Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətidir

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı yeni əfv sərəncamı bunun daha bir təzahürüdür

Artıq ölkənin kütləvi informasiya vasitələrinin xəbərlərindən də məlum olduğu kimi, Prezident İlham Əliyevin  humanist addımlarından daha biri - növbəti əfv sərəncamı icra olunmaqdadır.   Dövlət başçımızın məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı növbəti sərəncamla müxtəlif illərdə törətdikləri əməllərinə görə ədalət məhkəməsi tərəfindən cəzalandırılmış 84 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

Hüquq ekspertlərinin, QHT təmsilçilərinin və ölkə ictimaiyyətinin hamısı cənab Prezidentin bu addımını ulu öndər Heydər Əliyevin siyasi kursunun mühüm tərkib hissələrindən olan vətəndaş və insan hüquq və azadlıqlarının qorunması məsələsinə sədaqət kimi qiymətləndirir.

Bütün bunları görə-görə bəzi beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması haqqında qərəzli və uydurma fikirləri hamı kimi, məni də narahat edir. Fikrimcə, respublikamızın son illər sürətlə inkişaf etməsi antiazərbaycan dairələrin, o cümlədən erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda  ciddi qısqanclıq yaradıb. “Human Rights Watch”, “Freedom House” “Amnesty İnternational”, Sərhədsiz Reportyorlar məhz belə qərəzli və böhtançı qeyri-hökumət təşkilatlarındadır. Avropa Parlamenti də ölkəmiz haqqında qeyri-obyektiv xarakter daşıyan, əsassız və subyektiv mülahizələrdən ibarət qətnamə qəbul etməklə, beynəlxalq aləmdə heç bir reytinqə malik olmayan həmin qurumlarla eyni səviyyədə olduğunu təsdiqlədi. Əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm  edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun islamofob və antiazərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul olunub. Qətnaməni hazırlayan 46 Avropa Parlamenti deputatının və onların Azərbaycandakı xəbər ötürənlərinin kimliyi bu sənədin necə və hansı məqsədlə ərsəyə gəldiyini bir daha təsdiqləyir. Faktlar da göstərir ki, bu qətnamə donosların, təhdid xarakterli, yalan informasiyaların karusel mexanizmi əsasında hazırlanıb. Həmin yalan və qərəzli informasiyalar xarici bədxahlarımızın sifarişi əsasında AXCP, “Milli Şura”, onların təsiri altında olan QHT-lərin və radikal müxalifətin himayədarlığında olan kütləvi informasiya vasitələrinin mətbəxində hazırlanır, “Human Rights Watch”, “Freedom House” “Amnesty İnternational”, Sərhədsiz Reportyorlar və Avropa parlamenti kimi muzdla fəaliyyət göstərən  böhtançı qurumlar tərəfindən dövriyyəyə buraxılır. Təbii ki, bütün bunlar xəyanətkar müxalifət nümayəndələrinin və bir qrup ermənipərəst işbazın ölkəmizin getdikcə yüksələn reytinqinə ləkə vurmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycana qarşı qərəzli olan bəzi ermənipərəst beynəlxalq qurumların Ermənistanın işğalcı siyasətini və bir milyondan artıq soydaşımızın öz doğma ata-baba ocaqlarından didərgin salınmasını görməməsi siyasi korluqdur.  O cümlədən, Avropa Parlamentinin də Ermənistanın işğalçılıq siyasətinə son qoymaq tələbi ilə çıxış etmək əvəzinə, “xalq diplomatiyası” adı altında düşmənlə sıx əməkdaşlıq edən bəzi üzdəniraq hüquq müdafiəçilərini və xəyanətkarları “siyasi məhbus” hesab etməsi və onların azad olunmalarını tələb etmələri bu qurumun qərəzli olmasından və kimlərinsə sifarişlərini yerinə yetirməsindən xəbər verir.

Əgər Avropa Parlamentinin  deputatları həqiqətən də ümumbəşəri insani və demokratiya təəssübünü çəksəydilər, həqiqətən də insan hüquq və azadlıqlarının müdafiəçisi olsaydılar, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və bu kimi faktları da məlum qətnaməyə daxil edər, Ermənistandan  beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməyə son qoymağı qəti şəkildə tələb edərdi. Belə qərəzli və böhtançı qətnamələr ölkəmizi tutduğu demokratik yoldan çəkindirə bilməz. Sözsüz ki, erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, qəbul edilən yalançı qətnamələr və böhtanla dolu hesabatlar Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzuna heç bir təsir edə bilməz . Çünki artıq ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkil olunması beynəlxalq aləmdə də yüksək səviyyədə qəbul olunur. Özü də indi yox, 20 il bundan əvvəl. Faktlar da bunu təsdiq edir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra  güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində böyük uğurlar qazanması, son illərdə isə sürətli  inkişaf yolunda inamla irəliləməsi nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, digər rəsmi şəxslər, tanınmış ekspertlər və politoloqlar tərəfindən yüksək dəyərləndirilir.  Bu dövrdə demokratik proseslərin inkişafına, xüsusilə də  insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilirdi. 

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə  dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və  milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində  müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələr, vətəndaş qarıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdir. Amma ulu öndər  Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra  hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə  insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri olub. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapıb.

Ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edir, bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq öz əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

Qüdrətli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir.

İnsan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulmuşdur. Bu konvensiyalardan 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və digərlərini göstərmək olar.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması ilə bağlı idi. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilməlidir. Bu sahədə islahatlar davam etdirilmiş,1998-ci il fevralın 22-də  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində” fərman imzalanmış və  1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”ı təsdiq edilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm  Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atmışdır. Onu da  qeyd edək ki,  dövlətimizin başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Təkcə bir faktı diqqətə çatdıraq  ki, ölkə Prezidentinin sərəncamları ilə  son on  ildə 35 min160 nəfərdən çox məhkum azadlığa buraxılmışdır.Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən 2013-cü ilədək 23 əfv sərəncamı imzalayıb.

Dövlətimizin başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşmuşdur.

Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixili sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.  Azərbaycan Prezidenti, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin rəylərin birində bildirilir: “ATƏT Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımları, xüsusən də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir”.

Belə faktlar istənilən qədərdir. Bəzi muzdlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin konkret cinayət əməllərinə görə həbs olunmuş və ya məhkum edilmiş şəxslərin “dərhal, qeyd-şərtsiz azad olunması”,  anarxiya və özbaşınalığa yol aça biləcək “sərhədsiz azadlıq” tələbləri Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiq və şantaj cəhdidir. Belə tələb irəli sürən beynəlxalq təşkilatların  məkrli simaları özünü açıq şəkildə büruzə verir.  Avropa Parlamentinin Azərbaycana təzyiq göstərmək üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma üzv olan ölkələrə çağırışı bunu bir daha təsdiq edir. Bu da aydındır. Görünür 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını digər məkrli qurumlar kimi, Avropa Parlamenti də həzm edə bilmir. Ancaq bütün bunların heç bir faydası yoxdur. Çünki Azərbaycan müstəqil siyasət yeridən demokratik bir dövlətdir.

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında