İnsan hüquq və azadlıqlarının qorunmasına xidmət edən 57 əfv fərmanı və 10 amnistiya aktını reallaşdıran gənc müstəqil dövlətimiz barədə özünəməxsus bir fikir formalaşıb: Belə humanist addım dünyanın heç bir ölkəsində qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində respublikamızın rəhbəri İlham Əliyev daha bir humanist addım ataraq sayca 57-ci olan əfv sərəncamı imzaladı. Dövlət başçısına məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında ünvanladığı müraciətlərə baxılmış, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 84 məhkum əfv olunmuşdur.
Onu da qeyd edək ki, dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 10 amnistiya aktının qəbul olunması, 57 əfv sərəncamının imzalanması beynəlxalq aləmdə çox yüksək dəyərləndirilir. Bununla əlaqədar qəbul olunan bəyanatlarda da humanizm prinsiplərinin diqqət nərkəzində saxlanılması nəticəsində minlərlə insanın öz ailəsinə, cəmiyyətə qovuşduğu bildirilir. Dövlətimizin başçısı əfv edilmiş və islah olunaraq, azadlığa çıxan məhkumlara qanun pozuntularından, cinayət törətməkdən yayınmağı, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
Bu vaxta qədər imzalanmış 57 sərəncam əsasında 5938 nəfər əfv olunub. Ümumiyyətlə, qəbul edilmiş 10 amnistiya aktı və əfv sərəncamları ilə birlikdə on minlərlə məhkum ailəsinə qovuşmuşdur. Cəzalarının qalan hissəsindən azad olunanlar və onların valideynləri ölkə başçısına bu humanist addımına görə minnətdarlıqlarını bildirmiş, sevinclərinin həddi-hüdudu olmadıqlarını bildirmişlər. Məsələn, sonuncu əfv sərəncamı ilə cəzasının qalan hissəsindən azad edilmiş Afiq Kazımov Prezidentə öz təşəkkürünü bildirərək deyib: “Çox sağ olsun Prezidentimiz! Bizim günahlarımızı bağışladı. Əfv olunacağımı gözləmirdim”.
Əfv olunan şəxslərin valideynləri də sevinclərini dövlət başçısına minnətdarlıqla bildiriblər. Valideyn Təyyar İbrahimov sevincini bölüşərək deyib: “Bu gün biz valideynlərə sevinc bəxş edən cənab Prezidentimizə uzun ömür, cansağlığı arzu edirəm! Bizi sevindirdi. 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Övladımın ilk günahı idi. Öz dostu ilə dalaşmışdı. Möhtərəm Prezidentimiz onu əfv etdi. Ailəmizin bütün üzvləri, hamımız Prezidentimizə minnətdarıq”.
Belə faktlar istənilən qədərdir. 1995-ci ildən bu günə kimi məhkumluq həyatı yaşayan insanların ailələrinə hər dəfə bayram günlərində iki qat sevinc bəxş olunması artıq ənənə halını alıb.
Ulu öndər Heydər Əliyev rəhbərliyi ilə 1995-ci ildə əfv institutu yenidən tamamilə fərqli şəkildə bərpa olundu. Həmin vaxt ilk dəfə təxminən 1000-ə yaxın hərbçi, əsgər əfv olundu. Onlar fərariliyə görə məhkum olunmuşdular. Araşdırmalar göstərirdi ki, onların fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, dövlət idarəçiliyindəki naşılıq, ölkədə baş alıb gedən özbaşınalıq, anarxiya, xaos dururdu. Bu gün isə Azərbaycanda fərarilik yoxdur, başqa qanun pozuntuları olsa da, onlara qarşı tədbir görülür. Amma fərarilik cinayəti tamamilə aradan qaldırılıb. Halbuki, AXC-Müsavat hakimiyyəti dövründə bu, kütləvi xarakter almışdı. Bunun da nəticəsində gənclər uzunmüddətli məhkumluq həyatı yaşayr, ömrün ən enerjili illərini cəzaçəkmə müəssisələrində keçirirdilər.
Baxmayaraq ki, həmin dövrdə amnistiya ilə bağlı olaraq xüsusi bir qanunvericilik yox idi, amma Heydər Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya qərarları elə hazırlanmışdı ki, bir qədər yüngül cinayət törətmiş, xüsusi ictimai əhəmiyyət kəsb etməyən insanlar azadlığa buraxılırdılar. Amma ağır cinayətlər burada istisna olunurdu. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycanda, sözün əsl mənasında, humanist məna daşıyan əfv və amnistiya təsisatının banisidir.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir-birinin ardınca imzaladığı əfv sərəncamları ilə humanizm prinsiplərinə sadiqliyini nümaiyş etdirir. Bir faktı qeyd edək ki, dövlət başçısının humanizm prinsiplərinə sadiqliyi nəticəsində son 10 ildə 35 min 240 nəfərdən çox məhkum azadlığa buraxılıb.
Dövlət başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877, 2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. 2014-cü il oktyabrın 17-də imzalanmş əfv sərəncamı ilə daha 84 nəfər azadlığa buraxılıb. Ölkə başçısının bu sərəncamı beynəlxalq aləmdə yüksək qiymətləndirirlər. Bu sərəncamı alqışlayan bəyanatların sayı getdikcə artmaqdadır.
Azərbaycanda əsas insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən belə tədbirlərin yüksək qiymətləndirilməsi ilə əlaqədar ilk bəyanat Avropa İttifaqı tərəfindən verildi. Bu qurumun xarici siyasət üzrə Ali nümayəndəsi Ketrin Eşton və Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında əfv sərəncamı alqışlanıb və müsbət addım kimi dəyərləndirilib. Bəyanatda Avropa İttifaqının Azərbaycanla əlaqələrə verdiyi önəm xüsusi vurğulanıb və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin hər iki tərəfin xeyrinə əhəmiyyətli potensialı olduğu qeyd edilib: “Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür və Avropa Şurasının hazırkı sədri kimi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Avropa İttifaqı vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla işi bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət strukturları ilə təmasları daimidir və bu, həm Avropa İttifaqı, həm də Azərbaycan üçün vacibdir: “İstənilən ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu çox vacibdir və Azərbaycan da istisna deyil”. M.Mard qeyd edib ki, Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayır. O, belə addımların davamlı olacağına əminliyini ifadə edib.
Polşa Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayan bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb. Qeyd edilir ki, beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan bu sərəncam Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış müsbət addımdır.
ABŞ Dövlət Departamenti tərəfindən də dövlətimizin əfv sərəncamını alqışlayan bəyanat yayılıb. Azərbaycan Prezidentinin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsi yüksək qiymətləndirilib. Bəyanatda deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Həsən Hüseynli və onun başçılıq etdiyi QHT Bakıdakı ABŞ səfirliyi ilə tələbə mübadiləsi, təhsil müşavirliyi sahəsində əməkdaşlıq edirdi: “Onunla birlikdə, eyni gündə üç gənc fəal - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar”.
ABŞ Konqresində Azərbaycan dostluq qrupunun həmsədri, konqresmen Stiv Koenin bu günlərdə yayılan bəyanatında da Azərbaycan Prezidentinin humanizm prinsiplərinə sadiqliyi, 80-dən çox məhbusun əfv edilməsi sərəncamı yüksək qiymətləndirilir. Bəyanatda deyilir ki, bu sərəncam Azərbaycanın humanist siyasətinin daha bir təsdiqidir. Stiv Koen deyib: “Azərbaycan Birləşmiş Ştatların dəyərli müttəfiqidir və çox şadam ki, birgə maraqlarımızı təmsil etmək üçün mənim Azərbaycan ilə apardığım işi davam etdirmək perspektivləri var”.
Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsini gözü götürməyən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsindən qışqanclıq hissi keçirən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və onların diktəsi ilə hərəkət edən “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və digər ermənipərəst təşkilatların yalan və qərəzli hesabatlarına artıq inanan yoxdur. Azərbaycan Prezidentinin sonuncu əfv sərəncamından sonra mötəbər beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəsmi bəyanatları qərəzli qeyri-hökumət təşkilatlarına tutarlı cavab oldu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.