında ifadə olunur. Bu hüquq etnik və mədəni icmalara maarifçiliklə məşğul olmaq, öz təhsil proqramlarına malik olmaq, məktəblər tikmək, kitabxanalar və mədəni əhəmiyyətli obyektlər açmaq, seçki zamanı birgə siyasi mövqe ifadə etmək və s. ola bilər.
Multikulturalizm kütləvi mədəniyyətin ümumbəşəri məcrada qarşılıqlı əlaqəsi, zənginləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə mədəniyyətlərin paralel mövcudluğunda ifadə olunan tolerantlılığın aspektlərindən biri sayılır. Əslində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, dünyada söhbət sivilizasiyalararası dialoqdan gedir. Lakin multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur kimi bəyanatlar bizi məyus edir . Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Bizim keçmişimiz, imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İstəyirik ki, millətlər arasında daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.
Beynəlxalq Humanitar Forumdakı iclasların birində çıxış edən Azərbaycan Respublikası Prezidentinin müşaviri, akademik Kamal Abdullayev məhz Prezidentin bu çıxışına istinad edərək multikultural təhlükəsizlik konsepsiyasını ortaya atmış və inandırıcı şəkildə sübut etmişdir ki, multikultural təhlükəsizlik təmin edilmədən millətlərarası dayanıqlı mədəni tolerantlıqdan söhbət gedə bilməz. Bunun üçün bütün dünya dövlətləri UNESCO-nun tolerantlıq prinsipləri Bəyannaməsinin tələblərinə sözsüz əməl etməli, şəxsi nümunə göstərməlidirlər.
Azərbaycanda tolerantlıq şəraitinə dünya siyasətçilərinin və alimlərinin gözü ilə baxmaq respublikamızda bu sahədəki vəziyyətin qiymətləndirilməsinin əsas meyarı kimi çıxış edə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın təbirincə desək “Azərbaycanda dini tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik”.
İsraildəki “İC Public Research” İnstitutunun direktoru, “İsrail -Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş diretoru Lev Spivakın fikrincə isə, “Tolerantlıq- Azərbaycan xalqının səciyyəvi cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi imic yaratmağa çalışsalar da, Azərbaycan Yer üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt belə qeydə alınmamışdır. Əsrlər boyu etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz qalmamışdır, onların hər biri öz dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamışdır”.
Multikulturalizm bu gün də Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində deyildiyi kimi, “Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik”.
Mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə, Vatikan dövlətinin ən yüksək mükafatlarından sayılan “Medalla Sede Vacante” medalı ilə təltif edilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür. 2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalanmışdır. Bu ilin iyunun 2-də Mehriban xanım Əliyeva Roma Papası Fransis ilə görüşü zamanı, o, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirmişdir.
Düşünürəm ki, sosial və ictimai elmlər sahəsində araşdırmaların aparılması, dözümlülük, insan hüquqları və zor işlətməmək ruhunda tərbiyə proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, başqa mədəniyyətləri qavramaq üçün açıq, azadlığı qiymətləndirməyə, insan ləyaqətinə və fərdiyyətinə hörmət etməyə, münaqişələrin qarşısını almağa və ya onları qeyri-zorakı vasitələrlə həll etməyə qabil olan həssas və məsuliyyətli vətəndaşlar yetişdirmək məqsədilə pedaqoji hazırlığın, tədris planlarının səviyyəsinin artırılması, dərsliklərin və tədris məşğələlərinin, digər tədris materiallarının, o cümlədən yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi tolerantlıqla bağlı müasir dövrdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsinə xidmət etmiş olardı.
İsaxan VƏLİYEV,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri,
hüquq elmləri doktoru,professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.