Prezident İlham ƏLİYEV: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin qazandığı uğurlardan geniş söhbət açılmış və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müzakirələr aparılmışdır. Tədbirdə nitq söyləyən Azərbaycan Prezidenti bildirmişdir ki, 2014-cü ilin doqquz ayı ərzində ümumi daxili məhsul 2,5 faiz, əhalinin pul gəlirləri 5,4 faiz artmış, ölkəmizin valyuta ehtiyatı 53 milyard dolları ötmüşdür. Eyni zamanda, Azərbaycanın  dünyanın  rəqabətqabiliyyətli  40 ölkəsi sırasında olması da sürətli inkişafımızı təsdiqləyən  faktlardandır.

Qürurverici haldır ki, son on ildə ölkəmizdə 1 milyon 300 min yeni iş yeri açılıb. Bunun yüz mindən çoxu isə bu ilin doqquz ayı ərzində baş tutub. Bir faktı da qeyd etmək zəruridir ki, bu ilin doqquz ayı ərzində açılmış iş yerlərinin 80 mini daimidir. Hazırda respublikamızda  işsizliyin səviyyəsi 5 faizə enib.  Göründüyü kimi, respublikamızda işsizliklə bağlı problemlər artıq öz həllini tapmaqdadır. Bu problemin aradan qaldırılmasında dövlət investisiyaları, sərmayə və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlar böyük rol oynayır. Respublikada həyata keçirilmiş islahatların uğurlu nəticələri dövlətçiliyin möhkəmləndirilməsinə, sabitliyin davamlı xarakter almasına, iqtisadi sahədə ciddi nailiyyətlərə gətirib çıxarmışdır. İndi Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var. O, Cənubi Qafqazın lider dövləti kimi tanınmaqdadır.

Bütün rəsmi səfərlərdə və nüfuzlu tədbirlərdə  Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında  bu məsələni daha qabarıq şəkildə diqqətə çatdırdı. Dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bu il də  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb. Bunun başlıca səbəbinin  Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışında olduğunu deyən dövlətimizin başçısı Ermənistanın bu məsələdə  maksimum dərəcədə vaxtı uzatmağa və status-kvonun dəyişməz olaraq qalmasına cəhd etdiyini də vurğuladı: “Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”.

Respublikamızın rəhbəri qeyd etdi ki, bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bundan başqa, digər nüfuzlu qurumlar da Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən qətnamələr qəbul ediblər. Bu  zəruri qətnamələr münaqişənin həlli üçün əsas sənədlərdir. Beynəlxalq qurumların qəbul etdiyi qərarlar  hüquqi cəhətdən bizim mövqeyimizin  kifayət qədər möhkəm olmasından xəbər verir.

Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması və doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın öz yurd-yuvalarına qaytarılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi strategiyanın əsasını təşkil edir. Ölkə rəhbərinin uğurlu xarici siyasətinin nəticəsidir ki, hazırda  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Artıq dünya birliyinə də bəllidir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüququn normalarına, həm də tarixi faktlara  əsaslanır. Münaqişənin nizamlanmasında  dünya birliyinin ölkəmizin mövqeyini dəstəkləməsinin önəmli cəhətlərindən biri də həyata keçirilən  xarici siyasətimizin tam müstəqil olması və  Azərbaycan xalqının milli maraqlarına xidmət etməsidir. Bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsirinin getdikcə artması da bundan xəbər verir. Qeyd edilməlidir ki, bir çox  hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir.

Xarici siyasətimizin uğurlu olmasının bariz nümunəsi bir neçə il əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçkiləri zamanı da özünü göstərdi. Bu seçkilərdə  155 ölkənin  Azərbaycana dəstək verməsi respublikamızın dünya birliyində reytinqinin getdikcə artmasının  göstəricisi idi. Bu dəstək, eyni zamanda, bəşəri düşündürən problemlərin ədalətli həlli istiqamətində gördüyümüz işlərin uğuru idi.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas faktordur. Dövlət başçımız çıxışlarının birində demişdir: “Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz, azərbaycanlılar, Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”. 

Azərbaycanın iqtisadi cəhətdən Ermənistandan qat-qat güclü olması, ordu quruculuğu sahəsində düşmənlərimizdən üstünlüyümüz də işğal altında olan ərazilərimizin tez bir zamanda azad olunacağına əminlik yaradır. Ümumiyyətlə, Ermənistanın hər hansı bir sahədə Azərbaycanla müqayisə olunması düzgün deyil. Çünki Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Ermənistan isə hələ də digər ölkələrdən asılı vəziyyətdədir, ianələr və yardımlar hesabına dolanır. Əlbəttə ki, güclər nisbəti də anba-an bizim xeyrimizə dəyişir.

Ermənistanın dövlət rəsmiləri də etiraf edirlər ki, bu ölkənin uğurlu inkişafı üçün heç bir amil, perspektiv görünmür. Çünki işğalçı dövlət  tənəzzülə uğrayıb və ümumi daxili məhsul istehsalı heçə enib. Yerli kütləvi informasiya vasitələri də qeyd edirlər ki, nə  qədər ki, Ermənistanda bu hakimiyyətin diktatura rejimi hökm sürür, hər hansı bir nailiyyətdən və iqtisadi inkişafdan danışmağa dəyməz. Bu uğursuzluğun, yoxsulluğun, işsizliyin və ordudakı ölümlərin nəticəsidir ki, yerli əhali ölkəni sürətlə tərk edir. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayı ərzində ölkəni tərk edənlərin sayı 80 min nəfərə çatıb.  Politoloqların qənaətinə görə,  ilin sonuna qədər  ölkəni birdəfəlik tərk edənlərin sayı 100 mindən artıq olacaq.

Azərbaycan isə həm iqtisadi, həm də siyasi cəhətdən  inkişaf edir. Düşmənlərin Milli Ordumuzun qarşısında artıq davam gətirə bilməməsi son hadisələrdə də özünü göstərdi. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında da bu məsələyə toxunarkən deyib: “... Təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir. Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır”.

Ermənistan tərəfinin təmas xəttində uğursuzluğundan və xüsusilə də, son hadisələrdən sonra bu ölkədən  kütləvi köç daha da geniş vüsət alıb. Ölkə başçısı Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Azərbaycan Prezidenti  qətiyyətlə bildirdi: “Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır”.

Bir sıra beynəlxalq təşkilatların hələ də  ikili standartlardan əl çəkməməsi və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə kəskin münasibət bildirməmələri dövlətimizin başçısı tərəfindən zaman-zaman ciddi tənqid olunur: “Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.

Hazırda ölkəmiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür və bu qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Bu əməkdaşlıq diplomatik əlaqələrin uğurla davam etdirilməsinə böyük təkan verir və bu da  bizə əlavə dividendlər gətirir. Ermənistan tərəfi  təmas xəttində hər hansı bir təxribat və terror aktı törətməklə, atəşkəs rejimini mütəmadi  olaraq pozmaq və işğalçılıq siyasətini davam etdirməklə heç nəyə nail ola bilməyəcək.   Çünki ölkəmizin terrorizmə qarşı fəal mübarizə aparması beynəlxalq aləmdə də dəstəklənir. Bu gün dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri, əlbəttə ki, ən vacib məsələlər sırasındadır. Ölkəmizin  bu sahəyə layiqli töhfə verməsi artıq beynəlxalq müstəvidə də yüksək dəyərləndirilir. Xatırladaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edən zaman da  məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdi.

Azərbaycanın uğurlu xarici siyasəti Prezident İlham Əliyevin  uzaqgörənliyi və prinsipiallığı ilə davam etdirilir. Azərbaycan dövləti, diplomatiyamız hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, milli maraqlarımıza uyğun olaraq öz həllini tapsın. Ermənistan nə qədər  öz qeyri-konstruktiv mövqeyi ilə seçilsə də, Azərbaycan dövləti böyük canlı qüvvə və yüksək hərbi potensiala sahib olmasına baxmayaraq, hələ də səbrli davranır və bu problemin beynəlxalq hüququn şərtlərinə müvafiq qaydada həllinə səy göstərir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında da bu məsələni bir daha diqqətə çatdırdı.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında