Azərbaycanın dövlət başçısının rəhbərliyi altında həyata keçirilən, milli maraqlara söykənən, tam müstəqil xarici siyasət ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir. Məhz bunun nəticəsidir ki, hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin mövqeyi özünü açıq şəkildə büruzə verir. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarının da məhz Azərbaycan dövlətinin olması beynəlxalq aləmdə reytinqimizin yüksək səviyyəyə qalxmasından xəbər verir.
Son illər dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini rəsmi Bakıda keçirmələri həyata keçirilən uğurlu diplomatiyanın nəticəsidir. Bütün bunlar ölkəmizə olan maraqları daha da artırmış və respublikamızla qarşılıqlı əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə çoxalmasına öz təsirini göstərmişdir.
Xarici siyasətimizin uğurlu olmasını və beynəlxalq aləmdə ölkəmizə göstərilən etimadı yüksək qiymətləndirən respublikamızın rəhbəri İlham Əliyev demişdir: “BMT-də iki il bundan əvvəl aparılmış seçkilər də təsdiqləyir. Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmuşdur. İki il ərzində bu təşkilatda ləyaqətlə iştirak edirdi. Dediyim kimi, beynəlxalq hüququ, ədaləti müdafiə edirdi”.
Xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasıdır. Artıq dünya birliyinə də bəllidir ki, münaqişənin bu vaxta qədər nizamlanmamasının əsas səbəblərindən biri rəsmi Yerevanın qeyri-konstruktiv münasibəti və beynəlxalq aləmdə ikili standartların mövcudluğudur. Uzun illərdir ki, Ermənistan tərəfi beynəlxalq hüququ, ədaləti pozur və işğalçılıq siyasətini davam etdirir. Artıq beynəlxalq ictimaiyyət də bəyan edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır və yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Tarixi faktlar da təsdiqləyir ki, təkcə Dağlıq Qarabağ yox, indiki Ermənistanın böyük bir hissəsi də qədim Azərbaycan torpaqlarıdır.
Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, bütün xarici səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olub və ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb. Ölkə rəhbərimizin bu yaxınlarda Fransaya işgüzar səfəri zamanı da bunun şahidi olduq. Fransa və Azərbaycan prezidentlərinin görüşündə status-kvonun dəyişdirillməsinin və işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi xüsusi vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanması istiqamətində həyata keçirilən tədbirlər və dövlət başçımızın qətiyyətli mövqeyi artıq beynəlxalq ictimaiyyəti hərəkətə gətirməkdədir. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətlərində də son vaxtlarda nəzərəçarpacaq canlanma da əsasən bu səbəbdəndir. Bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların baş tutması da problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatdığı və bu məsələdə Rusiyanın köməyinin zəruriliyi qeyd olunub. Üçtərəfli görüşdə bəyanatla çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, İrəvan və Bakıda problemin həlli üçün sağlam iradə mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev isə rusiyalı həmkarına müraciət edərək deyib ki, bu məsələ həddən artıq uzanıb, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Dövlətimizin başçısı bildirib ki, danışıqların formatı və həlli üçün hüquqi baza mövcuddur: “Düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, qonşumuz və müttəfiqimiz olaraq bu prosesdə xüsusi rol oynayır və yaxın vaxtlarda bu problemin sülh yolu ilə həllinə nail olacağımıza ümid edirəm. Həll variantı beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə olmalıdır”.
Ermənistan prezidenti Serj Sarkisyan bu dəfə də beynəlxalq hüququ pozduqlarını ört-basdır etmək istəyib.
O, buna nail ola bilməyib. Çünki faktlar göz qabağındadır və bunu ört-basdır etmək qeyri-mümkündür. Artıq dünya birliyinə də məlumdur ki, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır və bu işğal nəticəsində bir milyondan artıq soydaşımız öz ata-baba ocaqlarından didərgin salınaraq, qaçqın və məcburi köşkün həyatı yaşayır. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, bunun əsas baiskarı işğalçı Ermənistan dövlətidir.
Ermənistan prezidenti münaqişənin kompromis yolu ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında həll edilməli olduğunu desə də, yenə də riyakarlığını gizlədə bilməyib.
Rusiyanın dövlət başçısı son olaraq münaqişənin həllində beynəlxalq əməkdaşlığı alqışladığını və məsələnin sülh yolu ilə, tezliklə həlli üçün dəstək verəcəyini əlavə edib. Bunun ardınca ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərindən biri olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
Milli Məclis tribunasından da səsləndirildiyi kimi, ekspertlər təəssüf edirlər ki, ATƏT-in ücüncü həmsədr dövləti olan ABŞ tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hələ də qətiyyətli mövqe nümayiş etdirmir. İki yüz ilə yaxın demokratik idarəetmə təcrübəsi olduğunu sübut etməyə və digər dövlətlərə demokratiya dərsi keçməyə cəhd edən ABŞ rəsmiləri, nədənsə, hələ də Ermənistanın nazı ilə oynayır, ikili standartlardan əl çəkmir, bu ölkənin işğalçılıq siyasətinə son qoymasında qətiyyət nümayiş etdirmir və yurd-yuvalarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının doğma ocaqlarına qaytarılmasında ciddi addımlar atmır. Bu da işğalçı Ermənistanı daha da azğınlaşdırır.
Bu günlərdə Ukraynada keçirilmiş parlament seçkilərinin, necə deyərlər, mürəkkəbi qurumamış ABŞ rəsmiləri tərəfindən demokratik seçki hesab edilməsi və Krımın Ukraynaya qaytarılmasında öz köməyini əsirgəməyəcəyini bildirməsi, Ermənistanın isə 20 ildən artıq davam edən işğalçılıq siyasətinə göz yumması ayrı-seçkilik və ya ikili standartlar deyilmi? Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən bir dövlətin ayrı-seçkilik etməsi və bundan sonra da digər dövlətlərə demokratiya dərsi keçməsi nə dərəcədə doğrudur? Budurmu demokratiya dərsi? Axı, Ermənistan bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik və saymazlıq edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işguzar səfəri böyük maraqla izlənilmişdir. Bunun əsas səbəblərindən biri də son illər ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsidir. Azərbaycan Ermənistan kimi sıradan bir dövlət deyil. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş və iki dəfə bu quruma sədlik etmiş, beynəlxalq kosmik ailənin üzvünə çevrilmiş, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Üstəlik, respublikamız Aropanın enerji təminatında xüsusi rolu olan dövlətdir. Son vaxtlar dünyanın ən nüfuzlu beynəlxalq qurumları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu da respublikamıza, onun başçısına olan inam və etimadın nəticəsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri və Ermənistan prezidenti ilə görüşü beynəlxalq ictimaiyyətdə böyük maraq doğururdu.
Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə ilk görüşü Fransa Respublikasının Prezidenti Fransua Ollandla olub. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyi bildirilib. Bu da iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşmasından xəbər verir. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Həmçinin, “Cənub” qaz dəhlizi enerji layihəsinin reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçılarının görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi xüsusi qeyd edilib.
Azərbaycan Prezidentinin Fransaya işgüzar səfərinin əsas məqsədi Ermənistan prezidenti ilə görüşmək və münaqişənin nizamlanması istiqamətində müzakirələr aparmaq idi. Əvvəlcə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub, sonra hər iki dövlət başçısının təkbətək görüşünə şərait yaradılıb. Bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub. Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü keçirilib.
Göründüyü kimi, bir-birinin ardınca görüşlər keçirilmiş və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli yolları müzakirə olunub. Hər dəfə də status-kvonun dəyişdirilməsinin, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsinin zəruriliyi vurğulanıb. Artıq beynəlxalq qurumlar da status-kvonun dəyişdirilməsinin vacibliyini bildirirlər.
Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşü ərəfəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard bu görüşün Parisdə keçirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır”.
Azərbaycan Prezidentinin Fransaya işgüzar səfərinin nəticələri müsbət dəyərləndirilir. Xarici İşlər naziri Elmar Məmmədyarov da Parisdə keçirilən görüşlər barəsində verdiyi açıqlamasında deyib: “Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək hələlik inkişafa nail olunmamış məsələlərə baxıldı. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd etdi ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq. Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyi barədə münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu işə hazırdır”.
Ümumiyyətlə, dövlətimizin başçısı bu vaxta qədər keçirdiyi bütün görüşlərdə-istər beynəlxalq tədbirlərdə, istərsə də xarici ölkələrə səfərləri zamanı dövlət başçıları ilə keçirdiyi bütün təmaslarda münaqişənin nizamlanmasında qəti mövqeyini bildirmişdir: Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərini tərk etmələri ilə əlaqədar beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr icra olunmalı, status-kvo dəyişdirliməli, öz doğma yurdlarından didərgin salınmış soydaşlarımız ata-baba ocaqlarına qayıtmalıdırlar.
Azərbaycan Prezidenti Parisə işgüzar səfərindən Vətənə qayıtdıqdan bir gün sonra-oktyabrın 29-da Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun açılış mərasimindəki nitqində də bu məsələni bir daha vurğulayaraq deyib: “... Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bir milyon insan həmin təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər tərəfindən Xocalı soyqırımı törədilib və 600-dən çox günahsız insan - onlardan 100-dən artıq qadın, 60-dan çox uşaq – yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib.
Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır və iyirmi ildən çoxdur ki, icra olunmur. ATƏT eyni qərarları qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assamblyeası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri belə qərarlar qəbul ediblər. Onlar mövqeyimizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri zamanı keçirdiyi görüşlər və bu görüşlər zamanı səsləndirilən fikirlər münaqişənin nizamlanmasında dövlət başçımızın qəti mövqeyini bir daha ortaya qoyur: Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi, status-kvonun dəyişdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və münaqişənin ölkələrin ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsi problemin aradan qaldırılmasında ən düzgün yoldur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.