Beynəlxalq Tolerantlıq Günü

Hər il noyabr ayının 16-sı dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın 16-dan başlamışdır. O zaman UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Hər il bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü münasibətilə təşkil olunmuş “virtual dəyirmi masa”ya qoşulan tanınmış elm və mədəniyyət adamları, ictimai xadimlər, siyasətçilər üç sualı cavablandırmışlar.

 Nəriman QASIMOĞLU, dinşünas-alim:

1. Tolerantlıq gününün önəmini necə görürsünüz və sizcə, qeyri-tolerantlığın başlıca səbəbləri nədir?

- Məndən ötrü bu gün -  başqa dilə, başqasının milli xüsusiyyətlərinə, başqa inanclara, başqa irqə, sən kişisənsə qadına, qadınsansa kişiyə, yaşlısansa gənclərə, gəncsənsə yaşlılara, dindarsansa dinsizə, ateistsənsə dindara, eləcə də milli, dini, irqi, cinsi kimliyindən asılı olmayaraq qonşuna hörmətlə yanaş, hörmət qoy deyə xatırlatma günü kimi önəmli məqamdır. Bu xatırlatma məsələsinin bir maraqlı tərəfi ondadır ki, o sadaladıqlarımın xatırladılması müqəddəs kitablarda aparıcı təlqinlərin əsas məzmununu təşkil edir. Və bu təlqinlər konkret etnik qruplara, xalqlara deyil, bütün insanlığa ünvanlandığından bir multikultural mahiyyət də kəsb edir. Məsələn, Törədə (Tövrat) “Tanrı adamları” konsepsiyası bütün millətlərə ünvanlıdır. Yeni Əhddə “qonşunu sev” prinsipi də o cümlədən. Qurana gəlincə, təkcə onu deyim ki, müqəddəs kitabımızın bir adı da orijinalda “zikr”dir. Bu söz xatırlama, xatırlatma mənalarını ifadə edir ki, Quran bu səpkidə özünü əslində bəşəriyyətə ünvanlı tolerantlığın bütün prinsiplərinə iddiaçı qismində, necə deyərlər, təqdim edir və öncəki kitablarda ifadə olunan tolerantlıq hikmətlərini təsdiq edir. Yəni bu xatırlatmalar işığında tolerantlıq gününün üzərində bir müqəddəslik möhrünü də görməmək mümkün deyil. Sualın ikinci hissəsinə gəlincə, qısaca qeyd edim ki, qeyri-tolerantlığı doğuran çoxsaylı mənfiliklər sırasında sosial ədalətsizlik, maddiyyata bağlanıb qalma, siyasi eqoizm, separatçılıq, mövhumatçılıq, savadsızlıq və s. göstərmək olar.

2. Son dövrlərdə “Tolerantlıq, Multikulturalizm və İnterkulturalizm” ideyalarının aktuallaşmasının əsas səbəblərini nədə görürsünüz?

- Biri digərindən doğan və bir-birinə məntiqi impulslar verən bu ideyaları aktuallaşdıran əsas məqam, elə bilirəm, dünyanın aparıcı siyasi dairələrində gəlişən belə bir dərklə bağlıdır ki, xalqların yaxınlaşmasında psixoloji əngəllərin aradan qaldırılması, qloballaşmanın reallığa çevrildiyi dövrdə millətlərarası münasibətlərin sivil qaydalara uyğun tənzimlənməsi zərurəti birbaşa olaraq həm ayrı-ayrı bölgələrdə regional təhlükəsizlik, həm də beynəlxalq təhlükəsizliyin təminatı məsələsinə töhfə kimi nəzərdən keçirilməlidir. Özünəqapanma, dünyadan özünütəcrid, milli təkəbbür və ərköyünlük kimi naqis təmayüllər əslində regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Uzağa getməyək. Elə indiki Ermənistan siyasətçilərinin milliyyətçilik fəaliyyətləri onunla nəticələnib ki, oradan tarixən məskunlaşmış azərbaycanlıları, kürdləri, rusları və başqalarını qovaraq bu ölkəni monoetnik bir tərkibə salıblar və bu monoetnik tərkibli ölkənin rəhbərliyi Azərbaycan torpaqlarının bir hissəsini qəsb edib, ümumiyyətlə isə, bölgədə sülhə və təhlükəsizliyə ən başlıca əngələ çevrilib. Və əlbəttə ki, Azərbaycan torpaqlarının işğalı sinxron olaraq sıravi ermənilərin şüurunun da milliyyətçilik işğalında saxlanılması ilə davam etdirilir. Tolerantlığa, multikulturalizmə, millətlər və dinlərin dialoquna, birgəyaşayışına, yad cəmiyyətlərə aid başqa nümunələr də var. Bu nümunələrin olduğu coğrafiyalarda hansı faciələr, dağıntılar, fəsadlar baş verirsə, kommunikasiya texnologiyalarının inkişafı əsrində bunların hamısı dünyanın gözü qarşısında baş verir. Çoxmədəniyyətliliyi, mədəni yaxınlaşma və inteqrasiyanı aktuallaşdıran ən başlıca məqam isə sadəcə bunlara hər hansı sağlam alternativin olmamasıdır. Yenə də müqəddəs kitablara qayıdaraq deyim ki, Rəbbimiz xalqları və qəbilələri, onların mədəniyyətlərini ona görə yaratmayıb ki, bir-birilə toqquşsunlar. Əksinə, baxın bir Quran ayəsi nə deyir: “Ey insanlar, Biz sizi bir kişidən, bir qadından yaratdıq. Sizi xalqlar, qəbilələr eylədik tanışasız, bilişəsiz.” (14, 13).

3. Azərbaycan, İsveçrə və s. kimi çoxtərkibli etnik və çoxkonfessiyalı dini tərkibli ölkələrdə multikulturalizm ənənələri artıq tarixən formalaşmış bir reallıqdır. Siz bu səpkidə yeni reallıqların yaranması perspektivlərini necə dəyərləndirirsiniz?

- Bir müddət Amerikada Corctaun, Kalstate və Harvard universitetlərində həyat təcrübəsi keçmiş bir şəxs kimi deyə bilərəm ki, yeni multikulturalizm reallıqlarının yaranmasında qismətinə multikulturalizmi tarixən yaşamaq düşmüş xalqların nümunəsi əhəmiyyətli rol oynaya və uyğun modellər təklif edə bilər. Yeni mühacir qruplarının problemləri ilə üzləşən, bəzi hallarda islamofobiyadan əziyyət çəkən Qərb cəmiyyətləri üçün bu yeni reallıqların yaranması da aktuallaşmaqdadır. Və təsadüfi deyil ki, multikulturalizm indi artıq dünyanın bir sıra elmi dairələrində ən müxtəlif elmi istiqamətlərin predmeti kimi də araşdırılır. Və bu qəbildən araşdırmalara, şübhə etmirəm, qeyd etdiyim modellər də cəlb ediləcək.

İlham MƏMMƏDZADƏ, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun  direktoru:

1. Müxtəlif ölkə, sivilizasiya və mədəniyyətlərin  getdikcə genişlənən qarşılıqlı əlaqələri şəraitində  tolerantlıq problemi, fərqli mədəniyyət nümayəndələrinin dialoqu xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, başqalarından hali olmaq bizi daha səbirli  edir.  Böyüməkdə olan  nəsli  uşaq  yaşlarından tolerantlıq mədəniyyətinə, vətənpərvərliyə, özünə hörmət etmə və başqalarının dəyərlərinə ehtiramla yanaşmağa öyrətmək lazımdır. Texnologiyalar sahəsində pozitiv dəyişikliklərlə yanaşı qloballaşma həm də ciddi münaqişələrə, toqquşmalara səbəb olub. Özü də  sabitsizliyə məhz həmhüdud məkanlar  məruz qalıb. Söz Avropa və Asiya,  Avropa və Afrika, Asiya və Afrikanın kəsişdiyi sahələrdən gedir. Bu məkanlarda daha çox fərqli mədəniyyət və din təmsilçilərinin toqquşması baş verir.

Etiraf etmək lazımdır ki, bütün postsovet  ərazisi də məhz bu cür məkana çevrilib. Burada, Avrasiyanın geniş meydanında bir çox  “qaynar nöqtələr” vardır.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində  Azərbaycan   mənşəyindən, dini dəyərlərindən asılı olmayaraq vətəndaşların xeyrinə siyasətin həyata keçirildiyi, iqtisadiyyatın  inkişaf etdirildiyi  müstəsna sabitlik  adası  olmuşdur.

Bu iqtisadiyyat və siyasətin həyata keçirilməsində vətəndaşların ənənəvi, tarixən formalaşmış tolerantlığı mühüm rol oynayır. Azərbaycan müsəlman şiə  və sünnilərin, xristianların və bir çox digər etnos və konfessiya nümayəndələrinin bir-birinin adətlərinə, dəyərlərinə hörmət edərək, dostcasına yaşadığı  dünyanın  nadir ölkələrindən biridir. Fəqət biz əsasən tolerantlıq dəyərlərini qəbul etmədiyindən, öz problemlərini zorakılıq yolu  ilə həll etməyə çalışdığından  hələ XX əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı təcavüz etmiş ölkə ilə qonşuyuq.

2. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır. Azərbaycanda hər il müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya meydançasına  çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyətinə, digər tərəfdən isə alimlərin elmi  araşdırmalar, ideyalar mübadiləsi aparmasına imkan yaradır. Forumun nailiyyətləri sırasına ölkə Prezidentinin fərmanı ilə həm çoxmədəniyyətlilik problemlərinin təhlilinə, həm də onun Azərbaycan modelinin təbliğinə kömək edəcək və artıq bunu edən Multikulturalizm Mərkəzinin açılması da daxil  oldu.

3.  Fikrimizcə, bizim multikulturalizm modelinin, alimlərimizin tədqiqat işlərinin təcrübəsi başqa ölkələr üçün  ciddi maraq kəsb edir. Hər halda, alimlərin bizim Forumda iştirakı bu marağın ciddi təzahürüdür. Tanınmış xarici alimlərin bizim modelin əhəmiyyəti barədə, müasir şəraitdə ənənəvi multikulturalizm və tolerantlığın davam etdirilməsinin əhəmiyyəti haqqında çoxsaylı məqalələri vardır. Biz hesab edirik ki,  alim və  siyasi xadimlərimiz dünyada multikulturalizm üzrə aparılan bütün diskussiyalarda fəal iştirak etməlidirlər.

Letizia Reuss, ictimai xadim: 

1. “Beynəlxalq Tolerantlıq Günü”nün yaradılması onun vacibliyini vurğulayır və bu gün dünya xalqları arasında tolerantlığın ruhuna uyğun  olaraq müzakirələrin və tədbirlərin keçirilməsi üçün bir stimul yaradır. Ümid edək ki, bir gün insanlıq tolerantlıq dövrünə qədəm qoyacaqdır.

Qeyri-tolerantlıq əslində tarixdən də tez-tez göründüyü kimi, sinonim anlayış olan fanatizmə gətirib çıxarır. Biz qeyri-tolerantlığın və fanatizmin kökünü tapıb çıxarmalıyıq.

 2. İqtisadi inteqrasiya, mədəni və ticari qloballaşma partlayışı mədəni identikliyin itməsinə və siyasi diskriminasiyaya  gətirib çıxardı. Milliyətçiliyin genişlənməsi dünyada müharibələrə və fərqli 36 avtonom regionda müstəqillik mübarizəsinə rəvac verdi. Ümumiyyətlə, qeyri-tolerantlıqla mübarizənin bir neçə yolu vardır. Tolerantlıq fərqli fikri razı olmasan belə qəbul etməkdir. Multikulturalizm qarşılıqlı hörmət şəraitində birgə yaşayış, digər mədəniyyətlərin legitim mövcudluğu və ailə  üçün belə çox vacibdir. İnterkulturaılizm isə məncə, bir addım daha o tərəfdir. Multikulturalist həll yollarından biri fərqli qruplar arasında kontakdır. Kommunikasiya əsas açardır.

3. Əlbəttə, Azərbaycan multikulturalizmin tarixi  kökünə malik olan ölkə kimi həm Avropanın mərkəzi məkanlarından biri, həm də islam paytaxtı olaraq geopolitik mövqeyə malikdir. Eləcə də İsveçrə həm dostluq, həm də neytral ölkə kimi multikulturalizm sahəsində gözəl örnəkdir. Bu baxımdan, Tanzaniya da özünün 45 milyonluq əhalisi və 125 milli və dini tərkibli qrupu ilə nümunə kimi çıxış edə bilər. Diqqəti çəkən ən mühüm məsələ isə ondan ibarətdir ki, Tanzaniya Azərbaycan və İsveçrədən fərqli olaraq, iqtisadi cəhətdən çox inkişaf etməyib.

Marco Ronilac:

1. Mən hesab edirəm ki, beynəlxalq təşkilatların qeyri-tolerantlıq probleminin fərqində olmaları çox vacibdir. Buna görə də ayrıca bir günün tolerantlığa həsr olunmasını çox mühüm addım hesab edirəm. Əslində tolerantlıq həyat üçün bir yoldur. Bu gün sadəcə müzakirələr etmək azdır və qeyri-tolerantlığın dünyada səbəblərinin öyrənilməsi də çox vacibdir. Bunun ən əsas faktorları iqtisadi böhranlar, kasıblıq və siyasi stabillik məsələsidir.

2. Bunun ən mühüm səbəblərindən biri kimi dünyanın müxtəlif bölgələrində böyük sayda miqrasiya hallarının olmasıdır. Bundan başqa, həmin qaçqınları qəbul edən dövlətlərdə iqtisadi böhranlar yaşanmağa başlayır. Gözləntilər və ümidlərin reallıqda toqquşması onlar arasında bir boşluq yaradır. Bu isə qeyri-tolerantlığın yaranmasına səbəb olur.

3. Əlbəttə, xüsusilə mədəni müxtəlifliyin bir adət kimi formalaşdığı ölkə və regionlarda mümkündür. Qeyri-tolerantlıqla mübarizədə bizə yeni ideyalar və addımlar lazımdır.  Ümid edirəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bunun üçün öz töhfəsini verəcəkdir.

Gianfranco Coffele, Pontifical Salesian Universitetinin vitse-prezidenti:

1. Çox təəsüflə qeyd etməliyəm ki, bu gün əslində o qədər də tanınmır.Biz əlimizdən gələni etməliyik ki, Tolerantlıq günü həqiqətən reallığa çevrilsin. Qeyri-tolerantlığın səbəbləri çox müxtəlif və dünyanın müxtəlif yerlərində hətta genetikdir. Məncə, bunun arxasında bir sıra iqtisadi, mədəni və dini faktorlar vardır. Ümumiyyətlə, ədalət anlayışı, ədalətsizliklə paraleldir və hər dəfə qeyri-tolerantlıq xeyli sayda insanların hüquqsuz olmalarını üzə çıxarır. Biz dərimizin rənginin fərqindən asılı olmayaraq ədalət anlayışını dəstəkləməliyik. Hər bir insan mənim qardaşımdır. Mən ona hörmət və kömək etməliyəm. Mənim üçün qeyri-tolerantlığın ən böyük formalarından biri də çox ölkələrdə qadınlara qarşı olan və yalnız qadın olduğu üçün  məruz qaldığı diskriminasiyadır.

2. Son dövrlərdə tolerantlıq anlayışının çox müzakirə olunmasının səbəblərindən biri də bir çox sahələrdə onun çatışmadığını hiss etməyimizdir.Əslində digər dinlərin və xalqların nümayəndələrinə bizim dediyimizdən və gördüyümüzdən daha çox qeyri-tolerant münasibət var. Normalda biz fərqli insanı zənginlik kimi deyil, özümüzə təhlükə kimi qəbul edirik.

3. İcazə verin, sizə olan dərin hörmətimə rəğmən qeyd edim ki, Azərbaycanda müsbət örnəklər vardır, amma bunu daha da inkişaf etdirmək lazımdır. Digər ölkələrdə isə əsl və davamlı tolerantlıq üçün çox addımlar atılmalıdır. Əlbəttə, sizin ölkə kimi müsbət nümunələr tolerantlığa çatmaq üçün yüksək stimul yaradır.

Professor Klaus Wolf, almanşünas və dinşünas, Augsburg Universiteti: 

1.  Mən Beynəlxalq Tolerantlıq gününün əhəmiyyətini çox mühüm hesab edirəm və fikrimcə, qeyri-tolerantlığın əsas səbəbləri sosail ədalətsizlik və yoxsulluqdur.

2.  Son zamanlar İŞİD-ə qarşı aparılan müharibə dini tolerantlığın nə qədər önəmli olduğunu bir daha göstərdi.

3. Mənim öz ölkəmdə, Almaniyada da müxtəlif dinlər və müəyyən dərəcədə milli-etnik cəmiyyətlər  mövcuddur. Ancaq bu günə kimi bu sahəni çox dərindən öyrənməmişik. Biz bu gün Azərbaycanda mövcud olan multikulturalizm ənənənlərindən daha çox şey öyrənməliyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında