Avropa Qonşuluq Siyasətində Azərbaycan: əməkdaşlıq və onun yeni üfüqləri

Bu gün müstəqil Azərbaycanla Avropanın mötəbər qurumları arasında əməkdaşlıq yüksək ideallara və prinsiplərə söykənir. Bu prinsiplərin arasında Avropaya mədəni, elmi-texniki inteqrasiya əsas yer tutur. Xüsusi olaraq qeyd etməliyik ki, Qərbin üst qurumları ilə əməkdaşlığımızda Avropa İttifaqı ilə münasibətlər böyük əhəmiyyət kəsb edir. Çünki, Avropa İttifaqı hazırda dünyanın aparıcı qütbü kimi həm siyasi, həm də iqtisadi və mədəni dominantlığa malikdir. Azərbaycan isə Avropanın əksər inkişaf etmiş dövlətlərinin birləşdiyi bu mötəbər qurumla əlaqələrini hər zaman inkişaf etdirmək niyyətində olub və bu gün də həmin siyasət davam edir. Bu əməkdaşlığa töhfə verən əsas amillərdən biri də Avropa Qonşuluq (AQS) Siyasətidir.

Avropa Qonşuluq Siyasəti (AQS) Avropa İttifaqının (AB) genişləndirilməsi kontekstində 2004-cü ildə Avropa İttifaqı və onun qonşuları arasında yeni bölücü xətlərin yaranmasının qarşısını almaq və bunun əvəzində həmin prosesə maraq göstərən bütün tərəflərin sabitliyi, təhlükəsizliyi və rifahını möhkəmləndirmək məqsədilə hazırlanmışdır. Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. AQS-nin əsas məqsədi genişlənən Avropa Birliyi qonşuluğu vasitəsilə qanunun aliliyinə, sabit demokratiya və maddi rifaha–təhlükəsizliyə, sabitliyə və firavanlığa imkan yaratmaq, bu sahədə Aİ və onun qonşularının qarşılıqlı marağını təmin etməkdir. Bu baxımdan, AQS çərçivəsində əməkdaşlıq Qarabağ münaqişəsinin həlli, demokratiyanın azad seçkilər keçirməklə möhkəmləndirilməsi, insanların hüquq və azadlıqlarının qorunması, korrupsiya ilə mübarizə yoluyla sərmayə və biznes sahəsinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasıyası və digər bu kimi məsələlərin həllinə müsbət təsir edə bilər.

 

Avropa Qonşuluq Siyasətinin dəstəklədiyi faktorlar

Əvvəla, AQS tərəfdaş ölkələrində demokratiya və düzgün idarəçiliyin qüvvətləndirilməsinə yardım edir, Avropa İttifaqı ilə insan hüquqları sahəsində dialoqu dəstəkləyir. Sonra tərəfdaş ölkələrdə sahibkarlıq və sərmayə üçün əlverişli mühitin  dəstəklənməsi daxil olmaqla iqtisadi, bazar və tənzimləyici islahatları təşviq edir. Qlobal ticarət sisteminə inteqrasiya etməkdə tərəfdaş ölkələrə yardım etməklə, regionda və Avropa İttifaqı ilə ticarəti təşviq edir. AQS iqtisadi və sosial inkişafı dəstəkləyir, yoxsulluğa qarşı mübarizə aparır. Ədliyyə sahəsində islahatlar daxil olmaqla, tərəfdaş ölkələrlə və onlar arasında ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində əməkdaşlığı artırır. Bundan əlavə qanunsuz miqrasiya ilə mübarizə aparmaqda tərtəfdaş ölkələrlə və onlar arasında əməkdaşlığı təşviq edir, eyni zamanda qanuni miqrantların həyatını yaxşılaşdırır. Nəqliyyat, enerji, telekommunikasiya və tədqiqat sahələrində tərəfdaş ölkələr arasında və Avropa İttifaqı ilə əməkdaşlığı artırır, ətraf mühit sahəsində əməkdaşlığı gücləndirir. AQS həmçinin münaqişələrin qarşısını almaq və böhran vəziyyətindən çıxmaq üçün regionda və Avropa Birliyi ilə birgə işləyir.

AQS-də Avropa Birliyinin genişləndirilməsi nəzərdə tutulmur və AB-yə üzv olmaq perspektivi təmin edilmir. İlk olaraq, AQS AB-nin bilavasitə qonşularına, yəni Əlcəzair, Belarus, Misir, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Mərakeş, Fələstin Muxtariyyəti, Suriya, Tunis və Ukraynaya tətbiq edilmək üçün nəzərdə tutulmuşdu. 2004-cü ildə həmin ölkələrin siyahısı genişləndirilmiş və həmin siyahıya hazırda AB-yə üzv olmağa namizəd olan ölkələrlə, yəni Bolqarıstan, Rumıniya və Türkiyə ilə həm dəniz, həm də quru sərhədini paylaşan Cənubi Qafqaz ölkələri də (Azərbaycan,   Gürcüstan və Ermənistan) daxildir. Rusiyanın AB-nin qonşusu olmasına baxmayaraq, bizim əlaqələrimiz dörd “ümumi sahəni” əhatə edən Strateji Tərəfdaşlıq vasitəsilə inkişaf etdirilir.

 

AQS-nin Azərbaycan üçün yaratdığı imkanlar

 Siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı; – vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak; - Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar qeyd oluna bilər. AQS Strategiya Sənədinə əsasən, Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanmışdır.

 

Şərq tərəfdaşlığı

Ölkəmizin Avropaya inteqrasiyasını şərtləndirən əsas amillərdən biri də 2009-cu ilin may ayında Azərbaycanın Şərq Tərəfdaşlığındakı iştirakı ilə bu istiqamətdə daha bir addımın atılmasıdır. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Avropa Birliyi başqa ölkələrlə daim xüsusi münasibətlər qurmağa çalışır, üzv qəbul edə bilmədiyi dövlətlərlə münasibətləri yardımçı vasitələrlə tənzimləməyə üstünlük verir. AQS ilə yanaşı Şərq tərəfdaşlığı da Avropanın yaxınlığında olan ölkələrin onun standartlarına uyğunlaşdırılmasına hesablanmışdır. Bəzi ekspertlər hətta, Şərq Tərəfdaşlığı Proqramını Qonşuluq Siyasəti Proqramından daha üstün layihə hesab edirlər. Qonşuluq siyasətinə onlarca dövlət daxildir və bəzən bu çərçivədə əməkdaşlıq simvolik xarakter daşıyır. Avropa Birliyi “5+1” qrupuna daxil olan dövlətləri irəli çəkməklə onlarla daha sıx əməkdaşlığa cəlb etdiyini düşünür. Avropa Birliyinin liderləri Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “5+1” məkanında islahatların sürətlənəcəyinə və quruma daha çox yaxınlaşacağına inanırlar. Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr üçün viza rejiminin yumşaldılmasını, ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutub. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik Təbii Qaz Boru Kəməri layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir.

Əslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 10 il ərzində Avropa Komissiyasına həyata keçirdiyi mütəmadi səfərlər, habelə Avropa İttifaqı Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan vermiş, bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulmuş səmərəli əməkdaşlığı təşviq etmişdir.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, Avropa İttifaqı və Avropanın digər üst qurumları və təsisatları ilə əlaqələr Azərbaycan üçün prioritetdir. İstər Avropa Qonşuluq Siyasəti istərsə də, Şərq Tərəfdaşlığı Təşəbbüsünün müxtəlif platforma və panelləri, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Əməkdaşlıq Şurası, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün mövcud vəziyyəti onu deməyə əsas verir ki, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir. Bundan başqa, hazırda müvafiq dövlət qurumları tərəfindən Avropa İttifaqı ilə Assosiasiya Sazişi, Vahid Aviasiya Məkanı Sazişi və ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar yaradan Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq Sənədi üzrə danışıqlar aparılır. Bu gün beynəlxalq təşkilatlara üzvlük, dünyada mövcud olan təhlükələrə qarşı birgə fəaliyyət, bir sıra iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması, Bakı-Tbilisi-Qars və digər layihələrin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar da onu göstərir ki, Azərbaycan artıq Qərb sivilizasiyasına qoşulmaqdadır. Bu, bütün sahələrdə, eyni zamanda, mədəniyyət və təhsildə də özünü göstərir. Mədəniyyət və təhsil sahəsində UNESCO ilə əməkdaşlıq, Azərbaycan təhsilinin Bolonya prosesinə qoşulması bunun bariz nümunəsidir.

Beləliklə, Avropaya inteqrasiya Azərbaycanın könüllü və məntiqi olaraq seçdiyi yoldur. Bu yol Qərb sivilizasiyasına yaxınlaşmaq və Azərbaycana tətbiq etmək, ölkəmizi dünyanın aparıcı qütbündə layiqincə təmsil etmək və dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəltməkdən ibarətdir.

 

Anar TURAN,

“Xalq qəzeti”

 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında