Heydər Əliyev xarici siyasətinin bütün istiqamətləri üzrə mükəmməl nailiyyətlərə imza atan gənc müstəqil Azərbaycan dövləti beynəlxalq təşkilatların hamısında olduğu kimi, Müstəqil Dövlətlər Birliyində də fəaliyyətini uğurla davam etdirir. “Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb”, - deyən Prezident İlham Əliyev əlavə edir ki, biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Yəni, regionda və bütövlükdə, dünyada nüfuzu gündən-günə artan Azərbaycanın dostları və tərəfdaşları da durmadan çoxalır.
Son zamanlar həm ölkəmizdə, həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların müxtəlif şəhərlərdə reallaşdırılan çoxsaylı tədbirlərinin sırasında özünəməxsus yer tutan MDB Dövlət Başçıları Şurasının növbəti iclası da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından özünəməxsus əhəmiyyət kəsb edirdi. Belarusun paytaxtı Minsk şəhərində keçirilən həmin toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birlik daxilində ticari-iqtisadi əlaqələrin yeni impuls aldığından, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və dialoq yaradılmasından söz acan həmkarları ilə həmrəy olduğunu söyləyib: “Bu fikrə mən də şərikəm ki, MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır. Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan və mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri bu cür açıq, səmimi şəraitdə müzakirə etməliyik”.
Dövlətimizin MDB-də iştiraka böyük əhəmiyyət verdiyini xatırladan Prezident əlavə edib ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.
Xatırladaq ki, ulu öndər Heydər Əliyev özündən əvvəl ölkəmizə rəhbərlik edib respublikamızı xaos və anarxiya girdabına yuvarladan, milli iqtisadiyyatımızın tamamilə çökməsinə bais olan siyasətçilərdən fərqli olaraq beynəlxalq aləmlə , xüsusən, region ölkələri ilə hərtərəfli əməkdaşlığa böyük önəm verirdi. Bəzi dövlət başçılarının sərhədləri bağlayaraq “ölkəni inkişaf etdirmək” çağırışı, əslində, ölkəni məhv olmaq mərhələsinə gətirmişdi. Heydər Əliyev isə bütün beynəlxalq təşkilatlar kimi Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığın da gənc müstəqil dövlətimiz üçün xüsusi önəm kəsb etdiyini söyləmiş və bu əməkdaşlığın təməlini qoymuşdu. Həmin siyasəti daha da uğurla davam etdirən Prezident İlham Əliyev Minskdə keçirilən iclasda bir növ geridə qalan illərdəki fəaliyyətimizə qiymət verirdi: “İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət, əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır”.
Zaman tələb edir ki, istənilən regionda yaranmış problemin və ya hansısa anlaşılmazlığın aradan qaldırılması üçün ilk sözü məhz region ölkələri deməlidirlər. Artıq dünyanın hər yerində bilirlər ki, rəsmi Bakı bu sahədə də özünəməxsus nümunə göstərir. Ölkəmiz təkcə regionda deyil, eləcə də dünyanın hər yerində mövcud olan problemlərin həllinə töhfələr və ya təkan verməyə daim hazırdır. Bu məntiq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qurumun iclaslarına sədrlik etdiyi dövrdə özünü daha qabarıq şəkildə göstərmişdi. Ona görə də Prezident İlham Əliyevin Minskdəki iclasda söyləməyə sözü çox idi: “Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik”.
Xüsusilə vurğulanmalı məqamlardan biri də budur ki, təkcə Minskdə keçiriləcək iclas ərəfəsində deyil, ümumiyyətlə, son illər MDB üzvü olan ölkələrin bir çoxunun kütləvi informasiya vasitələrində, eləcə də, Qərbin ayrı-ayrı dairələrində belə bir fkir səsləndirilirdi ki, guya Müstəqil Dövlətlər Birliyinin imkanları tükənib və ya bu qurum artıq üzv ölkələr üçün səmərəsini itirir. Prezident İlham Əliyev oktyabrın 10-da, Minskdə sübut etdi ki, Azərbaycanda həmin məsələ barədə ayrı cür düşünürlər: “Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır”.
Ekspertlər dönə-dönə vurğulayıblar ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihənin reallaşdırılması mümkün deyil. Üstəlik, əlavə edirlər ki, regionda həyata keçirilən layihələrin böyük əksəriyyətinin təşəbbüskarı məhz Azərbaycandır. Dövlət başçımız Minskdə həmin məsələyə də əhatəli şəkildə toxundu: “Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə, kifayət qədər enerji ehtiyatları olan ölkələrin üzərinə öz tərəfdaşlarının və qonşularının enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində daha böyük məsuliyyət düşür”.
Bütün bunlar hamı tərəfindən qəbul edilən faktlar olsa da, bugünkü Azərbaycan dövləti dünyanın hər yerində tolerantlığın və çoxmədəniyyətliliyin ən sabit və sadiq ünvanı kimi tanınır. MDB üzvü olan ölkələrdən birində - qonşu Ermənistanda təkmədəniyyətli, təkdinli və ən dəhşətlisi - monoetnik dövlət yaradıldığı bir zamanda Azərbaycan Respublikası bütün dünya ölkələrinə və xalqlarına çoxmədəniyyətliliyin və tolerantlığın ən mükəmməl nümunəsi kimi göstərilir. Dövlət başçımız Minskdə həmin məqamlardan söz açarkən daha çox bəlli ünvanlara konkret mesajlar da göndərirdi: “Biz humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır.
Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə yoludur. Dünya ölkələrinin mütləq əksəriyyəti çoxkonfessiyalı, çoxlu millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Odur ki, humanitar əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkə, hər bir ölkənin milli həmrəyliyi, habelə bizim əməkdaşlığımız üçün vacibdir. Çünki bizim təşkilat çərçivəsində tarixləri, mədəniyyətləri, dinləri müxtəlif olan ölkələr təmsil olunub və bizi ümumi maraqlar, ümumi əməkdaşlıq birləşdirir”.
Azərbaycan Prezidenti üzv ölkələrin dövlət başçılarını MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübədən bütövlükdə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün istifadə etməyə çağırmaqla yanaşı, əlavə etdi ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik.
Dövlət başçılarının tədbir çərçivəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirilməsi, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin bundan sonra daha da inkişafına zəmin yaradılması , 2016-cı ilin birlik çərçivəsində “Təhsil ili” elan olunması, eləcə də qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəlməsi region ölkələrinin hamısı kimi, Azərbaycan üçün də əhəmiyyət kəsb edirdi. Odur ki, ölkə vətəndaşları respublikamızın MDB-dəki fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyirlər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.