Ermənistan səfalət məngənəsində çabalayır

Son günlər Ermənistanın minlərlə vətəndaşının paytaxt İrəvan küçələrinə axışaraq Serj Sarkisyanın istefasını tələb etməsi artıq günün əsas mövzusuna çevrilmişdir. Əslində, bu, birinci dəfə deyil. Dəfələrlə ermənilər bu iqtidardan təngə gəldiklərini öz yürüş və mitinqlərilə göstərsələr də, despot xasiyyətindən əl çəkməyən S.Sarkisyan rejimi xalqın bu haqlı tələbini hər dəfə boğmaq üçün əlindən gələni etmişdir. İnsanlar İrəvanın mərkəzi küçələrində, prezident sarayının yanında və dövlət başçısının iqamətgahının önündə kütləvi aksiyalar keçirərək yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından və digər sosial problemlərdən şikayətçi olduqlarını bildiriblər. Bu dəfə şəhərin Azadlıq meydanında keçirilən etiraz aksiyasında Serj Sarkisyanın istefası da tələb olunub. Onlar “istefa!” və “Azad və müstəqil Ermənistan uğrunda!” şüarları səsləndiriblər.

1994-cü ildən – atəşkəsin elan olunmasından keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü stateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvünə – regional liderə, iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvünə, beynəlxalq konfransların, forumların, musiqi və idman yarışlarının mərkəzinə çevrilmişdir. Milli Ordumuz güclənmiş, istər canlı kontingent, istərsə də hərbi arsenal sarıdan müdafiə sistemimiz dünya standartlarına cavab verən səviyyəyə qalxmışdır. Ölkədə daxili sabitlik bərqərar olunmuş, beynəlxalq münasibətlərdə isə balanslaşdırılmış siyasət həyata keçirilmişdir. Maraqlıdır, bəs bu illər ərzində Ermənistan nəyə nail olmuşdur? Statistik göstəricilərə nəzər salaq: Hazırda Ermənistan əhalisi 2,5 milyon nəfərdən azdır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon olub. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Azərbaycanda demoqrafik vəziyyət günü-gündən yaxşılaşır. Ermənistanda isə bu, miqrasiya axını ilə müşahidə olunur. Ermənistanda yaşayış səviyyəsi gündən-günə aşağı düşür, əhali səfalət içindədir. Ölkənin 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcəsindən 3,8 milyard dollar vəsaiti təkcə ölkənin müdafiəsi xərclərinə ayırır. Yəni, Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan enerji mənbələri baxımından yoxsul bir ölkədir. Azərbaycana qarşı həyata keçirdiyi destruktiv siyasət nəticəsində regionun imkanlarından da lazımi dərəcədə yararlana bilmir. Bütün beynəlxalq layihələrdən kənarda qalmaqla özünü, demək olar ki, təcrid etmişdir.

Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Prezident Serj Sarkisyanın avqustun 24-də gənc jurnalistlərlə görüşü zamanı etdiyi etirafları da bunu təsdiqləyir. “Ermənistanın əksər vətəndaşları ədalətsizliyə və ya qanunun aliliyinin olmamasına görə, daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Digər tərəfdən, başqa ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən miqrasiya axınını daha da sürətləndirir. Birincisi, erməniləri maqnit kimi özünə çəkən diaspordur. İkincisi isə, başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirirlər”, – deyə Sarkisyan acı etiraflarını etmişdir.

Sosial-iqtisadi böhranın məngənəsində çabalayan Ermənistan hökuməti yalnız müharibə imitasiyası yaratmaqla ömrünü uzatmağa çalışır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyil. Bu dövlət ayaqüstə güclə dayanır. Müharibə xofu da bir yandan ölkə vətəndaşlarını təşvişdə saxlayır. Bir sözlə, Ermənistan müharibəsiz məğlubiyyətə düçar olmuşdur.

Təbii ki, bu problemlərin kökündə birbaşa indiki iqtidarın özü dayanmaqdadır. Etirazların əsas səbəbi Sarkisyan hakimiyyətinin xalqı uçuruma aparması, Ermənistanda hökm sürən kütləvi işsizlik və yoxsulluq hallarıdır. Cəbhə xəttində baş verən insidentlər də Ermənistanda etirazlara səbəb olub. Bu yaxınlarda Ermənistan paytaxtında cəbhədə gərginlik və itkilərlə əlaqədar “Müharibəyə yox!” şüarı altında aksiyanın keçirilməsi də bunu bir daha sübut edir. Etirazlara nəinki xalqın işsiz və yoxsul təbəqəsi, o cümlədən hökumət strukturlarında çalışan insanlar da qoşulublar. Onların bir hissəsi maaşlarının vaxtlı-vaxtında verilməməsindən, bir hissəsi maaşlardan tutulan vergilərdən şikayətçidir. Hətta, incəsənət adamları da bu etirazlarda iştirak edir, pozulmuş hüquqlarını tələb edirlər.

Sarkisyan rejimi Ermənistanda 10 nəfərin ölümü, yüzlərlə insanın yaralanması və həbsi ilə nəticələnən 2008-ci il prezident seçkiləri ilə hakimiyyətə gəlmişdir. Şübhəsiz, o gündən indiyədək heç nə dəyişməmiş, əksinə, Ermənistan daha ağır problemlər girdabına qərq olmuşdur. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan iqtidarının göstərdiyi qeyri-konstruktiv mövqe təbii haldır. Çünki  bu iqtidar dünyada sülhün və sabitliyin qorunması üçün nə BMT-nin qətnamələrindən, nə də ki, öz xalqına qarşı despotizmdən çəkinir. Belə olduqda həm münaqişənin həlli, həm də Ermənistanın inkişafı ləngiyir. Bu gün Ermənistanda əhalinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Onlar artıq Sarkisyan rejiminin boş vədlərindən təngə gəlmişlər. Azərbaycanda gedən yüksək inkişaf tempini izləyən ermənilər keçmişi yaxşı xatırlayır və respublikamızda yaşadıqları xoş güzəranın geri qayıtmasını arzulayırlar. Lakin Ermənistan iqtidarı öz faşist siyasətini davam etdirərək və psevdopatriotizm sərgiləyərək öz xalqından əsl həqiqətləri, niyyətlərini gizlədir. Əlbəttə, sadə vətəndaşların qanı üzərindən hakimiyyətə gələn Sarkisyan və onun komandası üçün beynəlxalq hüququn mahiyyəti bir o qədər maraqlı ola da bilməz. Çünki erməni lobbisinin ianələri və narkoticarətin hesabına bu günə qədər duruş gətirən Ermənistan iqtidarı vətəndaş cəmiyyətinin inkişafında heç bir qəti addım ata bilməyəcək.

Ermənistanda daxili qeyri-sabitlik, həm də sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda müşahidə olunan bu mitinqlər hələ uzun çəkəcək. Ölkədə insan hüquqlarının, söz və fikir azadlığının qorunması sahəsində mövcud durumun gündən-günə pisləşməsi, demokratik dəyərlərin məhv edilməsi, əslində, Ermənistan iqtidarının illərdir yararsız siyasətinin nəticəsi kimi qəbul olunur. Erməni xalqı, sözün həqiqi mənasında, buna dözmək istəmir, əvəzində isə Sarkisyandan dəyənək yeməli olur.

İşğalçı ölkədə vəziyyətin belə acınacaqlı hal alması Serj Sarkisyan iqtidarının, eyni zamanda, bir sıra xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan olan asılılığının nəticəsidir. Əli onlarca dinc azərbaycanlının qanına batmış qatil prezidentin hakimiyyətdə qalmasını təmin etmək məqsədilə xarici qüvvələrin bütün sifarişlərini can-başla yerinə yetirməsi nə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə aparır, nə də ki, daxili sabitliyi, sosial problemləri yoluna qoyur. Bunun nəticəsində ölkəni tərk edənlərin sayı sürətlə artır. Bu barədə hətta ötən il Ermənistanın “Lragir” qəzetində ölkənin miqrasiya xidmətinə istinadən məlumat da dərc edilmişdi. Həmin məlumatda göstərilir ki, son üç ildə Ermənistanı 160 min nəfər tərk etmişdir. Ötən ilin 11 ayı ərzində isə Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 71 min 374 nəfər çox olmuşdur. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

“Armenia Today” portalında isə qeyd olunmuş dur ki, Rusiyada yaşayan ermənilərin sayında daha 650 min nəfər artım müşahidə olunmuşdur. Araşdırmalar erməni əhalisinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərinin deyil, məhz miqrasiya proseslərinin sürətləndiyini göstərir.

Bəli, bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi artıq S. Sarkisyan iqtidarına əlvida deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüquqlarını nəyin bahasına olursa-olsun bərpa edəcəklərinə ümid edir.

 

Anar TURAN, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında