Azərbaycan tarixi və siyasətşünaslıq elminin böyük nailiyyəti

AMEA Fəlsəfə və Hüquq İnstitutunda keçirilən “dəyirmi masa”nın iştirakçıları akademik Ramiz Mehdiyevin erməni saxtakarlığını təkzibolunmaz elmi dəlillərlə ifşa edən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərini belə dəyərləndirdilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində çapdan çıxmış “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda geniş müzakirəsi keçirilmişdir. Bu dəyərli monoqrafiyanın məziyyətlərindən danışan alimlər—filosoflar, hüquqşünaslar və digər mütəxəssislər qeyd etmişlər ki, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tariximizə və siyasətşünaslığımıza sanballı töhfə olmaqla yanaşı, Azərbaycanın qarşılaşdığı problemlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Müzakirə zamanı məruzə və çıxışlarda səslənən bəzi fikirləri oxucuların diqqətinə təqdim edirik.

 

İlham MƏMMƏDZADƏ,

Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru:

— Dağlıq Qarabağın tarixinin ciddi  surətdə araşdırılması problemi bizim üçün çox aktual və vacibdir. Onun elmi, siyasi, beynəlxalq-hüquqi və kulturoloji  aspektləri vardır. Amma müasir tarixi şəraitdə, xüsusilə, söhbət bu mövzunun ciddi tarixi mənbələr əsasında tədqiqindən gedərkən, onun aktuallığı və əhəmiyyəti dəfələrlə artır. İlk növbədə, ona görə ki, 2015-ci il aprel ayının 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyi gözlənilir.  Digər tərəfdən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə  münasibəti dəyişə də bilər. Bu məqamlar həmin məsələdə bizim fəallaşmağımızı tələb edir. Dağlıq Qarabağ münaqişəsi haqqında erməni uydurmalarına qarşı əsaslandırılmış, inandırıcı sənədlərdən istifadə etməklə hücum mövqeyindən aktiv təkzibetmə  strategiyası həyata keçirilməlidir. Bu kontekstdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində yenicə çapdan çıxmış “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri tam vaxtında  ərsəyə gəlmiş oldu.

Əslində, hörmətli Ramiz Mehdiyev tarixin uzaq keçmişdən bu günə  qədər böyük bir dövrünü əhatə edən tarixi və siyasi- hüquqi sənədlərə əsaslanaraq, ermənilərin gətirdiyi dəlillərin əksəriyyətinin uydurma olduğunu sübut edir. O, haqlı olaraq yazır ki, “bu kitabda çoxsaylı mənbələrdən istifadə edilmişdir. Bununla  oxucuya  müstəqil olaraq nəticələr çıxarmaq və öz şəxsi rəyini formalaşdırmaq üçün imkan yaradılır. Bundan başqa,  bu gün geniş elmi təbəqələrdə mövcud olan bir rəyin — guya, çoxsaylı qədim  qaynaqların, bu regionun avropalı, rus tədqiqatçılarının ermənilərin tarixi konsepsiyasının və deməli,  Azərbaycana qarşı ərazi iddialarının əsaslı olduğunu təsdiq etdiyi barədə fikrin səhv  olduğunu göstərmək məqsədilə əsas diqqət erməni  və xarici məxəzlərə cəlb edilir.”

Kitabın rus dilində yazılmasının çox böyük əhəmiyyəti var. Bizdə olan məlumata görə, əsərin ingilis versiyası da nəşrə hazırlanır. Belə bir dəyərli əsərin müxtəlif dillərdə nəşri,  təbii ki, onun oxucularının əhatə dairəsini  də genişləndirər. Amma ən başlıcası budur ki, kitabda düşmənin böhtan və iftiralarına sanballı cavablar verilir.

Akademik Ramiz Mehdiyev vurğulayır ki, “Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı müxtəlif mədəniyyətlərə aid olan və fərqli sosial-iqtisadi şəraitdə yaşayan iki  dövlətin — Azərbaycan və Ermənistanın dinc yanaşı yaşama problemini meydana çıxarır”. Bu zaman o, həm də qeyd edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı Ermənistanın regional layihələrdən təcrid edilməsi nəticəsində iki ölkə arasında  yaranmış “böyük sosial-iqtisadi fərqi” artırır. Azərbaycan gələcək onilliklər üçün strateji inkişafını planlaşdırdığı halda, Ermənistan yalnız “sağ qalmağa” çalışır. İlk baxışdan, Ermənistana öz işğalçı planlarından imtina etmək lazımdır, amma bu, onun elitasının inadkarlığı üzündən baş vermir.

Onu da  qeyd etmək lazımdır ki, əsərdə möhtərəm  akademik Dağlıq Qarabağ problemini multifənli (çoxistiqamətli) yanaşma kontekstində nəzərdən keçirir: bu, ona görə vacibdir ki, onu yalnız tarixçilər deyil, həm də siyasətçi, ictimaiyyətçi və iqtisadçılar da oxuyurlar. Məsələ bundadır ki, iki ölkə arasındakı münaqişə yalnız çoxistiqamətli tədqiqatlar prizmasından başa düşülə bilər. Müəllif əsərdə çox dəqiq olaraq qeyd edir  ki, “keçmişin bəzi hadisələrinə  fərqli yanaşma, tarixin aşkar və gizli şəkildə saxtalaşdırılması, prosesin dərk olunmasına seçici münasibət ümumi mənzərəyə qarışıqlıq salır, informasiya  istifadəçilərini səhv yola sürükləyir. Məntiqin hər nöqtəsinə, mövzunun ardıcıl araşdırma qanunlarına  əməl etmə, istisnasız olaraq, bütün suallara cavabların axtarılması materialın təhlili üçün ən səmərəli, məntiqli və məqbul metodologiyadır”.

Ramiz müəllimin ermənilərin mifyaradıcılığı haqqında dərin məzmunlu məqaləsinin dərc olunduğunu, onun nəzəri əsaslarının ifşa edildiyini yada salsaq, aydın olur ki, bütün problematikanın bu cür dərki erməni tarixi ideologeminə,  onların münaqişənin həllində mənafe və mövqelərinin üstünlük təşkil etməsi iddialarına ciddi zərər vurur.

 “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müəllifinin  mövqeyində daha bir məqamı da vurğulamaq istərdim: zənnimizcə, bu əsər metodoloji baxımdan da çox əhəmiyyətlidir. Bir çoxları əmindir ki, münaqişə hər cür yanaşmaya haqq qazandırır. Amma bu, heç də belə deyil, çünki, möhtərəm  akademikin fikrincə, əsl elmi yanaşma “... qərəzsizlik, obyektivlik prinsipinə” əsaslanmalı, “...dövlətlərarası münaqişənin ilkin şərtləri haqqında tam təsəvvür yaratmalı və dövlətlərarası münaqişəni izah etməli, problemin peripetiyalarını (gözlənilməz dəyişikliklərini) anlamaq istəyən hər kəsə kömək etməlidir. Hər hansı bir seçicilikdən imtina edərək, külli miqdarda tədqiq edilməmiş hadisə və şərtləndirilmiş qeyri-müəyyənliklər, anlaşılmazlıqlar sahəsində son nöqtəni qoymaq vacibdir.

     Qeyd etmək lazımdır ki, kitab oxucunu tədqiq olunan problemlər üzərində düşünməyə vadar edir. Əsər konkret münaqişənin, bütövlükdə siyasi münaqişələrin tarixi araşdırma metodologiyası üzrə tükənməz bir  mənbədir. Eyni zamanda, bu sanballı tədqiqat alimin vətəndaş  olaraq, hansı mövqe tutmalı olduğunu aydın göstərir.

Bütün bu deyilənlərdən çıxış edərək diqqəti ona yönəltmək istərdim ki, biz 2015-ci il 24 aprel ərəfəsində   erməni alimlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iftiralarının elmi və obyektiv ifşası üçün səylərimizi  artırmalı, öz mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması üzrə fənlərarası qruplar yaratmalıyıq.

Rəfiqə ƏZİMOVA,

sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi:

— “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” fundamental əsəri, demək olar ki, bugünə qədər bu münaqişə ilə bağlı yazılan məqalə və kitabların fəlsəfi ümumiləşdirməsidir.

Əsərdə ideoloji, etnipsixoloji, kulturoloji  və tarixi aspektlərin irimiqyaslı təhlili verilmişdir. Səbəb-nəticə motivasiyalarının bitkin konfiqurasiyası, faciəvi toqquşmaların yaranmasında mühüm rol oynamış ilkin zəminlər geniş  şəkildə açıqlanmışdır.

Müəllif ilkin mənbələr əsasında “Böyük Ermənistan” haqqında mifin reinkarnasiyasına yönəlmiş məqsədyönlü siyasi-dini aləti məharətlə  açıqlaya bilmişdir. Bu fundamental əsərdə istifadə olunan sənədlər, yazışmalar  oxucu üçün açıq-aydın sübut edir ki, Ermənistanın məqsədi Qarabağı min cür hiylə ilə, nəyin bahasına olursa—olsun mənimsəməkdir.

Akademik Ramiz Mehdiyevin əsərində  sübuta ehtiyacı olmayan sənədlər əsasında iki əsrdən çox dövrü əhatə edən, bəzən faciəli, bəzən də, müəllifin dediyi kimi, “səssiz ekspansiya” siyasətçilərinin fanatik ambisiyaları əsaslı şəkildə açıqlanır.

Bu elmi əsərdə toplanan mənbələr istər-istəməz oxucunu şəffaf şəkildə belə bir nəticəyə gətirib çıxarır: Xalqın  marağından, onların taleyindən uzaq olan şöhrətpərəst və  ambisiyalı erməni siyasətçiləri iki xalqı üz-üzə qoyaraq,   düşmənə  çevirməyə daim cəhd göstərmişlər. Akademik Ramiz Mehdiyevin müzakirə olunan əsəri erməni ideoloqların şovinist siyasətinin bu gün də davam etməsinin  nə dərəcədə  təhlükəli və gözlənilməz fəlakətlərə gətirə biləcəyini açıq şəkildə göstərir.  

Bu fundamental əsər oxucunu təkcə mənbələrlə tanış etmir, müəllif həmçinin  tarixi təhrif edən,  fanatizmə uğramış siyasətçilərin müasir dövrdə dünya üçün həddən artıq təhlükəli olmasını məharətlə göstərmişdir. Çoxsaylı ilkin mənbələrin təhlili, həm də oxucuya belə düşünməyə əsas verir ki, tarixin kəşməkəşli, faciəli yollarını çox vaxt üzdəniraq siyasətçilərin  fanatik ideyaları müəyyənləşdirir.

Akademik Ramiz Mehdiyevin müzakirə etdiyimiz “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabındakı dərin araşdırmaları gələcəyə bir xəbərdarlıqdır: Xalqları bir-birilə toqquşduran rasist düşüncəli siyasətçilərin fəaliyyəti  bu gün beynəlxalq təşkilatlar tərəfindən dayandırılmalıdır. Zəmanəmizin çağırışlarından biri və əsas məğzi bundan ibarətdir. Bu mənada akademik Ramiz Mehdiyevin kitabı Azərbaycan Respublikasının xarici siyasətilə bağlı dərin strateji əhəmiyyətə malik çox dəyərli əsərdir.

Bəhram ZAHİDOV,

institut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor:

— Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın  tarixində yeni və böyük bir hadisədir.

Ermənilərin ərazi iddiaları və Azərbaycan türklərinə qarşı genosid siyasətinin tarixi uzun illərdir ki, xalqımızı və sülhsevər insanları ciddi narahat etməkdədir. Heç kimdə şübhə yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi erməni ideoloqları və onların havadarları tərəfindən uydurulmuş və mif səciyyəsi daşıyan tarixi yalanlar üzərində qurulmuşdur. Bununla belə, qeyd edilməsi zəruridir ki, artıq dərin kök atmış və geniş yayılmış bu tarixi yalanları elmi cəhətdən ifşa etmək o qədər də asan məsələ deyil. Bütün bu çətinliklərə baxmayaraq, bu məsuliyyətli  missiyanı, nəhayət ki, böyük uğurla yerinə yetirmiş akademik Ramiz Mehdiyevin bu sahədəki yorulmaz elmi fəaliyyəti, heç şübhəsiz, ən yüksək qiymətə layiqdir.

Görkəmli filosof, akademik Ramiz Mehdiyevin bu mövzuya yenidən qayıdışı təsadüfi hesab edilə bilməz. Əslində, bu, qanunauyğun və məntiqi bir nəticə kimi qiymətləndirilməlidir. İxtisasca tarixçi olan, filosof,  akademik Ramiz Mehdiyevin yaradıcılığında bu mövzu aparıcı mahiyyət daşıyır. Onun dərin elmi məzmunu, müdrik mühakimələri ilə səciyyəvi olan “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “XX əsrin sonunda millətlərarası münasibətlər”, “İctimai və humanitar elmlər: zaman kontekstində baxış”, “Gorus—2010: absurd teatr mövsümü” və digər əsərlərində, məqalə və çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi araşdırmalar aparılmış və dəyərli təkliflər irəli sürülmüşdür. Lakin etiraf edilməlidir ki, akademikin sonuncu kitabı —"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsəri bir institut kollektivinin görə bilmədiyi, son dərəcə şərəfli və məsuliyyətli bir işi böyük uğurla başa çatdırmışdır.

Erməni yalanlarını ifşa etmək üçün müasir elmi metod və metodologiyalardan yaradıcılıqla istifadə edə bilən,  yüksək elmi səviyyəsi, güclü məntiqi, dərin fəlsəfi təhlili, bəşəri insani keyfiyyətləri və elmi fəaliyyəti ilə artıq dünyada tanınan akademik Ramiz Mehdiyev bu işin öhdəsindən layiqincə gəlmişdir.

Əsər müasir elmi metodlara və metodologiyalara yaradıcılıqla söykənən dərin elmi mühakimələrlə zəngindir. Burada qlobal və illərlə uzanan problemin yeni və müasir həlli yolları göstərilmişdir. Bu yol tarixi faktlara və ədalətə, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə söykənir. Bu yol Azərbaycan türklərini, eləcə də obyektivlik hissini hələ itirməmiş erməniləri yüksəlişə və iqtisadi rifaha, millətlərin və xalqların bəşəri arzularına – əmin-amanlığa və xoşbəxtliyə qovuşmağa olan çağırış kimi uğurludur. Dünya tarixində olan bütün münaqişələrin və mübahisələrin sonunun sülhlə, ədalətlə həll edildiyini dərindən bilən müəllifin münaqişənin kökləri barədə iki qonşu xalqa, onun ziyalılarına və tərəqqipərvər insanlarına təqdim etdiyi sübutlar, dəlillər çox məntiqli və təsirlidir. Müharibədən cana doyan, sosial—iqtisadi çətinlikdən təngə gələn və  öz vətənlərini tərk etmək məcburiyyətində qalan dinc ermənilərə münasibətdə isə həm də dərin həyati və fəlsəfi mahiyyət daşıyır.

Əsərdə Azərbaycan türklərinin yaşadığı Qarabağ xanlığını Çar Rusiyasına birləşdirən Kürəkçay müqaviləsinə, sonra isə Gülüstan və Türkmənçay müqavilələrinə xüsusi yer ayrılması da dərin elmi səciyyə daşıyır. Bu da onunla əlaqədardır ki, məhz bu müqavilələr Qafqazda köklü dəyişikliklərin əsasını qoymuşdur. Bu müqavilələrdən sonra böyük dövlətlər, xüsusilə Çar Rusiyası gələcəkdə İrana və Türkiyəyə qarşı müharibələrdə dayaq və həm də seperatçı qüvvə kimi öz xeyrinə istifadə etmək üçün ermənilərin Cənubi Qafqaza məqsədli şəkildə köçürülməsinə əlverişli imkan yaratmışdır. Bu gün mübahisə predmetinə çevrilmiş Qarabağ əraziləri, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilərkən, müqavilənin bir tərəfi Qarabağ xanı, şuşalı İbrahim xan, digər tərəfi isə İmperatorun səlahiyyətli nümayəndəsi Pavel Sisyanov tərəfindən imzalanmışdır. Həmin vaxt Qarabağda, ümumiyyətlə, ermənilər olmamışdır. Hətta, olsa belə, onların sayı son dərəcə az olmuşdur. Bu və digər çoxsaylı faktlarla, xüsusilə ermənilərin özü tərəfindən tərtib edilmiş mənbələr əsasında onların  yerli deyil, məhz yuxarıda göstərilən müqavilələr bağlandıqdan sonra Qarabağa köçürülməsi “Ermənilərin Cənubi Qafqaza miqrasiyası” fəslində mükəmməl və mübahisəsiz qaydada sübuta yetirilmişdir. Bu da onu göstərir ki, Qarabağda “ermənilərin ən qədim yerli əhali” kimi təqdim edilməsinə dair erməni ideoloqlarının illər uzunu irəli sürdükləri müddəalar tamamilə uydurma və yalandır. Hətta “erməni” adı belə oğurlanmış, tarixi abidələrimizin erməniləşdirilməsi və xristianlaşdırılması məqsədli mahiyyət daşımışdır. Əsərdə “tarixin atası” hesab edilən Heredota, onlarca qədim roma, yunan, erməni, rus, ingilis mənbələrinə istinad edilərək, ermənilərin, ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi olmadığı və hətta onların kimmerlərin təzyiqi altında Balkan yarımadasından Kiçik Asiyaya köçdükləri sübuta yetirilmişdir.

Əminliklə demək olar ki, əslində, sülhə çağırış mahiyyəti daşıyan bu əsər, erməni separatçılarının və ideoloqlarının tarix qarşısında mütləq cəza alacaqlarına böyük ümid yaradır. Belə qiymətli əsəri ərsəyə gətirən müəllif Dağlıq Qarabağ münaqişəsinin elmi mahiyyətini dərindən, obyektiv və ədalətli açdığına görə ən yüksək  tərifə layiqdir.

 Bütün bunlarla yanaşı, bir sıra təklifləri də irəli sürmək istərdim. Hesab edirəm ki, əsər erməni dilinə tərcümə edilməli, həmin kitab erməni saytlarında və mətbuatında geniş işıqlandırılmalıdır. Əsər, həmçinin, dünyanın aparıcı dillərinə tərcümə edilməli, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Azərbaycan türklərinə qarşı həyata keçirilən genosidin tarixi və nəticələri, erməni terrorunun tarixi, xronologiyası və nəticələri, erməni kilsəsinin tarixi, onun separatçılıqda və terrorçuluqda rolu, tarixi abidələrimizə, mədəniyyətimizə, musiqimizə, dinimizə və digər milli sərvətlərimizə qarşı erməni vandalizminin tədqiqatlara cəlb edilməsinə də zərurət vardır. Bununla əlaqədar olaraq tədqiqat mərkəzlərinin yaradılması vacibdir.

Rəna MİRZƏZADƏ,

politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru:

— Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, onun ən dərin köklərindən bəhs edən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri elmdə günümüzün əhəmiyyətli hadisəsidir.

Müstəqil Azərbaycan tarixinin yenidən yazılması təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycan tarixinin qaranlıq səhifələrinin aşkarlanması sahəsində son illərdə mühüm işlər görülür. Məhz bu baxımdan akademik Ramiz Mehdiyevin bu əsəri milli ictimaiyyətşünaslıq elmində irəliyə atılan yeni bir addım kimi çox dəyərlidir və mütəxəssislər üçün əhəmiyyətli mənbədir.

Əsərdə münaqişənin antik dövrdən bu günümüzədək meydana çıxma səbəblərini açıqlayan, həmçinin Dağlıq Qarabağ torpaqlarının Azərbaycana mənsubluğunu səhih əks etdirən çoxsaylı müxtəlif tarixi mənbələrə istinad olunur. Müəllifin dili ilə desək, müasir insan üçün keçmiş nəsillərin tərbiyə olunduğu miflər dövrü yoxdur.

İyirmi beş fəsildən ibarət olan bu fundamental əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi ictimai-siyasi şəraitin elmi izahı verilir. Bütövlükdə, əsər bu problemin qədim dövrlərdən bu günədək olan tarixini əks etdirir və ilkin mənbələrə əsaslanaraq, əsl həqiqətləri oxucuya çatdırır. Kitabda tarixi, hüquqi, siyasi motivli sənədlər xronoloji ardıcıllıqla verilir. Əsər Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edir.

Monoqafiyada antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, həmçinin yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəllərində gəlməsi göstərilir. Lakin bu ərazilərə iddialı olan ermənilər işğal etdikləri Dağlıq Qarabağ regionundakı abidələri kütləvi şəkildə məhv edir, bununla da tarixi saxtalaşdırmağa cəhd göstərirlər.

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin diqqət çəkən məziyyətlərindən biri də odur ki, burada siyasi-fəlsəfi cəhətdən tarixə istinadən elmi ümumiləşdirmələr aparılır. Bu mənada kitab Azərbaycan ictimai elmində mühüm nailiyyət hesab edilməlidir.

Azərbaycan siyasi-tarixi gerçəkliklərinin Moskvada - rus dilində çap olunması, oxucu auditoriyasının genişlənməsi isə əsərin elmi əhəmiyyətini daha da artırır. Çünki milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri barədə əsl həqiqətləri daha geniş auditoriyaya çatdırır.

Akademik Ramiz Mehdiyev siyasi prosesləri dərindən bilən tədqiqatçı - alim olmaqla yanaşı, həm də nəzəriyyəçi - filosofdur. O, vətəndaşlıq mövqeyindən yazılmış bu əsərində siyasətşünas - filosof kimi çıxış edərək, öz tutarlı fikirlərini faktlarla təsdiq edib. Kitab, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından Azərbaycan siyasətşünaslıq elminin böyük nailiyyətidir.

Əsər həm də milli siyasətşünaslıq elminin ayrı-ayrı dövrlərinin öyrənilməsi üçün zəruri mənbədir. Kitabın  ayır-ayrı fəsillərində münaqişənin siyasi - hüquqi mənzərəsi verilir və ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübuta yetirilir.

Akademik Ramiz Mehdiyevin yeni fundamental əsəri tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün dəyərli mənbə, həmçinin Azərbaycan siyasət elminə qiymətli töhfədir. Azərbaycan siyasətşünaslıq, regionşünaslıq, hətta beynəlxalq münasibətlər elmi üçün dəyərli mənbə olan bu kitab postsovet məkanının ən uzunömürlü və qanlı münaqişəsi barədə erməni müəlliflərinin tezislərinin saxtalığını ifşa etməyə yönəlib və müəllif bu məqsədinə nail ola bilmişdir. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq yayılmalıdır. Bu yolla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi və hər kəsin başa düşəcəyi dildə çatdırmaq mümkündür.

İsaxan VƏLİYEV,

cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor:

– Bugünkü tədbirin taleyüklü bir məsələyə – Dağlıq Qarabağ həqiqətlərini dərk etməkdə əvəzsiz rolu olan bir əsərin, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin  müzakirəsinə həsr edilməsinin xüsusi əhəmiyyəti var.

Hamımıza yaxşı məlumdur ki, bu, hörmətli akademikin Azərbaycan xalqını narahat edən problemlərə həsr edilmiş silsilə əsərlərindən biridir. Lakin qeyri-adi üslubda yazılmış, həm də, olduqca böyük zəhmət tələb edən bu tədqiqat hüquqşünaslar üçün də böyük maraq kəsb edən və onların qarşısında konkret vəzifələr qoyan bir əsərdir. Vaxtilə F.Engels Karl Marks barəsində demişdir ki, Karl Marksın bütün əsərlərini bir kənara qoysaq belə, onun  tarixə düşməsi üçün bircə kəşfi – tarixə materialist yanaşmanı elmə gətirməsi kifayət edərdi. Mən bu sözü “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin müəllifi akademik Ramiz Mehdiyev haqqında da söyləyə bilərəm. Hesab edirəm ki, hətta Ramiz müəllimin bütün digər elmi yaradıcılığını nəzərə almasaq belə, yalnız bu əsərinə görə o, ictimai xadim, filosof alim, vətənpərvər bir insan kimi tarixə düşə bilər. Əsərdə ilk növbədə diqqəti cəlb edən budur ki, müəllif  ümumelmi metodlarla yanaşı, qeyri-ənənəvi üsullardan da geniş istifadə etmişdir.

Nədir burada qeyri-ənənəvilik? Dağlıq Qarabağla əlaqədar oxuduğum əsərlər içərisində yeganə kitabdır ki, burada konkret mübahisəli predmetə dair fikirlər daha etibarlı mənbələrə əsaslanaraq, ya dəstəklənir, ya da tamamilə inkar edilir. Konkret halda, mübahisənin predmeti olan Azərbaycan, Dağlıq Qarabağ və Ermənistanın yerləşdiyi ərazilərdə kimin öncədən məskunlaşması məsələsinə aydınlıq gətirilir, Azərbaycanın daha qədimliyini sübut edən  mənbələr ortaya qoyulur. Bu, həm də erməni tarixçilərinin və digər əcnəbi alimlərin fikirlərinə istinad edilməklə sübuta yetirilir. Müəllif Dağlıq Qarabağın Ermənistana, yoxsa Azərbaycana məxsus olması barədə tarixən mövcud olan fikirləri, konkret sənədləri təhlil edərək hamının razılaşa biləcəyi belə bir qənaətə gəlir ki, nəinki Dağlıq Qarabağ, hətta bugünkü Ermənistanın yerləşdiyi Zəngəzur və İrəvan xanlıqlarının torpaqları da qədim Azərbaycan ərazisidir. Dağlıq Qarabağ ərazisinin Sovetlər Birliyinin ermənipərəst rəhbərlərinin təsiri altında dəfələrlə Ermənistana birləşdirilməsi cəhdlərinə baxmayaraq, Azərbaycan xalqının, beynəlxalq ictimaiyyətin təsiri altında və ümummilli lider Heydər Əliyevin səyi nəticəsində bu mənfur niyyət öz konkret həllini tapmamışdır. Lakin gündəlikdən də çıxarılmamışdır. Məqsədlərinə çatmaq üçün isə Zəngəzurda və İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların deportasiyası prosesinə başlanılmışdır.

 Burada müəllif hüquqşünas alimlər qarşısında araşdırılması zəruri olan bir problem də qoyur. Əsərdə qeyd edilir: 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR yurisdiksiyasına verilmiş torpaqları tərk etmək məcburiyyətində qaldılar. Azərbaycanlıların sıxışdırılması həm gizli şəkildə, həm də hakimiyyət tərəfindən rəsmi sanksiyalaşdırılmış formada həyata keçirilirdi. Belə ki, 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin sədri Stalin  “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan ərazisindən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda göstərmişdir ki,  Ermənistan SSR ərazisindən 1948-1950-ci illər ərzində Kür-Araz ovalığına 100000 kolxozçu və digər Azərbaycan əhalisi köçürülsün və həmin ərazilərə xaricdə yaşayan ermənilərin köçürülməsinə icazə verilsin.

Tarixi mənbələrə əsaslanan müəllif qeyd edir ki, həmin illərdə Azərbaycan SSR-ə faktiki olaraq Ermənistandan 150000-dən artıq azərbaycanlı deportasiya edildi. Təbii şərait nəzərə alınmadığından, onların böyük əksəriyyəti həyatını itirdi. Düşünürəm ki, Ermənistanın hər bir deportasiyada soyqırımı cinayəti əlamətləri axtardığı bir dövrdə bu məsələyə hüquqi qiymət verilməlidir. Keçmiş Ermənistan Respublikası və Sovetlər Birliyinin rəhbərliyinin əməllərində azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı cinayəti tərkibinin olub-olmamasını müəyyənləşdirən tədqiqat işləri aparılmalıdır. Bu, akademik Ramiz Mehdiyevin hüquqşünaslar qarşısında qoyduğu həllivacib məsələlərdən biridir.

 “Problem və hüquq” bölümündə müəllif sovet hakimiyyətinin ilk illərindən etibarən Dağlıq Qarabağa müxtəlif hüquqi donlar geyindirməklə xüsusi status verilməsi və onun Azərbaycandan ayrılması cəhdlərini konkret rəsmi sənədlərə istinad etməklə ifşa edə bilmişdir. Məsələn, müəllif qeyd edir ki, 1923-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan əhalisinin yarımköçəri həyat tərzi sürməsindən sui-istifadə edilməklə, Dağlıq Qarabağın əhalisi elə bir dövrdə siyahıya alınmışdır ki, bu zaman yerli Azərbaycan əhalisinin əksəriyyəti köçdə olmuşdur. Bunun nəticəsi olaraq, Dağlıq Qarabağda erməni əhalisinin sayı süni şəkildə azərbaycanlıların sayından  artıq göstərilmişdir. Nəticədə SSRİ rəhbərliyinin təzyiqi ilə həmin ildə Azərbaycanın ərazisi daxilində Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsinə nail olunmuşdur. Sonradan SSRİ-nin 1936-cı il tarixli Konstitusiyasında da Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in ərazisinə daxil olduğu göstərilmişdir.

Müəllifin qeyd etdiyi kimi, Dağlıq Qarabağ ərazisinin Azərbaycana aid olmasına dair sovet dönəmində qəbul edilmiş ali hüquqi qüvvəli sənədlərin mövcud olmasına baxmayaraq, erməni separatçıları bu gün də Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi istiqamətindəki niyyətlərindən əl çəkmirlər. Maraqlısı isə budur ki, ermənilər öz mövqelərinin doğruluğunu sübut etmək üçün sovet qanunvericiliyinə istinad etməyə cəhd göstərirlər. Halbuki Dağlıq Qarabağın özünü müstəqil elan etməsi haqqında keçirilmiş referendumun heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin referendumun keçirilməsi nə sovet, nə də Azərbaycan qanunlarına uyğun gəlir.

Müəllif beynəlxalq hüquq normalarından çıxış edərək göstərir ki, Dağlıq Qarabağ probleminin yeganə hüquqi həlli yolu ona Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipini pozmadan xüsusi hüquqi statusun verilməsindən ibarətdir. Xatırlatmaq istərdik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyünü pozmadan  yüksək statusun verilməsi ideyası hələ ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdü və Lissabon sammitində (2-3 dekabr 1996-cı il) bu ideya problemin həlli yolunun ana xətti kimi çıxış etmişdi. Lissabon sammitində dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına və daha sonra məsələnin həlli üçün ATƏT-in Minsk qrupunun yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar indiyə qədər işğalçı erməni dövlətinin silahlı qüvvələrinin  Dağlıq Qarabağdan çıxarılmasına və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına nail ola bilməmişlər.

Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi həm Azərbaycanın, həm də beynəlxalq təşkilatların marağındadır. Azərbaycan tərəfi bu problemin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməkdədir. Lakin akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, problemin həlli üçün yeganə və əsas maneə erməni tərəfinin proqnozlaşdırıla bilinməyən məntiqsiz siyasəti və məsələnin həllinin mümkün qədər yubadılması istəyidir.

Kitabı oxuduqca ona Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu prizmasından baxmamaq mümkün deyil. 29 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış bu qanunun mahiyətinə görə, milli təhlükəsizlik probleminə Azərbaycan Respublikasının milli maraqları baxımından yanaşılmalıdır.

Sonda bəzi təkliflər irəli sürmək istərdim. 1. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin müxtəlif dillərə tərcüməsi və böyük tirajlarla çap edilməsi, eləcə də həmin  kitabların dünyanın məşhur kitabxanalarına göndərilməsi təmin edilsin.

 2.  Müasir dövrdə qondarma “erməni soyqırımı”nın əsassızlığının sübut edilməsi, Xocalıda və Azərbaycanın digər ərazilərində müxtəlif dövrlərdə törədilmiş soyqırımı faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olunması və Dağlıq Qarabağ probleminin həllinin hüquqi əsaslarının işlənib hazırlanması üçün hüquqi biliklərə böyük ehtiyacın olduğunu nəzərə alaraq, AMEA Prezidenti yanında hüquqşünaslardan ibarət işçi qrupu yaradılsın.

Qabil CAMALOV,

institut direktorunun ümumi işlər üzrə müavini:

– Müzakirəsini keçirdiyimiz “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı uzun illərin zəhməti sayəsində ərsəyə gəlmişdir. Məlumdur ki, akademik Ramiz Mehdiyev SSRİ-nin süqutu zamanı öz istəyi ilə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda elmi informasiya şöbəsinin müdiri vəzifəsində davam etdirmişdir. Ramiz müəllim həmin dövrdən Qarabağ münaqişəsinin kökləri haqqında araşdırmalar aparır, məlumatlar toplayırdı. Uzun illərdən bəri toplanmış həmin materiallar əsasında bu gün müzakirəsini keçirdiyimiz bu sanballı əsəri elmi ictimaiyyətə və geniş oxucu kütləsinin ixtiyarına təqdim etmişdir.

Bəri başdan deyim ki, əsərin çox böyük elmi, siyasi və tarixi əhəmiyyəti vardır. Belə ki, həmin əsərdə ermənilərin Cənubi Qafqaz regionuna gəlməsi və bu regionda məskunlaşması eramızın IV əsrindən Bizans və  Sasanilər imperiyasının mövcud olduğu illərdən başlandığını, monqol yürüşü zamanı isə ön Asiyadan İranın içərilərinə doğru tədricən yerləşmələri dolğun şəkildə əks etdirilmiş və onların satqın və böyük imperiyaların əlaltısı olduqlarını açıb göstərmişdir.

Akademik Ramiz Mehdiyev əsərdə rus çarizminin işğalçılıq siyasəti altında Cənubi Qafqaza Osmanlı imperiyasından və İrandan ermənilərin ardıcıllıqla köçürülərək məskunlaşması və nəhayət, I və II İran-Rusiya müharibəsindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni əyalətinin yaradılmasını göstərmişdir. Çar Rusiyası tərəfindən İrəvan və Naxçıvan xanlıqları ərazisində erməni əyaləti yarandıqdan sonra müəllif Çar Rusiyasında nəşr olunan tarixi mənbələrə istinad edərək, bu əyalətdə əhalinin 74260 nəfərinin azərbaycanlı, 25151 nəfərinin isə erməni olduğunu danılmaz faktlarla göstərmiş və qısa bir müddət ərzində demoqrafiyanı dəyişdirmək üçün 57226 nəfər erməninin Osmanlı imperiyasından və İrandan köçürüldüyünü qeyd etmişdir. Bununla da erməni əyalətinin yaradılması və ermənilərin bu əyalətə köçürülməsinin çoxəsrlik və məqsədyönlü bir siyasət olduğunu,  həmçinin Azərbaycan xalqının sülhsevər və humanist olduğunu rus və rusdilli başqa xalqların diqqətinə çatdırmışdır.

Kitabın əsas məziyyətlərindən biri də budur ki, akademik Ramiz Mehdiyev ermənilərin Azərbaycan xanlıqları ərazisində, sonralar isə XX əsrin əvvəllərində, xüsusilə Çar Rusiyasında Oktyabr inqilabının qələbəsindən sonra Ermənistan SSR yarandıqdan sonra Azərbaycan toponimlərinin (Basarkeçər-Vardenis, Qaranlıq-Martuni, Hamamlı-Spitak, Calaloğlu – Stepanavan, Qarakilsə- Sisian, başqa bir Qarakilsə – Vanadzor, Keşişkənd- Yexeqnadzor, Uluxanlı Zəngibasar-Masis, İstibulaq və ya Karvansara-İcivan, Dəvəli- Ararat, Gözlü Kəmərli-Metsamar, Üçmüzdzin-Eçmədzin, Alagöz-Araqaits, Göyçə gölü- Sevan, Arpaçay-Axuruyan və s.) adlarını dəyişdirərək tarixi saxtakarlığa yol vermiş və bu proses indi də davam etməkdədir.

Kitabın başqa bir ideoloji, elmi və siyasi əhəmiyyəti  Qarabağın, guya, qədim erməni mənbələrində və dilində “Artsax” adlanmasının saxta olmasını sübut etməsidir. Akademik Ramiz Mehdiyev göstərmişdir ki, “Artsax” sözünün erməni xalqının tarixi və dili ilə heç bir əlaqəsi olmamış və yoxdur. Artsax Urartu dövlətinin bir əyaləti olmuşdur. Ermənistan - Hayastan olmadığı kimi, Artsax da hayların Vətəni olmamışdır. Müəllif tarixi məxəzlərə istinad edərək Ərməniyyə mahalının türkdilli olduğunu və burada haylar məskunlaşdıqdan sonra onlar yaşadıqları ərazinin tarixi adını mənimsəyərək özününküləşdirmiş və özlərinə “Hayastan” yox, “Ermənistan”  adlı vətən yaratmışlar. Budur, hay millətinin əsl xisləti.

Nəhayət, öz çıxışımı bununla qurtarmaq istəyirəm ki, özlərini qədim türk tayfası olan ərmənlərin adı ilə adlandıran “ermənilər” əsl adları olan “hay” kimi tanınsaydılar, yəqin ki, erməni və Artsax kimi sözlərin hansı xalqa məxsus olduğunu saxtalaşdıra bilməzdilər. Akademik Ramiz Mehdiyevin bu əsəri haylara tarixi mənbələr əsasında təlqin edir ki, adınız kimi nə vaxtsa “böyük Ermənistan” dövlətinin olması da saxtadır.

 Xaliq ƏHMƏDZADƏ,

beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru:

– Azərbaycan xalqı üçün misilsiz xidmətlər etmiş, böyük mütəfəkkir, filosof Ramiz Mehdiyevin bu kitabı tarixi, hüquqi, siyasi və ideoloji faktlara söykənən dərin elmi araşdırmanın, analitik təhlilin nəticəsində ərsəyə gəlmişdir.

Kitaba diqqətlə nəzər saldıqda açıq-aydın görünür ki, mənfur düşmənlərimiz – ermənilər mövcud olmayan dövlətlərini, torpaqlarını saxtakarlıqla, siyasi hiyləgərliklə, yalan və şantajla əldə etmişlər. Müəllif kitabında dərin tarixi və elmi faktlara əsaslanaraq mükəmməl şəkildə sübut etmişdir ki, ermənilərin bir xalq və dövlət kimi mənbəyi və mənşəyi yoxdur.

Çox hörmətli akademik Ramiz Mehdiyev kitabın sonunda düzgün olaraq qeyd etmişdir ki, bizim onlarla mücadiləmiz və mübarizəmiz bundan sonra da yüzillər boyunca davam edəcək. Çünki, ermənilər öz çirkli, hiyləgər və məkrli əməllərindən heç vaxt əl çəkməyəcəklər. Bu, onların həyat tərzi və faciəvi xislətidir.

Müəllif Azərbaycan xalqını möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırır və üçrəngli bayrağımızı əbədi və əzəli torpaqlarımız olan Zəngəzur və İrəvanda dalğalandıracağımıza inandırır.

Sonda çıxışımı Azərbaycan xalqının əvəzedilməz və təkrarsız ümummilli lideri Heydər Əliyevin tez-tez işlətdiyi atalar sözü ilə bitirmək istəyirəm: Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni.

Zaur ƏLİYEV,

böyük elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru:

— Bu günə qədər Azərbaycanda Ermənistanın təcavüzkar siyasəti nəticəsində itirilən torpaqlarımız haqqında çoxsaylı kitablar yazılıb. Onların əksəriyyətinin, təəssüf ki, bir o qədər elmi-siyasi əhəmiyyəti yoxdur. Erməni iddialarına tutarlı cavab verəcək əsərlər içərində Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı kitabını nümunə göstərə bilərik. 

Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdıran mühüm bir  elmi əsərdir.

İlk öncə diaspor mövzusunu araşdıran bir tədqiqatçı olaraq, diqqətimi cəlb edən kitabda tarixi sənədlər əsasında Ermənistan dövlətinin diasporun köməyi ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə yaratmasına aid elmi münasibətdir. Bu gün məlumdur ki, erməni diasporu ABŞ, Fransa, Rusiya, ərəb ölkələrində, Türkiyədə güclüdür və mütəşəkkil fəaliyyət göstərmə bacarığına sahibdir. Ermənistan xüsusilə xarici siyasətini və iqtisadiyyatını inkişaf etdirmək üçün diasporun potensialından faydalanmaq istəyir. Bu kimi məsələlərə akademik Ramiz Mehdiyevin tam tarixi və siyasi yanaşması əsərin əhəmiyyətini daha da artırır.

Məlumdur ki, 1994-cü ilin may ayında atəşkəsə dair razılığın əldə olunmasından sonra fəal hərbi əməliyyatlara son verilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində mübarizənin episentrinin müəyyən mənada informasiya cəbhəsinə meyillənməsinə əsas yaratdı. “Nə hərb–nə sülh” status-kvosunun doğurduğu vəziyyət labüd olaraq informasiya mübarizəsinin aktuallığını şərtləndirməyə başladı.

Bu gün də erməni ideoloqlarının bütün təbliğat potensialı “tarixən əzilən”, “məhrumiyyətlərə düçar olan”, “başqa xalqlar, xüsusən də türklər tərəfindən ən müxtəlif formalarda hüquqları tapdanan  erməni milləti” obrazının yaradılmasına yönəlib. Erməni ideoloqları üçün “məqsəd hər zaman vasitəyə haqq qazandırır”. Bir sıra hallarda Dağlıq Qarabağ münaqişəsi tərəflərini məqsədli şəkildə “xristian” və “müsəlman” ifadələri ilə səciyyələndirib bu əsasda vahid dini baxışlara ümid edərək, Qərb ictimaiyyətinin təəssübkeşliyini qazanmağa çalışan və əksər hallarda da, təəssüf ki, buna nail olan erməni ideoloqları üçün hər hansı müqəddəs dəyər mövcud deyil. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu kimi manevrlər və ümumiyyətlə, aparılan “qara piar” kampaniyası bəzən öz əksini hətta beynəlxalq nüfuza malik mühüm KİV resursları və internet portallarında taparaq, insanların şüurunda “həqiqətin təhrif edilmiş obrazı”nın formalaşmasına əsas yaradır.

Erməni ideoloqlarının apardığı bu informasiya mübarizəsində yaratdıqları  “qara piar” kampaniyasına kitabda  müəllifin tutarlı faktlarla verdiyi cavab – “Dağlıq Qarabağ münaqişəsi svilizasiyaların toqquşması deyil” - qənaəti olduqca əhəmiyyətlidir.  Bir sözlə, Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı kitab informasiya mübarizəsi üçün hazırlanmış ən gözəl əyani vasitədir.

Ermənilərin ərazi iddialarının heç bir tarixi, inzibati, siyasi, hüquqi, mənəvi əsasının olmadığını bir daha elmi-siyasi cəhətdən sübut edən kitabın əhəmiyyətini artıran rus dilində nəşr edilməsidir.

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Azərbaycan tarixçiləri, politoloqları, filosoflar və geosiyasətçilər, eləcə də bir sıra digər humanitar elm sahələrinin qarşısında mühüm vəzifələr qoyur.

* * *

Tədbirdə həmçinin estetikanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov, elmi işçilər Xumar Axundzadə, Ruşan Ruşanzadə və başqaları əsərin məziyyətləri barədə fikirlərini bildirərək, kollektiv qarşısında duran vəzifələrlə bağlı təkliflər verdilər.

“Dəyirmi masa”ya yekun vuran İ.Məmmədzadə müzakirədən razı qaldığını bildirdi və əlavə etdi ki, akademik Ramiz Mehdiyev biz alimlərə gözəl nümunə göstərib . Azərbaycan alimləri, o cümlədən institutumuzun kollektivi erməni uydurmalarını ifşa etməli, əsl həqiqətləri təkzibolunmaz faktlarla dünya ictimaiyyətinə çatdırmaq üçün fəallıqlarını artırmalıdır.

 

Qüdrət PİRİYEV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında