Əsas qanunverici aktın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıb. Vətəndaşlar əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf etdiriləcək, onun dünya siyasətində rolu daha da güclənəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş Konstitusiya qəbul etdik.
Heydər ƏLİYEV
Ümummilli lider
XX əsrdə ikinci dəfə əldə etdiyimiz və ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində möhkəmləndirdiyimiz dövlət müstəqilliyimizin Azərbaycan xalqına bəxş etdiyi xoşbəxtlik və səadətin ölçüyəgəlməzliyi barədə çox yazılıb, çox danışılıb. Eyni zamanda, bu istiqlaliyyətin əbədiləşdirilməsi uğrunda apardığımız mücadilə də minlərlə əsərin mövzusuna çevrilib. Bütün Türk dünyasının çox tanınan və sevilən ziyalılarından olmuş İhsan Doğramacının bizim mücadilə tariximiz barədə söylədiyi fikirlər isə indi haqqında söz açdığımız məsələyə münasibət bildirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
O demişdir: “Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu barədə danışarkən yüzlərlə arqumenti yada salsaq, bəs etməz. Amma iki məqam var ki, onların yada salınması Heydər Əliyevin siyasi müdrikliyinin təsdiqi kimi səslənər. Birincisi, Yeni Azərbaycan Partiyasının yaradılmasıdır ki, bu partiya ölkə əhalisinin ali təbəqəsini bir araya gətirdi və bir amal uğrunda mücadiləyə cəlb etdi. İkincisi isə, Yeni Azərbaycan Konstitusiyasının məhz bu şəkildə qəbul edilməsidir. Bu Anayasa Avropaya və dünyaya sübut etdi ki, Azərbaycan dövləti, sözün həqiqi mənasında, demokratiyanın ən ali nümunələrini formalaşdırmaq əzmindədir”.
Böyük alimin yüksək qiymət verdiyi Azərbaycan Konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbləri və çağırışları nəticəsində siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdu. Ümummilli liderin rəhbərliyi ilə başlanan hərtərəfli islahatların tərkib hissəsi olan hüquq islahatları artıq ölkəmizdə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini reallaşdıran yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu Konstitusiya dövrün tələblərinə cavab verməli, milli maraqları, Azərbaycanın özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi. Ulu öndər bu Əsas Qanunun işlənilib hazırlanmasına nəinki xüsusi önəm verirdi, hətta həmin prosesə bilavasitə rəhbərlik edirdi.
Hələ 1994-cü ilin iyul ayında parlamentdə məhz ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alınmışdı. Üstəlik, layihə xalqın açıq müzakirəsinə çıxarılmışdı ki, səsvermə zamanı bütün seçicilər nəyə və nə üçün səs verdiklərini bilsinlər. Layihənin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər iş prosesində onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. Ulu öndərin qətiyyəti belə idi : “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Müstəqilliyimizə əbədilik qazandırmağa çalışan Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm xalqımızın milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Heydər Əliyev bütün digər sahələrdə olduğu kimi, bu məsələdə də öz məqsədinə yüksək səviyyədə nail oldu.
1995-ci il noyabrın 12-də ölkəmizdə parlament seçkiləri və ilk Konstitusiyanın qəbul edilməsi məsələsi bir səsvermə ilə həll olundu. Azərbaycan xalqının həmin səsvermədə nümayiş etdirdiyi mütəşəkkillik haqqında fikir səsləndirməyə ehtiyac yoxdur. Sadəcə onu demək kifayətdir ki, xalq özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Sənədin layihəsi ilə hamının əvvəlcədən tanış olması səsvermə prosesində xüsusi əhəmiyyət kəsb etdi.
Bu səsvermə müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi qiymətləndirilirdi. Müstəqillik tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan 1995-ci il Əsas Qanununun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.
Heydər Əliyev Konstitusiyasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verilməsi xalqımız kimi əcnəbilər tərəfindən də birmənalı şəkildə qəbul olunurdu. Həmin amil isə ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının əsas göstəricilərindəndir. Yeni Konstitusiyamız ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alır, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirirdi. Hüquq ekspertlərinin fikrincə, Azərbaycan Konstitusiyasının ali məqsədi - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Avropalı mütəxəssislərin fikrincə, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratik ideallara sadiqliyinin göstəricisidir.
Hələ 1995-ci ilin payızında ulu öndər demişdi ki, zaman keçdikcə, Azərbaycan dövləti inkişaf etdikcə Əsas Qanunumuzda da bəzi dəyişikliklər edilə bilər. Birinci ona görə ki, dünyanın bütün ölkələrində əsas qanunların zamanın tələbləri ilə təkmilləşdirilməsi aparılır. İkinci səbəb isə odur ki, öz dövlət müstəqilliyinə yenicə qovuşmuş ölkənin qarşısında duran məqsədlərlə 10-15 il müstəqilliyi olan ölkənin məqsədləri eyni ola bilməz. Təbii ki, ölkənin qarşısında duran məqsədlər məhz Əsas Qanunla müəyyən edilir. Odur ki, 2003-cü ilin payızından etibarən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya, bütövlükdə, respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi.
Yəni sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və onu daha da təkmilləşdirməyi zəruri etdi. Məhz o səbəb üzündən 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Əsas Qanunumuza edilən dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət edirdi. Bundan başqa, dəyişiklik və əlavələr Konstitusiyanın müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilirdi.
Xatırladaq ki, 1995-ci ildən sonra ölkəmizdə iki konstitusiya islahatı aparılıb. Hələ 2002-ci ildə keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi Əsas Qanunumuzda da bəzi dəyişikliklərin edilməsi zərurətini yaratmışdı. Ona görə də yuxarıda qeyd etdiyimiz 2009-cu il referendumu reallaşdırılmışdı. 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi təsdiqlədi ki, Azərbaycan seçicisi Konstitusiyaya edilən dəyişiklikləri həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir.
Həm 1993-2003-cü illərdə, həm də 2003-cü ildən sonrakı dövrdə ölkəmizdə həyata keçirilən islahatlar demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin formalaşmasına, konstitusiya nəzarəti funksiyasını həyata keçirən xüsusi məhkəmə orqanının yaradılmasına, insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində işinin genişləndirilməsinə, insan hüquqlarının təmin edilməsi sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib çıxarmışdır.
Bir sözlə, Heydər Əliyev siyasi müdrikliyi və Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan xalqı dünya xəritəsinə sivil, demokratik və dünyəvi bir dövlət bəxş etmişdir. Bu dövlət BMT Təhlükəsizlik Şurasına və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrlərdə sübut etmişdir ki, gənc müstəqil Azərbaycan Respublikası təkcə öz ərazisində deyil, eləcə də bütün dünyada sülhün, ədalətin və demokratiyanın bərqərar edilməsinə öz layiqli töhfələrini verir. Dünya ictimaiyyəti bu töhfələri hələ çox görəcəkdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.