On bir il əvvəl Prezident İlham Əliyevin verdiyi vədlərin uğurla yerinə yetirilməsi bu gün həyatımızın bütün sahələrində özünü göstərir

Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışından

 

2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən 11 il ötür. Bu müddət ərzində ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında baş vermiş sürətli inkişaf, dünya birliyinə inteqrasiya Azərbaycanın müstəqillik tarixinə yeni mərhələnin başlanğıcı kimi həkk olunub.  Xatırladaq ki, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyası sədrinin  I müavini İlham Əliyevin  Azərbaycan prezidentliyinə namizədliyi müstəqil seçici qrupu tərəfindən irəli sürülmüşdü. Hələ seçkilərə iki həftə qalmış – oktyabrın 1-də Azərbaycan Prezidenti Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdir.  Oktyabrın 15-də 2003-cü ildə keçirilən seçkilərdə  İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq  Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

Bir anlığa 11 il əvvəl baş vermiş hadisələrə qayıdaraq prezident seçkiləri ərəfəsində  ulu öndər Heydər Əliyevin son qərarını xatırlatmaq istərdik. Bu qərar,  əslində, ümummilli liderin  Azərbaycana son borcu, son xidməti idi. Dahilərin, tarixi şəxsiyyətlərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə siyasi xadimlərdən, qüdrətli şəxsiyyətlərdən idi.

Azərbaycan dövlətinin taleyi məhz ulu öndərin son qərarından  asılı idi. Heydər Əliyev xalqı, Vətəni və müstəqilliyini əbədiləşdirdiyi Azərbaycan qarşısında son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Heydər Əliyevin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində Azərbaycan xalqının dünyanın ən qabaqcıl xalqları sırasında layiqli yer tutduğu, millətimizin zəngin mənəvi aləminin, dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrin, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyətinin hamıya məlum olduğu, azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya etməsi reallığı məmnunluqla bildirilirdi. Ulu öndər müraciətində vurğulayırdı ki, müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübə və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.

Heydər Əliyev tarixi müraciətinin sonunda onun müəyyənləşdirdiyi  siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq ulu öndərin bu müraciətinə cavab olaraq seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasi xəttinə inam və etimadını nümayiş etdirdi və İlham Əliyevə səs verdi. Bu, xalqın ulu öndər Heydər Əliyev siyasi xəttinə olan inamının bariz nümunəsi idi. Prezident  İlham Əliyevin ötən 11 illik prezidentlik fəaliyyəti – ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulması, dünya birliyinə sürətli inteqrasiyası, ən yüksək tribunalarda söz sahibinə çevrilməsi və digər amillər də bir daha təsdiqləyir ki, xalq öz seçimndə yanılmayıb. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – deyən dövlət başçısı 11 illik  fəaliyyətində verdiyi vədləri layiqincə yerinə yetirmişdir.

31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ona  göstərilmiş  etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirmiş və  Heydər Əliyev siyasətini davam etdirəcəyini bəyan etmişdir. Dövlətimizin başçısı bir daha vurğulamışdır ki, Azərbaycanda  Heydər Əliyev siyasətinin alternativi yoxdur. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək, Heydər Əliyev siyasətinə səs verməklə  sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir.

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında deyib: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır... Beynəlxalq təşkilatlarda Azərbaycan çox uğurlu fəaliyyət göstərir, onun nüfuzu artır. Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilat Azərbaycanın təkidi ilə Ermənistanı işğalçı dövlət kimi tanıyıbdır. Bu proses davam edəcəkdir. Azərbaycan beynəlxalq aləmdə, dünya miqyasında daha da möhkəm mövqelərə sahib olacaqdır”.

Qonşu dövlətlərlə  münasibətlərimizə diqqət çəkən respublikamızın rəhbəri bu sahədə uğurlu  inkişafın olduğunu bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, həm ikitərəfli münasibətlərimiz güclənir, həm də regional əməkdaşlıq inkişaf edir. Həmin vaxt  andiçmə mərasimində iştirak etmək üçün Azərbaycana, Bakıya gəlmiş qonşu dövlətlərin görkəmli dövlət xadimlərinin iştirakı  da  ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafından xəbər verirdi.

Ölkəmizin  iqtisadi qüdrətinin getdikcə artdığını, özəl sektorun  inkişaf etdiyini,  Azərbaycana yüksək səviyyədə xarici sərmayələrin  qoyulduğunu, uğurlu islahatların aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev demişdir: “Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı güclənir. Azərbaycanda iqtisadi islahatlar aparılır. Bu islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində öz iqtisadiyyatının yüksəlişini təmin etmişdir. İqtisadiyyatın ən mühüm göstəricisi - ümumi daxili məhsul son beş il ərzində hər il 10 faiz artır, inflyasiyanın səviyyəsi 2 faiz təşkil edir. Halbuki, on il bundan əvvəl inflyasiyanın səviyyəsi 1600 faiz idi. Azərbaycanda özəl sektor uğurla inkişaf edir. Çox sevindirici haldır ki, ümumi daxili məhsulun formalaşmasında özəl sektorun payı 70 faiz təşkil edir. Sahibkarlar sinfi yaranır. Genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir. Torpaq islahatı aparılıbdır və torpaq artıq kəndlilərin özəl mülkiyyətinə verilibdir. Bunun nəticəsində kənd təsərrüfatı istehsalı artır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir. Azərbaycana xarici sərmayə qoyuluşu çox yüksək səviyyədədir və bu proses davam edir. Sizə deyə bilərəm ki, bütün mənbələrdən qoyulan sərmayələrin həcmi 15 milyard dollar təşkil edir. Adambaşına xarici sərmayənin həcminə görə Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerdədir, bəzi Şərqi Avropa dövlətlərini də qabaqlayır”.

Andiçmə mərasimində qeyd edilmişdir ki, sərmayələr, xüsusilə, xarici sərmayələr əsasən davamlı sabitlik olan ölkələrə qoyulur. Çünki hər sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda son illər ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanda yaranmış bu sabitliyi qorumaq, saxlamaq və  möhkəmləndirmək  bizim hamımızın borcudur. Prezident bildirmişdir ki, bu sabitlik bundan sonra da qorunub saxlanılacaq: “Əgər Azərbaycanda sabitliyin pozulmasına kim can atırsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək. Bu barədə bizim çoxlu planlarımız vardır. Azərbaycanın hər bir sahəsi inkişaf etməlidir”.

Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının əsasını təşkil eən neft strategiyasının  uğurla həyata keçirilməsi,  əsas ixrac neft və qaz kəmərlərinin inşasının başa çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması istiqamətində bütün qüvvəsindən istifadə edəcəyini bildirmişdir. Ölkə başçısı verilən vədlərin yerinə yetirilməsinin bir yolu olduğunu demişmişdir: “Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Son on bir ildə Azərbaycanın iqtisadi qüdrətinin sürətlə artması, Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi, xarici siyasətdə qazanılan uğurlar, ölkəmizin dünya birliyində reytinqinin yüksəlməsi və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması verilən vədlərin layiqincə yerinə yetirilməsinin bariz nümunəsidir.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında