Prezident İlham ƏLİYEV: Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə  ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq və anarxiya bütün sahələrdə olduğu kimi, gənclərin də fəaliyyətini iflic vəziyyətinə salmışdı. Respublikada gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı. Gənclər təşkilatları qrup halında ayrı-ayrı adamların sifarişlərini yerinə yetirir, hərbi xidmətdən yayınır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında və  hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsində fəallıq göstərmirdilər. Bunun əsas səbəblərindən biri gənclər siyasətinin hazırlanıb həyata keçirilməməsi, gənclərin vahid təşkilat ətrafında birləşməməsi idi.

 Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçəliyindəki naşılığı gənclərin formalaşmasında, hərbi vətənpərvərlik ruhunda yetişmələrində və digər sahələrdə də özünü büruzə verirdi. Onlar hələ də dərk etmirdilər ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Ölkədə baş verən hadisələr gənclər siyasətinin düzgün müəyyənləşdirilməsi istiqamətində qanunvericilik aktlarının hazırlanması zərurətini ortaya qoydu. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən başlandı.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  bütün dövrlərdə həmişə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı bəsləmiş, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli biliyə malik olmaları üçün hər cür şərait yaratmışdır.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi  ilk illərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən  və uşaqlarından asılıdır".

Bu gün ölkəmizdə gənclər siyasəti ilə əlaqədar həyata keçirilən tədbirlərin, gənclərin beynəlxalq aləmə sürətli inteqrasiyasının və azərbaycanlı gənclərin səsinin ən yüksək tribunalardan eşidilməsinin  əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu yaxınlarda Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda səslənən fikirlər də bunu təsdiqlədi.

BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə reallaşdırılan forumun  Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Belə bir nüfuzlu forumun məhz Bakıda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan inam və etimadın nəticəsi idi. Onu da qeyd edək ki, rəsmi Bakı bu vaxta qədər bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və bu sahədə artıq böyük təcrübə qazandığını təsdiqləmişdir. Qlobal forumda iştirak edən nümayəndələrin sayı da bunu təsdiqləyir. Qeyd edək ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edirdi.Forumun əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, gənc nəslin  hərtərfli biliyə malik olması, beynəlxalq tədbirlərdə fəal iştirakı üçün hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun iştirakçılarına ünvanladığı təbrik məktubunda da bu məsələləri xüsusi vurğulamışdır: “...Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş  Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır. Son illər aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənmiş, cəmiyyətdə davamlı sabitlik bərqərar olmuş, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri və tolerantlıq mühiti  daha dərin kök salmışdır”.

Təbrik məktubunda daha sonra deyilir: “Gənc nəslin intellektual, fiziki  və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.  Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond  yaradılmışdır”.

 Respublikamızın rəhbəri gənclər təşkilatlarının fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinin dövlətin diqqət mərkəzundə saxlanıldığını nəzərə çatdıraraq bildirmişdir: “Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun  formalaşdırılması istiqamətində həyata keçirilən  layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi  etməsinə imkan vermişdir.  Əminəm ki, bu gün işə başlayan Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaqdır”.

Ulu öndər  Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini zəruri məsələlərdən biri  hesab etmiş və bu məqsədlə  1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması barədə sərəncam imzalamışdır. 1995-ci ildə isə  Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.  Bir il sonra—fevralın 2-də  müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir.

1997-ci il  fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. O vaxtdan etibarən ənənəvi olaraq hər il həmin gün Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilir. Fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. 2002-ci il  aprelin 9-da isə ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunda gənclər siyasətinin əsas istiqamətləri  gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı  kimi müəyyənləşdirilmişdir.

Ulu öndərin daxili və xarici siyasətini yaradıcı surətdə, uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası və dünya birliyində fəal  iştirakının təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Ölkə başçısı gənclərin potensialından dövlətin mənafeyi naminə tam və düzgün istifadə olunmasını daim diqqət mərkəzində saxlayır. Gənclərin   məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının  2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı  gənclərə dövlət qayğısının artırılması istiqamətində mühüm addım idi. Bu əhəmiyyətli sənəddə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, beynəlxalq tədbirlərdə fəal təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Fakt üçün bidiririk ki, 2008-2011-ci illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir.  Azərbaycan gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığı istiqamətində də mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsi olaraq  son illər gənclər təşkilatlarımız  11 beynəlxalq təşkilata üzv qəbul edilmişdir. . Bakıda Gənclər Mərkəzinin, regionlarda isə Gənclər evlərinin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda “Gənclər evləri” fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda “Gənclər evi” tikilməsi üçün layihələr təsdiq olunmuşdur. 

Son illərdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2011-ci il aprelin 6-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunmuşdur. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır. Bütün bunlarda əsas məqsəd   gənclər siyasətini daha da inkişaf etdirmək,  gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinin təmin olunmasıdır.

Prezident İlham Əliyev Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun rəsmi açılış mərasimindəki nitqində də bu barədə ətraflı məlumat vermiş və bundan sonra da gəncliyin inkişafına öz dəyərli töhfələrini verəcəyini diqqətə çatdırmışdır: “...Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında