Azərbaycan gəncliyi özünün yüksək inkişaf dövrünü yaşayır

Gənclər hər bir ölkənin, o cümlədən Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə hesab edilir. Bu gün Azərbaycan gəncliyi özünün yüksək inkişaf dövrünü yaşayır. İctimai həyatımızda önəmli qüvvə hesab olunan gənclər ölkənin bütün sahələrində qabaqcıl yer tutmaqla yüksək nailiyyətlər əldə etməkdə davam edir. Şübhəsiz ki, bu, əbəs deyil. Burada dövlətin gənclər sektoruna qayğısı xüsusi rol oynayır.

Azərbaycanda gənclər sektorunun inkişafında öz dəsti-xətti ilə seçilən təşkilatlardan biri də “İrəli” İctimai Birliyidir. Hazırda “İrəli” İctimai Birliyi gənclərin təşkilatlanması baxımından uğurlu sayıla biləcək yeni böyük layihəyə başlayıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə bu il oktyabrın 31-dən noyabrın 4-dək “Mənim Gənclər Təşkilatım” layihəsinə start verilib. “Mənim Gənclər Təşkilatım” ümumilikdə gənclər təşkilatının strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün komandalar formalaşdırılıb. Layihə düşərgə formatında keçirilib.

Bu barədə təşkilatın sədri Mirhəsən Seyidov dedi:

– Dövlətin uğurlu gənclər siyasətindən bəhrələnən təşkilatlardan biri də “İrəli” İctimai Birliyidir. Bu gün bu siyasətin fonunda “İrəli”nin fəaliyyət prinsiplərinin aydınlığını və effektivliyini görmək mümkündür. Bu yaxınlarda start verilən böyük layihə həmin uğurlu fəaliyyətin növbəti davamıdır. Ümumilikdə, müvafiq təşkilatları mövcud olmayan 7 rayon və şəhər gənclərini əhatə edən layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarəetmə ilə yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, onların layihədə iştirakını təmin etməyə dəstək olmaqdır.

Həmçinin layihə çərçivəsində yeni təlim modulu yaradılıb. “İrəli” İctimai Birliyinin sədri M. Seyidov layihənin detalları barədə danışarkən qeyd etdi ki, “Mənim Gənclər Təşkilatım” düşərgəsində 7 katiblik üzrə təlimlər keçirilib. Təlimlərdə insan resursları üzrə Namiq Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə Vüqar Babayev, maliyyənin idarə olunması üzrə Orxan Məmmədli, layihələrin idarə olunması və menecment üzrə Sərdar Hüseynov, beynəlxalq əlaqələr üzrə Orxan Abbasov gənclər üçün maraqlı ola biləcək və onların inkişafına yararlı təlimlər aparıblar. Sözügedən layihə ilə əlaqədar Göygöl Gənclər Mərkəzində tədbir keçirilib. Burada əsas məqsəd, təbii ki, gənclər təşkilatlarının fəaliyyət göstərmədiyi 7 şəhər və rayonda – Şəmkir, Göygöl, Balakən, Yevlax, Tərtər, Qəbələ və Sabirabadda gənclərin ictimai fəallığının artırılması, onların təşkilatlanma işlərinin sürətləndirilməsidir.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək gənclər siyasətinin uğurlarından və ölkəmizdə milli-mənəvi dəyərlərin təbliğində, gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin artırılmasında dövlət siyasətinin əhəmiyyətindən söz açıblar. Bundan əlavə, layihənin son günündə gənclərə şəhadətnamə verilib.

İctimai Birliyin sədri daha sonra dedi: “Təbii ki, bütün bu fəaliyyət Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas məqsədlərinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli, region gənclərinin inkişafını təmin etmək baxımından bu proqramın əhəmiyyəti çox böyükdür."

Mirhəsən Seyidov sonda layihənin başqa bir əhəmiyyətindən danışaraq bildirdi ki, belə bir layihə Azərbaycanda ilk dəfə həyata keçirilir. Layihənin seçim prosesində “ərizə forması”, psixoloji testlər, müsahibələr və telefon danışıqlarından istifadə olunub. Bir sözlə, istənilən mövzu ətrafında region gəncinin hərtərəfli sağlam inkişafına çalışmalıyıq. Əsas amalımız da budur.

Onu da qeyd edək ki, “Mənim Gənclər Təşkilatım” layihəsinin mədəni-idman hissəsində intellektual oyunlar, idman yarışları, mədəni proqramlar keçirilib. Sonrakı mərhələdə isə region gənclərinin fəaliyyət planının hazırlanması və yerli idarəetmə fəaliyyət planının tərtib edilməsi nəzərdə tutulub.

Anar TURAN,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında