Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan Azərbaycana torpaq iddiası ilə açıq-aşkar təcavüzə başladı, ərazilərimiz düşmənin silahlı qüvvələri tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə hakimiyyət uğrunda qızğın mübarizə gedirdi. Bundan istifadə etmək istəyən xarici kəşfiyyat orqanları Azərbaycanı özlərinə sərf edən qüvvələrin idarəçiliyinə verməyə çalışırdılar. Bunun üçün onların tövsiyəsi ilə ölkə daxilində bir-birindən ağır terror aktları, səsli-küylü qətllər törədilirdi. Bütün təxribatlara baxmayaraq, Azərbaycan xalqı sarsılmadı, 1993-cü ilin ortalarında öz iradəsini göstərərək müdrik insan, praqmatik siyasətçi, zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyevi hakimiyyətə gətirdi. “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən ulu öndər hakimiyyətə qayıdışının elə ilk günündə bəyan etdi ki, müstəqil Azərbaycanın yaşaması, irəli getməsi üçün var qüvvəsini və bacarığını əsirgəməyəcəkdir.
Dahi siyasətçi onu da qətiyyətlə bildirdi ki, ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün geniş imkanlar var. Ancaq həmin imkanları hərəkətə gətirmək bir o qədər də asan məsələ deyildi. Heydər Əliyev ilk növbədə ölkədə genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. Hakimiyyətə qayıtmazdan əvvəl o, iyunun 13-də Gəncəyə gedərək hərbi müxalifətlə danışıqlar apardı, mövcud böhrandan çıxış yollarını müəyyənləşdirdi. Lakin bu vaxt siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, hərki-hərkilik, pərakəndəlik həddinə gətirib çıxarmış AXC-Müsavat iqtidarı məcburiyyət qarşısında qalaraq, hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə kömək etmək əvəzinə, müxalifətə keçdi. Siyasi meydanda tək qalan ulu öndər səbrlə, təmkinlə bütün çətinlikləri ardıcıllıqla aradan qaldırdı.
Ümummilli liderimiz vətəndaş müharibəsini dayandırmaq və qismən də olsa, daxili sabitlik yaratmaq məqsədilə heç bir siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətlərin xüsusi xidmət orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş Surət Hüseynovu öz nəzarəti altında saxlamaq üçün baş nazir vəzifəsinə təyin etdi.
Heydər Əliyev iqtidarında yüksək vəzifə tutsa da, öz məkrli niyyətlərinə nail ola bilməyəcəyini dərk edən S.Hüseynov keçmiş müdafiə naziri Rəhim Qazıyev və Lənkəranda silah gücünə hakimiyyəti ələ keçirmiş Əlikram Hümbətovla əlbir olaraq ulu öndəri hakimiyyətdən əl çəkməyə məcbur etmək planını reallaşdırmağa çalışırdı. Əlikram Hümbətovun cənub bölgəsində separatçılıq hərəkətlərinə xalq tərəfindən bir günün içərisində son qoyulduğunu görən S.Hüseynov pozuculuq fəaliyyətini müxtəlif vasitələrlə pərdələsə də, təcrübəli dövlət xadimi kimi Heydər Əliyev onun cinayətkar niyyətini və xəyanətkar planını duyurdu.
Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin ətrafında daha da sıx birləşdi. Ümummilli liderimizin ölkənin müstəqilliyinin dönməz və ardıcıl olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın inkişaf yoluna qədəm qoyması düşmənləri ciddi təşvişə salmışdı. Onlar paytaxtda və respublikanın digər iri yaşayış məntəqələrində siyasi sabitliyi pozmaqdan ötrü hər cür rəzil üsullara əl atırdılar. Bakı metropolitenində yanğın və partlayışlar törədilir, Prezident Heydər Əliyevə qarşı sui-qəsd planları hazırlanır, dövlət çevrilişinə cəhdlər ara vermirdi.
1993-cü il sentyabr ayının ortalarında S.Hüseynov, R.Qazıyev və Ə.Hümbətov öz nəzarətlərində olan silahlı qüvvələri birləşdirib Bakıya hücum etmək, Heydər Əliyevi zor gücünə hakimiyyətdən salmaq qərarına gəlmişdilər. Respublikanın qərb rayonlarında qeyri-rəsmi hərbi dəstələr yaradılmışdı. S.Hüseynov Gəncə və Yevlaxdakı əlaltılarının iştirakı ilə müşavirə keçirərək, çevrilişə hazırlıq planlarını müzakirə etmişdi. Baş nazir və onun tərəfdarları ölkədə narazılıq, iqtidara inamsızlıq əhval-ruhiyyəsi yaratmaq üçün müxtəlif iqtisadi təxribatlar həyata keçirir, ərzaq təchizatında süni gərginlik yaradır, inflyasiyanı dərinləşdirən tədbirlər görürdülər.
Bütün bu təxribatlara, maneələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev öz daxili və xarici siyasətini inamla, səbrlə davam etdirirdi. Bu mənada 1994-cü il çağdaş Azərbaycanın tarixində xüsusi rol oynadı. Ermənilər tərəfindən məcburi müharibəyə cəlb olunmağımız altı il idi ki, ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Xəyanət, səriştəsizlik üzündən cəbhədə uğursuzluqlar bir-birini əvəz edirdi. Belə ağır şəraitdə ölkəni tam məğlubiyyətdən xilas etmək, insanları ümidləndirmək üçün atəşkəs rejiminin əldə olunması xarici siyasətimizdə ən uğurlu addım kimi qiymətləndirilməlidir. Mayın 12-də cəbhə xəttində atəşkəs rejiminin qüvvəyə minməsi xalqımızın uzun illərdən bəri ilk dəfə rahat nəfəs almasına səbəb oldu. Atəşkəs rejimindən yararlanmaq üçün ulu öndər ordu quruculuğunu və iqtisadiyyatı dirçəltməyi ön plana çəkdi. Xəzər dənizinin enerji ehtiyatlarının xarici şirkətlərlə birgə istismarına dair 30 illik bir dövrü əhatə edən və tarixə “Əsrin müqaviləsi” adı ilə düşən neft-qaz kontraktı dünyanın aparıcı dövlətlərini Azərbaycanla sıx iqtisadi əlaqələr yaratmağa sövq etdi.
Hadisələrin belə cərəyan etməsi, əlbəttə ki, ölkəmizə düşmən kəsilmiş qüvvələrin heç də ürəyincə deyildi. Cəmiyyətdə vahimə yaratmaq üçün onlar yenidən hərəkətə keçdilər. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar qaçırıldı. Bundan sonra Prezident Heydər Əliyevin ölkədən kənarda olmasından istifadə edən qara qüvvələr ona təsir etmək məqsədilə sentyabrın 29-da daha bir ağır cinayət hadisəsi törətdilər. Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov namərdcəsinə qətlə yetirildilər.
İsti izlərlə istintaq tədbirləri həyata keçirən respublika prokurorunun qərarı ilə o vaxtlar siyasiləşərək nəzarətdən çıxan Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Polis Dəstəsinin bir neçə üzvü həbs olundu. Bu, öz vəzifə səlahiyyətlərini aşan azğınlaşmış daxili işlər nazirinin müavini Rövşən Cavadov və Xətai rayon prokuroru Mahir Cavadov qardaşlarının xoşuna gəlmədi. Pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş XTPD-nin 30-dək döyüşçüsü Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata başçılıq edən Mahir Cavadov həmkarlarına qarşı dözümsüzlük göstərərək vəzifə borcunu icra edən respublikanın baş prokurorunu vəhşicəsinə döydü, prokurorluğun binasını zəbt edərək, dağıntılar törətdi.
Rövşən Cavadov da ondan geri qalmadı. 40 nəfərlik dəstə ilə Daxili İşlər Nazirliyinə hücum etdi. Ancaq layiqli cavab alaraq geri çəkildi. Respublika Prokurorluğuna, qardaşına köməyə gedərək binanı mühasirəyə aldı. Xarici səfərdən yenicə qayıtmış Heydər Əliyev vəziyyətin ciddiliyini nəzərə alaraq, oktyabrın 3-də respublikanın milli televiziyası və radiosu ilə birbaşa xalqa müraciət etdi. Bildirdi ki, sentyabrın 25-dən 30-dək Amerika Birləşmiş Ştatlarında - Nyu-Yorkda işgüzar səfərdə olmuşdur. Bu müddətdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasının işində iştirak etmiş, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkəmizin beynəlxalq aləmdə tutduğu mövqeyi barədə sessiya iştirakçılarına məlumat vermişdir. Ulu öndərimiz onu da qeyd etdi ki, bu, üç ildən bəri müstəqil dövlət kimi yaşayan Azərbaycan Respublikasının rəhbərinin BMT Baş Məclisində ilk çıxışı idi.
BMT Baş Məclisinin sessiyasındakı çıxışının tezislərini geniş açıqlayan Heydər Əliyev ölkə daxilində son günlər baş verən təxribat xarakterli hadisələrə də münasibətini bildirdi. Rövşən və Mahir Cavadov qardaşlarına tövsiyə etdi ki, cinayətkar hərəkətlərə yol verməsinlər, müstəqil dövlətin qanunlarına hörmətlə yanaşsınlar, hakimiyyətlə silah gücünə danışmasınlar.
Prezident Heydər Əliyevin apardığı danışıqlar nəticəsində Cavadov qardaşları öz tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Oktyabrın 4-də isə Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam şəhər icra hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayandılar.
Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün yenidən radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Ümummilli liderimizin çıxışı gecə yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Qısa müddətdə yüz minlərlə insan Prezident Sarayı qarşısına toplaşdı. Bakı sakinləri ilə yanaşı, dövlətçiliyin müdafiəsinə rayonlardan da gələnlər az deyildi. Bunu görən dövlət çevrilişi cəhdinin təşkilatçıları Prezident Sarayına hücuma cəsarət etmədilər.
Ulu öndərimizin həyata keçirdiyi operativ tədbirlər xəyanətkarlara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədəki hakimiyyət çevrilişi cəhdi də baş tutmadı. Vəziyyətin onların əleyhinə dəyişdiyini görən Cavadov qardaşları, guya Prezidenti müdafiə etdiklərini bildirməklə canlarını məsuliyyətdən qurtardılar.
Oktyabrın 5-də Azadlıq meydanında təşkil olunmuş izdihamlı mitinq xalqla Prezidentin həmrəyliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Dövlət çevrilişi cəhdində günahkar sayılan Surət Hüseynov vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra ölkədən Rusiyaya qaçan “yun polkovniki” cəzadan yaxasını qurtara bilmədi, orada tutularaq respublikaya gətirildi və ədalət məhkəməsi qarşısında cavab verdi. Beləliklə, ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxardı.
Həmin hadisələrdən 20 il keçir. Əgər o vaxt dövlət çevrilişinə cəhd baş tutsaydı, bu gün Azərbaycanın nə vəziyyətdə olmasını təsəvvür etmək bir o qədər də çətin deyil. Buna görə də Azərbaycan xalqı daim ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalı, onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.
Telman ƏLİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.