Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq baxımından əhəmiyyətlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb.
Viktor ORBAN
Macarıstanın Baş naziri
Azərbaycanın dünya birliyindəki mövqeləri getdikcə güclənir. Dövlət başçısının xarici səfərləri zamanı və ölkəmizdə səfərdə olan rəsmi qonaqlarla imzalanmış sazişlər bu əlaqələri daha da genişləndirir, ikitərəfli əməkdaşlığı möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfəri çərçivəsində keçirilmiş görüşlər, həmçinin, imzalanmış sənədlər də qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasından xəbər verir. Onu da qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Macarıstana üçüncü səfəridir. Hər dəfə imzalanan sənədlər iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmişdir.
Bir faktı yada salaq. Macarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. Göründüyü kimi, bu ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il noyabrın 27-də yaradılmışdır. 2004-cü ilin sentyabr ayından Azərbaycanın Macarıstanda səfirliyi açılmış, 2009-cu il yanvarın 12-də isə Macarıstan Respublikasının Bakıdakı səfirliyi fəaliyyətə başlamışdır.
Ötən müddət ərzində ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələr qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanla Macarıstan arasında bu vaxta qədər çoxlu sayda sənəd, o cümlədən, iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması və digər sazişlər imzalanmış, əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilmiş, İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılmış, o cümlədən, nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində də sənədlər müzakirə mərhələsinə gəlib çatmışdır.
İki dost ölkə arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Son məlumata görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40 faizdən çox artmışdır. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır.
Macarıstan rəsmiləri də ölkəmizə səfərləri zamanı ikitərəfli əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə etmişlər. Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, heyvandarlıq və digər sahələrdə uğurlu əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etmişdir. Bu əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu diqqətə çatdırılmış və bundan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanmışdır. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlər zamanı iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişafı imkanları, o cümlədən, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədə olmuşdur.
Dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına təkan vermişdir. Hökumətlərarası Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun səmərəli fəaliyyəti, Şuşa ilə Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin açılması, Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanılması, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi və digər sahələrdəki əlaqələr Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının göstəriciləridir. Qeyd edək ki, Azərbaycan Prezidentinin budəfəki işgüzar səfəri zamanı da iki ölkə arasında bir sıra sahələri əhatə edən sənədlər imzalanmışdır.
Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri macar xalqı tərəfindən böyük maraqla izlənilirdi. Bu ölkənin Baş naziri Viktor Orban mətbuata verdiyi bəyanatda da bunu təsdiqləyərək demişdir: “Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür”. Baş nazir Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri çərçivəsində hər iki dövlət başçısının iştirakı ilə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və bu sənədlərin əməkdaşlığın daha da mökəmləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır: “Aydındır ki, bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir. Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir”.
V.Orban Macarıstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O, ümid etdiyini bildirib ki, bu gün imzalanmış sənədlər münasibətlərin inkişafına təkan verəcək. Baş nazir onu da bildirib ki, Azərbaycan Avropanın enerji təminatı baxımından vacib ölkədir.
Baş nazir bu ölkənin iqtisadi yüksəlişini də gündəmə gətirib və qeyd edib ki, Macarıstanda iqtisadi artım 3 faiz təşkil edir. Ardınca Azərbaycan iqtisadiyyatının sürətlə artdığını diqqətə çatdırıb: “Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir”. Macarıstan rəsmisi bildirib ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq bundan sonra müxtəlif sahələr daha da inkişaf etdiriləcək. İki ölkə arasında ticarət dövriyyəsinin artdığı da vurğulanmışdır. Əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsində potensialın daha böyük olduğunu qeyd edən Baş nazir imzalanmış sənədlərin bu işdə böyük rol oynayacağını bildirmişdir. O, əminliklə demişdir ki, bu sənədlər bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir.
V.Orban iki ölkə arasında əməkdaşlığın tərkib hissələrindən birinin də təhsil sahəsinin olduğunu diqqətə çatdıraraq 200 azərbaycanlı tələbənin Macarıstanda təhsil almaları üçün hər cür şəraitin yaradılacağını bəyan edib. Hətta, həmin tələbələrin təqaüdlərinin Macarıstan tərəfindən ödəniləcəyi bildirildi.
Macarıstanda yenidən olmağından çox məmnun qaldığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərin, aparılan fikir mübadiləsinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Dövlətimizin başçısı demişdir ki, bütün bunlar bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır: “Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır. O ki, qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də, əslində, bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir”.
Azərbaycan Prezidenti qeyd etmişdir ki, iki ölkə arasında imzalanmış sazişlər ticarət dövriyyəsinin artmasına da imkan yaradacaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması və energetika sektorundakı əməkdaşlıq - bütün bunların hər iki ölkə üçün prioritet olacağı bildirilmişdir.
Enerji resurslarından söhbət açan Azərbaycan Prezidenti demişdir ki, bu sahədə də iki ölkə arasında əməkdaşlıq üçün çox gözəl imkanlar var: “ Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində, bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində, bu enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan–Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır”.
Humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev 200 azərbaycanlı gəncin Macarıstanda təhsil alacağı zaman bu ölkənin qədim tarixini yaxından öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Azərbaycan Prezidenti demişdir ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir.
Azərbaycan Prezidenti Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Televiziyasına müsahibə vermişdir. Dövlətimizin başçısı son on il ərzində qazanılan uğurlar barədə məlumat vermiş, ölkəmizin dünya birliyində reytinqinin yüksəlməsindən söhbət açmışdır. Tamaşaçılara da bəlli olmuşdur ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir. Həmçinin vurğulanmışdır ki, hazırda ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Azərbaycan Prezidenti Avropa İttifaqına üzv olan dövlətlərlə strateji əməkdaşlıq, enerji təhlükəsizliyində Azərbaycanın gələcək prioritetləri, Azərbaycan və Macarıstanın bir-birinin sərmayələrindən necə faydalanacaqları barədə verilən suallara ətraflı cavab vermişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.