Müsavatın keçirmək üçün “yeddi ölkədə yer tapmadığı” səkkizinci “qurultayı” absurd məqamlarla yadda qaldı

“Qurultay keçirmək üçün yer axtarmadıqları ölkə qalmamışdı. Hara getsələr də, ağızlarına vurub qaytarırdılar ki, dünyanın bütün təşkilatları qurultay, konfrans, simpozium keçirmək üçün Azərbaycana üz tuturlar, siz nə üçün burada yer axtarırsınız? Bunlar da deyə bilmirdilər ki, biz yer axtarmırıq, daha bir il vaxt qazanmaq üçün bəhanə gəzirik.

Qərəz, gəzdilər, axtardılar, yer tapdılar və qurultayı keçirdilər. Amma qurultay başlanan kimi dərhal ermənilər və erməniliklə bağlı əhvalatlar yada düşdü. Özü də üç məqamda. Birinci məqam. Qurultay sosial şəbəkədə canlı yayımlanırdı. Əgər İsa Qəmbər və ətrafındakılar bir neçə il əvvəl Tbilisidə başına (daha doğrusu, otelinə) toplaşdıqları erməni ilə qurultaya yer almaq barədə razılaşmış olsaydılar, onda biz bu canlı mərəkədən məhrum olacaqdıq. Çünki erməniyə etibar yoxdur. Birdən canlı yayıma icazə verməzdi. İkinci məqam. İki il əvvəl biz Ermənistanın “Lragir.am” saytına istinadən yazmışdıq ki, Serj Sarkisyanın partiyasının təxminən bu qəbildən olan toplantısına dəvət almış 590 nümayəndədən 131-i ölkə prezidentinin siyasətinə etiraz etdiyinə görə qurultaya gəlməyib. Yəni, demək istəyirdik ki, Sarkisyan öz siyasi tərəfdarlarının etimadını itirir. Müsavatın qurultayında isə elan etdilər ki, qurultaya seçilmiş 587 nümayəndədən 400 nəfəri məclisdə iştirak edir. Yəni 187 nümayəndə bu “ali məclisi” ya boykot edib, ya da etimadsızlıq göstərib. İndi Müsavatdakı savadlılar hesablasınlar görək faiz etibarilə Sarkisyan çox geriləyib, yoxsa İsa Qəmbər?

Qəmbərçilərin qurultay adı ilə toplaşdıqları məclisdə ermənilərin və erməniliyin yada düşdüyü üçüncü məqam isə ... əslində, ağlamalı idi. Çünki siyasi fəaliyyətə başlayanda öz üzərinə “xalqımıza və dövlətimizə sədaqətlə xidmət etmək” kimi missiya götürmüş müsavatçılar elə qurultayın əvvəlində xalqımıza və dövlətimizə açıq-açığına dönük çıxmış, Vətənə xəyanətdə ittiham olunan, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş, hər gün qanımızı axıdan ermənilərə işləyən Rauf Mirqədirovu “xalqımızın qeyrətli oğlu” deyə yada saldılar. Həmin “şou”ya internet vasitəsiylə tamaşa edən həmkarlarımızdan biri dedi ki, bu, artıq xainin xəyanətinə şərik olmaqdır.

İsa Qəmbər Müsavata rəhbərlik etdiyi on illər boyu o qədər saxtakarlıqlara imza atıb ki, indi onun təşkil etdiyi qurultaya hətta müxalifətçilərdə belə inam qalmayıb. Bu toplantıdan əvvəl “AzPolitika”saytı “Müsavatın şansı və faciəsi” adlı təhlildə yazırdı ki, səkkizinci qurultayda Müsavatın əvvəlcədən məlum olmayan ilk başqanı seçiləcək. Yəni, əvvəlki qurultayların hamısında əvvəlcədən bilinirdi ki, başqan İsa Qəmbər olacaq. Yalandan səsvermə təşkil edirdilər. Uzun illər müxalifətdə İsa Qəmbərlə çiyin-çiyinə çalışmış Sərdar Cəlaloğlu isə hələ xeyli əvvəl demişdi ki, qurultayda İsa Qəmbərin konyunkturası tamamilə gözləniləndir. İndi həmin konyunkturanın quyruğu açıq-aydın görünür. Məsələn, məlumat verilir ki, İsa Qəmbər başqan seçkisində Arif Hacılının namizədliyini dəstəkləyəcək. Biz isə öyrənmişik ki, qurultay nümayəndələrinin hamısını şəxsən Arif Hacılı seçib.

Ən qəlizi isə qurultayın əvvəlində səsvermənin nəticələrinin elan olunması barədə verilən məlumat idi. Məclisin “həmtamadası” (toplantı qurultay kimi deyil, toy kimi idarə olunurdu. Su içən kim, yemək yeyən kim, qəlyan sümürən kim, siqaret çəkən kim. Üstəlik tamada elan elədi ki, “filan nömrəli maşının sahibi” durub gedib maşını normal yerdə saxlasın). Bildirdi ki, qurultay nümayəndələri başqan seçkisi üçün saat 15-dən 18-dək səs verəcəklər. Səsvermə bitdi, nəticələr bəlli oldu. İsa Qəmbər öz kreslosunu kölgəsi Arif Hacılıya verdi. Burda Tural Abbaslının qurultayda dediyi “Arif Hacılı seçiləcəksə, onda İsa Qəmbəri niyə yola salırıq?” sözləri yada düşür.

20 il başqanlıq kreslosundan ayrıla bilməyən İsa Qəmbər onun üçün “doğma” olan bu kreslonu öz yaxın adamına bəxş etməli idi ki, heç olmazsa, aradabir bundan təsəlli tapa bilsin. Ana balasından ayrıla bilmədiyi kimi, başqanlıq kreslosundan ayrıla bilməyən İsa Qəmbər 20 ildən sonra da olsa, nəhayət ki, belə bir qərar verməyə özündə güc tapdı. Əlbəttə, bu da özxoşuna olmadı. Partiya daxilindəki özbaşınalıqla və antidemokratik vəziyyətlə barışa bilməyən müsavatçılar, xüsusilə də bu partiyanın gəncləri onun üzünə durub dedilər ki, özün ömrü boyu demokratiyadan danışmısan, başqalarına “demokratiya dərsi” keçirsən, ancaq əməllərin büsbütün antidemokratikdir. İyirmi ildir ki, partiyanın başqanlığını zorla əlində saxlamısan. Müxtəlif bəhanələrlə qurultayı təxirə salırsan. Daha bəs deyilmi? Hətta, partiyanın gəncləri İsa Qəmbərin oğluna da yarızarafat, yarıgercək deyirdilər ki, atası Müsavatı işğal edərək özəlləşdirib.

Qurultayın gedişində Pənah Hüseynin söylədiyi atmaca (onsuz da “qurultayda” kənddəki palatka toylarında olduğu kimi, kim nə istəyirsə onu edir və ya deyirdi), “Mən Müsavat Partiyasının qurultayında mütləq iştirak etməyi qərara almışdım. Çünki bu partiyanın axırıncı qurultayının nə vaxt keçirildiyini yadıma sala bilmirəm”, deyəsən, lap yerinə düşmüşdü. Əslində, bu, İsa Qəmbər üçün çox ciddi bir irad idi. Müxtəlif bəhanələrlə qurultayın vaxtını uzadıb başqanlıq kreslosundan əl çəkmək istəməyən İ.Qəmbəri, nəhayət ki, zorla da olsa, buna vadar edirlər.

Çıxışında yalnız özünü tərifləyən, guya parlament və prezident seçkilərində həmişə qalib gəldiyini tez-tez vurğulayan İsa Qəmbər, görünür hələ də ümidlərini üzmək istəmirdi. Bu “qələbələri”ni tez-tez təkrar etməklə gözləyirdi ki, kimsə ayağa qalxıb təkilf etsin ki, gəlin İsa Qəmbəri ömürlük başqan seçək. Ancaq bunu deyən yox idi. Çünki müsavatçılar canlarını İ.Qəmbərdən güclə qurtarırlar.

20 il ərzində ölkədə keçirilən bütün seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan bir partiyaya eyni adamın rəhbərlik etməsinin özü gülüncdür. Bütün bunlara baxmayarq, İsa Qəmbərin “demokratik” adlandırdığı qurultayda hər şey qabaqcadan, necə deyərlər, düzülüb-qoşulmuşdu. Onun başqan kreslosunu özünə yaxın birinə ötürmək istəyi çox mətləblərə işıq salır. Müsavatçılar qurultayın formal xarakter daşıdığını çox yaxşı bilirlər. Ancaq buna da dözərək deyirlər ki, başqan kim olursa-olsun, təki yaxamız İsa Qəmbərdən qurtarsın. Ona görə də qurultayın gedişində hərə öz işi ilə məşğul idi. Hətta, İsa Qəmbər bu hakimiyyətin ünvanına asıb-kəsəndə, gözlərini yumub ağzını açanda və həmişə olduğu kimi, bu dəfə də böhtanlar, iftiralar yağdıranda da heç kim reaksiya vermədi. Bu da aydındır: onlar artıq iyirmi ildir ki, belə yalanları eşitməyə bir növ adət ediblər.

 

İttifaq MİRZƏBƏYLİ,

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında