Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq. Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş sahilyanı dövlətlərdə ortaya çıxan problemlərdən biri Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi problemi idi. Bu məsələ həmin illərdə tezliklə Xəzər dənizini əhatə edən beş ölkənin – Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan respublikalarının əsas müzakirə obyektlərindən birinə çevrildi.
Əlbəttə, sovet imperiyasının süqutu nəticəsində Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri edirdi. Əvvəllər Xəzərin hüquqi statusu uzun illər çar Rusiyası (sonradan SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi.
Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət ayıran sənəd 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya – İran müqaviləsi olmuşdur. Bu müqavilənin 3-cü maddəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır”. (Qeyd etmək lazımdır ki, bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara–Həsənqulu su sərhədidir). 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İranla SSRİ arasında imzalanmış “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-cı ildə imzalanmış “Ticarət və dənizçilik haqqında” müqavilələrdə də Xəzərin Sovet–İran dənizi olması bir daha vurğulanmışdır.
1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, habelə, SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.
Xəzərin hüquqi statusu SSRİ-nin süqutuna qədər bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzəryanı dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.
1992-ci ildən başlayaraq isə Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə dünyanın ən böyük gölünün hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da hüquqi statusun həllində fərqli mövqelərin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin əsası qoyulmuşdur. Sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər. Bu yanaşma bəzi hallarda ölkələr arasında müəyyən narazılıqlar da yaradır və ona görə də problemin birdəfəlik həlli yubanır.
Xəzərin sərhəd gölü olduğunu nəzərə alaraq, Azərbaycan dövlətinin təklif etdiyi kimi, onun milli sektorlara bölünməsinin zəruriliyini belə əsaslandırmaq olar: - Xəzər beynəlxalq sərhəd gölüdür. - Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir. - Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ dövründəki (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmışdır. - Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.
Bu həlli vacib məsələ ilə bağlı sentyabrın 29-da Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti baş tutdu. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etdilər. Sammitdə “Xəzər beşliyi” iştirakçıları tərəfindən Xəzər dənizinin hüquqi statusunun və regionda təhlükəsizlik məsələsinin hərbi tərəfləri müzakirə olundu. Tədbir çərçivəsində “Xəzər beşliyi” dövlət başçılarının iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalandı. Bu dövlətlərin müvafiq nazirlikləri tərəfindən dənizin hidrometeorologiyası sahəsində əməkdaşlıq, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında sazişlər imzalandı. Sammitdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatı imzalandı. Sammitdə iştirak edən dövlət başçımız İlham Əliyev həm Xəzərin hüquqi statusu, həm də Xəzərətrafı ölkələrin ümumi təhlükəsizliyi, bu sərvətin qorunub saxlanılması barədə çıxış etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bütün Xəzəryanı ölkələrlə sıx, qarşılıqlı faydalı, dost, tərəfdaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı tarix birləşdirir və böyük dəyər ondadır ki, qarşılıqlı fəaliyyət ənənələrini, dəstəyi və mehriban qonşuluğu qoruduq və hazırda bunları genişləndiririk.
Prezidentin sözlərinə görə, 2010-cu ildə Bakıda keçirilmiş sammitdən sonrakı illərdə faydalı şəkildə iş görülüb: “Həştərxan sammitində əldə edilən razılaşmalar çox ciddi, səmimi işin nəticəsidir. Çünki ümumi siyasi iradəmizi ortaya qoymasaydıq, nail olduğumuza çatmağımız çətin olacaqdı. Bu gün qəbul edilən qərarları bir neçə istiqamətdə irəliyə atılan vacib addım kimi qiymətləndirmək olar. Bu qərarlar, həmçinin Xəzərdə qarşılıqlı fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə dair bizə böyük əminlik verir”.
Azərbaycan Prezidenti qeyd etdi ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin müxtəlif mərhələlərində bu fəaliyyətin başlıca məsələlərin nizamlanması üzrə konsensusa çatmağın nə qədər real olmasına dair müxtəlif qiymətləndirmələr mövcud olub: “Həştərxan sammitinin yekunu üzrə müzakirələr, həllər və imzalanmış sənədlər Xəzəryanı ölkələrin siyasi iradənin olduğu təqdirdə bütün qarşılıqlı fəaliyyət məsələlərini həll edə biləcəyini açıq-aydın göstərir”.
Dövlət başçımız bildirdi ki, Xəzər bizim ümumi sərvətimizdir, biz onu qoruyuruq. Daha da yaxşı qorumalıyıq. Bunu konkret addımlarımızla, o cümlədən infrastruktur layihələr və investisiyalarla etməliyik, ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Ölkələrimizin üstünlüyü təkcə öz aramızda dostluq etməyimizdə və bir-birimizə səmimi yanaşmağımızda deyil. Bizim üstünlüyümüz həm də ondadır ki, biz iqtisadi baxımdan özümüzü təmin edən ölkələrik. Ölkələrimizdə ciddi maliyyə problemləri yoxdur, biz infrastruktura iri həcmdə investisiyalar yatıra bilərik və bunu edirik.
Prezident İlham Əliyev Xəzərin hüquqi statusu ilə bağlı dedi: “Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq. Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk”.
Azərbaycan Prezidenti vurğuladı ki, ötən dövr ərzində Xəzərdə əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb: “Tərəflər Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin ləğv olunması sahəsində əməkdaşlıq haqqında sazişin razılaşdırılmasını başa çatdırıblar və imzalanmasını təklif ediblər. Bu sahədə Xəzəryanı ölkələrin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək. Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, Qazaxıstan və Rusiya arasında ikitərəfli əlaqələri, eləcə də Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişi xüsusilə qeyd etmək istəyirəm”.
Prezidentin sözlərinə görə, bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli nizamlanması üçün vacib rol oynayır: “Azərbaycan hesab edir ki, bu sazişlərdə yer almış prinsiplər bütün Xəzəryanı dövlətlər arasında dəniz dibinin bölünməsi üzrə razılaşmaların əldə olunması üçün yaxşı əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli əməkdaşlıq regionumuzda sabitlik, əmin-amanlıq və təhlükəsizliyin rəhnidir”.
Tədbirdə iştirak edən Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində bildirdi ki, dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahələrdə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik — 2 faiz, hər halda, bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq.
Eyni zamanda, o, əmin olduğunu söylədi ki, biz 2016-cı ildə Xəzərin statusu məsələsini birdəfəlik həll edə bilərik.
Prezident İlham Əliyev çıxışında enerji resurslarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli üzrə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, Xəzər dənizi regionunda etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması və yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsindən danışdı: “Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir çox beynəlxalq və regional layihələrin birləşdirici halqasıdır. Azərbaycan neft-qaz sahəsində Xəzəryanı qonşuları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzərin Azərbaycan sektorunda neft-qaz resurslarının işlənməsində sərmayədarlar qismində uğurla iştirak edirlər. Azərbaycan, həmçinin Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisi vasitəsilə neft və neft məhsullarının tranzitini həyata keçirir. Bundan başqa, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektrik enerjisi və nəqliyyat sahəsində yaxşı perspektivlər mövcuddur”.
İlham Əliyev dedi ki, cari il sentyabr ayının 22-də Azərbaycanda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib: “Birinci mərhələdə bu limanın yükaşırma gücü ildə 10 milyon ton və 50 min konteyner təşkil edəcək. Həyata keçirilməsi iki ildən sonra planlaşdırılan üçüncü mərhələnin yekununda isə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq”.
Göründüyü kimi, dünyanın ən böyük gölü olan, lakin hidrocoğrafi xüsusiyyətərinə görə dəniz adlanan Xəzərin hüquqi statusu ilə yanaşı, iqtisadi maraqlar, qarşılıqlı əməkdaşlıq adıçəkilən ölkələrin münasibətlərində əsas predmetdir. Burada hüquqi statusun müəyyənləşdirilməsi nə qədər çətin proses olsa da, qarşılıqlı əməkdaşlıq və birgə iqtisadi maraqlar da bir o qədər əlverişli və əhəmiyyətlidir.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.