Bayraq etibarlı əllərdə olanda yüksələr

Bu gün xalqımız böyük sevinc, fərəh və təntənə ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd edir. Ölkəmiz iqtisadi və sosial həyatın bütün sahələrində nailiyyətlər qazandıqca, bayrağımızın da şərəfi artır, o, yeni yüksəkliklər fəth edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə 2009-cu ildən keçirilən bu bayram hər dəfə yeni təntənələrlə əlamətdar olur. Bu il də belədir.

Xalqımızın ulu öndəri Heydər Əliyev dövlət bayrağımıza münasibətin düsturunu vermişdir. O demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Bizim müstəqil dövlətimiz də, onun hər bir vətəndaşı da, xarici ölkələrdə yaşayan milyonlarla soydaşımız da ulu öndərin bu göstərişini ürəkdən həyata keçirirlər. Bu, bizim mənfur qonşularımızın özlərinin, guya, müstəqil dövlətlərinin bayrağına münasibətləri ilə müqayisədə bizə ikiqat şərəf gətirir. Çünki beynəlxalq aləm, bütün dünya bilir ki, erməniləri Azərbaycan torpaqlarını tutmağa hansı qüvvə təhrik edib. Hamı bilir ki, onlar bu məqsədə nail olmaqdan ötrü   öz  dövlətinin bayrağını, gerbini başqa bir dövlətin əsgərlərinin ayaqları altına atmışlar. Lakin onlar heç öz ölkələrinin belə sahibi deyildir. Dövlət sərhədlərini özü qorumayan, yadelli silahları ilə qürrələnən bir dövlətə, onun xalqına nə ad vermək olar?..

Bayraq etibarlı əllərdə olanda yüksələr. Bu yüksəlişi bizim üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə suverən dövlətimizin siyasətinin tam müstəqil iqtisadi və siyasi dəst-xətti, xalqımızın bu siyasətə inamı və etibarı,  50 milyondan çox soydaşımızın Vətənə qırılmaz tellərlə bağlılığı təmin edir. Mənim də həyatımın son 10-12 ilində dövlət bayrağımızla bağlı epizodlar çoxdur və düşünürəm ki, bunların bəziləri barədə məlumat vermək yerinə düşər. Və bu epizodların çoxu  qardaş Türkiyə səfərlərimlə bağlıdır.

Onu da deyim ki, dünyada əhalisinin sayına nisbətdə ən çox bayraq asılan yer, bəlkə də, Türkiyənin Antalya bölgəsidir. Həm də əlamətdar haldır ki, burada dalğalanan bayraqların çoxu Türkiyə Respublikasının  deyil, burada fəaliyyət göstərən minlərlə hotel, dükan, bazar, super-market və sair kurort obyektlərinin xidmətindən istifadə edən əcnəbilərin təmsil etdikləri dövlətlərin bayraqlarıdır. Və çox təəssüf ki, bunların arasında Azərbaycan Respublikasının bayrağına nadir hallarda təsadüf olunur. İlk dəfə 2003-cü ilin may günlərində Ankaranın mərkəzində yerləşən “Qold hotel”  (Qızıl hotel) adlı gözəl bir mehmanxanada bunun fərqinə vardım. Hotelin fasadında müxtəlif ölkələrin bayraqları asılmışdı: mərkəzdə Türkiyə Respublikasının, onun hər iki tərəfində isə daha səkkiz dövlətin bayraqları dalğalanırdı. Mən Azərbaycanın bayrağını onların arasında görməyəndə sövq-təbii bir hisslə soruşdum: - Niyə?! Hotel rəsmilərinin cavabı bu oldu ki, bizdə hansı ölkədən daha çox  müsafir olursa, o dövlətin də bayrağını asırıq.

— Yox, əfəndim, bu prinsip Azərbaycana şamil edilə bilməz. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk demişdir ki,  Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev isə demişdir ki, biz bir millət, iki dövlətik. Ona görə də bizim arzularımız, əməllərimiz kimi, bayraqlarmız da həmişə bir olmalı, qoşa dalğalanmalıdır.

Hiss etdim ki, mənə qarşı bayaqkı, yalnız vəzifə borcundan irəli gələn ehtirama nəsə, üstəlik, şəxsi bir hörmət, isti bir təvəccöh də əlavə olundu:

— Başüstə, abi, — dedi. — Azərbaycanın bayrağını sübhdən öz əllərimlə Türkiyənin bayrağının yanından asacağam.

Dedi də, etdi də! Və bu gün də Azərbaycanın bayrağı “Qold hotel”in frontonunda Türkiyə bayrağı ilə yanaşı qürurla dalğalanır.

Sonralar da mən bu məsələni diqqətdə saxladım. Onu da deyim ki, qardaş ölkəyə tez-tez gedir və müxtəlif hotellərdə qalıram. Belə səfərlərin birində diqqətimi bayraqdan əlavə başqa məsələ də cəlb etdi: kurort zonalarında  hotellərdə yayımlanan 50- 60 televiziya kanalı arasında Azərbaycan televiziyasına yer ayırılmaması da nəzərimdən yayınmadı. Bu yay axar-baxarlı   Qədiriyyə qəsəbəsində yerləşən  məşhur  “Adora” istirahət ocağında hotelin sahibi Erol bəy və genel müdir Hüseyn bəylə vidalaşarkən onların adına həm də bir məktub qoydum. Həmin məktubda yazmışdım: “Hotelinizdə yaratdığınız əsl kurort və istirahət ab-havasına görə sizlərə bir daha təşəkkür edirəm. Xüsusən sizə, möhtərəm Erol bəy, daha bir təşəkkürüm  var və onu məmnuniyyətlə söyləmək istərdim:  mən bura gələrkən, hotelin girişində yüksəldilmiş müxtəlif ölkələrin bayraqları arasında Azərbaycanın bayrağını, hoteldaxili yayımlanan televiziya kanalları sırasında isə Azərbaycan kanalını görmədim. Mən bunları nəzərinizə çatdıranda, xəfif bir narazılıqla bildirdiniz ki, Azərbaycandan “Adora”  hotelində çox az müsafir olur. Bayrağı və televiziya kanalını kimin üçün nümayiş etdirək?!

Mən sizin iradınızı qəbul etdim, amma, bunu da bildirdim ki, bayraq və televiziya kanalı azərbaycanlı müsafirlər üçün deyil, özəlliklə ingilis, alman, rus və digər əcnəbi millətlərin təmsilçiləri üçün olmalıdır. Onlar görsünlər ki, türklər və azərbaycanlılar yalnız dildə deyil, əməldə də qardaş, bir millət, iki dövlətdirlər. Siz, dəyərli qardaşım Erol bəy, mənim fikirlərimi lütfkarlıqla qəbul etdiniz və o gündən Antalyanın bir çox istirahət ocaqları kimi, sizin də hotelin girişində Azərbaycanın bayrağı Türkiyənin bayrağı ilə yanaşı qürurla dalğalanır və  Azərbaycan dövlət televiziya kanalı — “AzTV” hoteldə fasiləsiz nümayiş etdirilir. Bu, sizin, möhtərəm Erol bəy, təkcə mənim ricama sayğınız deyil, eyni zamanda və daha çox Türkiyə - Azərbaycan qardaşlığı körpüsünə əlavə etdiyiniz yeni bir etibarlı dayaqdır. Əbədi olsun!”

Hacı Rafiq ƏLİYEV,

“Say” qəzetinin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında