Son zamanlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqlar intensivləşib. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, habelə, hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə ediblər. Tərəflər qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər. Təəssüf ki, Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb.
Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun təmas xəttini pozan cəhd edən düşmən hərbi helikopterinin vurulması cəmiyyətimizdə müsbət qarşılandı və böyük ruh yüksəkliyi yaratdı. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gün idi ki, təxribat xarakterli uçuşlar həyata keçirirdi. Əslində isə məqsəd Azərbaycan ordusunun maddi-texniki nöqtələrini dəqiqləşdirmək və hədəfə almaq idi.
Burada Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikri yerinə düşür: “Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər”. Lakin bütün bunlara baxmayaraq ordumuzun əsgəri öz ayıqlığı ilə ermənilərin növbəti təxribatına imkan vermədi. İçində 3 düşmən hərbçisinin olduğu helikopter məhv edildi. Müdafiə Nazirliyi igidlik göstərən hərbçini mükafatlandırdı. Ermənistan rəsmiləri isə baş verən hadisəni və itkiləri təsdiqlədilər.
Hadisə həm yerli, həm də dünya mətbuatında əks-səda doğurdu. Ən maraqlı məqam isə düşmən helikopterinin məhv edilməsinin sosial şəbəkələrdə geniş müzakirə mövzusunua çevrilməsi oldu. Xalqın, cəmiyyətimizin, xüsusilə, gənclərimizin döyüş əhval-ruhiyyəsinin yüksək olması nəzərdən qaçmadı. Xalq dövlətin gücünə, dövlət isə xalqın iradəsinə bir daha əmin oldu. Şübhəsiz ki, milli ordumuzun öz gücünü göstərməsi hələ qarşıdadır. Sülh danışıqları nəticə verməsə, hər an Ermənistan hərbi birləşmələri bu cür məğlubiyyət acısı yaşaya bilərlər.
Milli Ordumuzun gücləndirilməsi və modernləşdirilməsinin əsası ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra qoyulmuşdur. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də uğurlara nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.
Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmləndirilməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti, haqlı olaraq, ordusunun imkanlarını genişləndirir, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi sənayesini daha da inkişaf etdirir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir, ordu quruculuğunun bizim üçün ən başlıca, ən prioritet sahə olduğunu bir daha sübut edir. Çünki hər bir ölkənin özünü müdafiə hüququ var. Bu hüquq, əslində, Azərbaycan üçün əksər ölkələrdən daha çox olmalıdır. Ölkəmizin 20 faiz torpağı Ermənistan tərəfindən 20 ildən çoxdur ki, işğal altında saxlanılır. Biz müharibə şəraitində yaşadığımız üçün ordumuzun təkmilləşdirilməsi çox böyük əhəmiyyətə malik olan məsələdir.
Prezident İlham Əliyevin sonuncu hərbi paraddakı çıxışında qeyd etdiyi kimi, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar və qətnamələrini qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır.
Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli, əlbəttə ki, siyasi yollardan keçir.
Dövlət başçımızın sözləri də əslində, böyük tarixi reallıqdan irəli gəlir. Vaxtilə havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarında dövlət yaradan və sonra yenə də bizim torpaqlarımız hesabına onu genişləndirən ermənilər indi də Dağlıq Qarabağ və ətrafındakı rayonlarımıza göz dikmişlər və onları özününküləşdirmək niyyətindədirlər. Lakin bir şeyi unudurlar ki, o zaman havadarlar var idi və Azərbaycan müstəqil dövlət şəklində mövcud deyildi. İndi isə Ermənistanın arxasında dayanan qüvvələrin özü də Azərbaycanla hesablaşır, ölkəmizlə dostluğa, əməkdaşlığa can atır. Çünki anlayırlar ki, Ermənistanın heç bir gələcək perspektivi yoxdur. Azərbaycan isə əksinə, günü-gündən inkişaf edir, müstəqilliyini daha da möhkəmləndirir.
Əlbəttə, danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, artan potensialımız mövqeyimizi möhkəmləndirir və Ermənistan ordusunun istənilən diversiya və ya təxribatlarına layiqincə cavab verir. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. Elə təkcə bu hüquq bizə əsas verir ki, öz torpağımızı istədiyimiz an azad edək.
Dövlət başçısı öz çıxışında ordumuzun xərcləri ilə bağlı maraqlı statistika vermişdi. O qeyd etmişdi: “Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərik ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur.”
Bəli, Azərbaycanın sahib olduğu silahlar yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malikdir. Son illərdə yüzə yaxın döyüş və nəqliyyat helikopteri alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Sevindirici hal odur ki, bu proses inamla davam etdirilir.
Müqayisə üçün deyə bilərik ki, Ermənistanın bütün büdcəsi iki milyard dollara yaxındır. Yəni, bizim təkcə hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə dövlət xərclərindən təxminən iki dəfə çoxdur.
Prezident İlham Əliyev öz çıxışında inamla bildirmişdi: “Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz, sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.”
Dövlətimizin yürütdüyü bu sülh siyasətindən ən çox sui-istifadə edən Ermənistan və bəzi beynəlxalq təşkilatlardır. Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir və bu ölkədə, sanki, bir arxayınlıq yaranıb ki, Azərbaycan ona heç vaxt hücum etməz. Beynəlxalq təşkilatlar isə Azərbaycana qoyulan investisiyalar və öklkəmizin icra etdiyi böyük regional neft-qaz layihələrinə görə müharibə etməyəcəyini zənn edir və münaqişənin həll olunması üçün ciddi fəaliyyətə keçmirlər. Lakin Azərbaycan, əlbəttə ki, boşuna silahlanmır, əbəs yerə hərbi sənayesini inkişaf etdirmir. Bunun əsas məqsədi düşmənin gələcək şıltaqlıqlarına layiqli cavab vermək və əzəli torpaqlarını qısa müddətdə azad etməkdir.
Beynəlxalq təşkilatlar ikili standart siyasət yürütməklə Azərbaycanı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilməzlər. Bunu dövlət başçımız da dəfələrlə bəyan etmişdir: “Tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır”.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.