Dövlət müstəqilliyimizin bərpasından sonra həyata keçirilən iqtisadi-siyasi islahatlar nəticəsində ölkəmiz tarixi nailiyyətlər qazanmışdır

Hər dəfə 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününün növbəti ildönümü yaxınlaşanda yadımıza düşən ilk məqamlar xalqımızın yüz illərdən bəri həsrətində olduğu dövlət  müstəqilliyinə qovuşmaq üçün qalxdığı milli azadlıq hərəkatı, bu hərəkatı hələ “beşikdə ikən boğmaq” istəyən imperiya siyasətçilərinin Bakını al qana qərq etməsi və həmin faciədən sonra gözü qorxmuş xalqa dayaq duran bir liderin nümayiş etdirdiyi qətiyyət və mərdanəlik olur.

Tarix boyu yaddan çıxmayacaq məqamlardır. Xalqların azadlıq istəyinin boğulmasından başqa, Kremlin milli ayrı – seçkilik siyasəti də əhalini təngə gətirmişdi.  Digər respublikalarda narazılıq yaradan məsələlər bu iki səbəbdən idisə, Azərbaycan xalqını bundan başqa ermənilərin ərazi iddiaları da hədsiz dərəcədə narahat edirdi. Ona görə də millət meydanlara tökülmüş, öz haqqını tələb etməyə başlamışdı. Moskva buna dözə bilmədi və Azərbaycan xalq hərəkatını birdəfəlik susdurmaq üçün 1990-cı il yanvarın 20-də Bakını gülləbaran etdi. Xalq bir günlük də olsa sındırıldı. Ancaq tarixin bütün dönəmlərində olduğu kimi, həmin gün də Azərbaycan xalqının xilaskarı tapıldı. Mixail Qorbaçovun paxıllığı üzündən Moskvada ev dustağı kimi yaşayan ulu öndər Heydər Əliyev faciənin ertəsi günü SSRİ paytaxtındakı Azərbaycan nümayəndəliyinə gələrək Kremlin milli ayrı—seçkilik prinsiplərini və qaniçən siyasətini lənətləyən bəyanatla çıxış etdi. Məhz həmin bəyanat Azərbaycan xalqının azadlıq hərəkatına dönməzlik və qətiyyət gətirdi.

Beləliklə, Azərbaycan 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz müstəqilliyinə nail oldu. Ancaq bədxahlarımız güclü idilər. Bundan başqa müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən siyasətçilərin hamısı diletantlardan ibarət idi. Odur ki, biz ikinci dəfə öz dövlət müstəqilliyimizi itirmək qorxusu ilə üz-üzə qalmışdıq. Xalq bu məqamda da ulu öndərin siyasi müdrikliyinə, idarəçilik təcrübəsinə və beynəlxalq aləmdəki nüfuzuna müraciət etmək qərarına gəldi. Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması və xalqın heç bir səsini cavabsız qoymayan böyük dövlət xadiminin paytaxta qayıtması təkcə xalqa nicat gətirmədi, həm də uçurumun bir addımlığında olan müstəqilliyimizi növbəti dəfə itirilmək təhlükəsindən xilas etdi.

1994-cü il mayın 27-də, Azərbaycanın İstiqlal bayramına — Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyən böyük xilaskar xalqa müraciət edərək demişdi: “Bu ağır vəziyyətdən çıxmaq üçün 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətində olmuş proseslərdən ibrət dərsi götürməliyik. Çünki o, bizim üçün çox əyani bir ibrət dərsidir və biz bunu mütləq etməliyik. Azərbaycan müstəqilliyini təmin etmək üçün gərək öz daxili imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin...”

Eyni zamanda, ulu öndər ölkədə yaşanan məşəqqətlərə və məhrumiyyətlərə işarə edərək  xatırladırdı ki, həyatımızın çətinliyinin əsas səbəbi respublikamızın müharibə şəraitində olmasıdır. Heydər Əliyev çox qısa müddətdə həm xalqın dövlət ətrafında sıx birləşməsinə nail oldu, həm də müharibənin uzunmüddətli atəşkəslə əvəzlənməsinə. Beləliklə, gənc müstəqil Azərbaycan Respublikasının qüdrətli bir dövlətə çevrilməsi istiqamətində mühüm addımlar atıldı. Xalqın böyük dəstəyi ilə bütün layihələrini reallaşdıran ümummilli lider, sözün həqiqi mənasında, qüdrətli bir Azərbaycan dövlətinin yaradılmasına nail oldu. Bu, bir xoşbəxtlikdir ki, Azərbaycan xalqı ulu öndərin qurub əbədiləşdirdiyi dövlətin sükanını məhz o böyük siyasət dahisinin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.

Bu gün hamı görür ki, müstəqil Azərbaycan dövləti son on bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının keyfiyyətcə yeni, daha möhtəşəm mərhələsini yaşayır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasi kursun uğurlu davamı olan bu mühüm mərhələ müasir tariximizə haqlı olaraq yeni parlaq epoxa, İlham Əliyev epoxası kimi daxil olub. Yeni minilliyin, XXI əsrin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin qüdrətli əlləri ilə Azərbaycan tarixinin yeni şanlı səhifələri yazılır. Bu baxımdan başa çatmaqda olan 2014-cü il siyasi və tarixi hadisələrlə xüsusilə əlamətdardır. Bu il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin — qlobal strateji enerji layihəsinin təməli qoyulub, Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin Bərə terminalı istifadəyə verilib, ölkəmiz növbəti dəfə artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edib. Azərbaycan sivilizasiyaların mərkəzi, dünya səviyyəli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin mərkəzi rolunda çıxış edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakretli nitqində bu məsələlərə də böyük önəm verib: “Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür... Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula-1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir... Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi”.

Bu gün müstəqil Azərbaycan dövləti dünyada nüfuz sahibidir, həyata keçirilən bəşəri miqyaslı qlobal layihələrin təşəbbüskarı və icraçısı rolunda çıxış edir. Bu gün dünyada, xüsusən də bölgədə gedən proseslərdə ölkəmizin təsir imkanları kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə istər siyasi, istər də iqtisadi layihələri reallaşdırmaq qeyri-mümkündür. Bu, ulu öndərimiz Heydər Əliyev müdrik siyasi kursunun son on bir ildə Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilməsinin təzahürüdür.

Müstəqillik ideallarımıza  böyük sədaqət hissi ilə yanaşan dövlət başçımızın yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya  ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. 2013-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçilməsi xalqımızın  alternativi olmayan bu müdrik siyasi kursa sadiqliyinin parlaq təcəssümüdür.

Prezident İlham Əliyevin bu siyasi kursu inamla davam etdirməsi ölkəmizə dünya iqtisadiyyatına inteqrasiya yolunda uğurla addımlamağa, müxtəlif beynəlxalq maliyyə və iqtisadi institutlarla əməkdaşlığı daim genişləndirməyə, Azərbaycanın digər dövlətlərlə olan çoxsaylı dünya və regional əhəmiyyətli qlobal məsələlərdə maraqlarının tarazlığının saxlanılmasına imkan vermişdir. Azərbaycan Prezidenti  İlham Əliyev dövlət müstəqilliyinin bərpasının əhəmiyyətindən və qısa müddətdə görülən möhtəşəm işlərdən danışarkən deyib: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini verməyə başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur... Ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya siyasəti və bu səpkidə digər addımlar bu gün də bizim inkişafımızın əsas istiqamətlərini müəyyən edir”. 

Ulu öndərimiz Azərbaycanın siyasi, sosial-iqtisadi məsələləri ilə yanaşı, elmin və təhsilin inkişaına da xüsusi diqqət və qayğı ilə yanaşıb. Xüsusən də müstəqillik  illərində milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib.  Son illər 3 minə yaxın yeni məktəb insa olunub, köhnələri əsaslı təmir edilərək müasir tələblər səviyyəsində yenidən qurulub.

Direktoru olduğum Səbail rayonundakı 6 saylı tam orta məktəb Bakının ən nümunəvi təhsil ocaqlarındandır. Bu məktəbin çox böyük tarixi, böyük ənənələri vardır. Ancaq məktəbin binası köhnəlmişdi və yeni binanın tikintisinə ehtiyac var idi. Prezident cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində məktəbimiz yenidən inşa edildi və hazırda tikilmiş bina dünya standartlarına cavab verir. Eyni zamanda, məktəbin sahəsi də iki dəfədən çox genişləndirilmişdir.

Böyük qürur və sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu məktəbdə təhsil almış və yeniyetmə illərini bu doğma kollektivdə keçirmişdir. Şadıq ki, məktəbimizin yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev də iştirak etmişdir. Dövlətimizin başçısı xüsusi qeyd edib ki, bu məktəb onun üçün  doğma və əzizdir və  böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyata başlaması onu çox sevindirir. 

 Qürur hissi duyuruq ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Bugünkü davamlı inkişafın, ölkəmizin siyasi və iqtisad qüdrətinin canlı şahidləriyik. Qəti əminliklə söyləyə bilərik ki, Azərbaycanın suverenliyi əbədidir və bunu bizlərə bəxş edən müdrik siyasi kursa həmişə sadiqik.

 

Gülşən ORUCOVA,

Bakının Səbail rayonundakı T. İsmayılov adına 6 saylı tam orta məktəbin direktoru,

Əməkdar müəllim

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında