Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan öz gələcəyini Avropa ailəsinə inteqrasiyada görür. Bu siyasət dəyişməz olaraq qalır və bu, bizim strateji məqsədimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Təxminən bir il bundan əvvəl - beynəlxalq tədbirlərdən birində görüşüb söhbət etdiyim, eyni zamanda “Xalq qəzeti” üçün müsahibə aldığım təəssübkeş ümumtürk ziyalılarından olan yazışı-dramaturq, Qırğız Respublikası Dövlət Teleradio Verilişləri Komitəsinin birinci vitse-prezidenti Kayrat İmanəliyev söyləmişdi ki, indi Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik edən, kosmosa rabitə peyki çıxaran, iqtisadi inkişaf tempinə görə dünyada liderlər cərgəsində olan ölkədir. Ötən əsrin 90-cı illərinin başlanğıcında isə sizi tankla tapdalayıb əzir, zindanlara doldururdular. Sizin xoşbəxtliyiniz onda idi ki, həmin illər Heydər Əliyev kimi siyasətçiniz var idi. Heydər Əliyev Moskvada 20 Yanvar qırğınına kəskin şəkildə etiraz etməklə Azərbaycan xalq azadlıq hərəkatına yeni stimul, növbəti təkan vermişdi.
Qardaş xalqın ünlü ziyalısının dilindən bunları eşitməkdən çox məmnun idik. 18 Oktyabr – Müstəqillik Gününün növbəti ildönümü münasibətilə bu sətirləri qələmə almaq üçün müraciət etdiyimiz mənbələrdən birinə nəzər salanda isə həmin məmnunluğumuzu növbəti dəfə yaşadıq. Biz hamımız, dostlarımız, Azərbaycanı və xalqımızı sevən hər kəs qətiyyətlə deyirik ki, bu müstəqilliyin qazanılmasında və qorunmasında ulu öndərin möhtəşəm rolu vardır. Ulu öndərin özü isə bizə xatırladırdı ki, bu tarixi prosesi ayrı-ayrı adamların və ya siyasi qüvvələrin adı ilə bağlamaq olmaz. Bütün bunlar bir tarixi prosesdin nəticəsi, taleyin bizə töhfəsidir.
Ulu öndər Heydər Əliyevin Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilmiş, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilmişdir. Həmin tarixi mərhələlərdən biri də xalqımızın XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinə aparan yol, suverenliyin bərpası və məlum Konstitusiya Aktının qəbul edilməsindən sonrakı illərdə şahidi olduğumuz proseslər idi. “Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında” adlı həmin müraciətdə qeyd olunur ki, respublikamızın dövlət müstəqilliyini əldə etməsi 80-ci illərin birinci yarısından başlayaraq , keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Bu tarixi və obyektiv proseslər nəticədə SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarixi səhnədən çıxmasına və müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bunun ardınca baş verən hadisələr - yeni müstəqil dövlətlərin , o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının təzahürü idi. Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı- ayrı şəxslərin müstəsna xidmətləri hesab etmək olmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi.
Yaxın keçmişimizin tarixi hadisələri olduğuna görə həmin proseslər bütün soydaşlarımızın yadındadır. Ötən əsrin sonlarında Sovetlər Birliyi məhz Kremlin yeritdiyi milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq ideoloji böhran həddinə çatmışdı. Ona görə də 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başlandı. İmperiyanın siyasi beyin mərkəzi olan Kreml Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar qəbul edildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və suveren Azərbaycan Respublikası dünya birliyinin üzvü oldu.
Bir çox kitablarda və tarixçilərin əsərlərində yazıldığı kimi Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edə bilmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi və yüksək idarəçilik təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Heydər Əliyevin bu istiqamətdə atdığı ən müdrik addımlardan biri də məhz ölkəmizi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi idi. Ümummilli lider müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətin proses adlandırmış və həmin məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlamışdı. Onun siyasi uzaqgörənliyi gənc müstəqil dövlətimizin qarşısına çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunalarından gəldi.
Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etməyi bacarmışdı. Ulu öndərin qənaətincə əsl müstəqillik öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırırdı.
1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiləşdirilməsi və dönməz edilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Ulu öndərin həmin siyasəti bu gün böyük qətiyyət və prinsipiallıqla davam etdirilir. Bu arqumentin bir neçə nümunəsini yazının giriş hissəsində - qırğız yazıçısına istinadən qeyd etdik. Burada isə onu xatırlatmaq istəyirik ki, Azərbaycanın inkişafı indi artıq illər, beş illər və ya on illərlə deyil, məhz aylarla , rüblərlə ölçülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda qeyd olunub ki, Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Qeyri-neft sektorumuzda isə bu göstərici 6 faiz olmuşdur. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Doqquz ayda ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulub. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
Qeyd olunub ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Deməli, biz bir pillə də irəliyə getmişik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri yaradılıb. IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən BMT İnkişaf Proqramının direktorunun çıxışında səslənib ki, Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Lap yaxın gələcəkdə isə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və həmin layihə ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək.
Azərbaycan xalqı və dövləti ulu öndər Heydər Əliyevin taleyin böyük töhfəsi adlandırdığı dövlət müstəqilliyimizi əbədiləşdirmək üçün xalqın və dövlətin görə biləcəyi bütün işləri reallaşdırır. Müasir ekspertlərin fikrincə, Azərbaycan dövlətinin bu istiqamətdə qazandığı ən böyük nailiyyət məhz xalqla dövlətin birliyinə nail olunmasıdır. Həmin birlik Prezident İlham Əliyevin xalqa inanması, valqın isə ona etimad göstərməsi nəticəsində günün reallığına çevrilmişdir. Bu isə bizim Müstəqillik Günümüzün növbəti ildönümünə ən layiqli töhfəmizdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.