20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər dəfə sülh məcrasına qədəm qoyduqda, düşmən ölkə rəhbərliyi müxtəlif təxribatlara əl atır.
Ermənistanda hazırkı durumun həddindən artıq acınacaqlı olması əhalinin sosial yaşam tərzində, miqrasiyasında özünü göstərdiyi kimi, Ermənistan dövlətinin bu problemlərin qarşısında aciz qalması ilə müşahidə olunur. Ermənilər özləri də yaxşı bilirlər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmadan onlar üçün regionda və beynəlxalq arenada heç bir perspektiv yoxdur. Çünki dünya onları işğalçı, özgəsinin torpağına göz dikən imicdə qəbul edir. Lakin hakimiyyətdə qalmaq naminə bunu dərk etmək istəməyən Serj Sarkisyan iqtidarı hər dəfə əhalinin etirazları baş qaldıranda, münaqişənin həlli istiqamətində görüşlər keçiriləndə öz diktatura postlarını qorumaq üçün cəbhə xəttində müxtəlif təxribatlar törədir və Azərbaycan tərəfində təcavüzkar imic formalaşdırmaq üçün ictimai fikri aldatmağa cəhd edir.
Noyabrın 12-də ermənilər növbəti dəfə təxribat törətdilər. Lakin bu dəfə törətdikləri təxribat tələsinə özləri düşdülər. Cəbhə xəttini pozan və faktiki olaraq BMT tərəfindən tanınan Azərbaycan ərazilərində guya hərbi təlimlər keçirən düşmənin “Mİ-24” hərbi helikopteri dəqiq nişan alınaraq məhv edildi. Ermənilər buna başqa don geyindirməyə çalışsalar da, istəkləri baş tutmadı. Onlar vurulan helikopterin qondarma “Dağlıq Qarabağ Respublikası”na məxsus olduğunu bəyan etdilər. Sonradan ölən hərbçilərin adlarını da açıqladılar və bununla da öz yalanlarını ortaya qoydular. Araşdırmalar nəticəsində məlum oldu ki, ölənlər Yerevan sakinləridir və Ermənistan vətəndaşlarıdır. Hətta onların sosial şəbəkələrdəki ünvanlarında belə, doğum və yaşayış yerləri kimi Yerevan şəhərinin göstərildiyi məlum oldu.
Göründüyü kimi, öz xalqının baş qaldırmaması, sosial etirazların kəskin xarakter almaması üçün “kreslo” naminə bütün hoqqalardan çıxan Sarkisyan hökumətinin bu dəfə öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi baş tutmadı. Hərəkətləri psevdopatriotizmə söykənən Sarkisyan və onun komandası “Dağlıq Qarabağ” kartından hər dəfə məharətlə istifadə edir və erməni cəmiyyətini ucuz şüarlar və ölü doğulmuş uşağı xatırladan “Böyük Ermənistan” ideyası ilə sakitləşdirmək istəyir.
Onlardan fərqli olaraq, Azərbaycan öz torpağını qorumaq və işğaldan azad etməkdə israrlıdır və bütün danışıqlarda əsas aparıcı xətt Ermənistanın işğal edilmiş torpaqlardan geri çəkilməsi və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Bu gün Azərbaycan gəncliyi, o cümlədən bütövlükdə cəmiyyətimiz torpaqlarımızın azad edilməsində dövlətlə həmfikirdir. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada elan edilib ki, münaqişə zonasında hərbi vertolyotun vurulmasından sonra Dağlıq Qarabağ üzərində uçuşlar dayandırılıb.
Azərbaycan tərəfi elan etmişdir ki, işğal olunmuş ərazilər üzərindəki hava məkanı tam olaraq bütün uçuşlara bağlanılır və bununla bağlı mövcud prosedurlara uyğun surətdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvləri xəbərdar olunmuşdur.
Dünya mətbuatı və beynəlxalq ekspertlər Ermənistana məxsus helikopterin vurulması barədə xəbərə biganə qalmayıb. Belə ki, “Associated-Press” agentliyi bildirib ki, qondarma Dağlıq Qarabağ Respublikasından anonimliyin qorunması şərti ilə (çünki ona informasiya verməyə icazə verilmir) məlumat verən şəxs qeyd edir ki, təmas xəttinə çox yaxın uçan hərbi vertolyotumuz döyüş təlimləri zamanı Azərbaycan ordusu tərəfindən vurulub. Vertolyotun bütün ekipaj üzvləri öldürülüb. ABŞ-ın “ABC News” telekanalı da bu barədə xəbər yayıb.
Hadisə, eyni zamanda, BBC telekanalının da diqqətində olub. Xəbərə əsasən, hadisə Dağlıq Qarabağda yenidən zorakılıqların şiddətlənməsinə səbəb ola bilər. Türkiyənin nüfuzlu Anadolu Xəbər Agentliyi də Dağlıq Qarabağda Azərbaycan silahlı qüvvələri tərəfindən vurulan erməni helikopterindən yazıb. Agentliyin yaydığı məlumata görə, erməni helikopterləri 3 gün Qarabağda uçuşlar həyata keçirib.
Bundan əlavə, Türkiyənin demək olar ki, bütün televiziya kanalları vurulan erməni helikopteri barədə məlumat veriblər. “Fox tv” isə tam ətraflı reportaj təqdim etmişdir. Bu arada Pakistan-Azərbaycan Forumu çərçivəsində Pakistanın bir sıra dövlət adamları Ermənistan helikopterinin vurulmasına münasibət bildirib. Pakistan XİN-in keçmiş başçısı Əkram Zəki: “Azərbaycan Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarda hava uçuşunun keçirilməsinə qadağa qoymuşdu. Bu qadağaya əməl etməyən erməni silahlı qüvvələrinin Azərbaycanın hava sərhədini pozması birbaşa olaraq Azərbaycan əsgərlərinin həyatlarının təhlükəsizliyini pozmaq kimi qiymətləndirilməlidir. Axı nə üçün işğalçı dövlət işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməlidir? Bu fakt ermənilərin işğalçı dövlət olduqlarını birbaşa sübut edir”.
Artıq BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyasına gətirib çıxarmamağa çağırır. Bu barədə BMT-nin rəsmi nümayəndəsi Farxan Xak jurnalistlərə bildirib. BMT Baş katibi Pan Gi Mun qoşunların təmas xəttində Azərbaycan tərəfindən Ermənistan ordusuna məxsus “Mi-24” helikopterini vurmasından sonra tərəfləri təmkinli olmağa çağırıb.
Əlbəttə, görünən odur ki, Azərbaycan tərəfi 20 ildir səbr edir. Bu səbr ona baha başa gəlsə belə. Ermənilər isə Azərbaycanın səbrindən açıq-aşkar sui-istifadə etməkdədirlər. Beynəlxalq təşkilatlar tərəfləri təmkinli olmağa çağırmaqdan başqa faktiki olaraq heç nə etmir. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur, Ermənistana qarşı sərt münasibət ortaya qoyulmur. Sonda Azərbaycan məcbur olur ki, öz hüququnu özü müdafiə etsin. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə müqəddəratlarını təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.