Hazırda dünyada yeni nəslin mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsi məsələsi aktuallaşıb. Cəmiyyətin müxtəlif sahələrində və beynəlxalq miqyasda müşahidə edilən ziddiyyətli, mürəkkəb və bir çox aspektlərdə müəmmalı proseslər göstərir ki, gənclərin tərbiyəsi böyük önəm kəsb edir. Hətta dünyanın aparıcı ölkələrində belə bu məsələ ciddi problem kimi qarşıda durur. Bu kimi məqamlar dövlətlər üçün gənclər siyasətinin prioritet olması zərurətini ortaya qoyur. Gənclər siyasəti üzrə birinci qlobal forumun Bakıda keçirilməsi, təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi və təsdiqidir. Tədbirdə müzakirə olunan məsələlər bu qənaəti tam sübut etdi.
Proqnozlaşdırılan gələcək: təhsil, mədəniyyət, elm...
“Stratfor”un qurucusu Corc Fridman XXI əsrdə cəmiyyətlərin həyatında əsas rolu gənclərin oynayacağını proqnozlaşdırır. Bu, daha çox demoqrafik göstəriciləri müsbət olan ölkələrə aiddir. Dünyanın bir sıra regionlarında baş verən hadisələr amerikalı ekspertin tezisinin əsaslı olduğunu sübut etməkdədir. Bizcə, burada üç mühüm faktoru da vurğulamaq olar.
Birincisi, siyasi idarəetmə fəlsəfəsi və üsulu yeniləşir. İkincisi, sürətli elmi-texnoloji yeniliklər keyfiyyətcə fərqli sosial-mədəni mühit formalaşdırır. Üçüncüsü, gənclər cəmiyyətin ən dinamik təbəqəsidir. Bunlar ayrıca bir ölkənin daxili siyasi, iqtisadi və mədəni vəziyyəti ilə qlobal miqyasda özünü göstərən amillərin sıx əlaqəsindən qaynaqlanır. Həmin kontekstdə oktyabrın 28-dən 30-dək Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun böyük əhəmiyyəti vardır.
Heç şübhəsiz, belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsi ciddi uğurdur. BMT-nin Baş katibi Pan Gi Mun forum iştirakçılarına videomüraciətində vurğulayıb: “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir...”.
Cənubi Qafqazda öz müstəqil mövqeyi, sürətli iqtisadi inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər tədbirlərin məkanı olan Azərbaycanın həm də beynəlxalq nüfuzu yüksəlir. Dünyanın 80 ölkəsindən 700-dən artıq gəncin Bakıda dünya əhəmiyyətli problemləri müzakirə etməsi, bütün bunlara görə tamamilə məntiqlidir. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi bundan qürur duymaq lazımdır.
Tədbirdə dövlət başçısının çıxış etməsi ayrıca əhəmiyyəti olan bir hadisə olub. Prezident İlham Əliyevin forumda söylədiyi nitqində gənclərin müasir cəmiyyətdə oynamalı olduqları rol dəqiq ifadə olunub. Məsələyə lokal, regional və qlobal miqyasda müşahidə edilən proseslərin qarşılıqlı əlaqəsi aspektində diqqət yetirən ölkə rəhbərinin dərin və geniş təhlilləri, inandırıcı proqnozları böyük maraq doğurub.
İlham Əliyev nitqində vurğulayıb ki, “siyasətimizin sosial sahəsi vacibdir”. Ölkədə bu istiqamətdə həyata keçirilən çox səmərəli proqramların əksəriyyəti gənclərlə bağlıdır. Bu da təsadüfi deyil, çünki Azərbaycan rəhbərliyi cəmiyyətin gələcəyini düşünür, müstəqil dövlətçiliyin daim etibarlı əllərdə olması üçün ilk növbədə yeni nəslin qayğısına qalır.
Prezidentin forumda təhsil, idman, mədəniyyət, elm, incəsənət kimi sahələrin prioritet olmasını xüsusi vurğulaması həmin məqamla əlaqəlidir. Prezident İlham Əliyev çıxışının bir yerində söyləyib: “...Biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər... Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır”.
Bu fikirlər düşünülmüş inkişaf konsepsiyasının vacib tezislərini ifadə edir. Azərbaycan rəhbərliyi təbii sərvətlərə, mineral ehtiyatlara əsaslanan tərəqqi yolunu deyil, intellektual potensialın milli inkişafın əsas stimulverici qüvvəsinə çevrilməsini təmin edən modeli seçib. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, bu, ən səmərəli üsuldur. Elm və texnoloji yeniliklər müasir cəmiyyətin dinamikasında mərkəzi yer tutur.
Daxili siyasətin prioritetlərindən olan bu məqamlar Azərbaycan cəmiyyəti üçün iki aspektdə əhəmiyyət daşıyır. Əvvəla, cəmiyyətdə sürətlə müasirləşmə prosesi gedir. Hazırda ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələr üzrə islahatların tempi artıb. İkincisi, bu prosesdə gənclərin yeri və rolu getdikcə artır. Sonuncu məqam forumda müzakirə olunan məsələlərlə sıx bağlıdır. Prezident İlham Əliyev dünyada dialoqun, əməkdaşlığın, ədalətin və qarşılıqlı hörmətin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq, siyasətçiləri bu prinsiplərə əməl etməyə səsləyib. Gənclər gələcəyin liderləri olduqları üçün bu çağırışın ilk növbədə onlara aidiyyəti vardır. Xüsusilə, dövlət başçısının müasir dünya siyasətinin ən aktual məsələlərini dəqiq və dolğun xarakterizə etməsi fonunda bu, kifayət qədər maraqlı görünür.
Siyasət: təhlükəsizlik və sabitliyin təmini şərtləri
Ölkə rəhbəri çıxışında deyib: “Dünya terrorçuluğa qarşı mübarizədə, beynəlxalq hüququn və ədalətin müdafiəsində bir yerdə olmalıdır”. Bu fikir təsadüfdən formalaşmayıb. Təcrübə göstərir ki, müasir dövrdə sözdə ədalətdən, bərabərhüquqluluqdan, beynəlxalq tənzimləmə mexanizmlərinin obyektivliyindən danışılır, ancaq reallıqda fərqli mövqelər tutulur. Bunu Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq siyasətinə olan münasibətdə də görmək olar.
Prezident İlham Əliyev isə məsələyə hər bir ölkənin həm daxilində, həm də sərhədlərindən kənarda eyni dərəcədə təhlükəsizlik və sabitlikdə maraqlı olmasının zərurəti müstəvisində yanaşır. Etiraf etmək lazımdır ki, bu, həm dərin məntiqi, həm də yüksək səmərəsi olan mövqedir. Çünki sözün həqiqi mənasında müstəqil, demokratik, güclü və ədalətli dövlət daxildə bir, xaricdə başqa siyasət yeritməməlidir. Hər iki miqyasda sabitliklə yanaşı, təhlükəsizlik də əsas yer tutmalıdır. Azərbaycan Prezidenti bu kontekstdə vurğulayıb: “Axı siz ayrıca adada yaşamırsınız, sizin qonşularınız var. Ona görə biz öz sərhədlərimizdən kənarda, o cümlədən daxildə - Azərbaycanda proqnozlaşdırılan və sabit vəziyyətin olmasında maraqlıyıq. Biz regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu cür yanaşırıq”.
Onu da demək gərəkdir ki, ekspertlər dövlət başçısının bu mövqeyini yüksək qiymətləndirir, onu dünya miqyasında səmərə verə biləcək siyasətin nümunəsi hesab edirlər.
Daha sonra Prezident xüsusi olaraq qeyd edib ki, beynəlxalq hüquq dünya ölkələrinin hər birinə eyni dərəcədə şamil edilməlidir. “Ədalət hamı üçün olmalıdır... Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla bilər”. Burada geosiyasi baxımdan çox əhəmiyyətli olan üç amil - hüquqi bərabərlik, ədalətli mövqe və proqnozlaşdırma imkanlarının olması bir-biri ilə vəhdətdə təqdim edilib.
Azərbaycan dövlət olaraq tam proqnozlaşdırıla bilən daxili və xarici siyasət yeridir. Onun regional əməkdaşlığa və siyasi dialoqa həmişə hazır olmasının kökündə bu məqam durur. Eyni vəziyyətin bütün dünyada yaranması sabitlik və təhlükəsizliyin təməlidir.
Bütün bunlar forumun tarixi dəyərini göstərməklə bərabər, Azərbaycan gənclərinin hansı ruhda tərbiyə olunduğunu da göstərir. Onlar əməkdaşlığa və dialoqa hazır olan kadrlar kimi formalaşırlar. Tədbirdə iştirak edən yüzlərlə xarici həmyaşıdları ilə qurduqları ünsiyyət gələcəkdə səmərə verə bilər. Xaricdən gələn iştirakçılar azərbaycanlı gənclərin mənəvi-əxlaqi keyfiyyətləri haqqında düzgün təsəvvür əldə etməklə, böhtan atanların yalan danışıqlarına artıq inanmayacaqlar. Azərbaycanda yetişən gələcək liderlərin siyasi hazırlığının, fərqli mədəniyyətlərə dərin hörmətlərinin canlı şahidi olanlar bizim xalqın dostları olacaqlar. Bunu indidən əminliklə demək olar.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.