Gənc müstəqil dövlətimiz ulu öndər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Avrasiyanın və dünyanın aparıcı subyektlərindən birinə çevrilir. İndi artıq Azərbaycan dövlətinin səsi dünyanın bütün aparıcı tribunalarından eşidilir.
Respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki dəfə bu nüfuzlu quruma sədrlik etməsi, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi, iri infrastruktur layihələrin həyata keçirilməsində digər ölkələrə örnək olması ölkəmizin iqtisadi qüdrətinin artmasını müəyyən edən amillərdəndir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə bütün səfərləri beynəlxalq aləmdə diqqətlə izlənilir.
Prezident İlham Əliyevin Fransaya oktyabrın 27-də reallaşdırdığı işgüzar səfər zamanı da bu həqiqətlərin şahidi olduq. Dövlət başçımızın Fransa Prezidenti Fransua Olland ilə görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunmuş, enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanmışdır. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli ilə bağlı danışıqların vəziyyəti, status-kvonun dəyişdirilməsi zərurəti və işğal olunmuş ərazilərin azad edilməsi yolları barədə müzakirələr aparılmışdır.
Ayın əvvəlində isə Prezident İlham Əliyevin Tacikistana səfəri zamanı iki ölkə arasında imzalanmış sənədlər də gələcəkdə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsindən xəbər verir. Ümumiyyətlə, bu iki ölkəni bir-birinə qədim tarixi əlaqələr bağlayır. Xalqlarımız həmişə bir-birilə dost olmuş və beynəlxalq tədbirlərdə bir-birinə dəstək vermişlər. Hər iki ölkə regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.
Ümumiyyətlə, Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli də tacik xalqı tərəfindən daim hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfəri təmsil edən Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndərilib. Milliyətcə azərbaycanlı olan Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan tərəfi 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci il mayın 8-də ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
1997-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII Zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Ulu öndər Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan Prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib. Görüş zamanı Prezident Heydər Əliyev bildirib: “Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII Zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir”.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezidenti İlham Əliyev digər ölkələrlə yanaşı, Tacikistanla da münasibətlərin yüksələn xətt üzrə inkişafına nail olub.
2007-ci il martın 15-də Prezident İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Prezidentinin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmin vaxt Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.
Həmin ilin avqustunda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib. Bu görüşdən sonra da iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər imzalanıb. Bundan sonra, digər dövlət rəsmiləri ilə ikitərəfli səfərlər davam etdirilmiş və münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdı.
İki ölkə arasında mədəni əlaqələr də getdikcə inkişaf etmişdir . Əvvəlcə, 2007-ci ildə Azərbaycanda Tacikistan Mədəniyyət Günləri keçirilmiş, bir il sonra isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri təşkil olunmuşdur. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə olub. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın Prezidenti Emoməli Rəhmon nümayəndə heyətini qəbul edib
Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və digər regional təşkilatlarda, həmçinin, TRASECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər.
Göründüyü kimi, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Ona görə də Azərbaycan Prezidentinin Tacikistana sayca ikinci olan rəsmi görüşü yüksək ruh yüksəkliyi ilə qarşılanmışdır. Təsadüfi deyildir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon bu səfəri yüksək dəyərləndirərk deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfəri xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. E.Rəhmon əminliklə bildirib ki, indiki görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Tacikistan Prezidenti vurğulayıb ki, ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər. O, həmçinin respublikamızın beynəlxalq əlaqələrinin getdikcə genişlənməsini də yüksək qiymətləndirib: “Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir. Bunu, Azərbaycanın, demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir. Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik”.
E.Rəhmon bəyan edib ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək. Dağlıq Qarabağ münaqişəsinə toxunan Tacikistan Prezidentinin mövqeyi bu problemin aradan qaldırılmasında Azərbaycan tərəfinin mövqeyi ilə üst-üstə düşüb: “ Mən bu problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi, münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır”.
Prezident İlham Əliyev səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş və demişdir ki, biz həm tarix, həm də mədəniyyət baxımından bir-birimizə yaxın xalqlarıq, eyni sivilizasiyanın nümayəndələriyik. Əlbəttə, bunlar bizi yaxınlaşdırır. Azərbaycan Prezidenti bildirmişdir ki, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var. Müstəqillik böyük çətinliklərlə əldə edilib. Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır.
Azərbaycan Prezidenti bütün xarici səfərlərində olduğu kimi bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərində və bu problemin bu vaxta qədər öz həllini hələ də tapılmamasının səbəblərindən danışmışdır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər”.
Dövlətimizin başçısı münaqişənin nizamlanmasında bir sıra beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyini vurğulamış və bu istiqamətdə qəbul olunan qətnamələrin hələ də icra olunmadığını diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunmuşdur.
Azərbaycan Prezidenti Tacikistanın digər dövlət rəsmiləri ilə görüşlər keçirmiş, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sahələr üzrə sənədlər imzalanmışdır. Bu sənədlər dost və tərəfdaş olan Azərbaycanla Tacikistan arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.