Beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Çünki bizim hamımız beynəlxalq birliyin üzvləriyik. Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın yerləşdiyi regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olması artıq dünya birliyində də öz təsdiqini tapıb. Həyata keçirilən düşünülmüş və davamlı strategiya ölkəmizi etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq problemlərlə bağlı öz mövqeyi ilə seçilən müstəqil dövlət kimi tanıdıb.
Dövlətimizin başçısının regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o cümlədən iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə istiqamətlənmiş xarici siyasəti ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirib. Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək Azərbaycanın beynəlxalq mövqelərini getdikcə möhkəmləndirmiş, eyni zamanda, respublikamızın iqtisadiyyatını, elmini, mədəniyyətini daha da inkişaf etdirmişdir.
Son on il ərzində ölkə iqtisadiyyatının dünyada ən sürətlə artan sırada olması və 3 dəfə artması, yoxsulluq və işsizliyin səviyyəsinin 5 faizə qədər azalması, əmək haqlarının, sosial müavinətlərin getdikcə yüksəlməsi, əhalinin 70 faizdən çoxunun internetdən istifadə etməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin nəticəsidir.
SSRİ-nin süqutundan sonra postsovet ölkələri arasında Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, beynəlxalq kosmik ailənin üzvünə və dünya birliyində söz sahibinə çevrilməsi ikili standartlardan hələ də əl çəkə bilməyən, riyakar siyasət yeridən və fəaliyyətlərini əsasən erməni lobbisinin çirkli pulları əsasında quran bəzi beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub.
Antiazərbaycan mövqeyini gizlətməyən “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” və “Sərhədsiz reportyorlar” kimi təşkilatlar indiyə qədər Azərbaycana qarşı ikili standartlardan istifadə edir, ölkəmiz haqqında yalan məlumatlar əsasında hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa çalışırlar. Həmin beynəlxalq təşkilatların riyakar siyasəti, işğalçı Ermənistanın terror aktlarını, insanları yurd-yuvalarından didərgin salmalarını, yaşayış məntəqələrini, tarixi-mədəni abidələri vəhşicəsinə məhv etmələrini görməzliyə vurmaları beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlikdir. Heç şübhəsiz ki, terrora, separatizmə dəstək verən Ermənistana qarşı belə yumşaq münasibət sonda həmin ölkəni şirnikləndirir, işğalçılıq siyasətini davam edirməyinə gətirib çıxarır. Bir sözlə işğalçılığa, terrora dəstək verən Ermənistanın bu qədər azğınlaşmasının əsas səbəbi dünyada mövcud olan cəzasızlıqdır. Bu cəzasızıq mühiti regionda sabitlik üçün əsl təhlükəyə çevrilib. Bir sıra təşkilatlar, o cümlədən ABŞ-ın “Human Rights Watch”, Norveçin “Human Rights Foundation” təşkilatı, “Article XIX”, adını hüquq müdafiə təşkilatı qoyan “Amnesty İnternational”ın riyakarlığı beynəlxalq qurumlara olan inamı heçə endirib. Belə qurumlar və bəzi Qərb QHT-ləri artıq kimlərinsə əlində alətə çevrilib. Ölkəmizin inkişafını gözü götürməyənlər öz məkrli və neoimperialist siyasətini reallaşdırmaq aləti qismində məhz bu QHT-ləri seçir, bütün qüvvə və imkanlarını Avropanın ictimai rəy təsisatlarında Azərbaycanın qeyri-demokratik obrazını yaratmaq yönündə səfərbər edirlər.
İşğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884) qəbul edib. Bu qətnamələrin 20 ildən artıq qəbul edilməsinə baxmayaraq, Ermənistanın dövlət rəhbərləri bu sənədə məhəl qoymurlar. Bundan başqa. digər beynəlxalq qurumlar da qəbul etdikləri qətnamələrlə Ermənistanın işğalçı dövlət olduğunu rəsmən təsdiqləyiblər. Məsələn, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki Avropa Şurası və BMT-nin qətnamələrini yerinə yetirmir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nda seçkilər də keçirir. Əslində, BMT-nin qətnamələri məcburi xarakter daşımalıdır. Başqa dövlətin ərazisinə müdaxilə edən, torpaqlar işğal edən belə ölkəyə qarşı ciddi tədbirlər görülməməsi beynəlxalq qurumlara qarşı haqlı olaraq inamsızlıq yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyev öz nitq və çıxışlarında Ermənistanın işğalçılıq siyasətini mütəmadi olaraq pisləyir və buna göz yuman, beynəlxalq təşkilatları ciddi tənqid edir.
Azərbaycanın xarici siyasəti, regional və qlobal məsələlərindən danışarkən dövlətimizin başçısı bir sıra önəmli açıqlamalar verib. Prezidentin açıqlamaları gündəmdə olan bir sıra beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyi, gələcək strateji planları və perspektivlərinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident öz çıxışlarında bildirib ki, “bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir”.
Ermənistanın işğalçılıq siyasətinə hələ də göz yuman beynəlxalq qurumları sərt tənqid edən Prezident İlham Əliyev deyib: “Əslində, çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Nə üçün qondarma Dağlıq Qarabağ respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Niyə onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə, biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq”.
Göründüyü kimi, Prezident dünyada mövcud olan ikili standartları kəskin tənqid edərək, Ermənistanın təcavüzkarlığına düzgün qiymət verilməsinin vaxtı çatdığını bildirib. Beynəlxalq təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi və bu məsələdə ikili standartlara yol verməsinin nəticəsidir ki, hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran yaşanır. Əgər beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq etsəydi, bu cür hərəkətərə yol verən digər ölkələrə də dərs olardı. Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımında içtirak edən şəxslər hələ də xarici ölkələrədn dəvət alır, onlara viza verilir. Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə sanksiyalar tətbiq olunsa, onlar da işğalçılıq siyasətinə tədricən son qoyarlar.
Ermənistan keşmiş SSRİ-də ilk işğalçı hərəkətlərə yol verən və çoxlu sayda terror aktları törədən ölkədir. İşğalçı dövlətin terror aktları törətməsinə göz yumulduğundan MDB məkanında ərazi iddiaları indi də qalır. Ərazi iddialarının və işğalçılıq siyasətinin bu şəkildə davam etdirilməsi beynəlxalq ictimaiyyətin ayrı-seçkilik mövqeyindən əl çəkməməsinin nəticəsidir. Çünki işğalçı dövlət nə qədər cəzasız qalsa, bir o qədər də azğınlaşır. İraqda Səddam Hüseyn, Liviyada Qəddafi rejiminə qarşı tətbiq edilən qətnamələr, nədənsə Ermənistanda Sarkisyan rejiminə qarşı tətbiq olunmur. Ermənistan həmişə beynəlxalq qurumların təsir və təzyiqlərindən kənarda qalır. Beynəlxalq qurumlarla yanaşı, dünyada özünü demokratik ölkə kimi tanıdan böyük dövlətlər də Ermənistana qarşı təzyiqlərdən istifadə etmir və bu ölkənin işğalçılıq siyasətinə, terror aktkarına göz yumurlar. Bu, Azərbaycan dövlətinə qarşı çox haqsız və ədalətsiz mövqedir. BMT-nin nizamnaməsində göstərilir ki, bu təşkilata üzv olan hər bir ölkə qurumun qəbul etdiyi qətnamə və qərarları icra etməyə borcludur. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar və qətnamələr BMT-nin üzvü olan bütün ölkələr üçün məcburi xarakter daşıyır. Ancaq 20 ildən artıqdır ki, işğalçılıq siyasətini davam etdirən, terror aktları törədən və günahsız insanları, uşaqları qətlə yetirən Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.
Son vaxtlar baş vermiş Rusiya-Ukrayna qarşıdurması az qala dünyanın bir nömrəli probleminə çevrilib. Krım və Ukrayna ilə bağlı Avropa Birliyi, Avropa Şurası, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu sanksiyalar getdikcə daha da ağırlaşdırılır. Bu yaxınlarda NATO-nun baş katibi F.Rasmussen Litvada NATO Parlament Assambleyasının toplantısında çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr edib. Ancaq bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etməyib və Ermənistana sanksiyalar tətbiq olunması barədə fikir səsləndirməyib. Bütün bunlar ikili standartların nəticəsidir. Yəni doğurdanmı, dünya birliyi Ermənistanın qarşısında bu qədər acizdir?
Ermənistan çox kiçik, aciz və cılız bir dövlətdir. İqtisadiyyatı tamamilə məhv olub. Yerli əhali acından ölməmək üçün ölkəni kütləvi surətdə tərk edir. Yerli rəsmilər də etiraf edirlər ki, Ermənistan sürətlə boşalır. İqtisadiyyatı məhv olan, ciddi böhran içərisində çapalayan dövlətin ümumiyyətlə, hərbi bazası, potensialı heç vaxt ola bilməz. Başqa dövlətlərin köməyi, yardımı hesabına yaşayan “cırtdan” bir dövlət heç zaman Azərbaycan kimi, qüdrətli bir dövlətlə rəqabət apara bilməz. Əgər bu gün BMT və böyük dövlətlər Ermənistana ciddi təzyiq göstərsələr, erməni silahlı qüvvələri çox keçmədən Azərbaycanın işğal altında olan ərazilərini qeyd-şərtsiz boşaldarlar. Görəsən Azərbaycan nə vaxta qədər ikili standartlara məruz qalacaq? Beynəlxalq təşkilatlar dərk etmirmi ki, artıq ikili standartlara son qoymağın vaxtı çatıb?
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.