Ermənistan uçurum kənarında...

Diplomatiyada ölkələrarası əlaqələrdə meydana çıxan problemlər təsadüfi xarakter daşımır. İki ölkə arasında cərəyan edən yaxşı,  yaxud pis anlamda hər cür əlaqə regional və beynəlxalq aktorlar vasitəsilə müəyyən amillər nəzərə alınmaqla bir strategiya daxilində yürüdülür. Bu baxımdan  son vaxtlar Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş verən indsidentlər də “təsadüfi” anlamda yozula bilməz.

1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən birtərəfli şəkildə keçirilən referendumla müstəqillik qərarı alındıqdan sonra, ilk öncə, yerli əhali öz doğma torpaqlarını tərk etməyə məcbur olmuş, sonra isə Moskvanın dəstəyi ilə reallaşan erməni işğalları başlamışdır. Bu işğallar Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi ilə nəticələnən regional problem  kimi beynəlxalq səciyyə qazanmışdır. O vaxtdan bəri davam edən münaqişədə gərginlik səngiməmiş, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində əhəmiyyətli bir addım atılmamışdır. Tərəflər bir neçə dəfə istər dövlət başçıları, istərsə də hökumət nümayəndələri səviyyəsində Qarabağ problemini həll etmək məqsədilə toplaşsalar da, heç bir irəliləmə əldə olunmamışdır. Son zamanlar cəbhə xəttində baş verən intensiv atışmalar, mövcud gərginlik 20 ildən artıq bir müddətdir ki, Cənubi Qafqazda dondurulmuş vəziyyətdə saxlanılan Qarabağ probleminin həllində yeni bir addım atılacaqmı? - sualını gündəmə gətirdi. Bu sual isə öz növbəsində müharibə reallığının araşdırılmasını, münaqişə tərəflərinin müharibəyə hazırlıq səviyyəsinin, eyni zamanda, münaqişənin həllinə cəlb olunmuş güclərin xüsusilə də Rusiya və ABŞ amillərinin müharibə reallığına münasibətinin araşdırılmasını zəruri edir.

 

İyirmi il və iki fərqli mənzərə

Atəşkəsin elan olunmasından keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvünə, regional liderə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan respublikamız istər daxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Müasir Azərbaycan Ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş  ordusu vardır.

Bəs maraqlıdır, Ermənistanın nəyi var? Bir az da statistik göstəricilərə nəzər salaq. Hazırda Ermənistan əhalisinin sayı 3 milyona yaxındır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon nəfər olub. Ciddi şəkildə enmə müşahidə olunmaqdadır. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Yüksək artım mövcuddur. Həm də torpaqların işğalına, on minlərlə şəhidin verilməsinə baxmayaraq.

Bundan başqa, Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcədən  təkcə 3,8 milyard dollara yaxın vəsaiti ölkənin müdafiəsi məqsədilə ayırmışdır. Yəni Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Ümumilikdə, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard dollara yaxındır. Ermənistan enerji mənbələri baxımından yoxsul bir ölkədir. Həmçinin, Xəzərin enerji qaynaqlarına çox yaxın bir sahədə yer alan Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində regionun imkanlarından da lazımi dərəcədə yararlana bilmir.

Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Hətta bununla bağlı belə bir deyim də vardır: hər bir erməni birtərəfli uçuş biletini almaq  üçün pul arxasınca qaçır. Yəni təyyarə biletini toplaya bilən hər bir erməni ölkəsini tərk edir, bir daha geri qayıtmır. Ermənistan prezidenti Serj Sarkisyanın bu il avqustun 24-də gənc jurnalistlərlə görüşü zamanı əlacsız etdiyi etirafları da bunu təsdiqləyir:  “Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı və ya qanunun aliliyinin olmamasına görə daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Başqa yandan, siz başa düşməlisiniz ki, digər ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən köçü daha da stimullaşdırır: birincisi, erməniləri maqnit kimi özünə çəkən diaspordur. İkincisi isə, başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirir və s.”.

Yaranmış vəziyyətin gərginliyi erməni ekspertlərini də ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə vadar edir. Məsələn, analitik İqor Muradyan prezident Serj Sarkisyanı “Avropa ölkəsinin prezidenti olmaq statusundan imtina edərək Ermənistanı bütün dünyanın gülüş hədəfinə çevirmiş, “uduzmuş siyasətçi” adlandırır. Ermənistanın uçurumun kənarında dayandığını deyən ekspertin fikrincə, korrupsiyalaşmış Sarkisyan rejiminə qarşı ictimaiyyətin sərt təpkisi olmadan, ölkənin idarəetmə kursunu dəyişmədən onu xilas etmək mümkün olmayacaq.

Ermənistanın coğrafi durumu da ordu təminatına xeyli dərəcədə təsir göstərir. Ölkənin dəniz sərhədinin olmaması səbəbindən donanması olmayan Ermənistan ordusu sadəcə quru və hava qüvvələrindən ibarətdir. Ermənistanın ən önəmli problemlərindən biri də hərbi büdcə, əsgər maaşıdır. Bu problem ən çox zabit maaşlarının verilməsində və mövcud hərbi texnologiyanın qorunmasında özünü göstərir. Bu, insanların orduya olan inamını azaldan əsas amildir.

Maraqlıdır ki, daim ərazilərimizə göz dikən, “yersiz gəldi, yerli qaç” prinsipi ilə əzəli torpaqlarımızda məskən salan ermənilər münaqişənin başlama səbəblərindən biri kimi Dağlıq Qarabağda yerli əhalinin yaşayışının düzgün şəkildə təmin olunmadığı,  vəziyyətin ağır olması, ayrı-seçkiliyin hökm sürməsi ilə izah edirdilər. Bununla da utanmadan təcavüzkar siyasətlərinə bəraət qazandırmağa çalışırdılar. Lakin işğaldan sonra cərəyan edən hadisələr Ermənistanın durumu ilə bağlı reallıqları dünya ictimaiyyətinə nümayiş etdirdi. Öz əhalisini saxlaya bilməyən, aclıq və səfalət içində hökm sürən hakimiyyət 20 illik yarıtmaz fəaliyyəti ilə nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da təmin etmək iqtidarında olmadığını açıq şəkildə ortaya qoydu. Şovinist siyasəti, “türk düşməndir” devizi ilə yerli azərbaycanlıları öz dədə-baba torpaqlarından köçürən, tarixə sığmayan işgəncələrlə soyqırımına məruz qoyan ermənilər hansı ədalətdən danışırdılar? Azərbaycan müxtəlif dini, milli azlıqları təşviq etməklə dünyaya tolerantlığın yeni modelini təqdim etmiş, nəinki Qafqazın, həmçinin dünyanın dini, milli dözüm mərkəzinə çevrilmişdir. Şübhə yoxdur ki, indi də Azərbaycanda erməni qanı daşıyan, lakin Azərbaycan hesabına dolanan, türk çörəyini yeyən insanlar çoxdur.  Bu, Azərbaycanın tolerantlıq modeli, o isə, Ermənistanın millətçi modeli...

Azərbaycanın sürətli inkişafı, məqsədyönlü və davamlı strateji xətti ölkəmizin nəinki regionda, həmçinin dünya dövlətləri sırasında da seçilməsinə imkan yaratmışdır. Bu, bir sıra xarici dövlətlərin tanınmış ictimai-siyasi xadimlərinin, analitiklərinin  çıxışlarında, dünyanın qabaqcıl mətbu orqanlarında dərc olunan  yazılarda da  öz təsdiqini tapmışdır.

Daim antiazərbaycan mövqeyində dayanan, ermənilərə dəstək verən tanınmış və qalmaqallı siyasətçi, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24” telekanalında Azərbaycanın gücü və düzgün siyasətini  təsdiqləyən çıxışı Azərbaycanın inkişaf strategiyasının daim izlənildiyini göstərdi.  O, Azərbaycanı MDB məkanında müsbət nümunə kimi göstərərək ölkəmizin davamlı inkişaf və tərəqqi yolunda olduğunu etiraf edib.  Rus politoloq ölkənin bu cür sürətli və davamlı inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə – İlham Əliyevi Prezident seçməyi ilə izah edib. Hansı ki, Vladimir Jirinovski zaman-zaman öz millətçi çıxışları, ermənipərəst mövqeyi ilə daim diqqət mərkəzində olub. Lakin real göstəricilər, inkişaf amilləri qatı bir siyasətçini belə, hadisələri obyektiv qiymətləndirməyə vadar edir. Məhz buna görə RLDP lideri millətçi baxışlarını arxa plana çəkərək reallığı etiraf etməyə məcbur olub. Nəinki Azərbaycan paytaxtının, həmçinin regionların inkişafına toxunan V.Jirinovski digər postsovet ölkələrinin də bundan ibrət götürməsini məsləhət bilib. “Azərbaycan yeganə ölkədir ki, bizdən nəsə qoparmaq istəmir”– deyən Vladimir Jirinovski bununla dolayısı ilə Azərbaycanın müstəqil siyasət yürütdüyünə eyham vurub. Rusiya-Azərbaycan münasibətlərinin hər zaman yüksək əməkdaşlıq prizmasında inkişaf etdiyini vurğulayan politoloq  Rusiyanın  Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə  hər zaman maraqlı olduğunu və buna can atdığını qeyd edib.

 

Ermənistanın diplomatik məğlubiyyəti

İqtisadi böhran məngənəsində qalan Ermənistan hökuməti yalnız müharibə imitasiyası edəcək gücə malikdir. Bu imitasiya isə zaman-zaman səfalət içində boğulan xalqın gözündən pərdə asmaq, ya da ki, regionda mövcud təzyiqlərin tələb etdiyi zaman ortaya çıxır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir.  Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın  “Ermənistan çox qısa zamanda istənilən çiçəklənən yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər” kimi sərsəm bəyanat verməsi gülünc səslənsə də, bu, əslində, faktiki olaraq əlavə güclərdən dəstək almasının sübutu və digər tərəfdən də, görüşdən sonra müharibə olmayacağı qarantını alaraq quru şüarlarla xalqı aldatma manevri idi. Soçi görüşündən əvvəl pafoslu çıxışları ilə diqqət toplayan erməni hakim dairələri görüşün öz xeyirlərinə nəticələnəcəyinə ümid edir, Azərbaycan tərəfinə öz “arzular”ını diqqtə etdirəcəyinə inanırdılar.  Lakin daim xülya içərisində yaşayan Sarkisyan hökuməti bu görüşdən sonra diplomatik məğlubiyyəti ilə barışmalı oldu.

Ermənistana digər bir zərbə isə  bu il sentyabrın 4-də Uelsin Nyuport şəhərində baş tutan NATO sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair sənədin qəbulu oldu. Bu, Ermənistanın təcavüzkar siyasətinə dolayısı yolla bir zərbə idi.  Bununla barışa bilməyən Ermənistan XİN başçısı Edvard Nalbandyan sentyabrın 8-də  Yerevanda öz avstriyalı həmkarı Sebastyan Kurts ilə birgə mətbuat konfransında Ermənistanın bu sənədin qəbul edilməsindən narazı qaldığını ifadə etdi. Azərbaycanın yeni diplomatik uğuru ilə əlaqədar hiddətini gizlətməyən nazir  sənədin həmsədrlərin yanaşmalarına, ideyalarına və təkliflərinə uyğun gəlmədiyini, danışıqlar prosesinə ziyan vurduğunu deyib. Sözdə “humanizm” pərdəsi altında çıxış edən işğalçı ölkənin hökumət nümayəndələri illərdir əldə oluna bilməyən razılığın nə üçün gecikdirilməsindən, deyəsən, “xəbərdar deyillər”.

 

Problemin hərbi yolla həlli variantına münasibətdə ABŞ və Rusiyanın mövqeyi

1) Böyük ehtimalla regionda müharibənin başlanması hələ ki, ABŞ üçün arzuolunan deyildir. Belə bir müharibə olsa, hadisəyə ən tez müdaxilə edəcək güc məhz Rusiyadır.

2) Münaqişənin “açar dövlət”i hesab olunan Rusiya üçün müharibə bir tərəfdən regionda vəziyyəti nəzarətə almaq baxımından arzuolunandır. Rusiya bu regionda ABŞ-ın təsirini yox etməyə çalışır. Ukrayna hadisələri sübut edir ki, Moskva ABŞ ssenarilərini hər vəchlə təzyiq, yaxud müharibə yolu ilə dəf etməyə istiqamətlənir.  Azərbaycansız bu gün Ermənistan Rusiya üçün heç nə ifadə etmir. Bu fakt da Rusiya tərəfini müharibə reallığını daha dərindən düşünməyə vadar edir. Qeyd etmək mümkündür ki, Rusiya artıq Ermənistanı “qardaş dəstəyindən” məhrumetmə niyyətindədir. Ermənistan tərəfkeşliyi Rusiyanın Azərbaycan kimi regional müttəfiqdən məhrum olunmasına səbəb ola bilər. Bu isə öz növbəsində Rusiyanın Ukrayna ilə alt-üst olan imicinə əlavə zərbə vura bilər. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Rusiya hələ regionda müharibə başlanmasının tərəfdarı olmayacaqdır. Elə buna görə də cəbhə xəttində baş verən gərginliklə bağlı ölkə başçılarının tez bir zamanda üçtərəfli görüşünü təşkil etməklə sülhpərvər siyasət sərgiləməyə çalışdı.

 

Azərbaycanın humanist siyasəti

Azərbaycan Prezidenti İlham Əliyev cəbhə xəttində baş verən gərginliyi xarakterizə edərkən bildirib ki, Ermənistanın bu təxribatının səbəbləri də aydındır: “Çünki Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu, hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər... Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir”.

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ Dövlət katibi Con Kerrinin birgə görüşü səfalət içində boğulan işğalçı ölkənin reallıqlarını bir daha ortaya qoydu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Maraqlı məqam isə görüşdən sonra Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Serj Sarkisyanın psixoloji durumu haqqında “Tvitter” səhifəsində yazdığı düşüncələrdir. Artıq bir neçə dəfədir ki, baş tutan görüşlərdə erməni prezidentini müşahidə edən Novruz Məmmədov onun psixoloji durumunun heç də qənaətbəxş olmadığı nəticəsinə gəlmişdir. Buna əsas verən isə düşmən ölkənin başçısının bir-biri ilə uyğunlaşmayan hərəkət və danışıqlarıdır. Görünür, erməni səfaləti, rus əsarəti, bir tərəfdən də illərdir ki, həlli mümkün olmayan münaqişə artıq Sarkisyanın psixoloji vəziyyətinə də təsir göstərir. Nə qədər ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, qəti qərara gələ bilməyəcək, o qədər də uçuruma doğru yuvarlanacaqdır. Çünki Azərbaycanla birgə razılığa nail olunması Ermənistan üçün strateji əhəmiyyətli layihələrdən faydalanmaq iqtisadi səfalətdən xilas olmaq baxımından daha vacib bir addımdır.

İndiki şərait müharibə reallığını inkar edir. Dünya gücləri bölgədə müharibə başlanması istəyində deyillər. Azərbaycan isə baş verən hadisələrdə yenə öz prinsipial mövqeyini ortaya qoyaraq bir daha göstərdi ki, biz güclüyük, eyni zamanda,  humanist  siyasət yeridirik.  Amma beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı bütün vasitələrdən  istifadə etməklə azad edəcəyik.

 

Nailə MƏMMƏDOVA,

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında