Erməni saxtakarlığına daha bir ağır zərbə

 Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı elmi məqaləsini oxuyarkən yadıma düşən ilk məqam ondan ibarət oldu ki, ulu öndər Heydər Əliyev alimlərimizə məhz bu qəbildən olan əsərlərin qələmə alınmasını tövsiyə edirdi. Ümummilli liderimiz qeyd edirdi ki, biz yetişməkdə olan gənc nəslimizi istənilən elm sahəsində başqa alimlərin kitablarına, əsərlərinə istinadən oxuda bilərik. Ancaq milli tarix məsələsində bizim öz dərsliklərimiz, öz kitablarımız olmalıdır. Çünki öz tarixini yaxşı bilməyən insan heç zaman gələcəyini yüksək səviyyədə qura bilməz. Fikrimcə, bu, böyük bir uzaqgörənliyin, siyasi müdrikliyin və milli təəssübkeşliyin nümunəsi idi.

Bu, bir taledir ki, biz əsrlərdən bəri bütün fəaliyyəti saxtakarlıqlar və uydurmalar üzərində qurulmuş ermənilərlə qonşu kimi yaşamalı olmuşuq. Ona görə də öz tariximizi öyrənərkən mütləq ermənilərin tarixinə də bələd olmalıyıq. Əslində, bunun müsbət tərəfi daha çoxdur. Belə ki, erməni alimlərinin və ya “salnaməçilərin” istənilən kitabının təməli saxtakarlıq və miflər üzərində qurulub. Bunu ermənilərə tarix boyu dönə-dönə xatırladanlar olsa da, yenə də abır-həya etmədən dediklərindən dönmürlər. İndi isə zaman özgədir və dünya siyasətçiləri artıq ermənilərin nazı ilə oynamaq istəmirlər. Çünki ermənilərin uydurduğu “Dənizdən-dənizə Böyük Ermənistan dövləti mövcud idi”, “Ermənistan xristianlığı qəbul edən ilk dövlət olub”, “Birinci Dünya müharibəsi illərində milyonlarla erməni soyqırımına məruz qalıb” kimi heç bir əsası olmayan miflər artıq dünyada hamını bezdirib. Akademik Ramiz Mehdiyevin sonuncu elmi məqaləsində həmin miflərdən biri-Ermənistanın guya ilk xristian dövləti olması barədə cəfəngiyyat tamamilə alt-üst edilir.

Yadımdadır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfərlərinin birində Asiya Cəmiyyətinin Kaliforniya Mərkəzi və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən Los-Anceles şəhərində - erməni diasporunun ən güclü mərkəzlərindən birinin fəaliyyət göstərdiyi məkanda böyük cəsarətlə çıxış etdi və geniş yayılmış “erməni mifi”nə ağır zərbə vuran ilk azərbaycanlı oldu. Sonra erməni diasporunun liderlərinə, xalqı şəxsi maraqlarının girovuna çevirmiş daşnaklara mesaj göndərdi: “Birdəfəlik başa düşmək lazımdır ki, Dağlıq Qarabağı heç bir ölkə, heç bir qurum müstəqil dövlət kimi tanımayacaq. Azərbaycan da indi düşdüyü vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Azərbaycan öz torpaqlarının bir hissəsinin zəbt edilməsinə razı ola bilməz. Ermənistan silahlı qüvvələri zəbt etdikləri torpaqlarımızı gec-tez tərk etməlidirlər”. Elə cənab İlham Əliyev hələ Milli Məclisin deputatı olduğu illərdə – Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri olduğu zaman bilavasitə Avropadakı erməni diasporunun ən güclü mərkəzlərinin fəaliyyət göstərdiyi bir şəhərdə erməni miflərinə sarsıdıcı zərbələr vurmuşdu. İndi isə erməni miflərini məhz Prezident Administrasiyasının rəhbəri özü də yüksək peşəkarlıq və möhtəşəm elmi əsaslandırmalarla darmadağın edir. Mütəxəssislər akademik Ramiz Mehdiyevin bir müddət əvvəl Moskvada, rus dilində çapdan çıxan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabını və sentyabrın üçüncü ongünlüyündə ölkə mətbuatında yayılmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı yeni elmi məqaləsini məhz erməni miflərini parçalayıb dağıdan əsərlər kimi qiymətləndirirlər.Alimlərin fikrincə, bu elmi məqalə çox dolğun və dəyərli məzmuna malikdir.Akademik bu məqalədə erməni miflərinin ( yeri gəlmişkən,öncə mif məfhumunun özünün) mahiyyətini açaraq, erməni saxtakarlıqlarını əsaslandırılmış faktlarla ifşa edir.

Məsələn, məqalədə deyilir ki, erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Erməni kilsəsi tolerant dünyaya əsrlər boyu bunu təlqin etməyə çalışır ki, xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən məhz Ermənistan olub. Dünya “hörümçək toru” (internet nəzərdə tutulur- red.) ermənilərin bəşər tarixində guya “ilk xristian millət” olması barədə məlumatlarla doludur. Hətta Vatikandakı taxçaların birində saxlanılan erməni katolikosu heykəlinin üzərində “301" rəqəmi yazılıb. Hər halda, özlərini tam ciddi şəkildə ”tarixçilər" adlandıran erməni mif yaradıcılarının praktiki məqsədini anlamaq çətindir. Bununla belə, fakt faktlığında qalır - onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız 1-ci, hətta onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə.

Yəni erməni yalanları əsrlərdən bəridir ayaq açıb yeriyir. Utanmadan sübut etməyə çalışırlar ki, guya daş dövrü abidələrində də erməni tarixi yazılıb. Mütərəqqi bəşəriyyəti təmsil edən görkəmli şəxslərin yüz illərdən bəri yazıb ortaya qoyduqları dəyərli tarixi mənbələr bir yanda qalır və ermənilər dünyanın hər yerində insanları miflərə inandırmağa çalışırlar.

Akademik yazır: “Ola bilsin ki, erməni müəlliflər ”xristianlıq" dedikdə, “sivilizasiya”, “maarif”, “mədəniyyət” və ya başqa ali anlayışları nəzərdə tutur və bununla da erməniləri dünyaya hansısa “yolgöstərən”, “xilaskar” və digər qiyafələrdə təqdim etməyə çalışırlar. Əslində isə, onlar özlərinin nə dərəcədə “sivilizasiyalı” olmalarını 1992-ci ildə Xocalı şəhərində bütün dünyaya nümayiş etdirdilər. Prezident Serj Sarkisyanın etiraf etdiyi kimi, onlar Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməklə “stereotipləri alt-üst ediblər”. Bu yaxınlarda isə Parisdə, Fransa Milli Assambleyasının binasında 40 nəfər erməni, biri qız olmaqla, iki gənc azərbaycanlıya hücum çəkərək onları döyüblər. Buna qədər isə, 1914-1922-ci illərdə Şərqi Anadoluda və 1918-1920-ci illərdə Azərbaycanda ermənilər silahlı dəstələr təşkil edərək yerli əhalinin kütləvi şəkildə qətlə yetirilməsi və yüzlərlə yaşayış məntəqəsinin məhv edilməsi yolu ilə özlərinə həyati məkan yaradırdılar. Göründüyü kimi, tarixi faktların xəstə şüur sahibləri tərəfindən qəsdən təhrif edilməsinin həqiqi mənasını anlamaq doğrudan da çətindir. Lakin məlum olduğu kimi, tarix elmi öz qanunları üzrə inkişaf edir və bu məsələdə çoxdan konsensus əldə olunub. Xristianlığın dövlət dini kimi qəbul edilməsində birincilik heç də etnik haylara mənsub deyildir”.

 Bu arqumenti oxucunun gözü qabağında sübut etmək istəyən akademik qədim mənbələrə müraciət edir və belə qərara gəlir ki, Ermənistanın xristianlığı qəbul etməsi barədə ilk və yeganə yazılı mənbə - Aqatangelosun qələminin məhsulu olan “Ermənilərin tarixi” əsəri şifahi tarixin məlumatlarına əsaslanır və həmin mənbə ilə orada təsvir edilən hadisələr arasında zaman intervalı 150 ildən çoxdur . Belə olan təqdirdə ermənilərin şifahi tarixi Efiopiyanın xristian rəvayətləri ilə müqayisədə nə dərəcədə həqiqətə uyğundur? Axı, tarixçilərin çoxunun fikrincə, Efiopiya daha əvvəl yaranmış xristian dövlətidir.

Məqalədə oxuyuruq ki, 1894-cü ildə Samuel Çetham Osroyenanı ilk xristian dövləti adlandırıb. Tarixi mənbədən seçilmiş sitatda göstərilir: “Nəzərlərimizi Şərqə yönəltsək görərik ki, kilsə ilk dəfə Osroyenanın paytaxtı Edessada taxt-taca sahib olub”. Başqa bir sitat: “Şotlandiyalı ilahiyyatçı Ceyms Hastinq 1906-cı ildə nəşr edilmiş “İsanın lüğəti və həyatı” əsərində yazırdı: “Belə güman etmək olar ki, sənədlər Yevsevi onlardan istifadə edəndən əvvəl saxtalaşdırılıb”. Hörmətli oxucular, tarixi mənbədən seçilmiş sitatdakı ifadəyə fikir verin - sənədlər filan məsələdən əvvəl saxtalaşdırılıb. Yəni ermənilərin bu sərsəm uydurmaları tarix boyu həmişə saxtakarlıq kimi qiymətləndirilib. Əsərin başqa bir mənbəyə istinadən qələmə alınmış abzasına baxaq: “Alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: ”... Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi”. Yəni dünya xəritəsində erməni dövlətinin mövcud olmasından çox-çox əvvəllər xristianlığı qəbul etmiş çar sarayları vardı.

Yaxud, Adolf fon Harnakın kitabı çapdan çıxandan bir il sonra Corc Mid yazırdı: “Bardesanes öz dostu və himayədarı çarı nəinki tezliklə xristiana döndərmiş, hətta Abqarı sövq etmişdi ki, xristianlığı dövlət dininə çevirsin. Bu, ilk xristian dövlətinin yaradılmasında Bardesanesin müəyyən rolu və xidməti olduğunu göstərir” . Bu tarixi faktlar hamının əli çatan səviyyədə mövcuddursa, onda nə üçün erməni kilsəsi və riyakar alimlər ənənəvi saxtakarlıqlarından əl çəkmirlər? Əslində, bəzi erməni alimləri bu yalandan üz döndərmək istəyirlər. Ancaq kilsə onların, bir addım da olsa, geri çəkilməsinə imkan vermir.

Akademikin qənaətində oxuyuruq: “Beləliklə, Ermənistan heç bir vəchlə tarixdə ilk xristian dövləti ola bilməzdi. Moisey Xorenski əsərində özü etiraf edir ki, bildiyimiz kimi, VIII Abqarın xristianlığı qəbul etməsində əsas rol oynamış Bardesanes ”bu vəhşi bütpərəst xalqın içindən şagirdlər tapmaq ümidi ilə" Ermənistanda da olmuş, “lakin onu orada qəbul etmədiklərindən Ani qalasına yollanmış, burada məbədlərin tarixini oxumuşdur...” . Yəni erməni “tarixçilər” açıq-aşkar saxtakarlıq edərək Edessanın xristianlığı birinci qəbul etməsinin əhəmiyyətini kiçiltməyə çalışırlar. Bu halda “tarixçi” qiyafəsinə bürünən erməni təbliğatçıları nəzərə almırlar ki, onların arqumentləri bilavasitə özlərini vurur. Axı, dəqiq məlumdur ki, Osroyena xristianlığı qəbul edən zaman Ermənistan növbə ilə gah Romanın, gah da Parfiyanın vassal ərazisi idi, hakimiyyətdə olan Parfiya Arşakilər sülaləsinin isə hay etnosuna qətiyyən aidiyyəti yox idi. Elə indi də həmin ənənəni “yaşadırlar”.

 Akademikin ümumiləşdirməsi belədir: “ Erməni təbliğatçılar məsələdən bixəbər olan insanları ona görə müəyyən qədər aldada bilirdilər ki, bu gün aramidilli edessalılar qalmayıb. Bu xalq assimilyasiyaya uğrayaraq tarixin səhnəsini tərk edib. Odur ki, ermənilər saxtalaşdırma yolunda elə bir müqavimətlə üzləşmirlər. Amma eybi yoxdur, edessalıların əvəzinə vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər”. Bax belə. Akademik Ramiz Mehdiyevin erməni saxtakarlıqlarını ifşa edən növbəti əsəri də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılandı və qısa müddətdə öz auditoriyasını tapdı. Bu əsərin sevilməsinin və dərhal kütləviləşməsinin əsas səbəbi isə təkzibolunmaz tarixi faktlar əsasında qələmə alınması və elmi ümumiləşdirmələrlə zəngin olmasıdır.

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

analitik təhlil üzrə müşavir

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında