Bu il oktyabrın 29-da Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkə gəncliyinin əldə etdiyi nailiyyətləri yada salmaqla yanaşı, həmin uğurların əsas səbəblərini də göstərmişdir: “Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir... Bütövlükdə, bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də, təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən hökumətimiz uzun illər ərzində gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün xərclənib”.
Az qala hər ay, hər həftə dünyanın müxtəlif kütləvi informasiya vasitələrində belə bir fikir səsləndirilir ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” çağırışı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları da məhz bu məqsədə xidmət edir. İndi Azərbaycanda təhsil ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissələrindən biri kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Təbii ki, bunun üçün güclü iqtisadiyyat, qüdrətli dövlət prinsipi əsas rol oynayır. Həmin prinsiplər isə müasir Azərbaycan reallıqları sırasında çoxdan öz yerini möhkəmləndirib. Beynəlxalq ekspertlərin bu həqiqətləri təsdiqləməsi isə bizim doğru yolda olduğumuzun etirafı kimi qəbul edilir.
Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən dərc edilən ölkələrin rəqabətə davamlılığı reytinqində öz mövqelərini yaxşılaşdırması respublikamızın iqtisadi potensialının hamı tərəfindən birmənalı olaraq qəbul edilməsinin göstəricisidir. Açıq şəkildə etiraf olunur ki, Azərbaycanın Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində yüksək mövqeyi iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlərin davamlılığının və irimiqyaslı layihələrin səmərəliliyinin məntiqi nəticəsidir. Respublikamız dünya ölkələrinin rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini 1 pillə yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Xatırladaq ki, Dünya İqtisadi Forumu kimi mötəbər bir təşkilat dünya ölkələrinin qlobal rəqabətədavamlılıq indeksini 144 ölkənin 14 min ekspert və şirkət rəhbərinin makroiqtisadi sabitlik, maliyyə bazarının inkişafı, əmək bazarı, texnoloji inkişaf, innovasiya potensialı, şirkətlərin rəqabət qabiliyyətliliyi, təhsil, səhiyyə və sair bu kimi 12 nəzarət göstəricisinə münasibəti əsasında formalaşdırır və tərtib edir. Yəni bu göstərici ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar qeyd edildikdən sonra dünya ictimaiyyətinin mütərəqqi düşüncəli qütbünü təmsil edən ekspert və politoloqlar vurğulayırlar ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev respublikamızda yaranmış maddi imkanlardan və hərtərəfli sabitlikdən istifadə edərək təhsilin, elmin, mədəniyyətin və səhiyyənin inkişaf etdirilməsi məqsədi ilə silsilə tədbirlər reallaşdırır, bu sahələrdə ölkəmizin qazandığı nailiyyətlərin sayını gündən-günə artırır. Məsələn, son illər dövlət başçımızın ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib.
Cəmiyyətin intellektual potensialının durmadan yüksəldilməsi işində ulu öndərin adını daşıyan fondun da müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.
Hər il olduğu kimi, bu il də dövlət başçısı dərs ilinin ilk günlərində yeni istifadəyə verilmiş məktəblərə baş çəkdi, vəziyyyətlə maraqlandı. Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən üç dəfə böyükdür. Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır”.
Bu keyfiyyəti isə orta məktəb məzunlarımızın Avropanın aparıcı ali məktəblərində təhsil alarkən nümayiş etdirdikləri fərdi intellektual səviyyədə görürük. Daha çox isə məhz Avropadakı həmkar və dostlarımız azərbaycanlı gənclərin müasir səviyyəsindən məmnunluq ifadə edirlər.
Dövlət başçımızın təhsilə, məktəbə, müəllimə göstərdiyi qayğının miqyasını biz dəfələrlə qeyd etmişik. Ancaq cənab Prezidentin bir çıxışında həmin miqyas daha aydın görünür: “Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki, təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır”.
Prezidentin cəmi üç həftədə 20-dən çox orta məktəbdə olmasının özü elə bu dövlətin təhsil sektoruna ayırdığı diqqətin göstəricisidir. Bu isə o deməkdir ki, möhtərəm Prezidentimiz “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının daha tez reallaşdırılmasında israrlıdır. Əksər ölkələrin sarsıdıcı iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycanın təhsil sektoruna bu qədər sərmayə yatırması bir çoxlarına inandırıcı görünmürdü. Ancaq günün reallıqları hamını inandırdı. Dövlət büdcəsindən ən çox vəsait ayrılan ikinci sahə (birinci yerdə müdafiə və ordu quruculuğu sahəsi dayanır) olan milli təhsilimiz məhz milli dəyərlər baxımından yenidən qurulur və sürətlə müasirləşdirilir.
Beynəlxalq aləmdə bir çox ölkələrin iqtisadi böhran yaşadığını və həmin hadisələr fonunda Azərbaycanın iti sürətlə inkişaf etdiyini dilə gətirən Prezident İlham Əliyev xatırlatmışdır: “Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir”.
Daim müasirləşmənin, xarici ölkələrdəki elmi-texniki yeniliklərin Azərbaycana gətirilməsinin, beynəlxalq aləmdəki mütərəqqi təcrübələrin ölkəmizdə də tətbiq olunmasının vacibliyini vurğulayan dövlət başçımız müstəqil respublikamızın beynəlxalq aləmə inteqrasiyasına möhtəşəm töhfələr verir. Bakıda təşkil olunan multikulturalizm, tolerantlıq mövzulu beynəlxalq forum və simpoziumlar da həmin iradədən qaynaqlanırdı. Ancaq həm ulu öndər, həm də Prezident İlham Əliyev möhtəşəm qətiyyət və cidd-cəhdlə çalışıblar ki, beynəlxalq aləmdə gedən qloballaşma prosesində Azərbaycan xalqının milli-mənəvi dəyərləri qorunub saxlanılsın. Prezident İlham Əliyev bu məqsədlə ölkə gəncliyinin qarşısında da böyük vəzifələrin durduğunu söyləyir: “Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi, həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq”.
Bir sözlə, gənc müstəqil Azərbaycan dövlətini BMT Təhlükəsizlik Şurasının üzvü, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən dövlət, kosmik dövlətlər ailəsinin üzvü kimi mötəbər səviyyələrə qaldıran Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti nəticəsində Azərbaycan gənclərini dünyanın ən intellektual potensiallı gəncləri sırasına çıxarmaqdadır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.