Dövlətçiliyin və qanunçuluğun keşiyində 1 Oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi  prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Hüquqi dövlət quruculuğu yolunu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək və müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz  və şərəf işimizdir.

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır. Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirirdi. Onun söylədiyi: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı həmişə və hər yerdə ruh yüksəkliyi mənbəyimiz olmuşdur.

Tarix dəfələrlə sübut etmişdir ki, müxtəlif zaman və məkanlarda yaranan əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə özünün yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Cərəyan edən ictimai-siyasi proseslərin axarında xalqın əsrlərdən keçib gələn intellektual potensialının üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaranır. Bununla belə, fitri istedadı və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edərək zamanın fövqündə dayanmaq, milyonların qəlbində ölməzlik məşəli yandıraraq onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi isə çox az liderlərə nəsib olur.

Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyurlar. Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Həmin dahi şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, böyük intibah xalqlarının gələcəyinə işıq tutmuş, bəlkə də yüz illər sonrakı tarixini, dünyanın siyasi arenasındakı yerini müəyyənləşdirmişdir. Məhz qeyd olunan xidmətlərinə görə belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutmuşlar.

Böyük yunan filosofu Platon isə demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Müdriklik və ədalət mücəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Fransız mütəfəkkiri Ş.Mönteskyenin fikridir: “Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır”. Ulu öndər Heydər Əliyevin də şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində ümumxalq mənafeyi ilə bağlı məsələlərdə heç bir riskdən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyidir. Onun dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir.

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Həmin illərdə Azərbaycan hakimiyyətində xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququna, ən nəhayət, ictimai asayişin qorunmasına  əsaslı problemlər yaratmışdı. Hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının  qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Məhz ulu öndərimizin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Bu mənada ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır. Həmin illərdə respublikamızda separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında ölkə rəhbəri tərəfindən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuşdu. Prokurorluq orqanlarının əməkdaşları dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsində tam məsuliyyəti ilə çalışaraq onlara göstərilən etimadı doğrultmuşlar.

Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş demokratik və hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla bir sıra mühüm qanunlar və məcəllələr qəbul edilmişdir. 2002-ci il sentyabr ayının  19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni mərhələyə yüksəlmişdir.

Ölkəmizdə fəaliyyət göstərən prokurorluq sisteminin əsası 96 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli mərasimdə ulu öndər prokurorluq işçilərinin əməyinə yüksək qiymət verərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. Ümummilli liderin bu fikirləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkarlıqla, məsuliyyətlə yanaşmağa səfərbər edir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. 

Ölkəmizdə reallaşdırılan dövlətçilik siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğunun yeni məzmunda təşəkkül tapması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə qiymət verən Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibəti ilə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrikində dediyi sözlər: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir” bizim üçün ən böyük qiymətdir və ulu öndərimizin tövsiyələrinin reallaşdırılmasının bariz göstəricisidir. Biz, prokurorluq orqanlarına diqqət, qayğını və dəstəyi  bu gün də görür və hiss edirik. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.

Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiq olan hərbi prokurorluq orqanları üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipal mövqe tutur, ordunun qüdrəti və döyüş qabiliyyətinin artırılmasına çalışır.

Respublikamız müstəqillik əldə etdikdən sonra “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusıya Aktının 4-cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Konstitusiya Aktının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlamışdır. Həmin qanunların tətbiqi müstəqillik əldə etdikdən sonra yaradılmış Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyətində bir çox çətinliklər yaratmışdır. “Prokurorluq haqqında” və “Prokurorluqda qulluq keçmə haqqında” qanunlar qəbul edildikdən sonra Hərbi Prokurorluğun Azərbaycan Respublikası prokurorluq sistemində yeri və səlahiyyətləri müəyyən edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və dəyişikliklər işimizi indiki şəraitdə müasir tələblərə uyğun qurmağa şərait yaratmışdır.

Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmiləşdirilməsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində çevikliyin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamalar aparılması və müvafiq qərarların qəbul edilməsi kimi səlahiyyətlər verilmişdir.

Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası baş prokurorunun 20 dekabr 2005-ci il tarixli 22 saylı əmri ilə Respublika Hərbi Prokurorluğunun strukturunda dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi, eləcə də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin tərkibində kriminalistika şöbəsi yaradılmışdır. Bu da cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə müsbət təsirini göstərmişdir.

Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısı prokurorluq orqanlarının inkişafını həm də peşəkar prokurorluq əməkdaşlarının hazırlanmasından asılı olduğunu demişdir: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər Dövlət Proqramı”nın təsdiq edilməsindən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində onun strukturu daha da təkmilləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq 2009-cu ilin mart ayında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda struktur dəyişiklikləri olmuş, kadrlar şöbəsi və Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri ştatı təsis edilmiş, maddi-texniki təminat xidməti ləğv edilərək, onun əsasında maddi-texniki təminat şöbəsi təşkil edilmiş, Zaqatala hərbi prokurorluğu xə xüsusi istintaq şöbəsi yaradılmışdır.

Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri görmüş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır. Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalmış, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə qeydə alınmamışdır.

Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur.

Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, eləcə də qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır. Qeydə alınmış cinayətlərin 99,9 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur.

Müasir dövr korrupsiyaya qarşı effektiv mübarizə, yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini, səmərəli maarifləndirmə tədbirlərini və informasiya texnologiyalarından istifadənin genişləndirilməsini zəruri edir.

Ölkə Prezidenti korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində dönməz qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirmiş, nəticədə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında mühüm əngəllərdən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha geniş vüsət almışdır. Dövlət başçısının siyasi iradəsinin ifadəsi olaraq qəbul edilmiş, dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti  5 sentyabr 2012-ci ildə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirərək “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair sərəncam imzalamışdır.

Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli  surətdə davam etdirməkdən ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2014-cü il iyulun 10-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Respublika Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, cinayətkarlığa qarşı mübarizə işinin səmərəliliyini artırmaq məqsədilə kriminalistika şöbəsinə müasir standartlara cavab verən xarici ölkə istehsalı olan bir çox avadanlıqlar alınmışdır ki, bu da baş vermiş qəsdən adam öldürmə və digər ağır və xüsusilə ağır cinayətlərin istintaqı zamanı tətbiqi təmin olunmuşdur. Ərazi hərbi prokurorluqlarının hər biri baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı baxışını təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunmuş, Respublika Hərbi Prokurorluğunun inzibati binasında kriminalistik laboratoriya və təlim-məşq otağı yaradılmışdır.

Erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunmuşdur. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk oluması, bütovlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyi yaradılmış və 24 fevral 2014-cü il tarıxdə açılışı olmuşdur. Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı tarixi hadisəni reallığı ilə özündə əks etdirən mərkəzdir.

Hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə son bir ildə vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompyuter şəbəkəsi yaradılmışdır. Bu şəbəkə Hərbi Prokurorluğa vətəndaşların ünvanladığı müraciətlərin baxılması, gedişi və nəticələri barədə zəruri məlumatları əldə etməyə şərait yaradır, eləcə də ərizə və şikayətlərə baxılmasına gündəlik nəzarətin həyata keçirilməsi üçün böyük imkanlar verir. Vətəndaşların müraciətlərinə fərdi qaydada və hər birinə qayğı ilə yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir. Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq şənbə və bazar günləri hərbi hissələrdə olur, hərbi qulluqçuları və onların ailə üzvlərinin müraciətlərinin baxılmasına daim diqqət göstərirlər. Bununla yanaşı, hərbi hissələrdə Respublika Hərbi Prokurorluğu tərəfindən 270-dən artıq “Etimad qutusu” qoyulmuşdur ki, bu da öz növbəsində hərbi qulluqçuların hər hansı bir qanunsuzluqlara məruz qaldıqları halda müvafiq orqanlara vaxtında müraciət etmək hüquqlarından istifadə edə bilmələrini təmin edir.

 Azərbaycan Respublikası beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirdiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Hərbi Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi bir çox dövlətlərin hərbi prokurorluq orqanları ilə əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müəyyən işlər görülmüşdür. 2000-2014-cü illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində bu ölkənin hərbi ədliyyə korpusunun 300 illiyinə həsr olunmuş “Hərbi ədliyyənin ənənələri və gələcəyi” mövzusunda 8-ci beynəlxalq konfransda, Fransanın Lion şəhərində beynəlxalq polis təşkilatı - İnterpolun təşəbbüsü ilə keçirilmiş “müharibə soyqırımı və insanlıq əleyhinə olan cinayətlər” üzrə ekspertlərin 1-ci konfransında, Türkiyənin Ankara şəhərində keçirilmiş Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) yaradılmasının 90 və 100-cü ildönümünə həsr olunmuş simpozium və digər beynəlxalq tədbirlərdə iştirak etmişlər.

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminat məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Pezidentimiz cənab İlham Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır. Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Sumqayıt, Gəncə, Lənkəran, Qarabağ, Tərtər və Füzuli hərbi prokurorluqlarının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Qazax və Zaqatala hərbi prokurorluqları üçün isə yeni inzibati bina tikilib istifadəyə verilmiş və işçilər üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Gəncə və Lənkəran hərbi prokurorluqlarının isə yeni inzibati binalarının inşasına başlanılmışdır.

Oktyabrın 1-i prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 96 illiyi tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla qeyd edirəm. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək. Hərbi prokurorluq işçiləri dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru,

ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında