BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan hakimiyyətini ifşa edir

Bu ölkə rəsmilərinin “Qətnamələrdə Ermənistan haqqında heç nə yoxdur” fikri reallıqdan uzaqdır

Azərbaycan müxtəlif dövrlərdə Ermənistan tərəfindən işğal və qətliamlara məruz qalmışdır. Bu işğal zaman-zaman reallaşdırılıb və bu gün də davam edir. 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon  Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır.

Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın uğurlu xarici siyasəti sayəsində Ermənistanın işğalçı dövlət olduğu artıq  dünya ictimaiyyətinə də bəlli olmuşdur. Nüfuzlu beynəlxalq qurumlar işğalçı dövlətin qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul etmiş və bu işğala son qoymaq üçün çağırışlar etmişlər. İlk qətnamələr 20 il əvvəl BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunsa da, bu vaxta qədər hələ də icra olunmamış qalır.

İndi artıq beynəlxalq təşkilatlara da bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasının əsas səbəbkarı Ermənistanın qeyri-konstruktiv münasibəti, işğalçı siyasətdən əl çəkməməsidir. Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxlınlarda Parisdə keçirdikləri görüşdə də Prezident İlham Əliyev bir daha prinsipial mövqe nümayiş etdirərək bildirmişdir ki, münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal  olunmuş ərazilərdən çıxarılmasına nail olmaq lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, xüsusilə də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə saymazlıq göstərməsi  güclü erməni lobbisi olan ölkələrdə də ciddi tənqid atəşinə tutulur. Məsələn, Braziliyanın aparıcı qəzeti sayılan “Folha S.Paulo” da dərc olunan bir məqalədə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə dörd qətnamə qəbul etdiyi  bildirilir və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığı nəzərə çatdırılır.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəttilə bağlı Braziliya  mətbuatında məqalə dərc olunması bu ölkədə fəaliyyət göstərən  erməni diasporunun ciddi təşvişinə səbəb olmuşdur. Bununla bağlı radikal erməni lobbisi Braziliyada yaşayan ermənilərə müraciət edərək Azərbaycan diplomatiyasının yeni addımı ilə əlaqədar səfərbər olmağa və sayıqlıq göstərilməsinə çağırmışdır.

Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, onun ağır nəticələri, Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ölkənin tutduğu qeyri-konstruktiv mövqe, erməni silahlı qüvvələri  tərəfindən  günahsız insanlara  qarşı törədilmiş soyqırımı və terror aktlarının dünya birliyində ifşa edilməsi  istiqamətində Azərbaycan  Prezidenti  İlham Əliyevin apardığı qətiyyətli siyasət öz müsbət nəticələrini göstərməkdədir.

Rumıniyada da bu məsələ gündəmə gətirilmişdir. Erməni diasporunun güclü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də məhz Rumıniyadır. Ölkənin, demək olar ki, bütün ictimai-siyasi dairələrində təmsil olunan erməni mənşəli diaspor nümayəndələri, xüsusən, yüksək vəzifəli çinovniklər öz imkanlarından istifadə edərək, ölkəmiz əleyhinə çirkin təbliğat aparır, erməniləri Dağlıq Qarabağ münaqişəsində zülmə məruz qalan xalq kimi tanıtmağa, işğal faktına bəraət qazandırmağa çalışır.  Bu ölkənin parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanatın  verilməsi erməni lobbisinin fəaliyyətinə güclü zərbə oldu. Siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib. Deputat çıxışında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunmuş, hazırda Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırmışdır.

Rumıniyalı  deputat regionda sülhün bərqərar olması üçün birinci addım kimi BMT-yə üzv olan bütün demokratik ölkələrin münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının, o cümlədən işğal olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli olduqlarını bildirib.

Dünyada BMT-dən sonra ən böyük  beynəlxalq qurum olan, 57 üzv dövlətdən ibarət İslam Əməkdaşlıq Təşkilatının müxtəlif vaxtlarda qəbul etdiyi qətnamələrdə  də (1994 və 2010-cu illər)  Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir, mülki əhaliyə qarşı törədilmiş hərəkətlər insanlığa qarşı cinayət hesab edilir, BMT qətnamələrinin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur.

Ermənistan rəsmiləri isə iddia edirlər ki, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların qeyd-şərtsiz çıxarılması barədə  BMT Təhlükəsizlik Şurasının  qəbul etdiyi  4 qətnamədə, guya, bu ölkənin adı yoxdur. Bu fikri səsləndirən erməni rəsmiləri və deputatları bir daha riyakar, yalançı və rəzil olduqlarını təsdiqləyirlər. Belə yalanlarla işğalçılıq siyasətlərini ört-basdır etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi birmənalı olaraq Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmaları üçün qəbul edilib. Faktlara diqqət yetirək:

1993-cü ildə  Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilmişdir. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etmişdir.  Həmin il aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. “BMT TŞ 822 saylı qətnaməsi” adlanan bu sənəddə təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılması tələb edilmişdir. 

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etmişdir. İyulun sonlarında BMT Təhlükəsizlik Şurasının  iclası keçirilmiş və burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olunmuşdur. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdur.

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi.

1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etmişdir. Bu qətnamədə  də Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənmişdir.

1993-cü ilin oktyabrında  Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM (ATƏT) sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdilər. 

1993-cü il noyabrın 11-də BMT Təhükəsizlik Şurası  münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu.

Göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hamısı Azərbaycan ərazilərinin işğal olunması ilə əlaqədar qəbul olunmuşdur. Həmin qətnamələrdə işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılması tələbi qoyulmuşdur. Ermənistan rəsmilərinin  “Qətnamələrdə Ermənistan haqda heç nə yoxdur” fikri tamamilə əsassızdır. Təəssüf  ki, belə bir nüfuzlu qurumun qəbul etdiyi qətnamələr hələ də kağız üzərində qalır. Bu gün əksər dövlətlərin rəsmiləri bu qətnamələrin icra olunması tələbini irəli sürsələr də, hələ ki, buna etinasız münasibət göstərilir.

Ermənistanın işğalçı siyasəti, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi bu ölkəni regionda həyata keçirilən layihələrdən kənarda qoyub. Təbii ki, işğalçı dövlət öz məkrli niyyətindən əl çəkməzsə, gələcəkdə də bütün qlobal layihələrə qoşula bilməyəcək. Artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri də Ermənistanın ağır böhran içərisində olduğunu, Azərbaycanın isə sürətlə inkişaf etdiyini bildirirlər. Məsələn, Amerikada nəşr olunan “The Hill” qəzeti yazır: “ABŞ-da müəyyən qruplar vəzifəli şəxslərlə manipulyasiya edərək, bu ölkənin xarici siyasətinə, milli maraqlarına zidd olan fəaliyyət göstərirlər. Lakin onların bütün cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyi heç bir dövlət tərəfindən tanınmayıb. Ermənistan hal-hazırda demoqrafik, siyasi və iqtisadi böhran yaşayır. 2014-cü il üçün BMT-nin Əhali Fondunun hesabatına əsasən, Ermənistan gənclərinin 80 faizi ölkədən köçmək istəyir. Azərbaycan isə inkişaf edir və ABŞ ilə möhkəm əlaqələr qurub”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında