Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması Azərbaycanın xarici siyasətinin prioritet vəzifələrindən biridir.
Həyata keçirilən siyasi strategiyanı milli maraqlar üzərində quran dövlətimizin başçısı bütün ikitərəfli və çoxtərəfli əlaqələrin yalnız qarşılıqlı, faydalı şəkildə inkişafının tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında, həmçinin keçirdiyi bütün görüşlərdə bu məqamı daim xüsusi olaraq vurğulayır, münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bəyan edir. Artıq dünya birliyi də respublikamızın rəhbərinin bu mövqeyini dəstəkləyir, Ermənistanın işğalçı dövlət olduğu rəsmən bəyan edilir.
Azərbaycan ilə əməkdaşlıq edən, normal səviyyədə münasibət quran ölkələrlə dövlətimizin münasibəti adekvatdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz beynəlxalq mövqeyini yüksək dərəcədə möhkəmləndirə bilmişdir. Hazırda Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir, öz siyasətimizi dərin tarixi və mədəni əsaslar üzərində qururuq. Bu gün Azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınır. Hazırda beynəlxalq aləmin Dağlıq Qarabağ həqiqətlərindən xəbərdar olması, məsələnin ədalətli həllini, beynəlxalq hüququn norma və prinsipləri əsasında tələb etməsi Azərbaycan diplomatiyasının qələbəsidir. Bu baxımdan, ölkəmizin son dövrlərdə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində üstünlük əldə etməsi artıq göz qabağındadır.
Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər öz həllini tapmamasının yeganə səbəbi qarşı tərəfin – Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır. Dövlətimizin başçısı bu fikri Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da xüsusi vurğulayıb. Respublikamızın rəhbəri bildirib ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın.
Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Ermənistan əhalisi öz ölkələrini kütləvi surətdə tərk edərək xaricə üz tutur. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıb. Yerli politoloqların qənaətinə görə, bunun əsas səbəbi ölkədə korrupsiya, diktatura rejiminin hökm sürməsi, biznes imkanlarının məhdud olması, işsizlik və yoxsulluğun tüğyan etməsidir. Digər vacib səbəblərdən biri də Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkə bilməməsi, gənclərə hərbi hissələrdə işgəncə verilməsi və əsgər ölümlərinin sayının sürətlə artmasıdır.
Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bu məsələləri diqqətə çatdıran ölkəmizin başçısı deyib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu da yoxdur. Respublikamızın rəhbəri nüfuzlu beynəlxalq qurumların münaqişənin nizamlanması ilə əlaqədar qəbul etdikləri qətnamələri bir daha xatırladaraq deyib: “Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul ediblər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir”.
Azərbaycan Prezidenti xatırladıb ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da dəfələrlə status-kvonun qəbuledilməzliyini, dəyişdirilməli olduğunu bəyan ediblər: “Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq, əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır”.
Ölkə başçısı qətiyyətlə bildirib ki, Azərbaycanın prinsipial mövqeyinə heç bir qüvvə təsir edə bilməz və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu həyata keçirməyə qadir olan nizami və qüdrətli Milli Ordumuz var. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında ordu quruculuğu prosesinin uğurla davam etdirildiyini xüsusi vurğulayaraq deyib: “Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab veriblər. Onlarca işğalçı məhv edilib. Onlara böyük sarsıdıcı zərbə vurulub. Sadəcə olaraq, onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir”.
Göründüyü kimi, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də ordu quruculuğu baxımından Ermənistandan qat-qat üstündür. Əlavə olaraq qeyd edim ki, artıq dünya birliyi də Ermənistanı işğalçı, Azərbaycanı isə sülhsevər dövlət kimi tanıyır. Bu, Azərbaycanın diplomatik uğurlarının nəticəsidir.
Havva MƏMMƏDOVA,
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.