Elmi əsaslara söykənən inkişaf strategiyasının uğurlu davamı

Azərbaycanın dinamik inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2013-cü ilin 9 oktyabr prezident seçkilərindən 1 il ötür. Müasir Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilmiş bu seçkilər tamamilə azad, demokratik və şəffaf şəraitdə keçməklə müdrik xalqımızın siyasi iradəsini əks etdirmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli islahatlar kursunun davam etdirilməsində keyfiyyətcə yeni mərhələ açmış, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni nəfəs vermişdir. Dünəninə, bugününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi, siyasi fəallığı ilə müşayiət olunan son prezident seçkiləri, eyni zamanda, ölkədə 2003-cü ildən həyata keçirilən siyasətin alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmış, yeni ictimai münasibətlər sisteminin əsasını qoymuşdur.

Xalqın bu müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir. Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxaran siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxmış, xalq birmənalı olaraq növbəti beşillikdə də öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Bu dəyişməz seçim, eyni zamanda, Azərbaycan cəmiyyətinin öz layiqli liderinin fenomenal liderlik keyfiyyətlərinə, parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları alternativi olmayan bu siyasətin son 10 ildə həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən qüdrətli Azərbaycana səs vermişlər.

Son seçkilərdə uzun illərin sınağından çıxmış rasional siyasətin - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar mütərəqqi islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir. Həm də ona görə ki, ötən 2003-2013-cü illərdə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir.

Mövcud siyasi kursun varisliyinin qorunub saxlanılması zərurəti həm də dünyanın bir çox aparıcı dövlətlərinin və beynəlxalq təşkilalarının strateji maraq dairəsində olmuşdur. Cənab İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, eləcə də praqmatik, müasir lider imicinə malik olması, çağdaş dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə, Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına  zəmin yaratmışdır.

Cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.

Qısa müddətdə Azərbaycanın müdafiə potensialı 15 dəfədən çox artmış, respublikamızın yalnız hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsini ötmüşdür. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından “Avropa ailəsi”nin nüfuzlu üzvü kimi tanınan Azərbaycan ötən müddətdə bu geosiyasi məkanın enerji təhlükəsizliyində də mühüm dövlətə çevrilmişdir.

İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son beş ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

Ulu öndərin elmi-intellektual potensialın gücləndirilməsi sahəsindəki siyasətini ötən 11 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirmişdir. “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” – deyən cənab İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Elmdə islahatlar prosesinin son illər daha geniş vüsət alması isə təsadüfi olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.

Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün ilk növbədə onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” və digər sərəncamlar elm sahəsində yeni dövrün tələbi ilə səsləşən islahatların aparılmasını təmin etmişdir.

Şübhəsiz, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısında ciddi vəzifələr qoyur.

Sosial-iqtisadi inkişafın hazırkı mərhələsində insanların maddi imkanlarının yüksəlməsi bəzən ifrat maddiləşməyə, praqmatizmə, hətta bazar “əxlaqı”nın, biznes maraqlarının insani münasibətlərə sirayət etməsinə gətirib çıxarır. Problemi aktuallaşdıran həm də odur ki, qarşısıalınmaz qloballaşma prosesləri tarixən özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuş hər bir xalqı yad təsirlərə məruz qoyur. Milli ideal və dəyərlər maddiləşmiş sosial münasibətlər fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə xalqın milli “Mən”inin, mənəviyyatının, mədəniyyətinin, adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin, ziyalıların, ümumən, cəmiyyətin intellektual təbəqəsinin qarşısında yeni vəzifələr qoyur. Müstəqil dövlətin dilinin, tarixinin, mədəniyyətinin, habelə xalqımızın əsrlərlə formalaşmış milli-mənəvi dəyərlər sisteminin elmi-konseptual əsasda tədqiqi və ümumiləşdirilməsi milli ideologiyanın əsas tələbləri sırasında yer alır.

Milli ideologiyası olmayan hansısa xalqın uğurlu gələcəyindən, dünya arenasında layiqli yer tutmasından, bir sözlə, mütərəqqi inkişafından söhbət gedə bilməz. Milli ideologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Lakin bu gün qloballaşan dünyanın qaçılmaz reallıqları fonunda mənəvi dəyərlərin fövqünə qalxan ifrat maddiləşmiş münasibətlər xalqları kor-koranə ideologiyasız cəmiyyətə sürükləyir. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış “qərbləşmə”, “avropalaşma” kimi kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışır. Azərbaycan xalqının bu qaçılmaz prosesə tarixən formalaşmış mənəvi-əxlaqi dəyərlər sistemi və ideologiyası ilə layiqli müqavimət potensialının gücləndirilməsi vacibdir. Bu sahədə əsas iş yenə də ictimai və humanitar sahədə çalışan alimlərin, elm xadimlərinin üzərinə düşür.

Azərbaycanın innovasiyalı inkişafına keçidin zəruriliyi insan kapitalının gerçəkləşdirilməsinə, insanların potensial imkanlarının səmərəli realizəsinə əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurlu nəticələr əldə edir. 2010-2014-cü illərdə Azərbaycanda İKT üzrə 20-30 faiz artım da bu sahənin uğurlu inkişaf perspektivlərinin olduğunu göstərir. Fəqət, respublikamız əldə olunan nəticələrlə kifayətlənmir, nanotexnologiyaların, kosmik sənayenin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirir. Şübhəsiz, nisbətən yeni olan bu sahələrin inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi fundamental və tətbiqi elmlərin qarşısında mühüm vəzifələr kimi dayanır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi də hazırda milli elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi – aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığının və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Proqram məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur.

2010-cu il 9 fevral tarixli Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncam da məhz bu məqsədə xidmət edir. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.

Qərbin bir sıra inkişaf etmiş ölkələrində elm bütün sahələr üzrə proqnozlar verir, səmərəli istehsal üsul və vasitələrini müəyyənləşdirir, mühüm siyasi qərarların qəbulu prosesinə təsir göstərir. Yəni elmi tədqiqatlar futuroloji – gələcək barədə real proqnozlar vermək funksiyası ilə də mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanda da müxtəlif elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri elmlə idarəçiliyinin əlaqələndirilməsidir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə, respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq, 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da respublikanın inkişafının elmi təmələ əsaslandığını bir daha təsdiqləyir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Prezident İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında