“Erməniləşdirmə”nin tarixi kökləri
“Dağlıq Qarabağ haradadır?” sualına çağdaş coğrafiya elminin birmənalı cavabı belədir”: “Bu bölgə Azərbaycanın mərkəzində yerləşir və digər Azərbaycan bölgələri, ilk növbədə isə Aran Qarabağla minbir tellə bağlıdır”. Bəs tarix nə deyir?
Rus işğalından az sonra Qarabağ xanlığı 1822-ci ildə ləğv edilib əyalətə çevrilmişdi. 1836-cı ildə Sankt-Peterburqda nəşr edilmiş “Obozreniye”də Qarabağ əyalətinin sərhədləri və sahəsi (13 min kvadratverst) verilmiş, onun xeyli hissəsinin dağlarla örtüldüyü qeyd olunmuşdu.
Çarizmin apardığı işğalçı müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülərək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azərbaycanlıları təhdid etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınlar həyata keçirməyə başladılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Azərbaycanlılara qarşı terror və soyqırımı Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi.
Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtlı Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK(b)P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun hakimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi.
Sayca Azərbaycandakı ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda tarixi ərazilərdə yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. RK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, Yuxarı və Aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsi nəzərə alınaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı.
Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya imperiyasının müəyyənləşdirdiyi sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. ZSFSR-ə qəbul edildikdən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi kəndləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kvadratkilometr ərazisindən sovet dövründə yalnız 86,6 min kvadratkilometr qaldı. “Dağlıq Qarabağ” ifadəsi Birinci dünya müharibəsinin sonlarında terminləşməyə, yəni konkret siyasi məna kəsb etməyə başlayıb. Muxtar vilayətin ərazisi 4,4 min kvadratkilometrdir. 1970-ci ildə DQMV-də 150 mindən bir qədər artıq əhali yaşayırdı. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni, Şuşa rayonları daxil idi.
Öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistanın bu və ya digər formada Azərbaycana qarşı təcavüzü bu gün də davam edir. Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Müasir dövrdə özünü “sivil” dövlət kimi qələmə verən Ermənistanın Azərbaycana qarşı təcavüzü, soyqırımı, öz mənfur niyyətlərinə çatmaq üçün həyata keçirdikləri, törətdikləri hər bir əməl təkcə Azərbaycana deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir. Bu işğal nəticəsində Azərbaycanın 20 mindən artıq insanı həlak olmuşdur, 20 faiz ərazisi işğal edilmişdir.
Dağlıq Qarabağa və çevrəsindəki 7 Azərbaycan rayonuna ermənilərin yerləşdirilməsi fəaliyyətinə ötən əsrin 90-cı illərinin ortalarından başlanılmışdır. Münaqişə zamanı keçmiş muxtar vilayətin rayon və kəndlərindən çıxarılan 50 mindən artıq azərbaycanlının evi talan edilmiş, yağmalanmışdı. Şuşa kimi mədəni səviyyəsi çox yüksək olan bir şəhərə ermənilər divan tutdular. Burada Azərbaycan adına hər şeyin məhv edilməsinə, türk izinin itirilməsinə başlandı . Böyük bir mədəniyyət mərkəzi məhv edildi.
Barbar ermənilər Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin kitabxanalar, muzeylər talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər. Quldurlar 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Şübhəsiz ki, bu üsullarla şəhər və kəndləri işğal altında saxlamağı əsas məqsədi sayan Ermənistan burada süni surətdə demoqrafik durumu dəyişdirmək istəmişdir.
Ermənistan ya birbaşa öz silahlı qüvvələri, ya da onun hərbi, yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərə “nəzarəti” həyata keçirir. Ermənistan hərbi təcavüzün nəticələrindən yararlanaraq, hazırkı status-kvo vəziyyətini qoruyub-saxlamağa, möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa çalışır. Onlar bu işin irəli getməsi üçün atəşkəsdən dərhal sonra buranı erməniləşdirmək üçün müxtəlif üsullara baş vurmuşdular. İlk illərdə erməni diasporuna müraciət olundu ki, buraya əhali köçürülməsinə nail olsunlar. Diaspor təbii səbəblər üzündən bunu gerçəkləşdirə bilmədi. Azərbaycanlı əhaliyə məxsus mal- mülkün pay-püş edilməsi də işi irəli aparmadı və apara da bilməzdi. Qarabağa əhalinin yerləşdirilməsindən imtina edilmədi.
Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermənistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətindədir. Faktlar sübut edir ki, bütün bu fəaliyyət işğal olunmuş ərazilərin ilhaqı məqsədilə mütəşəkkil qaydada həyata keçirilir. İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi.
Bu təşəbbüs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı.
ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar – 5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı.
Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı.
Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı. ATƏT-in 4-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi.
14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.
Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal hallarında olduğu kimi, Ermənistan işğal olunmuş ərazilərdə “seçkilər” və “referendumlar” keçirərək, işğal etdiyi ərazilərdə baş verənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır. Buna misal olaraq 10 dekabr 2006-cı il tarixli “Konstitusiya referendumu”nu və 19 iyul 2007-ci il tarixli “prezident seçkiləri”ni və sonrakı illərdə edilmiş qanunsuz seçkiləri göstərmək olar. Beynəlxalq ictimaiyyət bu kimi qeyri-qanuni hallar və onların sülh prosesinə mənfi təsiri ilə bağlı özünün birmənalı və prinsipial mövqeyini ifadə etmiş, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətini bir daha təsdiq etmişdir.
(ardı var)
Qafar ÇAXMAQLI,
Müstəqil Araşdırmaçı Jurnalistər Liqasının rəhbəri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.