Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında apardığı “erməniləşdirmə” siyasəti

BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsi və gerçək vəziyyət

Əslində, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siysəti apardıqlarını danmırlar. Sadəcə olaraq, hər vəchlə bu məsələnin beynəlxalq qurumlarda müzakirəsinə mane olur, yalan arqumentlərlə cavab verməkdən yayınırlar. 2004-cü ildən etibarən bu layihələr bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edilib. Bu, Azərbaycan üçün həm də Ermənistanın işğalçı dövlət elan olunması, deyilənlərin təsdiqini tapması baxımından gərəkli, prinsipial məsələ olmuşdur.

2004-cü ildə Azərbaycanın ilk dəfə BMT Baş Məclisində işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma, qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin dağıdılması və digər fəaliyyətlər barədə məsələni müzakirəyə çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bu vəziyyəti araşdırmaq üçün xüsusi missiya yaradıb və hesabatı müzakirəyə təqdim edib.

ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqları təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi.

ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Azərbaycan XİN bəyan edib ki, Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsinin missiya tərəfindən təsdiq olunması xüsusi narahatlıq doğurur. Belə ki, əvvəllər burada ümumiyyətlə ermənilər yaşamayıb.

Azərbaycan XİN bəyan edib ki, ATƏT missiyasının regiona göndərilməsi BMT Baş Məclisinin prinsipial mövqeyi sayəsində mümkün olub. Bəyanatda qeyd olunub ki, bu missiya Azərbaycan ərazilərinin işğal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi vaxtdan bəri ilk dəfə həyata keçirilib. Minsk qrupu həmsədrləri Faktaraşdırıcı Missiyanın hesabatı ilə yanaşı, məktub da yayıblar. Məktubda həmsədrlər işğal olunan torpaqlarda ermənilərin məskunlaşdırılması prosesinin dayandırılması, regionun demoqrafik strukturunda dəyişikliklərə son qoymaq tələbləri ilə çıxış ediblər və donor ölkələri məskunlaşmış əhalinin Ermənistana qaytarılmasına yardım göstərməyə çağırıblar. Həmsədrlər xüsusi vurğulayıblar ki, bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin illik sessiyası zamanı Azərbaycan növbəti dəfə işğal altındakı ərazilərdəki vəziyyət barədə qətnamə layihəsini müzakirəyə çıxarıb. Layihənin səsvermədən keçməsi şanslarının kifayət qədər yüksək olmasını nəzərə alan Ermənistan işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün ATƏT-in Minsk qrupu tərəfindən daha geniş mandatlı Sahə Qiymətləndirmə Missiyasının bu ərazilərə səfər etməsinə razılıq verib. Minsk qrupunun həmin il yaradılmış Sahə Qiymətləndirmə Missiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində bölgədə olub. İkinci beynəlxalq missiya da məskunlaşdırma siyasətinin davam etdiyini təsdiqləyib.

Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb. Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qanunsuz şəkildə məskunlaşmış ermənilərin sayı missiya tərəfindən təqribən 14 min nəfər göstərilib. Bu köçkünlərin bir hissəsi bərpa edilən və ya yenidən inşa edilən evlərdə yaşayır.

 

Ermənistanın işğal ərazilərində “yerləşdirmə üzrə dövlət proqramı”

Bəli, Ermənistanda belə proqram da qəbul edilmişdir. Onu inkar etmək mümkün deyildir. Təqdim edəcəyimiz materiallar bu inkarı mümkünsüz edir. Erməni dilində olan bir sıra yayım orqanlarında bu materiallar yer almışdır. Ermənistan Azərbaycan torpaqlarında işğalın bütün forma və üsullarından istifadə edərək öz təcavüzkar niyyətini həyata keçirməkdədir. Ermənistan Respublikası və Dağlıq Qarabağ üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biri miqrasiya siyasəti və repatriasiyanın həyata keçirilməsidir. Müharibədən sonrakı mərhələdə qondarma “Dağlıq Qarabağ Respublikası”na (DQR) ailələr köçürülərək, iqtisadi baxımdan kasıb və ucqar bölgələri doldurmaq üçün ardıcıl cəhdlər göstərilmişdir.

Araşdırmalar gösrərir ki, ermənilərin Kaşatağ adlandırdığı Laçın 1990-cı illərin ikinci yarısından etibarən məskunlaşmaya məruz qalan bölgə olmuşdur. Bu məsələ ilə bağlı hazırlanmış xüsusi sənəddə deyilir ki, “Burada görünməmiş əhali artımı hiss edilmiş , yüksək səviyyədə nəzarət, miqrasiya siyasəti yürüdülmüşdür”. Göründüyü kimi, bunun üçün hətta istiqamətlər müəyyən edilmişdir. Həm də bu sözlər ermənilərin “bu ərazilərə əhali köçürülmür” yalanını ifşa edir.

Bu sənəddə daha sonra deyilir:

“Bu istiqamətdə aşağıdakı məsələlərə cavab verilməlidir:

- regionlara ailələrin köçürülməsi və iqtisadi mexanizmlərin işləməsi üçün əsas faktorlar hansılardır?

- köçürülməyə yardım edəcək, onun uğurunu təmin edə biləcək güclü tədqiq sahələri hansılardır?

- köçürülmə prosesində ən çox istifadə olunan rabitə rejimləri hansılardır? Bu sualların cavablarını aşağıdakı prinsiplərlə verə bilərik:

- köçürülməyə o amillər töhfə verə bilər ki, insanları burada qala biləcəklərinə inandıra biləsən;

- prinsiplər və mexanizmlər müəyyən edilməlidir;

- insan və sosial kapital köçürülmə prosesinə tətbiq edilməlidir;

- Artsaxa (1994-cü ildən sonra) adamların köçürülməsi digər rayon və qəsəbələrdə model, təcrübə kimi istifadə edilməlidir.”

Ermənistan üçün və Qarabağın “təhlükəsizliyi” üçün iki rayona köçürülmə strateji əhəmiyyət daşıyır. Laçın (Kaşatağ) və Kəlbəcər (Karvacar). Buna erməni diasporu da çox əhəmiyyət verir və bu işə yardımlarını edir. Bununla əlaqədar hazırlanan sənəddə deyilir ki, köçürülmənin ilk addımları səhvlərlə müşayiət olunub, qərar qəbul edənlərin (icma liderləri, fəalları, könüllüləri və başqaları) yanlışları olmuşdur. Bu səhvlərin nəticəsində bir çox köçkün var ki, ərazini tərk edib.

 Bildirilir ki, hərtərəfli strategiya və fəaliyyət istiqamətlərinin olmaması üzündən köçürülmə proqramının əhəmiyyətli bir hissəsi həyata keçməyib. Köçürülmə İdarəsi bu günə qədər hərtərəfli köçürmə strategiyasını müəyyən edən sənəd olmasına baxmayaraq ona əməl etməmişdir. Hökumət və onun rəhbərliyi sərəncamında olanlara nəzarəti yaxşı həyata keçirə bilməmişlər.

Daha sonra qeyd edilir ki, bir çox suallar cavabsız qalır. Məsələn, ünvanlı köçürülmədə qüsurlar var. Köçürülmə zamanı keçmiş yaşayış yerindən maksimum dəstək almaq lazımdır ki, immiqrant qrupların məhdud resursları yaxşılaşdırılsın. Bu cür proqramlar qəsəbələrdə, sonuncu yaşayış yerində həyata keçirilməlidir. Bəzi yerlərdə köçürülmə strategiyasının olmaması belə riskləri minimuma endirmək üçün gələcəkdə adamları yaşayış üçün seçim qarşısında qoya bilər. Bəzi hallarda kortəbii hərəkət həddindən artıq yerləşdirilməyə gətirib çıxardır və bu problemlər yaradır. Fəaliyyət planını yaşayış yerinə və prioritetlərə görə müəyyən etmək lazımdır. Müvafiq yerlərin ayrılması bu proqramı inkişaf etdirmək üçün lazımdır.

Sənəddə köçürülmə ilə bağlı infrastrukturun tam qurulması üçün də göstərişlər var. Göstərilir ki, Kaşatağ bölgəsinə köçürülmə prosesinin uğurla təmin edilməsi üçün zəruri ilkin şərtlərdən biri burada insanların artımını təmin etməkdir, bunun üçün zəruri həyat şəraitinin olmasına mane olacaq problemlərin aradan qaldırılmasıdır. Ən yaxşı vəziyyət, iqtisadi cəhətdən ən sərfəli və səmərəli üsul insan resurslarıdır. Ayrı-ayrı şəxslər investisiya qoymaqda maraqlı deyillər, buna görə də diasporun və erməni fondlarının yardımlarını cəlb etmək lazımdır.

Ekspertlər köçürmə strategiyasının məqsədlərinin qiymətləndirilməsi üçün aydın meyarların lazım olduğuna diqqət yetirmişlər. Bəzi ekspertlərin qənaətinə görə, meyarlardan biri öz-özünü təmin etməkdir. Bildirilir ki, köçürülmə yerli əhalinin təbii artımının təşviq edilməsi ilə aparılmalıdır və yeni immiqrantların cəlb edilməsi ilə davam etdirilməlidir. Əsas məqsəd immiqrasiyanın təşkili olub, onun əhəmiyyətli bir amil kimi ortaya qoyulması olmalıdır. Ərazilərdən tam potensialla istifadə edilməlidir, təbii artım rejimi yeni sakinlərin cəlb edilməsi üçün çox vacibdir.

Köçürülmə vətənpərvər akt elan olunmalı, onun cəlbediciliyinin mahiyyətcə həmin qruplar üçün təqdimatı məhdudlaşmamalıdır. İqtisadi və ya sosial müavinət verilməlidir. Köçürülmə strategiyası “sosial paket”lə-mənzillərin verilməsi, torpaq sahələrinin ayrılması ilə müşayiət olunmalıdır. Köçürülmə imkanlarına xüsusi diqqət yetirmək lazımdır ki, yeni sakinləri iqtisadi rifaha inandıra biləsən. Sosial müavinət tələbləri dərhal yerinə yetirilməlidir. Gözəl təbiət və mülayim iqlim, heyvandarlıq üçün əlverişli şərait, siyasi sabitlik, təhsil və gənclərin hər qrupunun ehtiyaclarını nəzərə alaraq mənzillərin bölüşdürülməsi və s. Yaxşı həyat tərzi və müstəqil həyat ümidverici fəaliyyət kimi təqdim olunmalıdır. İqtisadi sabitlik və təhlükəsizlik zəmanətləri köçürülmədə əhəmiyyətli amil ola bilər.

Strategiyada biznes, investisiya təşviqi ilə bağlı ayrıca bəndlər var:

- diaspor, beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq edərək investisiyanın cəlb edilməsinə nail olmaq;

- köçürülmə zonalarının sosial və mədəni inkişafı,

- televiziya ilə yeni gələn ailələrin yaxşı həyat tərzini işıqlandırmaq;

- turizm, xüsusilə eko-turizmin inkişafı;

- gəlməmişdən əvvəl köçürülən insanlara maliyyə yardımı;

- yerli əhalinin istirahət yerləri;

-investisiya mühitinin qorunması;

- sosial-iqtisadi vəziyyəti, immiqrant gözləntilərini aydınlaşdırmaq;

- tikinti materialları və digər materiallar bolluğu yaratmaq;

- inşaat mağazaları, marketlər, apteklər yaradılması;

- mal-qaranın alınması üçün kredit prosesinin yaxşılaşdırılması;

- kənd təsərrüfatı kreditləri üçün şəraitinin yaxşılaşdırılması;

- regional və iqlim şəraiti ilə bağlı kreditlər;

- uzunmüddətli kənd təsərrüfatı investisiyalarının verilməsi ilə köçürülməyə təşviq.

Göründüyü kimi, Ermənistanın “əhali yerləşdirilməsi ilə bağlı dövlət səviyyəsində heç bir qərar yoxdur” fikri bir erməni yalanıdır. Bu da sübutlar. Araşdırmalarımız zamanı bəlli oldu ki, belə qərarlar 1995-ci ildən bəri qəbul olunub. İşğal olunmuş Azərbaycan ərazilərini talayıb məhv etmək siyasətindən burada əhali yerləşdirmə siyasətinə qədər uzun bir yol keçilmişdir. Dağlıq Qarabağa və xüsusən, işğal olunmuş Azərbaycan rayonlarına köçürmə, əhali yerləşdirmə ilə bağlı Ermənistanın siyasi-analitik mərkəzlərində hazırlanmış materiallara diqqət etsək, buna necə əhəmiyyət verildiyinin şahidi olarıq. “Mitq” ( Fikir) Araşdırma Mərkəzinin hazırladığı bu materiala diqqət edək. Həmin qərarın adı belədir: “Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə ilə bağlı Artsax Respublikası hökumətinin qərarı”.

Bu qərarla əlaqədar bir materialda deyilir ki, “Kaşatağ rayon əhali yerləşdirmə şöbəsinin rəisi Robert Matevosyana görə, yeni sakinlər üçün evlər tikilmir. Əvvəllər Karvacar rayonunda da belə olmuşdu, azərbaycanlılardan boşalmış və yaşanmalı vəziyyətdə olan evlər var, bunları isə mütəxəssislər üçün ayırırıq .Bəzi ailələrə isə inşaat materialları ayrılır. Müvəqqəti evlərdə məskunlaşanları da evlə təmin etməyi bizim şöbə öz üzərinə götürür. Həddi- buluğa çatan gənclərin qeydiyyata alınmasından sonra onlara da mənzil ayırmaq işini DQR rəhbərliyi öz üzərinə götürüb.

Bunlara yardım məqsədi ilə ailə başçısına 20000 min dram, digər ailə üzvlərinin hərəsinə 5000 dram birdəfəlik yardım edilir.Ailə üzvlərinin sayından asılı olaraq hər ailəyə 10 il müddətinə 0,5 faizlə 160000-320000 dram kredit verilir. Yol xərci kimi 15000 dram verilir. Bundan əlavə, aylıq 1200 dram həcmində elektrik pulu da verilir. Bu rəsmi yardımdır. Qeyri- rəsmi olaraq yardımlar isə bundan bir neçə dəfə çoxdur. Son 1-2 ildə “Kaşatağ” Xeyriyyə Fondunun yardımları olduqca çoxdur. Xüsusən, Suriyadan gələn erməni ailələrinin nəqliyyat xərclərindən başlayaraq yemə-içmə, ərzaq təminatına qədər hər şeyi onlar üçün fond edir. Hökumət isə onlar üçün xüsusi şərait yaradır və gəlişlərini dəstəkləyir.

 Belə sənədlərdən biri də adını çəkdiyimiz 19 fevral 2007-ci il tarixli 65 nömrəli “ Yeni yerlərə yerləşən sakinlərin istifadə etdikləri elektrik və ya yanacaq xərcləri üçün maliyyə yardımı ayrılması” barədə Dağlıq Qarabağ Respublikası hökumətinin qərarıdır. Digər bir sənəd isə “DQR ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştlər haqqında” DQR Hökumətinin 2003-cü il 15 aprel tarixli qərarıdır.

Bir erməni araşdırmasında deyilir ki, “Köçürülmə məsələsi hər zaman gündəmdə olan məsələdir. Dağlıq Qarabağ və Ermənistanla bitişik olan Laçın və Kəlbəcərdə miqrasiya və repatriasiya siyasətinin həyata keçirilməsinin qarşısının alınması ilə yanaşı , Dağlıq Qarabağ Respublikası (DQR) Ermənistan Respublikası və Dağlıq Qarabağ üçün strateji əhəmiyyət kəsb edən yerlərdə post-mühafizə məntəqələri yaradılmış və onlar buraya gəlib-gedən ailə və şəxsləri nəzarət altına alır və birbaşa onlarla təmasa girir, milli duyğuları oyadaraq burada yaşamağa həvəsləndirir. Köçürülmə iqtisadi baxımdan kasıb və ucqar bölgələrdə yaşayanlar üçün uyğun bir variantdır və insanların iqtisadi stimullarla buraya cəlb edilməsi qərara alınmışdır. Bu istiqamətdə təbliğat on şəhər və kənd icmaları arasında bölüşdürülmüşdür.

Ermənilər bu ərazilərə əhali yerləşdirmənin uzunmüddətli strateji hədəflərini müəyyən etmiş və onları rəsmiləşdirmişlər. Bu qərarların yerinə yetirilməsi ilə bağlı ermənicə mətbuatda, elektron kütləvi informasiya vasitələrində təhlillər aparılmış, qənaətləri bildirilmişdir. Təhlükəsizlik məsələləri qarşıya çıxarkən “düşmənin” xəbər tutmaması üçün qərarların mətbuata çıxarılması uyğun hesab edilməmiş, göstərişlər əsasən şifahi verilmişdir. Bu mövzuda müxtəlif nəşrlər , ictimai məlumat, rəsmi sənədlər, ekspertlərin müsahibələri, məqsədli araşdırmalar, fərziyyələr və digər mənbələr kifayət qədər materiallar verir və işğal olunmuş ərazilərdə aparılan sistemli “erməniləşdirmə” siyasətini təsdiqləyir.

Qafar ÇAXMAQLI,

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəri,

siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında